Onlar Azərbaycanın gələcəyi üçün böyük proqramlar reallaşdırırlar
Son illər Azərbaycanda ekoloji problemlərin həlli istiqamətində görülən işlərin həcmi artmaqdadır. Dövlətimizin bu sahəyə göstərdiyi gündəlik qayğı, qəbul olunan dövlət proqramları, ekologiya üzrə beynəlxalq əməkdaşlığın genişlənməsi ekologiyanın aktual problemlərinin həllində əhəmiyyətli rol oynamışdır. Xüsusilə Prezident İlham Əliyevin 2010-cu ili "Ekologiya ili" elan etməsi, ekologiya məsələlərinə həsr olunmuş xüsusi müşavirənin keçirilməsi bir daha təsdiq edir ki, bu sahədə problemlər hələ də qalmaqdadır və onların həlli üçün dövlət səviyyəsində mühüm işlər görülür.
Bu gün Azərbaycan Respublikasında ekoloji sahədə dövlətin siyasətini həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi çox əhəmiyyətli proqramları reallaşdırır. Su hövzələrinin, o cümlədən Xəzər dənizinin məişət və sənaye tullantıları ilə çirkləndirilməsi, dənizin səviyyəsinin dəyişməsi ilə əlaqədar vurulan ziyanlar, atmosfer havasına zərərli qazların normadan artıq atılması, biomüxtəlifliyin azalması, torpaqların eroziyaya uğraması və şoranlaşması, sənaye və məişət tullantılarının utilizasiyası və uzun illərdən bəri yığılıb qalmış digər problemlər həll olunmaqdadır.
Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə Rio-de-Janeyro şəhərində keçirilmiş beynəlxalq konfransda qeyd edildiyi kimi, dünyanın gələcək inkişafı ilk növbədə ekoloji problemlərin necə həll olunmasından asılı olacaqdır. Bu konfransda dünyada mövcud olan ətraf mühit problemlərinin həlli yolları çox ciddi şəkildə nəzərdən keçirilmiş və mühüm qərarlar, o cümlədən artıq bütün Beynəlxalq ekoloji təşkilatların proqram sənədinə çevrilmiş "Dayanıqlı inkişaf" konsepsiyası qəbul edilmişdir. Bu konsepsiyada iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil etməsi, üstünlüyün ətraf mühitin qorunmasına verilməsi, ekoloji problemlərin ilk növbədə həll olunması, gələcək nəsillərin imkanları məhdudlaşdırılmadan çağdaş nəsillərin rifahının yaxşılaşdırılması ön plana çəkilmişdir.
Buna nail olmaq üçün ilk növbədə iqtisadiyyatın səmərəliliyinin yüksəldilməsi və ətraf mühitin qorunması təmin olunmalıdır. Yohannesburq şəhərində keçirilmiş Dünya sammitində dayanıqlı inkişaf prinsipləri bir daha təsdiqlənərək onların reallaşdırılması üçün zəruri tədbirlərin görülməsi xüsusi vurğulanmışdır.
İndiki dövrdə ətraf mühitlə bağlı vəziyyət hər bir ölkəni ekoloji problemləri ümumbəşəri kontekstə çıxarmağa məcbur etmişdir. Bu gün artıq ətraf mühitin mühafizəsi məsələləri aparıcı beynəlxalq təşkilatların proqram sənədlərində öz əksini tapmışdır.
Azərbaycan Respublikası son illər sosial və iqtisadi inkişaf sahələrində kifayət qədər nailiyyətlər əldə etmişdir ki, bu da milli və beynəlxalq sənədlərdə öz əksini tapmışdır. Sosial və iqtisadi sahələrdəki nailiyyətlərin dayanıqlı olması ölkə tərəfindən əsas prioritet qismində qəbul edilmişdir. Ölkənin ekoloji strategiyası, ətraf mühitin qorunması sahəsində fəaliyyətin koordinasiyasının gücləndirilməsi yolu ilə milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, indiki və gələcək nəsillərin maraqlarını təmin edən ölkənin iqtisadi və insan resurslarının istifadəsində davamlılığın təminatına yönəlmişdir.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən və bazar iqtisadiyyatı yolunu seçdikdən sonra, ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində ekoloji siyasət yeni vüsət almış və formalaşmağa başlamışdır. Bu, həm də ekoloji məsələlərin ümumbəşəri bir problem kimi qəbul edilməsi ilə də izah edilir. Respublikamızda bu dövrdə ekoloji siyasətə dair ilk sənəd kimi "Dayanıqlı inkişaf" prinsiplərinə əsaslanan "Azərbaycan Respublikasının ekoloji Konsepsiyası"nı qeyd etmək olar. Bu konsepsiyada respublikamız üçün ətraf mühitin mühafizəsi baxımından üstün əhəmiyyətli olan problemlərin həlli üzrə əsas prinsiplər öz əksini tapmışdı.
Azərbaycan Respublikasında yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir. Mütəxəssislərin fikrinə görə, bunu gerçəkləşdirmək məqsədi ilə təbii ehtiyatlardan istifadə yolları işlənib hazırlanmalı və iqtisadiyyatın inkişafı davamlılıq prinsipləri əsasında həyata keçirilməlidir. İnkişafın ekoloji baxımdan davamlı olmasını təmin etmək üçün iqtisadi fəaliyyət zamanı meydana çıxan ciddi ekoloji problemləri aradan qaldırmaq, onların ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi tələb olunur.
Müasir dövrdə yaranmış ekoloji durumu və sosial-iqtisadi vəziyyəti nəzərə alaraq respublikamızın ekoloji siyasətinin aşağıdakı üç əsas istiqaməti müəyyənləşdirilmişdir. Onlar ekoloji təhlükəsizliyin təmin olunmasını əsas götürərək, ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin tənzimlənməsi məqsədilə davamlı inkişaf prinsipləri üzrə mütərəqqi üsulların tətbiq edilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə etmək, alternativ, qeyri-ənənəvi metodlar vasitəsilə tükənməyən enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olunması, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi, eləcə də milli potensial imkanlardan istifadə etməklə həyata keçirilməsinin təmin edilməsindən ibarətdir. Nazirlik qarşıya qoyulan bu məqsədə çatmaq üçün bir sıra vəzifələr və prinsiplər müəyyənləşdirmişdir.
Ekoloji siyasətin həyata keçirilməsinin təzahürü kimi respublikamızda Avropa standartlarına uyğun müvafiq qanunvericilik bazasının yaradılmasını, ətraf mühit üzrə dövlət idarəetmə sisteminin təkmilləşdirilməsini, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi yolu ilə prioritet layihələrin tədricən realizə olunmasını qeyd etmək olar. Keçid dövründə respublikamızda sosial-iqtisadi proseslər sürətlə inkişaf etdiyinə görə ekoloji siyasətdə də yeni metod və prinsiplər üzə çıxarılır. Bu baxımdan ETSN tərəfindən hazırlanmış və ölkə Prezidenti tərəfindən təsdiq olunmuş "Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa dair" Milli Proqram ekoloji siyasəti daha da təkmilləşdirilmiş səviyyədə özündə əks etdirərək, onun tətbiq edilməsi üçün imkanlar yaratdı.
"2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı" mövcud problemlərin həllinə, xüsusilə Bakı şəhəri və Abşeron yarımadasında ətraf mühitin yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük təkan vermiş, bu istiqamətdə iri layihələrin reallaşmasına şərait yaratmış, hazırda onlar tamamlanmaq üzrədir.
Prezident İlham Əliyev ölkədə ekologiya məsələlərinə dair bu il fevralın 18-də keçirilən müşavirədə demişdir: "Mən şübhə etmirəm ki, görülən və görüləcək tədbirlər nəticəsində yaxın zamanlarda Bakı və Abşeron yarımadasında və ölkəmizin digər yerlərində ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşdırılacaq. Azərbaycan vətəndaşları təmiz ekoloji şəraitdə yaşayacaqlar".
Son günlər Araz və Kür çaylarında baş vermiş daşqınların törətdiyi fəlakətlərin aradan qaldırılmasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları bütün qüvvələri səfərbər etmişlər.
Bayram günü ərəfəsində Prezidentin sərəncamı ilə nazirliyin bir qrup əməkdaşının "Tərəqqi","Dövlət qulluğunda fərqlənməyə görə" medallarına və "Əməkdar mühəndis" fəxri adına layiq görülməsi dövlətimizin bu sahənin işçilərini diqqət mərkəzində saxlamasının əyani sübutudur.
{nl}
M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.