Şahbuz rayonunun Keçili kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir

Dekabrın 9-da Keçili kənd mərkəzinin açılışı olmuşdur. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Nurəddin Quliyev bildirmişdir ki, Keçili kəndində istifadəyə verilən yeni sosial obyektlər Şahbuz rayonunda kəndlərin hərtərəfli inkişafına göstərilən qayğının əyani təzahürüdür. Kəndlərdə yaradılan şərait, insanlara göstərilən dövlət qayğısı onların torpağa bağlılığını, qurub-yaratmaq əzmini daha da artırır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov istifadəyə verilən yeni sosial obyektlər münasibətilə kənd sakinlərini təbrik edərək demişdir: "Muxtar respublikamızda ucqar dağ kəndlərində yaşayan insanlar üçün hər cür şərait yaradılır. Keçili kəndi də bu yaşayış məntəqələrindəndir. Kənddə bütün evlər qazlaşdırılmış, elektrik enerjisinin fasiləsiz verilişi təmin edilmişdir. Kənd təsərrüfatı ilə məşğul olan sakinlərə kreditlər verilir, fərdi təsərrüfat sahələri genişləndirilir. Bu gün Keçili kəndində kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası, qayğıya ehtiyacı olan bir ailə üçün fərdi yaşayış evi tikilərək istifadəyə verilir. Bununla yanaşı, kənddə bir sıra abadlıq işləri də aparılmış, rabitə və elektrik xətləri dəyişdirilmiş, Külüs-Keçili avtomobil yolu təmir edilmişdir. Həyata keçirilən bu tədbirlər sakinlərin rahat yaşamasına, gündəlik məişət tələbatlarının vaxtında ödənilməsinə şərait yaratmışdır. Dövlət qurumlarının fəaliyyətinin yaxşılaşdırılması isə insanlara göstərilən xidmətin səviyyəsini yüksəltməyə imkan verəcəkdir. Bütün bunlar dövlətimiz tərəfindən kəndlərin inkişafına göstərilən qayğı, insan amilinə verilən yüksək qiymətin əyani təzahürüdür".
"Ucqar dağ kəndlərində həyata keçirilən quruculuq işləri, yaradılan yüksək şərait dövlət-xalq birliyinin nəticəsidir", - deyən Ali Məclisin sədri bildirmişdir ki, 2011-ci ilin may ayında Keçili kəndində təbii fəlakət baş vermiş, vətəndaşların mənzilləri torpaq sürüşməsi nəticəsində yararsız hala düşmüşdür. Ötən dövrdə kənddə təbii fəlakətin aradan qaldırılması istiqamətində mühüm işlər görülmüş, Külüs və Keçili kəndləri arasında yeni yaşayış məntəqəsi salınmış, tikilən evlərdə hər cür kommunal şərait yaradılmışdır. Bu evlər yaxın günlərdə sakinlərin istifadəsinə veriləcəkdir. Təbii fəlakətdən zərər çəkən ailələr Yeni ili yeni evlərdə qarşılayacaqlar.
Ali Məclisin sədri demişdir: "Bu gün ölkəmizdə bütün sahələrdə qazanılan nailiyyətlər ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin dövlətimizin başçısı tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Bu siyasi xətt davam etdirilmədən ölkəmiz inkişaf edib tərəqqiyə qovuşa bilməz. Hamıya yaxşı məlumdur ki, ötən əsrin 90-cı illərində - yenicə müstəqillik qazandığımız bir dövrdə insanlar çətin şəraitdə yaşayırdı. Ölkədə aparılan uğursuz siyasət və iqtisadi tənəzzül vətəndaşlarda ümidsizlik və gələcəyə inamsızlıq yaratmışdı. Ulu öndərimizin Azərbaycanda ali hakimiyyətə qayıdışı ilə itirilməkdə olan müstəqilliyimiz daha da möhkəmləndirildi, mövcud problemlər həllini tapdı. Bu gün Azərbaycanda ictimai-siyasi sabitlik, yüksək sosial-iqtisadi inkişaf müşahidə olunur. Dövlətimizin başçısının həyata keçirdiyi uğurlu islahatlar nəticəsində bütün sahələrdə inkişaf və tərəqqi əldə olunmuşdur. Keçili kimi ucqar bir dağ kəndində kompleks quruculuq işlərinin aparılması da ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatların daha bir göstəricisidir". Ali Məclisin sədri Keçili kəndində yaradılan şəraitdən lazımınca istifadə olunacağına, tikilənlərin, qurulanların qorunub saxlanacağına əminliyini bildirmiş, sakinlərə xoş və firavan həyat arzulamışdır.
Açılışı bildirən rəmzi lent kəsildikdən sonra kənd mərkəzinə baxış olmuşdur.
Həmin gün kənddə, həmçinin həkim ambulatoriyası, xidmət mərkəzi də istifadəyə verilmiş, qayğıya ehtiyacı olan bir ailə yeni evlə təmin olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında