Azərbaycanın aran rayonları 5 ölkənin dağlarına düşən yağmurun fəsadları ilə üz-üzədir
Dünən yenə Muğandan hazırlanmış, aran rayonlarımızda lentə alınmış telesüjetlərə baxdıq. Bölgə müxbirlərimizin gündəlik olaraq hadisə yerindən verdikləri xəbərlər, AzərTAcın məlumatları, şahidlərin telefon söhbətləri bir daha sübut etdi ki, dövlət vahid komanda ilə idarə ediləndə istənilən təhlükənin, problemin, fəsadın aradan qaldırılması mümkündür.
Televiziya əməkdaşları hadisə yerində Baş nazirin iki müavinindən və beş nazirdən müsahibə götürürdülər. El bir olmuşdu. Daxili işlər və fövqəladə hallar nazirləri əsgərlərin arasında, xilasedicilərin sırasında idilər. Səhiyyə naziri təxliyyə edilmiş sakinlər üçün yaranmış çadır şəhərciyindəki müvəqqəti tibb məntəqəsində idi, kənd təsərrüfatı naziri yüz hektarlarla əkin sahəsi suyun altında qalmış fermerlərlə görüşür, sabah, gələn həftə, o biri ay həyata keçiriləcək tədbirlərin dəymiş ziyanı tamamilə kompensasiya ediləcəyi barədə danışırdı. Dövlət və xalq bir olub təbii fəlakətin fəsadlarının aradan qaldırılmasını asanlaşdırırdı.
Kür daşır, bəndi-bərəni aşır və sanki öz adını - Dəli Kür ifadəsini sübut etməyə çalışır. Min illərdir, belədir. On beşinci əsrdə Azərbaycana gələn səyyahlar "bir həftə gözləyib, Kürün səngiməsindən sonra o taya keçdiklərini" yazırdılar. On doqquzuncu əsrdə Kürboyu ərazilərdə onlarla kəndin su altında qaldığı, hətta, sonralar bu kəndlərin tamamilə köçürüldüyünü yazırdılar. İndiki Kürdəmirin çaydan uzağa köçürülərək, əminliklə "Kür dəymir" adlandırıldığını söyləyənlər də var. Yəni aran camaatımız bu qəbildən olan fəlakətləri dövri olaraq daim gördüklərinə görə səbrli və təmkinlidir. Onların səbr və təmkinini artıran əsas məqamlardan biri də dövlətin bu məsələyə xüsusi həssaslıqla yanaşmasıdır.
Prezident İlham Əliyev Kürboyu ərazilərdəki daşqın və subasmalarla bağlı həm Bakıda, həm də Şirvanda geniş tərkibli müşavirə keçirmiş, insan itkisinə yol verilməməsi, vətəndaşlara dəymiş ziyanın aradan qaldırılması üçün konkret tapşırıqlar vermişdir. Mayın 19-da isə dövlət başçımız "Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Hökumət Komissiyasının yaradılması haqqında" sərəncam imzalamışdır. Sərəncama əsasən, Baş nazir Artur Rasizadənin sədrliyi ilə 22 nəfər hökumət üzvünün iştirak etdiyi komissiya yaradılmışdır. Komissiyanın ilk iclasının Şirvanda keçirilməsi bölgə əhalisinin narahatlığını bir daha azaltmışdır. Sabirabaddan redaksiyamıza zəng edən Həsən İbrahimov adlı rayon sakini qeyd edir ki, 1991-93-cü illərdə nazirlər dövlətə bu şəkildə sədaqətlə xidmət etsəydilər və ya dövlət başçısının bu şəkildə qətiyyəti olsaydı indi bizim üçün Minsk qrupu da lazım olmazdı, torpaqların işğal edilməsi üçün aparılan danışıqlar da. Elə işğalçılar da daşqın kimi qəfildən, heç nəyə, heç kəsə rəhm etmədən gəlirdilər. O vaxt belə söz birliyi olsaydı torpaqlarımız işğal edilməzdi.
Məhz həmin məqamları nəzərə alan Prezident İlham Əliyev demişdir: "Görülən tədbirlər nəticəsində daha böyük fəlakətin qarşısı alındı. Bütün müvafiq qurumlar öz vəzifə borcunu ləyaqətlə yerinə yetirirlər, onların fəaliyyəti yüksək qiymətləndirilməlidir. Azərbaycanda elə idarəçilik sistemi yaradılıb ki, hər bir qurum və onun rəhbəri istənilən anda öz vəzifə borcunu bilir və çalışır ki, onu şərəflə yerinə yetirsin. Dövlət başçısı bu gün həyata keçirilən tədbirlərin sürətləndirilməsini, əhalinin və dövlətin təbii fəlakətdən daha az ziyan çəkməsinə nail olmaq üçün bütün vasitələrin səfərbər edilməsini tövsiyə edir. Ancaq onun fikrincə, bu tədbirlər təkcə bu gün və sabahla bağlı olmamalıdır: "Bütün məsələlər kompleks şəkildə həll olunmalıdır. Biz elə etməliyik ki, gələcəkdə özümüzü təbii fəlakətdən maksimum dərəcədə qoruya bilək".
Bu, çox vacib məsələdir. Heç kəs zəmanət verə bilməz ki, üç ildən, beş ildən sonra yağmur hansı səviyyədə olacaq, Kürün suyu nə qədər artacaq. Ona görə də dövlətin artan iqtisadi imkanlarından istifadə edərək gələcək nəsillərin də bu təbii fəlakətlərdən qorunmasına zəmin yaradacaq uzunmüddətli qurğular inşa edilməli, kəndlərin və ayrı-ayrı evlərin daha təhlükəsiz ərazilərdə, daha möhkəm əsas üzərində tikilməsi xüsusi nəzarət altında olmalıdır. Bu amil dövlət başçısının mayın 20-də imzaladığı sərəncamda da öz əksini tapır.
Hadisə yerinə gedib-gələn əməkdaşlarımız, şahidlər və bölgəyə yardım aparmış müxtəlif təşkilatların təmsilçiləri deyirlər ki, daşqın və subasmadan zərər çəkmiş insanlar Prezident İlham Əliyevin Şirvanda keçirilən müşavirədə söylədiyi fikirləri böyük məmnunluqla qarşılayıblar. Dövlət başçımız həmin tədbirdə demişdi: "Təbii fəlakətin nəticələri aradan qaldırılandan sonra dəymiş ziyan hesablanacaq, insanlara köməklik göstəriləcək, onlara yeni evlər tikiləcək. Köçürülən ailələrə əlavə diqqət və qayğı göstərilməlidir. Hər kəs bu məsələlərə böyük vicdanla yanaşmalıdır, biganə olmamalıdır".
Sonda yazının əvvəlində qeyd etdiyimiz bir məqama diqqət yetirək. Öz başlanğıcını Türkiyənin Qızılgədik dağından, 2740 metr hündürlükdən götürən Kür çayı Türkiyə və Gürcüstanın yüksək dağlıq ərazisinə düşən intensiv yağmurlar nəticəsində gur sulu çaya çevrilir. Azərbaycan ərazisinə keçdikdən sonra isə Kürə Qanıq, Qabırrı, Ağstafa, Türyan, Şəmkir, Tərtər və Xaçın çayları da tökülür ki, bu da yaz-payız aylarında sel və daşqınları qaçılmaz edir. Araz çayı da öz başlanğıcını Türkiyədəki Bingöl dağından götürür. Türkiyə, Ermənistan və İran ərazisindən keçərək Azərbaycan ərazisində Kürə qarışan Araz çayına da çoxlu kiçik çaylar tökülür. Beləliklə , Azərbaycanın aran rayonları respublikamız da daxil olmaqla beş ölkənin dağlıq rayonlarına düşən yağmurun fəsadları ilə mübarizə aparır. Amma, buna baxmayaraq Muğan...Muğan olub, seli ram edir.
{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.