Fövqəladə halların qarşısının alınmasında qadınların roluna həsr olunmuş tədbir keçirilmişdir

Dekabrın 9-da Fövqəladə Hallar Nazirliyində (FHN) fövqəladə halların qarşısının alınmasında qadınların roluna həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə FHN-in qadın əməkdaşlarının fəaliyyətlərini əks etdirən videoçarx nümayiş etdirilmişdir. Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə bildirmişdir ki, Azərbaycan ərazilərində baş verən fövqəladə hadisələrin vaxtında xəbərdar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında peşəkar kadr potensialının fundamental rolu vardır. Bu baxımdan nazirliyin üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsində müsbət şəxsi keyfiyyətlərə və yüksək peşəkarlığa malik qadın əməkdaşların rolu təqdirəlayiqdir.
FHN sistemində dövlət qulluqçusu, hərbi və xüsusi rütbəli vəzifələrdə çalışan qadın əməkdaşların fədakar, qarşısında qoyulan vəzifələrə məsuliyyət və ləyaqətlə yanaşma tərzi nazirliyin fəaliyyətinin bütün sahələrində özünü aydın şəkildə göstərir. Bu gün nazirliyin aparatında və strukturuna daxil olan qurumlarında ümumilikdə 1616 qadın əməkdaş çalışır ki, onlardan da 709-u hərbi və xüsusi rütbəli vəzifələrdə qulluq göstərirlər.
Nazir müavini demişdir ki, insanların və ətraf mühitin təhlükəsizliyinin təmin olunması kimi çətin, lakin şərəfli vəzifənin məsuliyyətini dərindən başa düşərək onlar öz fəaliyyətlərində daim müsbət keyfiyyətləri ilə seçilirlər. Nazirliyin qadın əməkdaşları ölkə ərazisində baş verən fövqəladə halların qarşısının alınmasında və nəticələrinin aradan qaldırılmasında daim yaxından iştirak edirlər. FHN-ə daxil olan qurumlarda çalışan qadın əməkdaşlar da üzərinə düşən vəzifələri hər zaman layiqincə yerinə yetirirlər.
Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibinin müavini Vladimir Kuvşinov bildirmişdir ki, təşkilat 2011-ci ili qadınların mülki müdafiədə roluna həsr etmişdir. Azərbaycanın Fövqəladə Hallar Nazirliyində çox bacarıqlı qadınların işlədiyini vurğulayan V.Kuvşinov ölkəmizə səfəri çərçivəsində nazirliyin xilasedici hissəsində işləyən qadınların fəaliyyəti ilə də tanış olduqlarını qeyd etmişdir.
Milli Məclisin deputatı Qənirə Paşayeva isə demişdir ki, qadınlar ən çətin peşə və işlərdə kişilərlə bərabər çalışırlar. Vurğulanmışdır ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir ki, Azərbaycan qadını ölkənin bütün sahələrində kişilərimizlə çiyin-çiyinə çalışaraq dövlətimizin, millətimizin inkişafına öz töhfələrini verirlər. FHN-in yeni yaranmış strukturlardan olmasına baxmayaraq, bu gün nazirlikdə savadlı, qoçaq qadınların çalışmasından qürur duyuruq.
Azərbaycan xilasedicilərinin az müddət ərzində böyük təcrübə qazandıqlarını vurğulayan deputat demişdir ki, bu günlərdə Türkiyədə səfərdə olarkən qardaş ölkənin deputatları Vanda baş vermiş zəlzələdə göstərdiyi köməyə görə Azərbaycan xilasediciləri barədə xoş sözlər söyləmişlər.
Sonda BMMT-nin baş katibinin müavini Vladimir Kuvşinov nazirliyin bir qrup qadın əməkdaşına təşkilatın müxtəlif dərəcəli medallarını təqdim etmişdir. Bildirilmişdir ki, bu mükafatlara Milli Məclisin deputatı Qənirə Paşayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova və Milli Məclisin deputatı Gülçöhrə Məmmədova da layiq görülmüşlər.
Faiq Tağızadə BMMT baş katibinin fövqəladə hallar naziri Kəmaləddin Heydərovun əmri ilə əməkdaşlıq sahəsində xidmətlərə görə medalla təltif olunduğu barədə əmri oxumuş və mükafatı V.Kuvşinova təqdim etmişdir.
Bundan başqa, V.Kuvşinov da daxil olmaqla təşkilatın bir neçə üzvü FHN tərəfindən medalla təltif olunmuşdur.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında