Ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirilmişdir

Mayın 22-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Ədliyyə Nazirliyi ilə birlikdə ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirmişdir.
Müsabiqə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2006-cı ilin mayında qəbul edilmiş "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanuna əsasən aparılır.
Bakı Dövlət Universitetinin yeni tədris binasında keçirilən imtahan üç saat davam etmişdir. İmtahanda təxminən 262 nəfər iştirak etmişdir. Şəffaf prosedurlarla keçirilmiş test imtahanında 147 namizəd müvəffəqiyyət qazanaraq müsabiqənin ikinci - söhbət mərhələsinə buraxılmışdır. İkinci mərhələnin vaxtı və yeri barədə namizədlərə əvvəlcədən məlumat veriləcəkdir.
İmtahanı 30-a yaxın yerli və beynəlxalq müşahidəçi, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri izləmişdir.
Qaydalara əsasən, test imtahanında namizədin hüquqi biliklərini, məntiqi nəticələr çıxarmaq qabiliyyətini və ümumi dünyagörüşünü müəyyən etmək üçün verilən test tapşırığı 100 sualdan ibarət olmuşdur. Test imtahanında 90 bal toplamaq mümkündür. 55 və daha artıq bal toplamış namizəd müsabiqənin ikinci - söhbət mərhələsinə buraxılır. Söhbətin nəticələri üzrə namizəd mümkün balın 60 faizini və daha çox bal topladıqda söhbətdən müvəffəqiyyətlə keçmiş hesab olunur.
Müsabiqədə hüquq və ədliyyə fəaliyyəti ilə bağlı qanunvericilik sahəsinə aid test tapşırıqları üzrə hər düzgün cavab bir bal, məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən test tapşırıqları üzrə hər düzgün cavab 0,5 balla qiymətləndirilir.
Nazirlik üzrə elan olunmuş builki açıq müsabiqədə iştirakla bağlı müraciət etmiş, özəl və xarici təhsil müəssisələrini bitirmiş hüquqşünasların sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlanılmış və tələblərə cavab verən 278 nəfər müsabiqəyə buraxılmışdır.
Əksəriyyəti gənclərdən ibarət namizədlərin təxminən yarısı ölkəmizin regionlarını təmsil etmişlər. Müsabiqədə ədliyyədə və məhkəmələrdə yardımçı vəzifələrdə çalışan, ilk dəfə əmək fəaliyyətinə məhz ədliyyə orqanlarında başlamaq arzusunda olanlar da iştirak etmişlər. Namizədlərin əksəriyyətini Bakı Dövlət Universitetinin məzunları, təxminən dörd nəfərdən birini isə qadınlar təşkil etmişdir. 46 nəfər bundan əvvəl ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş müsabiqənin test imtahanı və ya söhbət mərhələsində müvəffəqiyyət qazana bilməmiş şəxslərdir.
İştirakçılara kömək məqsədilə test imtahanının keçirilməsi ilə bağlı, həmçinin imtahan sualllarının hazırlanmasında istifadə olunan qanunlar və digər sənədlər barədə müvafiq məlumatı əks etdirən yaddaş kitabçası hazırlanaraq əvvəlcədən onlara təqdim edilmiş və nazirliyin internet səhifəsində yerləşdirilmişdir.
Ədliyyə Nazirliyinin Kadrlar İdarəsinin rəisi Rauf Məhərrəmov bildirmişdir ki, ədliyyə orqanlarına qulluğa qəbulun şəffaf prosedurlarla müsabiqə əsasında keçirilməsi üzrə tədbirlər davam etdirilir. 2006-cı ildən hüquq sahəsində məlumat bazasının möhkəmləndirilməsi üzrə tədbirlər görülmüşdür. Eyni zamanda, ədliyyə orqanlarına 800-dən çox əlavə ştat vahidi verilmişdir. Bu, onların komplektləşdirilməsi üçün keçirilən dördüncü müsabiqədir. Hazırda təxminən 180 ştat vahidi qalmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında