Yaponiya XİN-in rəsmisi Masaki İkegami: Azərbaycan inkişaf göstəricilərinə görə regionun lider dövlətidir

Azərbaycanın Yaponiyadakı səfirliyinin təşəbbüsü ilə Yaponiya parlamentində respublikamızın dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü ilə bağlı "Azərbaycan Respublikası -20 ildə sürətli inkişafın nümunəsi" adlı iclas keçirilmişdir.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, iclasda Yaponiya parlamentinin, o cümlədən, Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun üzvləri, Yaponiyanın xarici siyasət idarəsinin nümayəndələri iştirak etmişlər.
İclasda Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun Yaponiya tərəfindən həmsədri Akira Amari ümummilli lider Heydər Əliyevin 1998-ci il fevralın 24-dən 28-dək Yaponiyaya ilk rəsmi səfərini xatırlayaraq, bunun ikitərəfli münasibətlərin inkişafına təkan verdiyini vurğulamışdır. Prezident İlham Əliyevin 2006-ci il martın 6-dan 10-dək Yaponiyaya rəsmi səfərinin isə əməkdaşlığa yeni səhifə açdığını qeyd edən A.Amari səfər çərçivəsində Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun sədri və üzvləri ilə keçirilmiş görüşü məmnunluqla xatırlatmışdır.
Sonra Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə müstəqilliyimizin bərpa edildiyi 20 il ərzində ölkəmizin uğurları, sosial, siyasi, iqtisadi sahələrdə həyata keçirilən mütərəqqi islahatlar barədə iştirakçılara ətraflı məlumat vermişdir. Diplomat vurğulamışdır ki, atılmış bu addımlar nəticəsində ölkəmiz sabit siyasi sistemə malik demokratik dövlətə çevrilmişdir. Ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu iqtisadi siyasət nəticəsində son illər ərzində ÜDM bir neçə dəfə artmış, sərmayə qoyuluşu üçün əlverişli mühit yaradılmışdır.
G.İsmayılzadə Azərbaycanın iqtisadiyyatı, enerji siyasəti, ölkəmizdə həyata keçirilən və nəzərdə tutulan müxtəlif layihələr, son illərdə əldə olunmuş nailiyyətlər barədə də danışmışdır. Ölkəmizin dünya enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm rol xüsusi qeyd olunmuşdur. Bundan əlavə, Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirdiyi vurğulanmış, sənaye, turizm, kənd təsərrüfatı, alternativ və bərpa olunan enerji sahələrində geniş imkanların mövcud olduğu bildirilmişdir.
Görüşdə Azərbaycanın etibarlı tərəfdaş kimi beynəlxalq münasibətlər sistemində özünü doğrultduğu diqqətə çatdırılmış, ölkəmizin 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsinin bunun bariz nümunəsi olduğu vurğulanmışdır.
Səfir, həmçinin Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, respublikamızın 20 faiz torpaqlarının ermənilər tərəfindən işğal olunduğu, bunun nəticəsində bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü haqqında məlumat vermişdir. Diplomat qeyd etmişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan qeyri-konstruktiv mövqe tutur, işğalçı ölkə beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi sənədlərə əhəmiyyət vermir.
Səfir turizmin inkişafı üçün Azərbaycanda həyata keçirilən müxtəlif layihələr barədə də ətraflı məlumat vermişdir.
Tədbirdə Azərbaycanın tarixini və mədəniyyətini, turizm potensialını əks etdirən videofilm nümayiş etdirilmişdir.
Sonra Yaponiyanın Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya və Qafqaz şöbəsinin müdiri Masaki İkegami çıxış edərək Azərbaycan Respublikasının inkişaf göstəricilərinə görə regionun lider dövləti olduğunu vurğulamışdır.
Şöbə müdiri, həmçinin cari il noyabrın 22-23-də Bakıda keçirilmiş növbəti Azərbaycan-Yaponiya iqtisadi əməkdaşlıq komissiyasının iclasında iştirakını xatırlatmışdır. İlk dəfə ölkəmizdə 1995-ci ildə olduğunu bildirən M.İkegami həmin dövrdən keçən 16 il ərzində Azərbaycanın yüksək səviyyədə inkişaf etdiyinin şahidi olduğunu vurğulamışdır.
Sonda Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun baş katibi Akihiro Ohata çıxış edərək Azərbaycanın Yaponiya üçün regionda strateji tərəfdaş olduğunu demişdir.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında