Şriftin ölçüsü:
07.12.2011 04:52 | Oxunma sayı: 412
Son illər Azərbaycanın xarici ölkələrlə, eləcə də dünyanın bir sıra maliyyə qurumları ilə əməkdaşlığı getdikcə genişlənir. Elə hazırda ölkəmizin kommunal sektorunda həyata keçirilən bir sıra iri layihələr də məhz bu əməkdaşlığın nəticəsidir. Bu baxımdan Azərbaycanın su və kanalizasiya sektorunda reallaşdırılan mühüm layihələr diqqəti xüsusilə cəlb edir.
Azərbaycanın Koreya Respublikası ilə bir çox sahələrdə olduğu kimi, su və kanalizasiya sektorunda da əməkdaşlığı getdikcə genişlənir. Koreya Respublikasının ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə keçirilən su ehtiyatları və kanalizasiya üzrə forum da məhz bu əməkdaşlığın məntiqi nəticəsi kimi dəyərləndirilə bilər.
Tədbiri giriş sözü ilə açan "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov forum iştirakçılarını salamlayaraq son illər Azərbaycanın su və kanalizasiya sektorunda reallaşdırılan mühüm layihələrdən bəhs etdi. Ölkəmizin su və kanalizasiya sektorunun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayan Q. Hüseynov bildirdi ki, bu mərhələnin başlanğıcı sayılan Oğuz-Qəbələ-Bakı su kəməri Azərbaycanın içməli su sektorunda son illər reallaşdırılan ən iri layihədir. Adıçəkilən kəmərin imkanları barədə forum iştirakçılarına məlumat verən "Azərsu" ASC-nin sədri Azərbaycanın mövcud su mənbələri və onların istismarı sahəsində görülmüş işlərdən bəhs etdi, dövlət başçısı İlham Əliyevin ölkəmizin içməli su sektoru və kanalizasiya şəbəkəsinin yenidən qurulmasına xüsusi diqqət və qayğı göstərdiyini vurğuladı. Qeyd olundu ki, hazırda əhalinin keyfiyyətli içməli su ilə fasiləsiz təminatı Azərbaycanın su sektorunun qarşısında duran prioritet istiqamətlərdən biridir və bu hədəfə nail olmaq məqsədilə istər paytaxt Bakıda, istərsə də regionlarda mühüm infrastruktur layihələri həyata keçirilir.
Son illər bu sahədə beynəlxalq əməkdaşlığın getdikcə artmasını müsbət hal kimi dəyərləndirən Q. Hüseynov Koreya Respublikasının Azərbaycanın su və kanalizasiya sektoruna xüsusi maraq göstərməsini ölkələrimiz arasında olan mövcud əlaqələrin parlaq nəticəsi kimi səciyyələndirdi. Koreyanın ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə keçirilən su ehtiyatları və kanalizasiya üzrə forumun bu əməkdaşlığa təkan verəcəyinə əminliyini ifadə edən "Azərsu" ASC-nin sədri tədbirin işinə uğurlar arzuladı.
Koreya Respublikasının Ətraf Mühit Nazirliyinin baş direktoru Li Çan Hi bütün dünyada iqlim dəyişikliyinin fəsadları ilə mübarizə aparıldığı hazırki şəraitdə çirkab sularının təkrar istifadəsi, dəniz suyunun şirinləşdirilməsi, yeraltı və yerüstü suların idarə edilməsi sahəsində əməkdaşlığın vacibliyini vurğuladı. Azərbaycanın bunun üçün kifayət qədər potensiala malik olduğunu diqqətə çatdıran natiq zəngin neft və qaz, eləcə də digər təbii sərvətləri sahəsində son illər yüksək inkişafa nail olan ölkəmizin Koreya Respublikası ilə bu sahədə əməkdaşlığının xüsusi fayda verəcəyinə əminliyini ifadə etdi.
Koreyanın ölkəmizdəki səfiri Li Çi Ha da öz növbəsində bəşəriyyəti düşündürən ən mühüm problemlərdən olan su çatışmazlığının aradan qaldırılması ilə bağlı bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da bu istiqamətdə həyata keçirilən işləri təqdirəlayiq hesab etdi. Qeyd olundu ki, ötən il Azərbaycanda həyata keçirilən "Ekologiya ili" çərçivəsində su çatışmazlığı, köhnəlmiş və təchizolunma səviyyəsi aşağı olan su təchizatı və kanalizasiya sistemləri problemlərinin həlli istiqamətində həyata keçirilən çoxsahəli cəhdlər müsbət nəticələr vermişdir. Azərbaycanla Koreya arasında bu sahədə dövlətlərarası əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdıran səfir gələcəkdə ölkələrimizi təmsil edən şirkətlər arasında da əlaqələr yaradılacağının müsbət nəticələr verəcəyini bildirdi.
Forumun gedişi zamanı Koreyada və Azərbaycanda su təchizatı və kanalizasiya sistemi siyasəti ilə bağlı geniş təqdimatlar keçirildi. Tədbirdə, həmçinin hər iki ölkədə su təchizatı və kanalizasiya sistemləri sahəsində həyata keçirilən mühüm layihələrlə bağlı məruzələr dinlənildi.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.