Azərbaycan etibarlı tərəfdaş və yüksək imicə malik, dinamik inkişafa nail olan bir ölkədir.
Bu fikir dekabrın 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) keçirilən "Səmərəli dövlət idarəçiliyi: zamanın çağırışları" adlı ikigünlük beynəlxalq konfransda səsləndirilmişdir.
Konfransda dövlət və hökumət nümayəndələri, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Polşa, Litva, Estoniya və Ukraynanın dövlət idarəçilik akademiyalarının, institutlarının və elmi mərkəzlərinin rəhbərləri, ekspertlər, diplomatlar, beynəlxalq qurumların və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirlər.
DİA-nın rektor əvəzi, fəlsəfə elmləri doktoru, professor Əlikram Abdullayev Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü münasibətilə keçirilən tədbirin əhəmiyyətindən danışmışdır. Ə.Abdullayev bildirmişdir ki, beynəlxalq konfransın məqsədi Azərbaycanda dövlət idarəçiliyi üzrə həyata keçirilən islahatları təhlil etmək, əldə olunan uğurları və nəticələri, həmçinin xarici ölkələrin təcrübəsinin tətbiqi imkanlarını araşdırmaqdır. Professor qeyd etmişdir ki, konfrans çərçivəsində təhsil və tədqiqat mərkəzlərində dövlət qulluğu üzrə kadrların hazırlanması sahəsində təcrübə mübadiləsi aparılacaqdır.
Ə.Abdullayev vurğulamışdır ki, iyirmi il ərzində ölkəmiz olduqca ağır sınaqlardan çıxmış, bütün bu çətinliklərə baxmayaraq, bərpa edilmiş müstəqilliyi qoruyub saxlaya bilmiş, mühüm sosial-iqtisadi problemlərin həllində ciddi uğurlar qazanmış, yüksək inkişaf templərinə nail olmuşdur.
Bu gün ölkəmiz üçün ən aktual problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunan Ə.Abdullayev qeyd etmişdir ki, Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal olunmuş, bunun nəticəsində 1 milyona yaxın azərbaycanlı öz doğma torpaqlarında qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
İyirmi il ərzində Azərbaycanın əldə etdiyi uğurlar barədə danışan Ə.Abdullayev vurğulamışdır ki, beynəlxalq təşkilatların müxtəlif reytinq cədvəllərində dövlətimizin mövqeyi yüksəkdir. Azərbaycan dinamik inkişafa nail olan bir ölkə olduğunu BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ilə bir daha təsdiqləmişdir.
Professor dövlət müstəqilliyimizin bərpa olunmasının iyirmi ilinə nəzər salarkən qeyd etmişdir ki, bu yolda xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xidmətləri əvəzsizdir. Ə.Abdullayev ölkənin modernləşməsində, bu inkişafın yeni keyfiyyət mərhələsinə qədəm qoymasında Prezident İlham Əliyevin gördüyü işlərdən, həyata keçirdiyi tədbirlərdən danışmışdır.
Təhsil naziri Misir Mərdanov Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümündə bu cür konfransın Bakıda keçirilməsinin çox böyük əhəmiyyət daşıdığını bildirmişdir. İyirmi il ərzində ölkəmizdə çox böyük tarixi hadisələrin baş verdiyini deyən nazir vurğulamışdır ki, bütün bu nailiyyətlərin qazanılmasında Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin xidmətləri əvəzsizdir.
Azərbaycanda təhsil sahəsində gedən islahatlar barədə də məlumat verən M.Mərdanov konfransın işinə uğurlar arzulamışlar.
Beynəlxalq konfransın əhəmiyyətindən danışan Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia bildirmişdir ki, hər bir dövlətin gücü onun dövlət idarəçiliyindən asılıdır. Diplomat qeyd etmişdir ki, dövlət demokratiya və insan haqlarını əsas tutmalıdır. Azərbaycan da bu yolda çalışır.
"Biz korrupsiyaya qarşı mübarizənin və şəffaflığın Azərbaycanda uğurla həyata keçirildiyini müşahidə edirik," - deyən R.Kobia vurğulamışdır ki, Azərbaycan Şərqi Avropanın bir hissəsidir. Onun çox gözəl şansı var ki, Avropa İttifaqına daxil olsun. Bu bəlkə də ilk baxışda çox çətin görünür. Amma Avropa və Azərbaycan birlikdə bu məqsədə nail olacaqdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov, Türkiyə və Yaxın Şərq Dövlət İdarəçiliyi İnstitutunun rektoru Eyyub İsbir və başqaları konfransın əhəmiyyətindən danışmış, müxtəlif ölkələrdə dövlət idarəçiliyi istiqamətində həyata keçirilən islahatların elmi təhlili, əldə olunan uğurlar və nəticələr barədə məlumat vermişlər.
Sonra mövzu ilə bağlı məruzələr dinlənilmişdir.
Ukrayna Prezidenti yanında Milli İdarəçilik Akademiyasının prezidenti, professor Yuri Kovbasyuk, Sibir Dövlət Qulluğu Akademiyasının rektoru Yevgeni Boyko və başqaları idarəetmə kadrlarının hazırlanması sisteminin təkmilləşdirilməsi, bu istiqamətdə həyata keçirilən tədbirlər, ekoloji siyasətin strukturu, ekoloji idarəetmə və digər məsələlər barədə danışmışlar.
Konfransın tematik bölmələrində "Müstəqil Azərbaycanda dövlət idarəçiliyi: nailiyyətlər və problemlər", "Heydər Əliyev və müstəqil Azərbaycanın dövlət idarəçiliyi sistemində islahatlar", "BMT-nin Minilliyin inkişaf məqsədləri və səmərəli idarəçilik", "Dövlət orqanlarının və dövlət qulluqçularının fəaliyyətində şəffaflıq, hesabatlılıq, korrupsiyaya şərait yaradan halların və amillərin aradan qaldırılması", "Xarici ölkələrin səmərəli idarəçilik sahəsində qazandıqları təcrübə, beynəlxalq əməkdaşlığın perspektivləri" və s. məsələlər müzakirə olunacaqdır.
Beynəlxalq konfrans öz işini dekabrın 6-da başa çatdıracaqdır.
{nl}
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.