Şriftin ölçüsü:
06.12.2011 03:26 | Oxunma sayı: 4831
Şahbuz rayonundakı "N" saylı hərbi hissənin tabor mərkəzinin yeni binasının açılışı olmuşdur.
Naxçıvan Qarnizonunun rəisi general-leytenant Kərəm Mustafayev açılış mərasimində iştirak edən Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbova raport vermişdir.
Ali Məclisin sədri şəxsi heyəti salamlamışdır.
Açılış tədbirində Kərəm Mustafayev çıxış edərək ölkəmizdə ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov tabor mərkəzinin yeni binasının istifadəyə verilməsi münasibətilə şəxsi heyəti təbrik edərək demişdir: Azərbaycanda ordu quruculuğunun əsası ulu öndərimizin siyasi fəaliyyətinin Naxçıvan dövründə - 1991-1993-cü illərdə qoyulmuşdur. Ali Məclisin 1991-ci il sentyabrın 7-də ümummilli liderin rəhbərliyi ilə keçirilən sessiyasında Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin təşkil olunması haqqında qərar qəbul edilmişdir. Bu hadisə Azərbaycanın müstəqillik tarixində əhəmiyyətli yer tutur. Məhz Naxçıvandan başlayan milli ordu quruculuğu prosesi ulu öndərin xalqın təkidli tələbi ilə ikinci dəfə ölkəmizdə ali hakimiyyətə qayıdışından sonra da uğurla davam etdirilmiş, Azərbaycanın müdafiə qüdrəti və silahlı qüvvələrin formalaşdırılması ardıcıl şəkildə həyata keçirilmişdir. Azərbaycanın ayrılmaz tərkib hissəsi olan muxtar respublikada da Silahlı Qüvvələrimizin birləşmə və hissələri yaradılmışdır. Yüksək xidməti şərait, müasir döyüş texnikası, artilleriya qurğuları və atıcı silahlarla təmin olunan bu hissə və birləşmələr Naxçıvanın müdafiəsini, sərhədlərimizin qorunmasını layiqincə təşkil edirlər.
Ali Məclisin sədri yeni istifadəyə verilən tabor mərkəzi binasının ulu öndər Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğuna göstərdiyi yüksək qayğının daha bir nümunəsi olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, ölkəmizdə ordu quruculuğu prosesi kompleks şəkildə həyata keçirilir. Hərbi hissələr, birləşmə və bölmələr üçün yeni, müasir xidməti binalar inşa olunmaqla bərabər, həm də Silahlı Qüvvələrimiz müasir silah-sursatla, döyüş texnikası, zirehli maşınlarla təchiz edilir. Bu gün inkişaf etmiş ölkələrdən müasir silah və döyüş texnikaları alınmaqla hərbi qüdrətimiz daha da artırılır. Eyni zamanda Azərbaycanın müdafiə sənayesi də uğurla inkişaf etdirilir, zabit, gizir ailələri üçün yeni yaşayış kompleksləri inşa olunur. Bu istiqamətdə həyata keçirilən məqsədyönlü tədbirlər şəxsi heyətdə döyüş əzmini artırır.
Bildirilmişdir ki, ordu quruculuğuna göstərilən yüksək diqqət və qayğı həm də müstəqil Azərbaycanın etibarlı gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. Ona görə də Azərbaycan Prezidenti ordu quruculuğuna xüsusi diqqət göstərir. Ön xətdə xidmət edən əsgər və zabitlərimizə ikiqat əməkhaqqı verilir, onlara müasir xidməti şərait yaradılır. Bu gün istifadəyə verilən tabor mərkəzinin yeni binası da ön xətdə xidmət edən şəxsi heyət üçün yaradılan yüksək şəraitin daha bir nümunəsidir. Burada zabit və əsgərlərimizin sağlamlığının qorunması, fiziki və hərbi hazırlıqlarının artırılması üçün lazımi imkanlar vardır. Bütün bu tədbirləri həyata keçirməkdə əsas məqsəd isə torpaqlarımızın etibarlı şəkildə qorunması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsindən ibarətdir. Güclü maddi-texniki baza həm də yüksək döyüş hazırlığı və qələbə əzmi deməkdir. Şahbuz rayonundakı hərbi hissənin şəxsi heyəti də bu gün istənilən döyüş tapşırığını yerinə yetirmək gücündədir.
Ali Məclisin sədri demişdir ki, taborun şəxsi heyəti düşmənlə yaxın təmas xəttində - ölkəmizin ən ucqar ərazilərindən birində xidməti vəzifələrini yerinə yetirir. Ona görə də düşmənlə üz-üzə dayanan əsgərlərimiz öz xidmətlərini yüksək nizam-intizam, qarşılıqlı hörmət və Vətənə sonsuz məhəbbət əsasında qurmalıdırlar.
Ali Məclisin sədri tabor mərkəzinin yeni binasının istifadəyə verilməsi münasibətilə şəxsi heyəti bir daha təbrik etmiş, onlara xidməti fəaliyyətlərində uğurlar arzulamış, xidmətdə fərqlənən zabit, gizir, çavuş və əsgərlərə qiymətli hədiyyələr təqdim etmişdir.
Baş leytenant Emin Abdullayev və əsgər Alxan Əsgərov yaradılan nümunəvi xidmət şəraitinə görə şəxsi heyət adından minnətdarlıqlarını bildirmişlər.
Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.