Yeni kitablar. "Qaçaq Nəbinin tarixi"

Kitabın müəllifi Bəhlul Bəhcət Sovet imperiyasının repressiya qurbanlarından olub İslamşünas, tarixşünas, ədəbiyyatşünas və folklorşünas kimi fəaliyyət göstərmiş və dövrünün mütərəqqi ziyalılarından biri olmuşdur. O, 1885-ci ildə Zəngəzur qəzasının indiki Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuş, 15 mart 1938-ci ildə XDİK üçlüyünün qərarı ilə güllələnmişdir. 
1934-1937-ci illərdə öncə Azərbaycan Dövlət Nəşriyyatında (Azərnəşr), sonra isə Az.RAİ-nin ədəbiyyat bölməsində çalışmışdır. Bu illərdə o, yaradıcılığın müxtəlif sahələri ilə məşğul olmuş, bir sıra tədqiqatları ilə ədəbi mühitdə özünə yüksək ad-san qazanmışdır. Lakin repressiya olunduqdan sonra onun əsərləri müsadirə olunmuş, arxivlərdə qadağa olunmuş əsərlər kimi saxlanılmışdır. Bəhlul Bəhcətin nəvəsi Həmdulla Əfəndiyevin cidd-cəhdi nəticəsində ictimaiyyət məlumatlandırıldıqdan sonra onun irsinin öyrənilməsinə maraq artmışdır.
"Bəhlul Əfəndi Bəhcət" kitabı onun haqqında H.Əfəndiyevin ilk nəşri idi və bu kitab, əslində, tədqiqatçı haqqında bir çox qaranlıq məqamlara işıq salmışdı. Həmin kitabda onun Qaçaq Nəbi haqqında ciddi araşdırmalar apardığı barədə müfəssəl məlumat var idi. Bu yaxınlarda çapdan buraxılan "Qaçaq Nəbinin tarixi" adlı tədqiqat əsəri Bəhlul Bəhcətin yaradıcılığında əhəmiyyətli yer tutur. Onun mətnini hazırlayan və "Ön söz" yazan müəllif İsrafil Abbaslıdır.
Bu kitab, sadəcə, Qaçaq Nəbi haqqında rəvayətlərin toplusu deyil. O, həm də xalqımızın o dövr tarixinə tədqiqatçının münasibəti, baxışıdır.
Kitabın giriş məqaləsi olduqca geniş və əhatəlidir. Müəllif bildirir ki, Bəhlul Bəhcətin elmi-ədəbi irsində, xüsusilə nəşr olunmamış əsərləri içərisində "Qaçaq Nəbinin tarixi" adlı araşdırmaları onun məzmunu və mahiyyəti bu günədək naməlum qalmış, elmi ictimaiyyətə çatdırılmamışdır.
Arxivdə saxlanılan bu əsər (əlyazması, ərəb əlifbası ilə 266 səh., latın qrafikası ilə 370 səh.) xalq qəhrəmanının həyatı, qaçaqçılıq fəaliyyəti haqqında dolğun və hərtərəfli tarixi məlumatlarla zəngindir. Ona görə də bu əsərin çap olunması münasib hesab olunmuş və "Çıraq" nəşriyyatı onu 296 səhifə həcmində oxuculara çatdırmışdır.
Əsər Nəbinin həyatı və qaçaqçılıq fəaliyyəti ilə bağlı bölmələr şəklində verilmişdir.
Əsərin çox maraqlı bölmələrindən biri "Qaçaq Nəbi və onun ailə vəziyyəti"dir. Burada qeyd olunur ki, Nəbi gənc ikən anasını, sonra isə atasını itirmişdi. Onun özündən kiçik qardaşı Mehdi, bacısı Zeynəb və bir də qardaşı oğlu Məcid qalmışdı. Nəbi ata-anasını itirdikdən sonra Həcərlə evlənmişdi, o, molla Xanəlinin övladı idi. Həcərin qardaşı Məhəmməd də Nəbiyə qoşulub qaçaqçılıq etmiş, sonra tutulub sürgün edilmiş, cəzasını çəkib qayıtmışdı.
Kitabın "Qaçaq Nəbinin qaçaqçılıqdan qabaqkı həyat şəraiti - nökərçilik" bölməsi isə Nəbini yaxşı tanıyan Şamil Soltanovun məlumatı əsasında yazılmışdır.
Qaçaq Nəbinin qaçaqçılıq fəaliyyəti barədə məlumat verən müəllif onu ictimai hadisələrin fonunda təhlil edib, cəmiyyətdə baş verənlərin, zülmün, ədalətsizliyin bu hərəkata təsirini elmi əsaslarla açıb.
"Qaçaq Nəbinin tarixi" əsərində özünə yer tapan məsələlərdən biri də Həcərin Nəbidən sonrakı həyat yolu barədəki məlumatlardır. Son illər bəzi mətbuat səhifələrində Həcərin, guya, Nəbidən sonra başqa millətin nümayəndəsinə ərə getməsi faktına Bəhlul Bəhcətin kitabında tam aydınlıq gətirilib. Müəllif bununla bağlı yazır: "Həcər Nəbi İranda öldürüldükdən sonra Nəbinin qohumlarından olan Həmzə adlı bir kişiyə ərə getmişdi və uzun zaman Həmzə ilə öz kəndlərində yaşamışdır. Həcərin Nəbidən uşaqları olmamışdı. Onun olan uşağı Həmzədən idi".
Kitabın başqa bölmələrindən birində bu məsələyə təkrar toxunan Bəhlul Bəhcət yazır: "Nəbinin dəfnindən sonra qohumları tərəfindən Molluya gətirilən Həcər bir cavana ərə getdi. Həcər Həmzə ilə Aşağı Mollu kəndində çox yaşadı. Onun Həmzədən bir neçə övladı oldu".
Hətta, kitabda Nəbinin Boz atı və Aynalısı barədə də açıqlama var. Müəllif yazır ki, Boz at boz rəngli bir qulan (doğmamış madyan at) idi ki, Nəbi bu atla çox döyüşlərdə olmuşdur. Aynalı barədə deyilir ki, bu silah az əvvəl qurtarmış Rus-Osmanlı müharibəsində iştirak edənlər tərəfindən gətirilmiş osmanlı tüfəngi idi.
"Qaçaq Nəbinin tarixi" əsəri "Qaçaq Nəbi ilə əlaqədar topoqrafik əhəmiyyəti olan çaylar, dağlar, mahnılar və adlar" ilə tamamlanır. Bu hissədə Nəbinin başçılığı ilə qaçaqçılıq hərəkatının coğrafi arealı cızılmış, yer-yurd, el-oba adları, real tarixi şəxsiyyətlər barədə ensiklopedik bilgilər verilmişdir.
Ümumiyyətlə, bu kitab tariximizin çox mürəkkəb bir dövrü ilə bağlı samballı tədqiqat əsəri kimi çox qiymətlidir. Qafqaz türklərinin, Azərbaycan xalqının yetirdiyi ən məşhur qəhrəmanlardan olan Qaçaq Nəbi 46 illik ömrünün (1850-1896) tam 13 ilini əldə silah vəfalı ömür-gün yoldaşı qoçaq Həcərlə (1860-1914) birlikdə fasiləsiz olaraq Rusiya ilə İran arasında pay-püş edilmiş o taylı-bu taylı Azərbaycanda yadelli rus-erməni, fars zülmünə qarşı mübarizə aparmışdır. Bu qoşa ad həm Azərbaycanın, həm də dünyanın qaçaqçılıq hərəkatı tarixinə şərəflə yazılmış, ümumxalq sevgisinin, qorxmazlıq, cəsarət, şücaət, əyilməz iradənin simvoluna çevrilmişdir.
Biz bu vaxta qədər "Qaçaq Nəbi" dastanını oxumuş, yalnız onu əfsanəvi qəhrəman kimi tanımışıq. Bu kitab isə Qaçaq Nəbi haqqında reallıqların əks olunduğu çox etibarlı mənbədir. Çünki Bəhlul Bəhcət özü bu torpaqda doğulmuş, qaçaq Nəbinin fəaliyyət göstərdiyi yerləri qarış-qarış gəzmiş, onun silahdaşları ilə görüşmüşdür.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında