Müstəqil Azərbaycanda gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır. Ölkəmizdə gənclər məsələsi dövlət siyasətinin mühüm hissəsinə çevrilib. Gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verilməsi, ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərin qüvvəsindən daha dolğun istifadə etmək üçün əlverişli şəraitin yaradılması bu təbəqəni cəmiyyətin avanqard qüvvəsinə çevirib. Azərbaycan Respublikasında gənclər siyasətinin daha da inkişaf etdirilməsi, gənclərin menecment sahəsində fəal iştirakına şəraitin yaradılması, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərin həllinin təmin edilməsi məqsədilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı qəbul edilib. Gənclərlə iş sahəsində görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynamışdır.
Bakının ən böyük rayonlarından biri olan Qaradağda da dövlətin gənclər siyasəti fəal surətdə həyata keçirilir. Bu günlərdə Qaradağ Rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasovla görüşüb 2011-ci ilin ötən ayları ərzində rayonda gənclər sahəsində görülən işlər barədə məlumat aldıq. Rayon gənclərinin tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, onların cəmiyyət həyatında fəal iştirakını təmin etmək məqsədilə Qaradağ Rayon Gənclər və İdman İdarəsi (RGİİ) tərəfindən də məqsədyönlü tədbirlərin həyata keçirildiyini deyən Elçin Abbasov qeyd etdi ki, gənc nəslin fiziki, sosial və mənəvi inkişafını təmin edən fəaliyyət sahələrinin istiqamətləndirilməsi, gənclərin dünya dəyərlərinə yiyələnmələri və digər məsələlər qarşıda duran əsas vəzifələrdir. "Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Rayon İcra Hakimiyyəti rayonda tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün köməyini bizdən əsirgəmir", - deyə o əlavə etdi.
"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində Qaradağ rayonunda da həyatın bütün sahələrində, o cümlədən gənclərlə bağlı mühüm işlər görülür və bu işlər uğurla davam etdirilir. Bütün bunlar uşaq, yeniyetmə və gənclərin daha yaxşı şəraitdə yaşaması, təhsil alması, onların asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir. Qaradağ rayonunda Gənclər evinin tikintisi gənclər siyasətinin inkişafına daha bir töhfə olacaq. Gənclərin sağlamlığının təminatı istiqamətində görüləcək işlərə Qobustan qəsəbəsində idman zalının, Səngəçal və Ələt qəsəbələrində mini futbol meydançası və idman zalının tikintisini misal göstərmək olar.
Gənclər siyasətinin ən vacib istiqamətlərindən biri də elm və təhsillə bağlıdır. Son illərdə respublikamızın əksər regionlarında müasir standartlara tam cavab verən məktəblər tikilib istifadəyə verilib, orta və ali təhsil müəssisələri müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub. Qaradağ rayonunda da "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində Lökbatan, Puta, Qızıldaş, Sahil, Ələt, Müşfiqabad, Qobustan, Səngəçal qəsəbələrində məktəbəqədər, orta məktəb və orta ixtisas məktəblərinin əsaslı təmiri və tikintisi nəzərdə tutulub.
Qaradağ rayonunda gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Bu məqsədlə rayon məktəblərinin şagirdləri arasında "20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir" mövzusunda inşa yazı müsabiqəsi, "Qanlı yanvar" mövzusunda rəsm sərgisi, Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş "Müharibə uşaqların gözü ilə", ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibəti ilə "Heydər Əliyev və müasir Azərbaycan" mövzusunda inşa yazı müsabiqələri və digər tədbirlər keçirilib. "Şahin" və "Cəsurlar" hərbi-idman və turizm oyunlarında da rayon məktəblərinin yuxarı sinif şagirdləri böyük həvəslə iştirak edirlər.
Qaradağ rayonunda gənc nəsli zərərli vərdişlərdən çəkindirmək, müasir dövrün bəlası sayılan narkotiklə mübarizə, sağlam həyat tərzini təbliğ etmək istiqamətində də bir sıra işlər görülür. "Azərbaycan gəncləri narkotiklər əleyhinə", "Özümüzü narkomanlıqdan qoruyaq" devizləri altında rayonun Qızıldaş və Müşfiqabad qəsəbələrində keçirilən dəyirmi masalar, qəsəbə gənclərinin toplantıları buna misal ola bilər. Bir sıra əlamətdar günlər - Gənclər Günü, Beynəlxalq Ailə Günü, Silahlı Qüvvələr Günü, Türk Dünyasının Həmrəyliyi Günü ölkəmizin hər yerində olduğu kimi, Qaradağ rayonunda da təntənəli şəkildə qeyd edilir. Bu məqsədlə rayonda yerləşən hərbi hissələrin şəxsi heyəti, fəal gənclər ilə görüş və onların mükafatlandırılması, inşa yazı müsabiqələri və s. kimi tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilib.
Rayonda mütəmadi olaraq keçirilən bilik olimpiadaları, intellektual oyunlar və bir sıra müsabiqələrdə də yeniyetmə və gənclər həvəslə iştirak edirlər. Bu ilin ötən ayları ərzində Respublika Günü münasibəti ilə "Şərqin demokratiya beşiyi", Milli Qurtuluş Gününə həsr olunmuş "Ümummilli liderimiz", "Mən Konstitusiyanı öyrənirəm" bilik olimpiadaları, "Breyn-rinq" intellektual oyunu, "Doğma Azərbaycan" mövzusunda şeir, Uşaqları Müdafiə Günü münasibəti ilə rəsm müsabiqələri buna misal ola bilər.
Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı RGİİ-nin rayon icra hakimiyyəti ilə birgə Heydər Əliyev Mərkəzində gənclər arasında elmi-praktiki konfrans keçirilib, məktəb şagirdləri tərəfindən dünya ictimaiyyətinin "vebsayt"larına Azərbaycan reallıqları barədə məlumatlar göndərilib.
RGİİ-nin rəisi Elçin Abbasov bu ilin son ayında da rayonda gənclər sahəsində bir sıra tədbirlərin həyata keçirilməsinin planlaşdırıldığını bildirdi. Ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün dövlət tərəfindən bütün zəruri tədbirlərin həyata keçirildiyini bildirən idarə rəisi qeyd etdi ki, Qaradağ rayon gəncləri də respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışırlar.
{nl}
Leyla QURBANOVA, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.