Şriftin ölçüsü:
04.12.2011 00:02 | Oxunma sayı: 421
Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Şimali Qafqaz regionuna səfəri zamanı Çeçenistan Respublikasında olmuşdur.
İqtisadi İnkişaf Nazirliyindən AzərTAc-a bildirmişlər ki, Çeçenistan Respublikasının Maliyyə Nazirliyində keçirilmiş görüşdə iqtisadi sahədə ikitərəfli əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunmuşdur. Nazir Şahin Mustafayev dinamik inkişaf edən Azərbaycan iqtisadiyyatı, ölkəmizin biznes mühiti, həyata keçirilən iri layihələr barədə ətraflı danışmış, Çeçenistan Respublikasının Baş nazirinin müavini, maliyyə naziri Əli İsayev isə respublikada aparılan sosial-iqtisadi islahatlar, investisiya mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat vermişdir. Azərbaycan nümayəndə heyəti Qroznı və Arqun şəhərlərində yerləşən bir sıra istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olmuşdur. İnquşetiya Respublikasına səfər zamanı Azərbaycan nümayəndə heyəti əvvəlcə Malqobek şəhərində ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan xiyabanda xatirə lövhəsinin önünə gül dəstələri düzmüşdür. Eyni zamanda, Azərbaycan nümayəndə heyəti 1941-1945-ci illər müharibəsində Malqobek şəhərinin müdafiəsi zamanı həlak olmuş azərbaycanlı əsgərlərin məzarını ziyarət edərək, gül-çiçək dəstələri qoymuşdur.
İnquşetiyada keçirilmiş görüşlərdə nazir Şahin Mustafayev Azərbaycanın sosial-iqtisadi inkişafı, dövlət tərəfindən sahibkarlığın inkişafına göstərilən dəstək tədbirləri barədə məlumat vermiş, İnquşetiyanın Azərbaycan üçün iqtisadi baxımdan cəlbedici olduğunu diqqətə çatdırmışdır. İnquşetiya hökumətinin başçısı Musa Çiliyevin, İnquşetiya və Azərbaycan nümayəndələrinin iştirakı ilə Ceyrax rayonunda keçirilən görüşdə biznes və investisiya sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur. Azərbaycan şirkətləri ərzaq məhsullarının istehsalı, meşə-ağac emalı və turizm üzrə layihələrdə iştiraka dəvət edilmişdir.
Azərbaycan nümayəndə heyəti Şimali Osetiya Respublikasına-Alaniyaya gəlmiş, burada keçirilmiş görüşdə iqtisadi əlaqələrin inkişafı, qarşılıqlı investisiya qoyuluşu məsələləri müzakirə edilmiş, Şimali Osetiyadan olan iş adamları tərəfindən təqdimatlar keçirilmişdir. Nazir Şahin Mustafayev Azərbaycan ilə Rusiya, o cümlədən Şimali Qafqaz regionu arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd etmiş, iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu diqqətə çatdırmışdır.
Sonra Kabardin-Balkar Respublikasında olan Azərbaycan nümayəndə heyəti Baş nazir İvan Gerterlə görüşmüş, qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı müzakirələr aparmış, bir sıra müəssisələrin fəaliyyəti ilə tanış olmuşdur. Keçirilmiş görüşlərdə Azərbaycan sahibkarları qida sənayesi, logistika və turizm sahələrində investisiya layihələrində iştiraka dəvət olunmuşdur.
Rusiyanın Şimali Qafqaz regionuna səfəri çərçivəsində Qaraçay-Çərkəz Respublikasında olan Azərbaycan nümayəndə heyətinin respublikanın rəhbəri Rəşid Temrezovla keçirilmiş görüşündə Azərbaycan təmsilçilərinə burada aparılan sosial-iqtisadi islahatlar barədə məlumat verilmiş, Azərbaycanın Qaraçay-Çərkəzin əsas xarici ticarət tərəfdaşı olduğu qeyd edilmiş, turizm, kənd təsərrüfatı, aqrar sənaye və ağac emalı sahələrində investisiya qoyuluşu üçün geniş imkanların olduğu vurğulanmışdır. Görüşlərdə Azərbaycan şirkətləri Qaraçay-Çərkəz Respublikasında gips yataqlarının işlənməsi, tikinti materiallarımın istehsalı və ağac emalı sahələrinə maraqlarını ifadə etmişlər. Qaraçay-Çərkəz Respublikasına səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra müəssisələrdə istehsal prosesi ilə tanış olmuşdur.
Stavropola səfər zamanı isə Azərbaycan nümayəndə heyəti yerli icra hakimiyyəti orqanlarının rəhbərləri, Ticarət-Sənaye Palatasında isə sahibkarlarla görüşmüşdür. Görüşlərdə Azərbaycan və Stavropol arasındakı iqtisadi əlaqələr, investisiya imkanları və s. məsələlərə dair fikir mübadiləsi aparılmışdır. Nazir Şahin Mustafayev ölkədə iş adamları üçün yaradılmış əlverişli investisiya mühiti, sahibkarlığa dəstək tədbirləri barədə məlumat vermiş, Stavropoldan olan iş adamlarını Bakıda keçirilən sərgilərdə fəal iştiraka dəvət etmişdir.
Səfər çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ilə Stavropol diyarı Ticarət və Sənaye Palatası arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanmışdır.
{nl}
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.