Qafqaz müsəlmanlarının səkkizinci şeyxülislamı Axund Ağa Əlizadənin 140 illiyinə həsr edilmiş elmi-nəzəri konfrans

Dekabrın 2-də Qafqaz Müsəlmanları İdarəsinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı ilə görkəmli din xadimi, Qafqaz müsəlmanlarının səkkizinci şeyxülislamı Axund Ağa Əlizadənin anadan olmasının 140 illiyinə həsr edilmiş "Cümhuriyyətin və sovet dövrünün şeyxülislamı" mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Mahmud Kərimov Axund Ağa Əlizadənin mənalı həyat yolundan və bir din xadimi kimi gördüyü işlərdən danışmışdır.
Bildirilmişdir ki, 1896-cı ildə 25 yaşında ikən Nəcəfdə dini universitetdə təhsilini böyük uğurla başa vurub "Axund" rütbəsi alan Ağa Əlizadə doğma vətəninə qayıtmış və ömrünün sonunadək burada fəaliyyət göstərmişdir. Şeyxülislam Axund Ağa Əlizadə dünyanın bir çox ölkələrində keçirilmiş konfransların iştirakçısı olmuş və öz dərin, elmi-nəzəri məruzələri ilə diqqəti cəlb etmişdir.
Axund Ağa Əlizadə böyük alim olmaqla yanaşı, həm də dövrünün çox nüfuzlu şəxsiyyətlərindən biri idi. O, təkcə Azərbaycanda deyil, yaxın və uzaq ölkələrdə də böyük humanist ruhani kimi tanınmışdır.
Konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə "Cümhuriyyətin və sovet dövrünün şeyxülislamı" mövzusunda məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, bu gün biz Azərbaycanın şeyxülislamlıq tarixində mühüm xidməti olan böyük bir şəxsin 140 illik yubiley mərasiminə yığışmışıq. Ağa Əlizadə həm Zaqafqaziya Müsəlmanları İdarəsinin sədri, həm şeyxülislam kimi böyük din xadimi, həm də Əhli-Beyt, yəni Peyğəmbər (s) nəslindən idi. Bu mənada bizim bugünkü tədbirimizin çox böyük əhəmiyyəti və savabı vardır.
Şeyxülislam Ağa Əlizadə 1871-ci ilin oktyabrında Bakının Pirşağı kəndində, dindar ailədə dünyaya göz açmışdır. Pirşağıda böyük nüfuz sahibi olan hacı Cavad uşaqlarının təhsil alması üçün Bakıya köçməyə qərar vermişdir. Ağa Əlizadə (əsl adı Zeynal Abidin idi) ilk təhsilini İçərişəhərdəki Qüdsi mədrəsəsində almışdır. Mədrəsəni uğurla başa vurandan sonra təhsilini müqəddəs Nəcəf şəhərində davam etdirmişdir. 1903-cü ildən ömrünün sonuna qədər Təzəpir məscidində İslam dininin təbliği ilə məşğul olmuşdur.
Şeyxülislam Ağa Əlizadənin ən böyük məziyyəti ondan ibarət idi ki, o dini elmlərlə yanaşı, riyaziyyat, astronomiya, təbabət, tarix və ədəbiyyatı mütaliə edir, əsrin əvvəllərində Cənubi Qafqazda, o cümlədən Azərbaycanda baş verən siyasi hadisələri layiqincə qiymətləndirə bilirdi.
Allahşükür Paşazadə vurğulamışdır ki, 1918-ci il mayın 28-də Tbilisidə Azərbaycan Milli Şurası tərəfindən Azərbaycanın müstəqilliyi elan olunmuşdur. Fətəli xan Xoyskinin başçılığı ilə milli hökumət təşkil edilmişdir. Milli hökumət Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin Gəncəyə köçürülməsini qərara almışdır. İyunun ortalarında Təzəpirin Axundu Ağa Əlizadə Bakı şəhərinin Qazısı seçilmişdir. Sentyabrın ortalarında Qafqaz İslam Ordusu və onun 29 yaşlı komandanı Nuru Paşa Bakı şəhərini bolşevik-daşnak birləşmələrindən azad etmişdir. Cümhuriyyətin paytaxtı Gəncədən Bakıya köçürülmüşdür. Bundan sonra Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin Bakıya köçürülməsi qərara alınmışdır. Molla Məhəmməd Pişnamazzadə səhhəti ilə bağlı idarənin sədri və şeyxülislam vəzifəsindən istefa vermişdir. Azərbaycan Xalq Cümhuriyyətinin dini etiqad naziri Musa bəy Rəfiyevin tövsiyəsi ilə dekabrın 12-də 47 yaşlı Bakı şəhər qazısı, Axund Ağa Əlizadə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədri və şeyxülislam vəzifəsinə seçilmişdir. Beləliklə, şeyxülislam Ağa Əlizadənin hərtərəfli elmi-dini fəaliyyəti üçün geniş imkanlar açılmışdır.
Qeyd edilmişdir ki, 1920-ci il aprelin sonlarında XI ordu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə son qoyulmuşdur. Azərbaycanda İslam dininə düşmən olan bolşevik rejimi qurulduqdan sonra Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi və şeyxülislamlıq ləğv edilmişdir. İslam dininə və dindarlara qarşı yönələn qəddarlıq, məscidlərin bağlanması, ibadətgahların yerlə-yeksan edilməsi bütün din xadimləri kimi, Axund Ağa Əlizadəni də qəlbən ağrıdırdı. Ruhdan düşənlər, çıxış yolu görməyənlər Axund Ağa Əlizadənin yanına gələrək bu səbirli insandan öz suallarına cavab istəyirdilər.
1944-cü il aprelin 14-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin bərpa edilməsi haqqında qərar qəbul etmişdir. Mayın 25-dən 28-dək keçirilmiş qurultayda Axund Ağa Əlizadə 24 ildən sonra yenidən Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri və şeyxülislam vəzifəsinə seçilmişdir. O, müharibə illərində alovlu bir vətənpərvər kimi fəaliyyətini davam etdirir, minbərdən onun vətəni qorumağa çağıran moizələri eşidilirdi.
Qafqaz Müsəlmanları İdarəsinin sədri xüsusi olaraq demişdir ki, bu gün Azərbaycanda tolerantlıq ənənələrinin inkişafında, din-dövlət münasibətlərinin tənzimlənməsində, müqəddəs inanc yerlərimizin bərpa olunmasında, ziyarətgahların abadlaşdırılmasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük zəhmətləri vardır.
Şeyxülislam Allahşükür Paşazadə bildirmişdir ki, Qafqaz Müsəlmanları İdarəsinin səkkizinci şeyxülislamı Ağa Əlizadə 1954-cü ilin dekabrında əbədiyyətə qovuşmuşdur. 57 ildir ki, bu böyük şəxsiyyət aramızda yoxdur. Amma şeyxülislam Ağa Əlizadənin xeyirxah əməlləri heç vaxt unudulmayacaqdır.
Konfransda Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev "Dünyəvi elmlərin bilicisi" mövzusunda məruzə ilə çıxış etmişdir.
Akademik bildirmişdir ki, Axund Ağa Əlizadə bizim çox yüksək səviyyəli din xadimlərimizdən biri olmuşdur. Şərq ölkələrində mükəmməl dini təhsil almış Ağa Əlizadə o dövrdə islam elmlərinin ən gözəl bilicilərindən biri hesab olunurdu. Dövrünün sadə insanları ilə yanaşı, tanınmış adamları da hər hansı müşkül məsələlərin həllində ona müraciət etmişlər. O, olduqca hazırcavab bir insan olmuşdur.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının üzvü, professor Anar İsgəndərovun "Allaha, Vətənə və xalqa xidmət edən şeyxülislam" mövzusunda məruzəsi dinlənilmişdir. Məruzəçi diqqətə çatdırmışdır ki, Ağa Əlizadə sovet dövründə 10 il şeyxülislam kimi fəaliyyət göstərmiş, 83 yaşında dünyasını dəyişmişdir. Özündən sonra böyük irs qoyan Axund Ağa Əlizadə bütün həyatı boyu Allaha, Vətənə və xalqına xidmət etmişdir.
Tədbir iştirakçıları AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru, akademik Akif Əlizadənin "Mənim ruhani babam" mövzusunda məruzəsini maraqla qarşılamışlar. O, demişdir ki, bizim tərbiyəmizdə, dünyagörüşümüzdə babamın böyük rolu olmuşdur. Babam Nəcəfdən qayıtdıqdan sonra Mirmövsüm Ağanın bacısını - mənim nənəm Zeynəb xanımı özünə həyat yoldaşı seçir və o vaxtdan demək olar ki, biz iki nəslin nümayəndəsi kimi tanınmışıq.
Akademik A.Əlizadə babasının fəaliyyətinə verilən yüksək dəyərə görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.
Sonra məruzələr ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Milli Məclisin deputatları Fəttah Heydərov, Rəbiyyət Aslanova, professor İzzət Rüstəmov və başqaları tədbirin tarixi əhəmiyyət daşıdığını söyləmişlər.
Müzakirələrdə vurğulanmışdır ki, bu gün Azərbaycanda dövlət və din münasibətləri sivil səviyyədədir. Ölkəmizdə dini etiqad azadlığı təmin olunur. Çünki Azərbaycan bu mənəvi dəyərlərə sahibdir.
Natiqlər gələcəkdə Qafqaz Müsəlmanları İdarəsinin şeyxülislamlarının hər biri haqqında ayrıca tədqiqat işlərinin aparılmasını təklif etmişlər.
"Elm və təhsil" nəşriyyatında çapdan çıxmış "Cümhuriyyətin və sovet dövrünün şeyxülislamı" kitabı tədbir iştirakçılarına paylanmışdır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında