Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli, çevik və mükəmməl iqtisadi strategiya nəticəsində sosial islahatların miqyası getdikcə genişlənir və əhalinin rifah halı yaxşılaşır. Bu strategiya ötən dövr ərzində iqtisadi sahələrdə çalışan insanların pul gəlirlərinin artımı ilə yanaşı, sosial bölmələrdə təmsil olunan vətəndaşların rifah halının yaxşılaşmasına da müsbət təsir göstərmişdir. Bunun nəticəsidir ki, ölkə vətəndaşlarının bütün təbəqələri hər il əlavə sosial qayğılarla əhatə olunur, onların rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən layihələrin miqyası genişləndirilir.
Ölkəmizdə sosial sahədə həyata keçirilən davamlı tədbirlər son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş və hazırda bu tendensiya daha çox minimum əməkhaqqının artım dinamikasında hiss olunur. Belə ki, 2004-2010-cu illər ərzində ümumi daxili məhsul (ÜDM) təxminən 3,2 dəfə, dövlət büdcəsinin gəlirləri 5 dəfə, orta aylıq əməkhaqqı 3,5 dəfə artmış, minimum əməkhaqqının artım tempi isə 6,5 dəfədən çox olmuşdur. Göründüyü kimi, sosial siyasətin uğurla həyata keçirilməsi insanların aylıq gəlirlərinin, əməkhaqlarının artmasına öz mühüm təsirini göstərir. Bunun nəticəsidir ki, ölkəmizdə vətəndaşların illik gəlirlərində hər il 15 faizə yaxın artım qeydə alınır.
Prezident İlham Əliyev bildirmişdir ki, hökumət həmişə olduğu kimi, sosial məsələlərə xüsusi diqqət yetirir və bu sahədə də nəzərdə tutulmuş bütün proqramlar vaxtında icra olunur. Dövlətimizin başçısı sosial proqramların icrası ilə bağlı tədbirlərin bundan sonra da davamlı xarakter alacağını demişdir.
Ümumiyyətlə, insanların daha da yaxşı yaşaması və onların illik gəlirlərinin artmasına dövlət dəstəyinin gücləndirilməsi hazırda hökumətin diqqət yetirdiyi əsas prioritetlərdən biridir. Respublikamızın maliyyə resurslarının və büdcə gəlirlərinin əsas xərc istiqamətləri vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin lazım olan sosial-müdafiə tədbirləri ilə təmin edilməsi, sosial sahədə mövcud problemlərin aradan qaldırılması sözügedən istiqamətin gücləndirilməsinə yönəldilmişdir. Sosial sistemin təkmilləşdirilməsi məqsədilə islahatlar ilbəil sürətlənir və bundan sonrakı illərdə daha da intensiv xarakter alacaqdır. Atılan addımlar və sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi-rifah halının yaxşılaşdırılması və insanların bütün sosial qayğılarla əhatə olunmaları üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Ümumiyyətlə, sosialyönümlü iqtisadiyyat XXI əsrin ikinci onilliyində respublikamızın strateji inkişaf və modernləşdirmə konsepsiyasının əsas təməllərindən olacaqdır.
Mütəxəssislərin Azərbaycanın sosial-iqtisadi inkişaf proqnozlarına əsasən, qarşıdakı illərdə respublikamızın makroiqtisadi inkişafı daha da sürətlənəcək.
Ölkənin maliyyə imkanları yaxşılaşacaq və valyuta gəlirləri əhəmiyyətli dərəcədə artacaqdır. Bu isə nəzərdə tutulan sosial islahatların davamlılığına imkan verəcəkdir. Qarşıdakı illər ərzində də Azərbaycanda sosial-iqtisadi proqramların uğurla həyata keçirilməsi, sosial infrastrukturun yüksək səviyyədə yenidən qurulması, yeni iş yerlərinin açılması, aztəminatlı ailələrə ünvanlı yardımların göstərilməsi və digər tədbirlər geniş miqyas alacaq. Minimum əməkhaqının artırılması, pensiya və müavinətlərin ehtiyac meyarına tamamilə uyğunlaşdırılması bu siyasətin əsas məqsədləri olacaqdır. Bu tədbirlər isə ümumilikdə insanların aylıq gəlirlərinin və orta aylıq əməkhaqqının məbləğinin əhəmiyyətli dərəcədə artmasına imkan verəcəkdir.
Bu il dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalaması da bunun bariz ifadəsidir. Xatırladaq ki, həmin sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2011-ci il dekabrın 1-dən 10 faiz artırılaraq 93,5 manat müəyyən edilmişdir. Yeri gəlmişkən, bir məsələni də xatırladaq. Gələn ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirmişdir ki, nazirliyin proqnozlarına əsasən bu ilin sonuna qədər orta aylıq nominal əmək haqqı 379 manat, 2012-ci ilin sonuna 431 manat, 2013-cü ilin sonuna 485 manat, 2014-cü ilin sonuna 551 manat səviyyəsinə çatacaqdır. Onun sözlərinə görə, 2011-ci ildə əhalinin real pul gəlirlərinin 6,5 faiz, 2012-ci ildə 10,2 faiz, 2013-cü ildə 8,5 faiz, 2014-cü ildə isə 8,3 faiz səviyyəsində artımı proqnozlaşdırılır. İqtisadi inkişaf naziri onu da əlavə etmişdir ki, 2011-ci ildə Azərbaycanda yaşayış minimumu 95 manat, 2014-cü ildə 109 manat səviyyəsində nəzərdə tutulur. Eyni zamanda, yaşayış minimumunun artımı ilə yanaşı, 2011-2014-ci illərdə minimal əməkhaqqının daha yüksək templə artımı da proqnozlaşdırlır. Beləliklə, proqnozlara əsasən, 2013-cü ildə minimal əməkhaqqı yaşayış minimumu səviyyəsinə çatacaq, 2014-cü ildə isə minimal əmək haqqı yaşayış minimumu səviyyəsindən yuxarı olacaqdır.
Bütün bunlar onu deməyə əsas verir ki, zamanın sınağından çıxmış Heydər Əliyevin inkişaf strategiyasına uyğun olaraq, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf siyasətinin müasir dövrün tələbləri nəzərə alınmaqla təkmilləşdirilməsi nəticəsində makroiqtisadi sabitlik daha da möhkəmlənmişdir. Ölkə başçısının rəhbərliyi altında həyata keçirilən və ilk növbədə sosialyönümlü problemlərin kompleks həllinə geniş imkanlar açan səmərəli islahatlar, imzalanan mühüm fərman və sərəncamlar Azərbaycanda müşahidə olunan iqtisadi inkişafın sürətləndirilməsinə xidmət etməklə yanaşı, dünya miqyasında respublikamızın mövqelərini daha da möhkəmləndirir. Bu inkişafın əsas səciyyəvi xüsusiyyətlərindən biri isə onun çoxcəhətli xaratkerə malik olması, özəl sektorun tərəqqisinə xüsusi diqqət yetirilməsidir. Elə bunun nəticəsidir ki, bu gün ölkədə sahibkarlığın mükəmməl hüquqi bazası yaradılmış, dövlət mülkiyyətinin özəlləşdirilməsi, özəl sektorun inkişafına dair qəbul olunmuş dövlət proqramları çərçivəsində sahibkarlığın tənzimlənməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, sahibkarlara müasir dövlət dəstəyi sistemi formalaşdırılmışdır.
Bütövlükdə ölkədə yaradılmış əlverişli biznes və investisiya mühiti nəticəsində ölkə iqtisadiyyatına 100 milyard dollara yaxın investisiya yönəldilmişdir. Təqdirəlayiq haldır ki, əsas kapitala yönəldilən investisiyaların ümumi həcmində son illər daxili investisiyaların xüsusi çəkisi əhəmiyyətli dərəcədə artmışdır. 2000-ci ildə 47,5 faiz paya malik olan daxili investisiyalar 10 il ərzində 16,3 dəfə artaraq ötən ilin sonunda əsas kapitala qoyulan investisiyaların ümumi həcmində 75,7 faiz paya malik olmuşdur. Eyni zamanda, xarici investisiyalar da son 10 il ərzində 4,7 dəfə artmışdır. Bu gün özəl sektorun dinamik inkişafı nəticəsində ÜDM-in istehsalının 80 faizdən çoxu özəl sektor tərəfindən təmin edilir.
Son 10 ildə qeyri-neft sektoru 2,8 dəfə artmışdır. Qeyri-neft sahələrinin inkişafına və ölkə iqtisadiyyatının diversifikasiyasına, eləcə də bu sahələrdə mövcud müəssisələrin maddi və texnoloji bazasının yüksəldilməsinə yönəlmiş tədbirlər nəticəsində son 5 ildə ÜDM-də qeyri-neft sektorunun payı 40,7 faizdən 44,4 faizə yüksəlmiş, neft sektorunun payı isə 53,8 faizdən 48,5 faizə qədər azalmışdır.
Regionlarda mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafına, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsinə, ixracyönümlü məhsul istehsalının stimullaşdırılmasına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına, məşğulluğun səviyyəsinin, xüsusilə gənclərin faydalı əməklə məşğulluğunun artırılmasına nail olmaq məqsədilə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" uğurla icra edilmişdir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası isə davam etdirilir. Həmin proqramların icrası nəticəsində 2004-cü ildən etibarən 40 mindən çox yeni müəssisə yaradılmışdır.
Elektrik enerjisi, qaz, su və kanalizasiya, istilik təchizatı sahəsində davamlı işlərin aparılması, yolların və digər infrastruktur obyektlərinin inşası, yenidən qurulması və inkişafı layihələrinin həyata keçirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması, sosial-mədəni infrastruktur obyektlərinin (təhsil, səhiyyə, mədəniyyət, idman, turizm və s.) beynəlxalq standartlara uyğun yenidən qurulması və inkişafı, yeni iş yerlərinin və yeni müəssisələrin açılması, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması məqsədilə özündə 817 tədbiri əks etdirən "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" həyata keçirilir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Prezident İlham Əliyev 9 sərəncam imzalamış, Prezidentin Ehtiyat Fondundan Bakının rayon və qəsəbələri üçün 28,5 milyon manat vəsait ayrılmışdır.
Əldə olunmuş iqtisadi nailiyyətlər əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə bağlı zəruri tədbirlərin gerçəkləşdirilməsinə, xüsusilə də əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımların atılmasına daha əlverişli şərait yaratmış, bütün sahələrdə olduğu kimi, sosial sferada da aparılan islahatlar əhalinin etibarlı sosial müdafiə sisteminin inkişafını təmin etmişdir. Müstəqillik illərində dövlət büdcəsindən əhalinin sosial müdafiəsi və sosial təminatına çəkilən xərclər 30,8, iqtisadiyyatın inkişafına yönəldilən vəsaitlər isə 93 dəfə artmış, əməkhaqqı, pensiya və müavinətlərin ödənilməsinə 52 dəfə çox vəsait sərf olunmuşdur. Son 20 il ərzində əhalinin real gəlirləri 2,4, ölkə üzrə iqtisadiyyatda məşğul olan işçilərin orta aylıq əməkhaqqı nominal ifadədə 107 dəfə artmışdır. Əhalinin hər nəfərinə düşən gəlirləri də 16,2 dəfə artaraq 2010-cu ildə 2866 manata çatmışdır. Ən əsası, məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində ölkədə yoxsulluğun səviyyəsi 2001-ci ildəki 49 faizdən 2010-cu ildə 9,1 faizə qədər azalmışdır.
Regionların inkişafı, yoxsulluğun və işsizliyin azaldılmasını nəzərdə tutan dövlət proqramlarının həyata keçirilməsi, ölkə iqtisadiyyatının diversifikasiyasının təmin edilməsi, qeyri-neft sektorunun dayanıqlı inkişafı, prioritet sahələrə iri həcmli investisiyaların yönəldilməsi regionlarda müasir infrastruktur layihələrinin reallaşdırılması, yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması üçün zəmin yaratmış və bütün bunların nəticəsi olaraq 2004-2010-cu illər ərzində ölkədə 1 milyona yaxın yeni iş yeri yaradılmışdır.
BMT-nin İnkişaf Proqramının əhalinin rifah səviyyəsini əks etdirən İnsan İnkişafı Hesabatında Azərbaycanın sosial sahədə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirilmişdir. İnsan inkişafı üzrə 2005-ci ildə 101-ci yerdə qərarlaşan Azərbaycan öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq 2010-cu ildə 67-ci yerə yüksəlmişdir. 2000-2010-cu illər üzrə ölkəmiz MDB ölkələri arasında insan inkişafı indeksinə görə ən yüksək göstəriciyə nail olmuş və "orta insan inkişafı" qrupundan "yüksək insan inkişafı" qrupuna keçmişdir. Azərbaycanda insan inkişafı indeksinin yüksəlməsinə təhsil göstəriciləri əhəmiyyətli təsir göstərmişdir. Belə ki, həmin hesabata əsasən, Azərbaycanda savadlılıq səviyyəsi 99,5, ibtidai təhsillə əhatə səviyyəsi 100, orta təhsillə əhatə səviyyəsi 95,6 faiz təşkil edir.
Ölkədə sosial infrastrukturun yeniləşdirilməsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Fondun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində yalnız 300-ə yaxın təhsil müəssisəsi tikilib istifadəyə verilmiş, əsaslı təmir və bərpa olunmuş, müasir avadanlıqlara təchiz edilmişdir. Eləcə də fond tərəfindən səhiyyə və mədəniyyət infrastrukturunun yaradılması və bərpası, mədəniyyətimizin təbliği istiqamətində böyük layihələr həyata keçirilmişdir.
Azərbaycanın əldə etdiyi sosial-iqtisadi nailiyyətlər nüfuzlu beynəlxalq reytinq agentlikləri tərəfindən də qeyd edilir. Dünya İqtisadi Forumu tərəfindən dərc edilən dünya ölkələrinin rəqabət qabiliyyətliyi səviyyəsini xarakterizə edən "Qlobal Rəqabət Qabiliyyəti İndeksi" hesabatlarında Azərbaycan 142 ölkə arasında 55-ci yerə layiq görülmüş və beləliklə də son 7 hesabat ərzində ölkəmizin mövqeyi 14 pillə yaxşılaşmışdır. Bu göstəriciyə görə artıq son 3 illik hesabatdır ki, ölkəmiz MDB ölkələri arasında 1-ci yerdədir.
"Dünya Rəqabət Qabiliyyəti İndeksi 2011-2012" hesabatında Azərbaycan bir sıra alt göstəricilər üzrə də yüksək nəticələr əldə etmişdir. Belə ki, "əmək bazarının səmərəliliyi" alt göstəricisi üzrə ölkəmiz dünyada 14-cü, "makroiqtisadi vəziyyət" alt göstəricisi üzrə isə 16-cı yerə layiq görülmüşdür. Qeyd etmək lazımdır ki, son bir il ərzində ölkəmiz "əmək bazarının səmərəliliyi" alt göstəricisi üzrə 11, "əmtəə və xidmətlər bazarının səmərəliliyi" alt göstəricisi üzrə isə 14 pillə irəliləmişdir.
Dünya Bankı tərəfindən hazırlanan "Doing Business" hesabatında Azərbaycan biznesin təşkili və aparılması istiqamətində əlverişli şəraitin yaradılması və inkişafı üçün tədbirlər həyata keçirən ölkə kimi qeyd edilir. "Doing Business - 2009" hesabatının nəticələrinə əsasən Azərbaycan "top islahatçı" ölkə kimi qiymətləndirilmiş, 97-ci pillədən 33-cü pilləyə yüksəlməklə öz mövqeyini 64 pillə yaxşılaşdırmışdır. "Doing Business" hesabatlarının tarixi ərzində bu ən yüksək irəliləyiş olmuş və hələ ki, təkrarolunmaz nəticə kimi qalmaqdadır. Dünya Bankının "Doing Business - 2011" hesabatında ölkəmiz 183 milli iqtisadiyyat arasında 54-cü və MDB məkanında 1-ci olmuşdur.
Bir sıra alt göstəricilərə görə Azərbaycan dünya üzrə ilk iyirmilikdə, o cümlədən "mülkiyyətin qeydiyyatı" üzrə 10-cu, "biznesin yaradılması" üzrə 15-ci, "investisiyaların qorunması" üzrə 20-ci yerdə bərqərar olmuşdur. "The Heritage Foundation" fondu və "The Wall Street Journal" məcmuəsi tərəfindən dünya ölkələrində iqtisadi azadlıq səviyyəsini xarakterizə edən ənənəvi illik son "İqtisadi Azadlıq İndeksi" hesabatında Azərbaycan hökumətinin ölkədə iqtisadi azadlığın yaxşılaşdırılması istiqamətində islahatlar aparması, eləcə də vergi azadlığı, valyuta azadlığı və korrupsiyadan azadlıq göstəriciləri üzrə müsbət nəticələr qazandığı qeyd edilmişdir.
"Fitch Ratings" agentliyi tərəfindən ilk dəfə olaraq ölkəmizə investisiya reytinqi verilmişdir. Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatları arasında investisiya reytinqi almış ilk və indiyədək yeganə iqtisadiyyatlı ölkə olaraq qalmaqdadır. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycanın kredit reytinqinin yaxşılaşlması Avropanın bəzi inkişaf etmiş ölkələrinin suveren reytinqlərinin aşağı salınması fonunda baş verir.
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.