Noyabrın 30-da Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər keçirilmişdir. Seçkilər əvvəlcədən nəzərdə tutulduğu kimi, ölkə üzrə 125 seçki dairəsindən 86-nı əhatə etmişdir. Seçki keçirilən dairələrdən 6-sı Naxçıvan Muxtar Respublikasının ərazisindədir. Respublika ərazisindəki 330 bələdiyyəyə 464 üzv seçilməlidir.
Seçki dairələrində yaradılmış 1169 seçki məntəqəsində vətəndaşlara normal səs vermək üçün hər cür şərait yaradılmışdır. Bu məntəqələrin 1134-ü ümumi əsaslarla, 35-i isə müvəqqəti əsaslarla fəaliyyət göstərir. Bütün məntəqələr telefon, kompyuter və s avadanlıqla təmin olunmuşdur.
Seçici siyahılarına 1 milyon 155 min 864 seçicinin adı daxil edilmişdir. Adları seçici siyahısında olmayan seçicilər aşağı seçki komissiyalarına müraciət edərək qanun çərçivəsində səs vermişlər.
Bələdiyyə seçkilərində 1549 namizəd 464 yer uğrunda mübarizə aparmışdır. Əvvəlcə bələdiyyə üzvlüyünə 1567 nəfərin namizədliyi qeydə alınsa da, sonradan onlardan 16-sı namizədliyini geri götürmüş, 2 nəfər isə vəfat etmişdir. Ona görə də seçki bülletenlərinə 1549 nəfərin adı daxil edilmişdir. Namizədlərin 305 nəfərini və yaxud da 19,69 faizini qadınlar təşkil etmişdir. Bələdiyyə üzvlüyü uğrunda mübarizə aparanların 673-ü ali (43,45 faiz), 605-i orta (39,06 faiz), 265-i (17,11 faiz) orta ixtisas, 6 nəfəri isə (0,38 faizi) natamam ali təhsillidir.
Seçkiləri izləmək üçün ümumilikdə 9 min 923 müşahidəçi qeydiyyatdan keçmişdir.
Səsvermə səhər saat 8.00-da bütün məntəqələrdə dövlət himninin səsləndirilməsi ilə başlamışdır.
32 saylı Suraxanı 3-cü seçki dairəsinin məntəqələrində səsvermə nəzərdə tutulduğu kimi vaxtında başlamışdır. Bu seçki dairəsi üzrə 14 seçki məntəqəsində seçkilər keçirilmişdir. Həmin məntəqələrdə 18 min 11 seçici qeydiyyatdadır. Qeyd edək ki, rayon üzrə 1 bələdiyyədə boş qalan yer uğrunda 4 nəfər mübarizə aparmışdır. Məntəqələrin hamısının texniki təminatının yüksək səviyyədə olması səsvermənin şəffaf və ədalətli keçirilməsinə xidmət etmişdir.
Bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər 19 saylı Nərimanov 1-ci, 18 saylı Nərimanov-Nizami və 20 saylı Nərimanov 2-ci seçki dairələrində də keçirilmişdir.
Nərimanov rayonu üzrə 107 min 76 nəfər seçici siyahıya alınmışdır və seçkilərdə bir yer uğrunda 5 nəfər mübarizə aparmışdır. Bu dairələrdə keçirilən seçkilərlə əlaqədar 76 açıq və 3 qapalı məntəqə fəaliyyət göstərmişdir.
Ümumilikdə Nərimanov rayonunda müşahidəçilər seçkilərin təşkili və gedişindən razı qalmışlar.
Respublikanın hər yerində olduğu kimi, Sabunçu rayonunun Bilgəh qəsəbəsinin sakinləri də seçkilərdə fəal iştirak etmişlər. Bütövlükdə dairə üzrə 5 min 376 nəfər seçici Bilgəh qəsəbəsində iki boş qalmış yer üçün namizədlərə səs vermişlər. Bu dairədə boş qalmış iki yerə 6 namizəd irəli sürülmüşdür.
Müxtəlif partiyadan olan müşahidəçilər də seçkilərin gedişini diqqətlə izləmişlər.
Xəzər rayon sakinləri də seçkilərdə fəallıq göstərmişlər. Bu rayonda 13 saylı Xəzər 1-ci və 14 saylı Xəzər 2-ci seçki dairələri üzrə 52 açıq və 4 qapalı məntəqə fəaliyyət göstərmişdir. Seçicilərin sayı 70 min 745-dir. Xəzər rayonunda 7 bələdiyyədə boş qalan yerlər uğrunda 37 nəfər mübarizə aparmışdır. Seçicilər, hər seçkidə olduğu kimi, bu dəfə də seçimlərini sərbəst və azad şəkildə müəyyənləşdirdiklərini bildirmişlər.
Seçki marafonuna Abşeron rayon Məmmədli bələdiyyəsi də qoşulmuşdur. Məmmədli bələdiyyəsinə keçirilən əlavə seçkidə 1 nəfər bələdiyyə üzvlüyünə 5 nəfər namizəd qeydə alınmışdır. Səhər saatlarından başlayaraq seçicilər böyük ruh yüksəkliyi ilə səs vermişlər. Seçicilər səsvermə prosesinin normal, ədalətli və demokratik keçirilməsinə görə razılıqlarını bildirmişlər.
41 saylı Sumqayıt 1-ci, 42 saylı Sumqayıt 2-ci, 43 saylı Sumqayıt 3-cü və 44 saylı Sumqayıt-Abşeron seçki dairələrində də seçicilər xüsusi fəallıq nümayiş etdirmişlər.
Respublikanın bölgələrində də bəzi bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər keçirilmişdir.
37 saylı Nizami 2-ci (Gəncə), 38 saylı Nizami 3-cü (Gəncə), 39 saylı Kəpəz (Gəncə), 58 saylı Hacıqabul-Kürdəmir, 110 saylı Zaqatala seçki dairəsinin, eləcə də Salyan, Hacıqabul, Şəmkir, Zərdab, Sabirabad, Ağcabədi, Şamaxı, Qobustan, Göyçay, Siyəzən, Xaçmaz, Şabran, Cəlilabad, Quba, Qusar, Kürdəmir, Masallı, Yardımlı, Lənkəran, İsmayıllı, Ağsu, Lerik, Astara, İmişli, Beyləqan, Ucar, Füzuli, Goranboy, Naftalan, Ağdam, Göygöl, Tərtər, Daşkəsən, Tovuz, Qazax, Samux, Şəmkir, Ağstafa, Balakən, Şəki, Oğuz və Qəbələdə də seçkilər tam azad və şəffaf keçirilmişdir.
Səsvermə ilə əlaqədar olaraq daxili işlər orqanları da gücləndirilmiş iş rejimində işləmiş, asayişin qorunması, eləcə də seçicilərin və bələdiyyə üzvlüyünə namizədlərin təhlükəsizliyi tam təmin olunmuşdur.
Seçkilər saat 19.00-da başa çatmışdır.
MSK sədrinin müavini Natiq Məmmədov bildirmişdir ki, seçkilər uğurla yekunlaşmışdır. Seçki prosesində hər hansı qanun pozuntusu qeydə alınmamışdır.
AzərTAc
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.