Qafqaz Müsəlmanları İdarəsinin sədri MDB Dinlərarası Şurası Rəyasət Heyətinin Yerevanda keçirilən iclasında iştirak etmişdir

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Müstəqil Dövlətlər Birliyi (MDB) Dinlərarası Şurasının həmsədri şeyxülislam Allahşükür Paşazadə noyabrın 28-də MDB Dinlərarası Şurası Rəyasət Heyətinin Yerevanda keçirilən iclasında iştirak etmişdir. 
QMİ-nin mətbuat xidmətindən bildirmişlər ki, MDB Dinlərarası Şurası 2002-ci ildə yaradılmışdır. Hazırda Moskvanın və bütün Rusiyanın Patriarxı Kiril və şeyxülislam A.Paşazadə Şuranın həmsədrləridir.
MDB Dinlərarası Şurasının təşəbbüsü ilə 2010-cu ildə Bakıda dünya dini liderlərinin sammiti keçirilmişdir. Bakı sammitində iştirak etmiş ermənilərin katolikos-patriarxı II Qaregin növbəti sammitin Ermənistanda keçirilməsi təklifi ilə çıxış etmişdi. Bu təklif MDB Dinlərarası Şurası İcraiyyə Komitəsinin iclasında həmsədrlərin iştirakı ilə müzakirə edilərkən, sammit formatında deyil, MDB Dinlərarası Şurasının Rəyasət Heyətinin növbəti iclası müstəvisində Ermənistanda keçirilməsi qərara alınmışdı. Belə ki, MDB Dinlərarası Şurası Rəyasət Heyətinin iclasları rotasiya yolu ilə istənilən MDB üzvü olan dövlətin paytaxtında keçirilə bilər.
Yerevanda keçirilən iclasda şeyxülislam A.Paşazadə MDB Dinlərarası Şurasının həmsədri qismində çıxış etmişdir.
Şeyxülislam A.Paşazadə Dağlıq Qarabağ məsələsinə dair mövqeyini bildirərək demişdir: "Bütün problemlərin fövqündə duran sülh məsələsinə gəlincə, biz din xadimləri dünyada, MDB məkanında mövcud olan bütün münaqişələrin dinc yolla həlli naminə cəmiyyətlərimizə sülh ruhunu aşılamalı, siyasi rəhbərlərimizin bu yöndə səylərinə dəstək verməliyik. Təəssüf edirəm ki, tarixən dinlərarası dialoqun formalaşması proseslərinə öz töhfəsini vermiş MDB məkanında, eyni zamanda, Qafqazda milyonlarla dinc əhalinin qaçqın aqibətini yaşaması bugünkü həyat reallığıdır. Bu isə, öz növbəsində, birlik ölkələrinin, habelə Qafqaz bölgəsinin ümumi inkişafı, əhalinin firavan həyatı üçün böyük maneələr yaratmaqdadır. Odur ki, problemin sülh yolu ilə həlli üçün həm regional, həm də beynəlxalq müstəvidə səylər davam etdirilməlidir. Biz Minsk qrupu həmsədr ölkələri dövlət başçılarının səylərini, prezidentlərimizin görüşlərini tam dəstəkləyirik. Lakin təəssüflər olsun ki, indiyədək nə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri yerinə yetirilmiş, nə də münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu və onun həmsədrlərinin uzunsürən davamlı səyləri real nəticə vermişdir. Bununla belə, bu istiqamətdə işlərin davam etdirilməsini önəmli sayırıq və din xadimləri olaraq, bu prosesə hər zaman yardımçı olmağa hazırıq.
Din xadimi olaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müharibə deyil, beynəlxalq hüquq normaları çərçivəsində ədalətli sülh yolu ilə həllinə vəsilə ola biləcək bütün səyləri alqışlayırıq. Rus Pravoslav Kilsəsinin ali vasitəçiliyi ilə erməni kilsəsi ilə dəfələrlə görüşlərimiz də nəticəsiz olmamışdır. Əldə edilmiş razılaşmalar əsasında əsirlərin dəyişdirilməsi, mənəvi irs abidələrinin qarşılıqlı qorunması və s. məsələlərdə əməli addımlar atmaq, ən önəmlisi isə, münaqişənin dinlərarası toqquşma müstəvisinə keçməsinin qarşısını almaq mümkün olmuşdur".
İclasın sonunda yekun sənəd qəbul olunmuşdur.
Sonra "Mariott" mehmanxanasında Rus Pravoslav Kilsəsinin başçısı patriarx Kirilin vasitəçiliyi, şeyxülislam A.Paşazadə və erməni dini lideri II Qareginin iştirakı ilə üçtərəfli görüş keçirilmişdir. Görüşün nəticələrinə dair birgə bəyannamə imzalanmışdır.
Şeyxülislam A.Paşazadə səfər çərçivəsində Yerevanın mərkəzində yerləşən tarixi Cümə məscidini ziyarət etmişdir. XVIII əsrin yadigarı olan bu Azərbaycan məscidi hazırda burada yaşayan və işləyən müsəlmanların ibadət məkanı kimi fəaliyyət göstərir. Şeyxülislam A.Paşazadə başda olmaqla azərbaycanlı nümayəndə heyəti burada ziyarət namazı qılmışdır.
Səfərin sonunda A.Paşazadəni Ermənistan prezidenti S.Sarkisyan qəbul etmişdir. Görüşdə ermənilərin dini lideri II Qaregin iştirak etmişdir.
Səfər noyabrın 28-də başa çatmışdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında