Nə qaçın, nə də gizlənin, nə olsun ki, müxbir gəlir

Sərlövhəyə çıxardığımız cümlə on iki il qabaq belə deyildi. O zaman yazının adını "Qaçın, müxbir gəlir" qoymuşduq. Məqalə ictimaiyyət arasında geniş əks-səda yaratmışdı və redaksiyamıza bununla bağlı çoxlu məktub daxil olmuşdu.
Sual oluna bilər: Nə dəyişib ki, bu dəfə tamam əks sərlövhəni yazının başlığına çıxarırıq?
Axı yenə həmin üzdəniraq qəzetlər, başabəla "müxbirlər", gözükölgəli müdirlər var. Özü də azalmaq əvəzinə, daha da artıb. Gəlin tələsməyək. Yazını oxuyub başa çatdırdıqdan sonra özünüz nəticə çıxaracaqsınız.
"Prest", yoxsa "press"?
Gözünə qara eynək taxmış, qoltuğunda iri qovluğunu şəstlə tutmuş bir nəfər sürətlə mənə tərəf gəlirdi. Çatan kimi eynəyini çıxardıb əl uzadaraq:
- Müəllim, salam, - dedi. O saat tanıdım. Vaxtilə şəhər icra hakimiyyətinin inzibati binasındakı bufetdə işləyirdi. Kabinetlərə bəzən çay, qutab təklif edirdi.
- İndi müxbirəm, müəllim, - deyib cibindən iki-üç vəsiqə çıxartdı. - Bu maşın da mənimdir, qulluğunuzda hazıram, hara lazımdır aparım... Qeyri-ixtiyari maşına baxdım. Qabaq şüşəsinə iri hərflərlə "Prest" sözü yazılmışdı. Gülümsəməyimi hiss edib: "nədir ki, müəllim? - deyə soruşdu. - Heç, - deyib aralananda dözə bilmədim:
- Cənab müxbir, bəlkə "prest" yox, "press" yazasan?
Cavabı məni lap heyrətləndirdi:
- Üç aydır yollardayam, kənd, oba qalmayıb ki, getməyəm. Amma bir nəfər də məni saxlamayıb ki, bu nədir yazmısan. Sağ ol, müəllim, dəyişdirərəm.
...Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edir ki, ölkədə 60 min nəfər cibində jurnalist vəsiqəsi gəzdirir. Əslində, şuranın sədri bu rəqəmi hələ ehtiyatla deyir. Çünki ölkədə 4 minə yaxın kütləvi informasiya vasitəsi dövlət qeydiyyatına alınıb. Mən elə "qəzetlər" tanıyıram ki, ən azı 50-60 nəfərə vəsiqə verib, dəqiq desək, satıb. Bu minvalla hesablasaq, görün vəsiqələrin sayı nə qədərdir! Ciblərində belə vəsiqə gəzdirənlərin əksəriyyəti nəinki ali jurnalist təhsili, hətta orta ixtisas təhsili olmayan, orta məktəbi güc-bəla qurtaranlardır. Aşpaz, baytar, bənna, sürücü... Qəzet redaktorlarının çoxunun ali təhsili olsa da, tamamilə başqa ixtisas sahibləridir. Doğrudur, az da olsa, aralarında ixtisasca jurnalist olmayan, lakin uzun illər mətbuat sahəsində çalışan, yazıları ilə, rəhbərlik etdiyi qəzetin səviyyəsi ilə tanınanlar da var və onlara heç bir irad ola bilməz. Təəssüf ki, belələrini barmaqla saymaq olar.
Müxtəlif idarə, müəssisə və təşkilatlarda bəzən elə "jurnalistlərə" rast gəlirik ki, onların yeganə məqsədi vəsiqə göstərib pul qoparmaqdır. Açıqca deyirlər ki, "qonaq gəlmişik, baxın da..." Ən pis cəhət odur ki, bir çox təşkilat rəhbərləri prinsipiallıq göstərmək, onları düzgün yola dəvət etmək əvəzinə, hər dəfə beş-on manat verib yola salırlar. Halbuki, bu üzdəniraq "qonaqlar" müxtəlif peşə sahibləridir, başqa sahələrdə çalışıb ailə dolandıra bilərlər. Sadəcə, asan qazanc yolu tapıblar, bir çoxlarının "ürəyiyumşaqlığından", bəzən də "xatası məndən uzaq olsun" mövqeyindən istifadə edirlər. Bax, beləcə qəzet və jurnalların, müxbir vəsiqələrinin sayı yağışdan sonra çıxan göbələk kimi günbəgün, aybaay artır.
Bir sıra qəzet redaksiyalarında qadınları qabağa verən redaktorlar da var. Təbii ki, söhbət peşəkar qadın jurnalistlərindən, gözəl yazıları ilə tanınan xanım yazarlardan getmir. Onlara oxucuların hörmət-izzəti var. Söhbət mətbuata dəxli olmayan, sadəcə çantalarında vəsiqə gəzdirən, il ərzində cəmi bir nömrəsi çıxan qəzetin adından gələn, bərli-bəzəkli, ənlik-kirşanlı qadınlardan gedir. Nə isə...
Qəribədir ki, reket qəzetlər, reket müxbirlər haqqında bir sıra ciddi qəzetlərdə, radio, televiziyada yazılar dərc olunarkən və ya verilişlər gedərkən tənqidi səmimi qəbul edib nəticə çıxarmaq əvəzinə, "qara məni basınca..." zərb-məsələni önə çəkib haray-həşir salan qəzetlər, onların havadarları da var. Onların daha çox gətirdikləri arqument bundan ibarətdir ki, ölkə iqtisadiyyatı nə vaxt düzələcəksə, belə qəzetlər də, müxbirlər də aradan çıxacaq. Tamamilə yanlış və əsassız məntiqdir. Əvvəla, indi Azərbaycanda iqtisadi inkişafa, onun artım tempinə bir çox inkişaf etmiş ölkələr belə həsəd aparır. İş yerləri hər gün, hər ay artır. Maraq üçün bir çox reklam qəzetlərinə baxın. Görün nə qədər iş yeri təklif olunur. Niyə müraciət edən yoxdur? Sadəcə, qeyd etdiyimiz kimi, asan qazanc mənbəyi axtarırlar. Başqa bir arqumenti mətbuata dövlət səviyyəsində lazımi maddi yardım göstərilməsi ilə bağlayanlar da var. Bu da bəhanədir. Məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Mətbuata Yardım Fondu yaradılıb və neçə-neçə kütləvi informasiya vasitəsi bu yardımdan bəhrələnir.

{nl}

Reket qəzetlər, havadarlar və bir də...
Rəhbər işdə çalışan dostlarımdan biri o gün soruşur: Necə olur ki, Mətbuat Şurası tərəfindən "reket" adlandırılan qəzetlərin bir çoxu yenə çıxır, hətta qəzet köşklərinə də paylanır. Suala birbaşa cavab verməyə çətinlik çəkdim. Doğrudan da, son vaxtlar Mətbuat Şurası jurnalistlərin peşə davranışı qaydalarını mütəmadi pozduqlarına, tənqid obyektlərinin fikirlərinin dərcinə önəm vermədiklərinə, şəxsi həyatın toxunulmazlığı prinsipinə laqeyd yanaşdıqlarına, səhifələrində insanların şərəf və ləyaqətini təhqir etdiklərinə görə 100-ə yaxın nəşri "Qara siyahı"ya salıb. Bəs onda necə olur ki, onlar və adları bu siyahıya hələ salınmayan yüzlərlə digər "qəzetlər" öz bəd əməllərini yenə davam etdirir, jurnalist adına ləkə gətirirərək, insanların şərəf və ləyaqətini tapdalayırlar. Dedim ki, bunun günahkarı, ilk növbədə, biz özümüzük, ayrı-ayrı məmurlardır, müəssisə, təşkilat rəhbərləridir. Mətbuat Şurası məhkəmə qurumu deyil. O yalnız "reket nəşr"lərin adlarını ictimaiyyətə çatdırır, onlara qarşı ictimai qınağın fəallaşdırılmasına çağırır. Təbii ki, bununla inzibati orqanlar daha ciddi məşğul olmalı, ayrı-ayrı qurumların, təşkilatların rəhbərləri fəal mübarizə aparmalıdırlar.
Hazırda ölkədə 850 min tirajla 325 adda qəzet çıxır. Yeri gəlmişkən, qeyd edək ki, bu qəzetlərin üst-üstə tiraji təkcə "Kommunist" (indiki "Xalq qəzeti") qəzetinin 20 il əvvəlki tirajı qədərdir.
"Reket nəşrlər"in və qarayaxma, şantaj, hədə-qorxu yolu tutan digər qəzetlərin fəallaşmasının bir səbəbi də yerlərdə onlara bir çox hallarda bəzən isti münasibət, bəzən qorxaqlıq göstərilməsi, prinsipiallıq nümayiş etdirilməməsi ilə bağlıdır. Araşdırmalar göstərir ki, ciddi qəzetlərə dəfələrlə az şikayət məktubları gəlir. Çünki qeyri-ciddi qəzetlər ağına-bozuna baxmadan nə gəldi dərc edirlər. Digər ağrılı tərəf odur ki, ayrı-ayrı qurumlar bəzən bu cızma-qaralara reaksiya verir, hətta yoxlamalar da aparırlar. Nəticədə şirnikən qəzetlərin sayı artır. Başqa bir məqam isə, belə qəzetlərin arxasında duran ayrı-ayrı vəzifə sahibləridir.
Doğrudur, heç nədən çəkinməyən, bu cür qəzetləri və onların əməkdaşlarını bəd əməllərinə görə ifşa edən inzibati orqan işçiləri, ayrı-arı təsərrüfat rəhbərləri də az deyil. Gəncədə, Tovuzda, Qazaxda onlar dəfələrlə ifşa olunmuşlar.
Son vaxtlar adlarını çəkdiyimiz bu mətbu orqanlar daha hiyləgər yollara əl atmağa başlayıblar. Hansısa vəzifə sahibinə qara yaxarkən həmin yazıda ondan yuxarıda dayanan məmuru tərifləyir və beləliklə, istədiyinə nail olmağa çalışırlar. Amma çox keçmir ki, əsl həqiqət üzə çıxır.
Adı "reket qəzetləri"nin siyahısına salınmış "İrəvan press" qəzeti bu ilin yanvarında bir neçə nömrəsində Gəncə Şəhər DYP-nin avtomobillərin texniki baxış və müayinə məntəqəsinin rəisi, polis mayoru Qəhrəman Aşurov haqqında şər-böhtan, qərəzli yazılar dərc etdikdən sonra 2 fevral 2010-cu il tarixli nömrəsində, guya, təkzib verir və yazır: "Qəzetimizin ötən sayında (əslində, saylarında olmalıdır - H.Q.) Gəncə DYP-nin texniki baxış xidmətinin rəisi Qəhrəman Aşurov barəsində tənqidi material dərc edilmişdir. Yazı dərc edildikdən sonra sözügedən tərəf redaksiyamıza telefon zəngi açaraq dərc olunan məqalə ilə bağlı etirazını bildirmiş və əməkdaşımızı Gəncəyə dəvət etmişdir. Əməkdaşımız tərəfindən məqalədə qaldırılan məsələlər araşdırılmış, faktlar öz təsdiqini tapmamışdır".
Vəssalam, bu da təkzib. Sual olunur: Bəs onda niyə yazırdın? Şər-böhtan yazmısansa, bunun məsuliyyətini kim daşımalıdır? Maraqlıdır ki, bu qəzetin 27 fevral 2010-cu il tarixli nömrəsində Qəhrəman Aşurov haqqında dərc olunmuş üzdəniraq "tənqidi yazı" nöqtə-vergülünə toxunulmadan başqa bir müəllifin imzası ilə, tamamilə başqa bir qəzetdə - "Alyans" qəzetində də dərc olunub. Sadəcə, yazının sərlövhəsi dəyişdirilib. Aradan heç iki ay keçmir. Adı Mətbuat Şurasının "qara siyahısı"nda olan başqa bir qəzet "Reallıq" Qəhrəman Aşurova hücuma keçir. "Alyans"da dərc olunan karikaturanı da bu yazının ortasında verir.
Yeri gəlmişkən, qeyd edək ki, "Reallıq" Azərbaycanda, xüsusilə Qərb bölgəsində necə deyərlər, "at oynadır". Təkcə bir nömrədə gedən yazıların yarımsərlövhələrinə fikir verin: "Tovuzlular icra başçısının özbaşınalığından beziblər", "Gədəbəy əhalisi rayon icra başçısının qanunsuz əməllərindən bezib". Bundan başqa, həmin nömrədə Gəncənin və ətraf rayonların ən müxtəlif vəzifə sahibləri haqqında faktların doğru-dürüst olmağına əhəmiyyət vermədən, heç bir məsuliyyət daşımadan nə gəldi yazıblar. Əvvəla, adları çəkilən rayonların icra hakimiyyətinin başçıları ölkə Prezidentinin yerlərdəki səlahiyyətli nümayəndələridir və öz vəzifələrinin öhdəsindən gəlirlər. Bu rayonlarda həyata keçirilən geniş abadlıq, quruculuq işləri göz qabağındadır. Digər tərəfdən, icra hakimiyyətlərində və ya digər təşkilatlarda həmin "reket" qəzetlərin nümayəndələri qəbul olunmurlarsa, o zaman qarayaxma üsulu işə düşməlidir? Hər bir jurnalist istənilən təşkilata üz tuta bilər. Amma bunun üçün onun konkret sualları olmalı, məqsəd və məramı bilinməli, peşə etikasına əməl etməli, qanunsuz əməllərə yol verilməməlidir. Bir-iki nəfərin çayxana söhbətləri rayon sakinləri adından qəzet səhifəsinə çıxarıla bilməz.
Mətbuat Şurasının "reket qəzet" elan etdiyi yüzdən çox qəzetin təxminən 30 faizində adamları elə təkcə qəzetin adı ilə qorxutmaq niyyətində olan mətbu orqanlardır. Adlarına "Qanun", "Ziyafət" "Təhqiqat", "Mühakimə", "Korrupsiya" sözləri daxil edilən nə qədər qəzet olar! Hələ "Müfəttiş", "Nota" və s. qəzet adlarını demirik. Elə onların əməlləri, niyyətləri adlarından bəlli olur.
Azərbaycan Mətbuat Şurasının haqqında danışdığımız mətbu orqanlara qarşı mübarizəsi, bütövlükdə fəaliyyəti təqdirəlayiqdir və ictimaiyyət tərəfindən birmənalı şəkildə razılıqla qarşılanır. Ancaq, təəssüf ki, reket qəzetlər Mətbuat Şurasının üzərinə hücuma keçir, məhkəmələrə müraciət edir, böhtan, şər yazırlar. Amma ölkənin aparıcı qəzetlərinin əksəriyyəti susur. Axı "reket jurnalistika"ya qarşı mübarizə təkcə bir neçə nəfərin işi olmamalıdır. Nəzərə almaq lazımdır ki, bu gün jurnalist adına ləkə gətirənlərə qarşı biz hamımız mübarizə aparmalıyıq. Uzun illər bu sahədə çalışan qocaman jurnalistlərin tez-tez çıxışlarını, müsahibələrini dərc etmək lazımdır. Hər halda bizim sözümüzün kəsəri onların qarayaxmalarından qat-qat güclüdür. Ayda-ildə bir dəfə çıxan qəzet gündəlik çıxan mətbu orqanların yanında ölü cana bənzəyir.
Belə olan halda nə üçün birləşməyək, hamılıqla mübarizəyə qalxmayaq?! Heç olmasa hamımızın müəllimi, hörmətli professorumuz, bu gün də universitetin auditoriyalarında dərs deyən Şirməmməd Hüseynovun xəbərdarlığına diqqət yetirək. Görün nə yazır: "Cahil və nadanın əlinə odlu silah vermək ətraf üçün nə qədər qorxuludursa, siyasi mədəniyyəti, milli qeyrəti, şərəfi olmayan kəmsavadların və qələm dəllallarının əlinə söz silahı, mətbuat orqanı vermək cəmiyyət üçün ondan yüz qat qorxuludur".
Geniş ictimaiyyətə çatdırmalıyıq ki, bu qəzetlərin böyük əksəriyyəti cəmi 50-60 ədəd tirajla çıxır və onlar yalnız qara yaxdıqları, guya tənqid etdikləri adamların özlərinə çatdırılır. Belələri sonra qapı-qapı düşüb "gör filankəsi nə günə qoymuşuq!"- deyib pul yığırlar. Qorxaq təsərrüfat rəhbərlərini, belə qəzetlərin havadarlarını, hətta onlara maliyyə dəstəyi göstərənlərin adlarını geniş oxucu kütləsinə çatdırmalıyıq.
...Bu gün "dördüncü hakimiyyət" dediyimiz mətbuatı qaldırmaq bizim hər birimizdən asılıdır.
Gəlin bizi nüfuzdan salanlara qarşı birlikdə mübarizə aparaq.

{nl}

Hamlet QASIMOV, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında