Zaman insanlardan müasir proseslərə yeni yanaşmalar tələb edir

Azərbaycan ziyalılarının bu yanaşmalara verdiyi töhfələrin əks-sədası uğurludur
Bu gün dünya mətbuatında iqtisadi böhran, maliyyə böhranı, böhrandan çıxış yolları, böhranın vurduğu ziyanlar və bu kimi ifadələrə tez-tez rast gəlirik. Dünya alimləri böhranlan xilas olmağın nəzəri aspektlərini işləyib hazırlayır, dövlət və hökumət başçıları isə bu prosesin təcrübi hissəsində böyük canfəşanlıq nümayiş etdirirlər. Xüsusən ABŞ, Rusiya və Avropa ölkələrində daha böyük narahatlıq, nigarançılıq müşahidə edilir.
Birləşmiş Ştatlarda dövlətin antiböhran siyasəti prezidentlə konqres arasında müəyyən fikir ayrılığına səbəb olur, Rusiya Federasiyasında hökumətə rəhbərlik edən Vladimir Putin bu məsələdə təşəbbüsü öz əlinə alır, Avropa Birliyinə üzv olan ölkələr isə bir müddət əvvəl başladıqları prosesin yarımçıq qalmasından əzab çəkirlər. Həmin yarımçıqlıq barədə aşağıda ətraflı söhbət açacağıq. Təbii ki, bu proseslərə iqtisadçı alimlərin və dövlət məmurlarının münasibətləri ilə yanaşı, üçüncü bir münasibət - dünyanın müxtəlif yerlərindəki yaradıcı insanların münasibəti də mövcuddur.
Yazıçılar İttifaqlarının Beynəlxalq Birliyinin (Mərkəzi ofisi Moskvadadır) sədr müavini, tanınmış yazıçı Vladimir Boyarinov təkcə Rusiyanın deyil, eləcə də bütün aparıcı dövlətlərin böhrandan xilas olmaq üçün atdıqları addımları, göstərdikləri fəallığı alqışlayır. Bununla yanaşı, həmin prosesdə müdrik insanların çağırışlarının eşidilməsini də vacib sayır. Cənab Boyarinovun fikrincə, təkcə iqtisadi böhrandan deyil, eləcə də müxtəlif təbii fəlakətlərdən xilas olmaq üçün çıxış yolunu göstərən insanların səsi eşidilməlidir. Onun fikrincə, hələ 2009-cu ilin payızında Moskvada Rusiya Federasiyası Yazıçılar İttifaqı Moskva Şəhər Təşkilatının Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası ilə birlikdə çap etdirdiyi "Kalamı" ("Kəlamlar") kitabında (İPO "U Nikitekskix vorot") böhrandan çıxış yolları aydın şəkildə göstərilmişdir. Boyarinov yazır: "Müasir dünyanı və onun tərkib hissəsi olan Rusiyanı çox ciddi şəkildə narahat edən böhran məsələsi Hacı Fərhad Mirzənin "Kəlamlar" kitabının "Böhran" bölməsində (səhifə 350) aydın şəkildə ifadə olunur: "Böhrandan çıxış yolu "Beynəlxalq iqtisadi birliyin yaradılmasıdır". Rusiya ziyalılarının təmsilçisi bizim soydaşımızdan gətirdiyi həmin sitatla həm öz ölkəsinin, həm də ümumiyyətlə, dünyanın iqtisadiyyatına müəyyən töhfələr verilməsini arzulayır. Biz isə həmin tezisin real həyatdakı əks-sədasının canlı şahidləriyik. Belə ki, özünün düşünülməmiş siyasəti nəticəsində region ölkələri ilə yaranacaq iqtisadi əməkdaşlıqdan və ya iqtisadi birlikdən kənarda qalan Ermənistan adı çəkilən böhrandan ən çox zərər çəkmiş ölkəyə çevrilir.
Vladimir Boyarinov böhrana səbəb olan amilləri sadalayarkən də azərbaycanlı filosof-mütəkəllim Hacı Fərhad Mirzəyə istinad edir. Belə ki, kitabın yuxarıda qeyd etdiyimiz bölməsində göstərilir: "Böhranın səbəbi iqtisadiyyatdakı çirkin siyasət, planlaşdırmadakı özbaşınalıq və inhisarçılıq hərisliyidir. Biz iqtisadiyyatdakı çirkin siyasəti yuxarıda qeyd etdiyimiz kimi, Ermənistanın timsalında, planlaşdırmadakı özbaşınalığı, anarxiyanı böhrandan daha çox əziyyət çəkən Avropa ölkələrində, inhisarçılıq hərisliyini isə dünyaya ağalıq etmək istəyən ölkələrin "nümunəsində" görürük. Sevindirici haldır ki, Azərbaycan dövləti dünyanı bürüyən iqtisadi böhprandan nəinki zərər çəkmir, hətta həmin ağır illərdə də öz inkişaf tempini saxlayır. Bu tendensiyanın təsdiqi üçün yenə də xarici mətbuatdan bir misal gətirək. Türkiyədə çıxan "Yeni gün" qəzetinin aparıcı müəlliflərindən olan Ömər Kaplan yazır ki, Azərbaycan başdan-başa tikinti meydanına çevrilib. Müəllifin "Ata Əliyevdən oğul Əliyevə" adlı məqaləsində ölkəmizin sosial-iqtisadi inkişafı, dövlət başçımızın daim xalq arasında olması, təhsil müəssisələrinin maddi-texniki bazasının gündən-günə daha da möhkəmləndirilməsi təqdir olunur və insanların yüksək səviyyəli qonaqpərvərliyi böyük qədrşünaslıqla qiymətləndirirlər. Ömər Kaplanı Bakıda daha çox təsirləndirən məqamı isə onun öz sözləri ilə ifadə edək: "Biz Bakıda olarkən çağdaş kəlam məktəbinin banisi Hacı Fərhad Mirzənin "Kəlamlar" və professor Fəyyaz Sağlamın "Bakıda İzmir Parkı" kitablarının təqdimatında olduq. Çox dəyərli kitablar idi. Fəqət, məni təsirləndirən bir məqam hələ də gözlərimin önündədir. Hörmətli filosof Hacı Fərhad Mirzənin Azərbaycan və Türkiyə bayraqlarının mənasını, dostluğumuzun böyüklüyünü, qardaşlığımızın ülviliyini anladarkən keçirdiyi fəxr və iftixar, eləcə də həyəcan hissləri mənim gözlərimi yaşartdı. Bu, Allah sevgisi, Vətən sevgisi, bayraq sevgisi idi. Hacı Fərhadın kəlamları məni heyran etmişdisə, onun Vətən və bayraq sevgisi sevinc qarışıq bir təəccübümə səbəb oldu".
Qeyd edək ki, Ömər Kaplan ötən ay dəhşətli zəlzələnin dağıntıları ilə üz-üzə qalmış Vanın Ərcim kəndindəndir. Sosial elmlər üzrə ali təhsil almış bu ziyalı İordaniyanın İzmirdəki fəxri konsuludur. Bir çox beynəlxalq mükafatların sevincini yaşamışdır. Hobbisi alpinistlikdir və Ağrı dağı başda olmaqla bir neçə dağın zirvəsini fəth edib.
Hacı Fərhad Mirzənin "Kəlamlar" kitabının əks-sədasını Qazaxıstan, Ukrayna, Qırğızıstan, Moldova və Gürcüstanın internet səhifələrində də görürük. www.Hacıferhadmirza.az internet saytına istinad edən moldovalı ekspertlər yazırlar ki, azərbaycanlı filosofun müharibə, münaqişə, ordu və sülh barədə söylədiyi kəlamlar dünya siyasətçilərini dərindən düşündürməlidir. Yeri gəlmişkən, Hacı Fərhadın Avropa ölkələrində gedən ictimai-siyasi proseslərə özünəməxsus münasibəti var. Biz yuxarıda qeyd etmişdik ki, Avropa Birliyinə üzv olan ölkələrin bir müddət əvvəl başladığı proses - vizasız gediş-gəliş, vahid valyuta məkanının yaradılması, iqtisadi imkanların birləşdirilməsi və sairə - yarımçıq qalmışdır. Bu məsələyə münasibət bildirən Hacı Fərhad Mirzənin fikrincə, soyuq müharibənin çoxdan başa çatması və Avropa ölkələrinin heç biri üçün hərbi təhlükənin olmadığı indiki zamanda bütün ölkələrin ayrı-ayrılıqda güclü ordu saxlaması absurd bir məntiqdir. Belə ki, vahid iqtisadi məkanı və vahid valyutası olan ölkələrin vahid ordusunun formalaşdırılması tamamilə qanunauyğun bir hal olardı. Bu zaman Avropa ölkələrinin böyük əksəriyyəti yüksək səviyyəli iqtisadi səmərə əldə etmiş olacaq. Məlumat üçün bildirək ki, ötən ilin hesabatına görə (bu ilin hesabatı hələ tam hazır deyil) dünyada silahlanmaya və hərbi xərclərə 1 trilyon 700 milyard dollara yaxın vəsait xərclənib. Bu rəqəmin özü də dəqiq deyil. BMT-nin xərcləri isə həmin göstəricinin cəmi iki faizi civarındadır. Fransa (46 milyard dollar), Böyük Britaniya (43 milyard dollar), Almaniya (36 milyard dollar), İtaliya (29 milyard dollar) kimi Avropa ölkələrinin silahlanmaya və hərbi xərclərə sərf etdiyi vəsaitin bir hissəsi bu ölkələrin iqtisadi inkişafına yönəldilərsə, o zaman bütün iqtisadi və maliyyə böhranları Avropadan yan keçmiş olar. Doğrudur, Avropa ölkələrində istehsal olunan ümumi daxili məhsulun hərbi xərclərə yönəldilən faizi Asiya və Amerika ölkələrinə nisbətən xeyli azdır. Bu sırada öndə Şimali Koreya (43 faiz), Səudiyyə Ərəbistanı (10 faiz) və İsrail gedir (9 faiz). Yeri gəlmişkən, ekspertlərin fikrincə, Avropada hərbi xərclərin azaldılması barədə təkliflər irəli sürülür. Azərbaycanlı filosof isə bu çağırışları hələ 2003-cü ildə səsləndirmişdi.
Türkiyənin "Tümqəzetələr" internet saytı Hacı Fərhad Mirzənin "Kəlamlar" kitabından çıxan nəticələri incələyərək yazır ki, dünyada gedən qloballaşma prosesi, ictimai-siyasi tendensiyalar və təbii kataklizmlər bütün ölkələri sabah üçün ətraflı düşünmək məcburiyyəti ilə üz-üzə qoyur. "Kəlamlar" müəllifinin fikrincə, millətlərin və dövlətlərin sabahı üçün düşünməli olan şəxslər qeyri-neft sektorunun inkişafına, xüsusən, kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına daha böyük sərmayə yönəltməlidirlər. Cünki dünya əhalisi iti sürətlə artır. Bununla yanaşı, isə cəmiyyət daha da demokratikləşdirilməli, Avropa standartları tətbiq olunmalı, bu standartlar Şərq əxlaqı ilə cilovlanmalıdır. Malın maya dəyərinin artmaması üçün gömrük və vergi siyasətinin mülayimləşdirilməsi hər bir ölkənin iqtisadi qüdrətinin artmasına səbəb ola bilər. Azərbaycan dövləti bu sahədə uğurlu addımlar atır.
Sonda bir məqamı yada salaq. Yazıçılar İttifaqlarının Beynəlxalq Birliyinin www. m-s-p-s.ru. internet saytı özünün son saylarından birində "Müdrik fikirlər xəzinəsi" adlı xüsusi bölmə hazırlamışdır. Orada Postsovet məkanında yaşayan müasir yazıçılardan seçilmiş 65 müdrik ifadə verilmişdir. Bizim üçün maraqlı cəhət odur ki, həmin siyahıda birinci olaraq soydaşımız Hacı Fərhad Mirzənin kəlamı verilmişdir. Bu isə o deməkdir ki, postsovet məkanının ekspertləri azərbaycanlı ziyalının yaradıcılığını yüksək qiymətləndirir, onun kəlamlarını hamı üçün gərəkli olan bir nümunə adlandırırlar. Ulu öndər Heydər Əliyevin "Azərbaycan dünyaya işıq saçaçaq" ifadəsi artıq dünyanın hər yerində reallıq kimi qəbul edilir.

{nl}

Əlibəy MÜSƏDDİQ

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında