Babək qəsəbəsində və ətraf kəndlərdə yeni içməli su və kanalizasiya sistemləri qurulacaqdır

Naxçıvan Muxtar Respublikasında yaşayış məntəqələrinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlər uğurla davam etdirilir.
Noyabrın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Babək qəsəbəsinin və ətraf kəndlərin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin baş planı ilə tanış olmuş, Babək rayonunun içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində inşası davam etdirilən Naxçıvançay yatağındakı yeni sutoplayıcı-kaptaja baxmışdır.
Məlumat verilmişdir ki, layihə çərçivəsində Babək qəsəbəsində, Nehrəm, Şəkərabad, Qoşadizə və Araz kəndlərində yeni içməli su və kanalizasiya sistemləri çəkiləcək, Babək rayonunun Badaşqan və Naxçıvan şəhərinin Tumbul kəndlərində isə içməli su sistemi müasir tələblər səviyyəsində qurulacaqdır. Babək rayonunun Yarımca kəndinin yaxınlığında gücü saniyədə 150 litr olan sutəmizləyici qurğu və həcmi 7500 kubmetr olan 2 su anbarı tikiləcək, kaptajdan su anbarlarına qədər diametri 600 millimetr, uzunluğu isə 5877 metr olan şüşə lifli boru xətti çəkiləcəkdir. Su anbarlarından Babək qəsəbəsinə qədər çəkilişi aparılacaq magistral yüksək təzyiqli boru xəttinin uzunluğu 5393 metr olacaqdır. Babək qəsəbəsinin və ətraf kəndlərin daxili içməli su şəbəkəsinin uzunluğu 186,1 kilometr, ev birləşmələrinin sayı isə 5890-dır.
Bildirilmişdir ki, Babək qəsəbəsində, Nehrəm, Şəkərabad, Qoşadizə və Araz kəndlərində çəkiləcək kanalizasiya şəbəkəsinin uzunluğu 138,3 kilometr, ev birləşmələrinin sayı isə 5260 ədəddir. Gələcəkdə Babək rayonunun Araz kəndi ərazisində çirkab suların təmizlənməsi üçün gücü saniyədə 300 litr olan yeni təmizləyici qurğunun da tikintisi nəzərdə tutulur. Bu da kanalizasiya suyunun təmizlənərək texniki su kimi çay hövzələrinə axıdılmasına imkan verəcəkdir.
Tikinti həyata keçirilərkən layihənin texniki göstəricilərinə uyğun olaraq respublikamızın relyef quruluşuna və təbii iqlim şəraitinə uyğun olan materiallardan istifadə ediləcək, onların keyfiyyəti və davamlılığı nəzərə alınacaqdır.
Ali Məclisin sədri su və kanalizasiya şəbəkələrinin çəkilişi zamanı istifadə olunan su sayğaclarına, borulara, quyu qapaqlarına və digər avadanlığa baxmışdır. Məlumat verilmişdir ki, layihə icra olunarkən diametri 110 millimetrdən 600 millimetrə qədər borulardan istifadə ediləcək, su və kanalizasiya şəbəkələrinin çəkilişi zamanı istifadə olunan materialların keyfiyyətinə ciddi diqqət yetiriləcəkdir.
Ali Məclisin sədri boru-qaynaq avadanlığında yüksək təzyiqli su borularının birləşdirilməsi prosesini izləmiş, kaptajda tikinti işləri ilə tanış olmuşdur. Qeyd edilmişdir ki, ana xəttin qazıntısı başa çatdırılmış, boruların döşənməsi üçün hazırlıq işləri görülür. Qurğunun ümumi uzunluğu 1450 metrdir. Kaptaja uzunluğu 1150 metr olan əsas boru xətti döşənəcək, suyun daha yaxşı süzülməsi üçün borular süzgəc qatı ilə üzlənəcəkdir.
Layihə başa çatdıqdan sonra Babək qəsəbəsində və ətraf kəndlərdə mənzillər keyfiyyətli içməli su ilə müntəzəm təmin olunacaq, eyni zamanda, kanalizasiya sistemi tələbatı ödəyəcək səviyyədə və bütün məhəllələri əhatə etməklə yenidən qurulacaqdır. Layihənin icrası nəticəsində Babək qəsəbəsi və ətraf kəndlərdə əhalinin və sənaye müəssisələrinin içməli su sarıdan heç bir problemi olmayacaqdır.
Ali Məclisin sədri əhalinin rahatlığına xidmət edən infrastruktur layihələrinin keyfiyyətlə reallaşdırılmasına xüsusi diqqət yetirilməsinin vacibliyini qeyd etmiş, muxtar respublikanın digər rayonlarında da içməli su və kanalizasiya layihələrinin icra olunması və bu istiqamətdə həyata keçirilən işlərin 2013-cü ilin sonunadək başa çatdırılması barədə tapşırıqlar vermişdir.
* * *
Bu ilin oktyabr ayında Babək rayonunun Yuxarı Uzunoba və Kültəpə kəndləri arasında yeni kaptajın inşası zamanı bolsulu qədim kəhriz aşkar olunmuşdur.
Ali Məclisin sədri Naxçıvançayın yatağında yerləşən kəhrizə baxmışdır.
Dəniz səviyyəsindən 926 metr yüksəklikdə, çay yatağından 5 metr aşağıda yerləşən bu kəhriz qədim tarixə malikdir. Kəhriz kürəsinin inşa edilməsi üçün lazım olan sal daşlar və tikinti materialları yaxınlıqdakı dağlardan gətirilmişdir. Özünəməxsus inşaat texnikası ilə seçilən bu hidrotexniki qurğunun yerləşdiyi ərazinin relyefi onun Naxçıvan şəhərinə su gətirmək məqsədilə inşa olunduğunu göstərir.
Ali Məclisin sədri kəhriz suyunun yeni çəkilən kaptaja birləşdirilməsi və içməli su təminatında istifadə olunması barədə tapşırıq vermişdir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında