Kür çayı boyunca xilasetmə tədbirləri davam etdirilir

Sabirabad Rayon Fövqəladə Hallar Komisiyasından verilən məlumata görə, bu günədək rayonun daşqına məruz qalmış, yaxud daşqın təhlükəsi ilə üzləşmiş 21 kəndindən 14 minə yaxın əhali köçürülmüşdür.
Əhalinin bir hissəsi Şirvan şəhəri və Sabirabad rayonundakı çadır şəhərciklərində, bir qismi qonşu rayonlarda, həmçinin qohumlarının evlərində yerləşdirilmişdir. Təbii fəlakət baş verən gündən bəri fəlakət zonasındakı kəndlərin su basmamış evlərinə 6 mindən artıq əhali köçürülmüşdür. Əhalinin təminatı məsələlərinin həyata keçirilməsi diqqət mərkəzindədir. Fövqəladə Hallar Nazirliyi tərəfindən evlərinə qaytarılmış insanlara yardımlar çatdırılmış, yaşayış məntəqələrində su çənləri quraşdırılmış, Səhiyyə Nazirliyinin həkim briqadaları dezinfeksiya tədbirlərinin həyata keçirilməsinə başlamışlar.
Sabirabad rayonunda vəziyyət yenə də gərgin olaraq qalmaqdadır. Kür çayı son yüz ilin ən çox gur sululuq dövrünü yaşayır. Çaydan hər saniyədə indi 2 min 500 kubmetrdən yuxarı su ötürülür. Bu, çayda ən yüksək daşqınların qeydə alındığı 2003-cü ilin səviyyəsindən 500 kubmetr çoxdur. İndi Sabirabad rayonunda ən gərgin vəziyyət hazırda Azadkənd kəndi istiqamətindədir. Bu kənd ətrafında bəndi yaran Kür çayının suyu sürətlə irəliləyir. Kənddəki 260-a yaxın ev su altında qalmışdır.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Əhməd Əhmədzadə jurnalistlərə demişdir ki, indi daşqın zonasında işləyən qərargahın əsas vəzifəsi məcrasından çıxmış daşqın suyunun idarə olunmasını təşkil etməkdir. Daşqın indi yaşayış yerlərindən nisbətən uzaq məcraya yönəldilir. Bakı-Astara dəmiryol xəttinin Osmanlı stansiyası yaxınlığından 4 iri tunel açılmış, daşqın suyu 20 min hektara yaxın boş sahələrə axıdılır. Məqsəd çayda suyun səviyyəsinin aşağı düşməsinə nail olmaqdır.
Qeyd edək ki, mayın 20-də Salyan və Neftçala rayonlarında Kür çayında suyun səviyyəsi 8-10 santimetrə qədər aşağı düşmüşdür. Buna səbəb Azadkənd kəndi istiqamətində daşqın suyunun boş sahələrə axıdılması olmuşdur.
Dünən axşama yaxın Hacıqabul rayonunun Talış kəndində Kürün dağılmış bəndini bağlamaq da mümkün olmuşdur.
Hacıqabul Rayonu Fövqəladə Hallar Komissiyasının sədri Sahib Aslanovdan aldığımız məlumata görə, rayonun Kür boyundakı Talış kəndində mayın 19-da yarılmış bəndi dünən axşama yaxın Fövqəladə Hallar Nazirliyinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin, rayonun idarə, müəssisə və təşkilatlarının birgə səyi ilə bağlamaq mümkün olmuşdur. Burada çay əsas bəndi keçdikdən sonra su əvvəlcə yaxınlıqdakı Hacıqabul gölünə istiqamət götürmüşdür. Hadisə zonasında Fövqəladə Hallar Nazirliyinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin, rayonun idarə, müəssisə və təşkilatlarının 100-dən çox texnikası, 2 mindən artıq canlı qüvvəsi iş aparmışdır.
İndi Kür boyu ərazilərdə gərgin vəziyyət Sarısu gölü ətrafındadır. Gölün ətrafındakı ərazilərdə ekoloji gərginlik davam edir. Xəbər verdiyimiz kimi, ümumi sahəsi 9 min 850 hektar olan bu göl daşqın sularının hesabına genişlənərək 20 min hektara yaxın sahəni tutur. Sabirabadın Muradbəyli, Saatlının Hacıqasımlı, Novruzlu, Nərimanov, Kamallı, Naharlı, İmişlinin Allahmədətli və Telişli kəndləri təhlükə ilə üzləşmişdir. İmişli və Saatlı rayonlarında Sarısu gölünün daşqın suyunun Baş Mil-Muğan kollektoruna yönəldilməsi təmin olunmuşdur. Nəticədə, daşqın suyunun yaxınlıqdakı kəndlərə girməsinin qarşısı alınmışdır. Kür boyu ərazidə daşqına qarşı mübarizə məqsədi ilə yaradılmış qərargah Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq xilasetmə tədbirlərini davam etdirir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında