(əvvəli qəzetimizin 24 noyabr 2011-ci il tarixli sayında)
Bank sistemi - Azərbaycan Respublikasının bank sistemi ikisəviyyəli maliyyə-kredit sistemindən (dövlət və kommersiya bankları) ibarət olmaqla, ölkədə pul-kredit sisteminin tənzimlənməsi, pul emissiyası, valyuta siyasətinin həyata keçirilməsi, sərbəst pul vəsaitlərinin cəlb edilməsi və iqtisadiyyatın müxtəlif sahələri üzrə yerləşdirilməsi, müştərilərin tələbatlarının yerinə yetirilməsi və s. kimi vəzifələri yerinə yetirir. Azərbaycanın müstəqil bank sistemi respublika müstəqilliyini elan etdikdən sonra formalaşmağa başlamış, ötən illər ərzində bank sistemində ciddi islahatlar aparılmış, banklar ölkədə həyata keçirilən sərt maliyyə-kredit siyasətinin, bütövlükdə iqtisadi islahatların həyata keçirilməsində aparıcı həlqələrdən birinə çevrilmişdir.
Müstəqilliyin ilk illəri Azərbaycanda bazar yönümlü iqtisadi sistemin formalaşması ilə xarakterizə olunurdu. Belə ki, keçid dövrünün ilkin mərhələsində iqtisadi fəaliyyətin liberallaşdırılması, prinsipcə yeni maliyyə institutları və müstəqil mərkəzi bankın yaradılması istiqamətində köklü islahatlar aparıldı.
Bank islahatları ölkənin iqtisadi sferasında həyata keçirilən ilk islahatlardan olmuşdu. Bank sistemində real islahatlara 1995-ci ildən, yəni zəruri ilkin makroiqtisadi mühit (minimal inflyasiya, sabit milli valyuta) formalaşdıqdan sonra başlanmışdı.
1993-1996-cı illəri əhatə edən I dövr bank sektorunun keyfiyyətcə yeni mərhələyə qədəm qoyması ilə xarakterizə olunurdu. İslahatların ilkin mərhələsində dövlət banklarının restrukturizasiyası və sağlamlaşdırılması tədbirləri həyata keçirilmiş, özəl bank sisteminin institusional formalaşması təmin edilmişdi. Belə ki, bu dövrdə banklararası ödəniş sistemi bərpa olundu, bank xidmətləri bazarında qeyri-sabit maliyyə vəziyyətində olan kredit təşkilatlarının payı sürətlə azaldı və kredit resursları içərisində daha sabit mənbələrdən olan əmanət və depozitlərdə artım müşahidə edildi. Milli Bank kommersiya banklarının yenidən maliyyələşdirilməsinin forma və metodlarını daim təkmilləşdirməyə başladı. 1994-cü ilin ikinci yarısından etibarən, Milli Bank tərəfindən mərkəzləşdirilmiş kreditlərin həcminin iqtisadiyyatın real tələbatına uyğunlaşdırılması inflyasiyanın cilovlanmasında həlledici amil oldu. Eyni zamanda, mərkəzləşdirilmiş kredit resurslarının məqsədli və inzibati formada bölüşdürülməsi təcrübəsinə son qoyuldu və faiz dərəcəsinin real səviyyəsinə nail olundu. 1995-ci ilin mart ayından bankların yenidən maliyyələşdirilməsi kredit resurslarının hərraclar vasitəsilə yerləşdirilməsi əsasında həyata keçirildi.
1996-cı ildən başlayaraq beynəlxalq maliyyə institutlarının da texniki və maliyyə dəstəyi ilə dövlət banklarının restrukturizasiyası və sağlamlaşdırılması proqramlarının realizasiyasına başlandı. Dövlət banklarının yenidən qurulmasında Respublika Prezidentinin 1997-ci ilin 24 iyun tarixində qəbul etdiyi lBank islahatlarının dərinləşdirilməsi tədbirləri haqqında" xüsusi Fərmanı həlledici rol oynadı. Dövlət banklarının özəlləşdirilməyə hazırlanması və institusional inkişafı məqsədilə Tvinninq Proqramları həyata keçirildi. Bu proqam çərsivəsində Beynəlxalq Bankın institusional inkişafı və özəlləşdirməyə hazırlanması üzrə tədbirlər müvəffəqiyyətlə tamamlandı və bankın özəlləşdirilməsi barəsində müvafiq qərar qəbul edildi. Digər dövlət banklarının maliyyə vəziyyəti təhlil edilərək, üç dövlət bankının sağlam aktivləri əsasında yeni dövlət bankı - Birləşmiş Universal Səhmdar Bankı (hazırda "Kapitalbank") yaradıldı.
1996-cı ildən başlayaraq formalaşmış əlverişli iqtisadi konyunktur şəraitində Milli Bank özəl banklar üzrə də islahatlara başladı. İlk növbədə, bankların kapitallarına olan tələblər ardıcıl olaraq yüksəldilməyə başladı. Bu addım bankların kapital bazasının təmərküzləşməsi, rəqabət qabiliyyətinin artırılması, iqtisadiyyatın maliyyələşdirilməsində bank sisteminin imkanlarının genişləndirilməsi və bankların maliyyə stabilliyinin yüksəldilməsinə xidmət edirdi. Kapitalla bağlı tələblərin ardıcıl artırılması bankların maliyyə intizamının möhkəmləndirilməsində və ödəniş qabiliyyətlərinin artırılmasında həlledici rol oynadı. Özəl banklar bütün baza bank məhsullarını təqdim edən maliyyə vasitəçilərinə çevrilməyə başladı. Dayanıqlı bank sisteminin qurulması üzrə həyata keçirilən ardıcıl tədbirlər 1997-98-ci illərdə baş vermiş qlobal maliyyə böhralarının milli bank sisteminə təsirini minimallaşdırmağa və ondan az itkilərlə çıxmağa imkan verdi.
1995-ci ildə respublikada bankların sayı 180-ə çatırdı. 1995-ci ildən başlayaraq respublikada aparılan iqtisadi islahatların tərkib hissəsi kimi bank sferasında da ciddi islahatlar aparılmağa başladı. Bankların nizamnamə kapitalının minimum həddi 2,5 milyon ABŞ dolları, yeni acılan banklar üçün isə 500 mln dollar həcmində müəyyənləşdirildi. Qısa müddət ərzində onların sayı təxminən 3 dəfədən çox azaldılaraq, 2000-ci ilin sonuna 59-a, 2001-ci ildə 53-ə, 2002-ci ilin ortalarına 47-yə çatdırıldı. Burada qarşıya qoyulan əsas məqsəd bank xidmətləri bazarında maliyyə vəziyyəti qeyri-sabit olan kredit təşkilatlarının fəaliyyətinə son qoymaq idi.
Özəl bankların konsolidə olunmuş kapitallaşması və digər tədbirlər hesabına onların sağlamlaşdırılmasının sürətlənməsi istiqamətində əhəmiyyətli işlər görüldü. Bank sferasında sağlam rəqabət proseslərini gücləndirmək məqsədilə xarici kapitalın milli bank sistemində iştirak rejimi daha da liberallaşdırıldı. Fəaliyyətdə olan bankların ikisi dövlət payına, 16-sı isə xarici kapital payına malik banklar idi. 2002-ci ilin ortalarınadək respublikamızda bank əməliyyatları aparmaq üçün lisenziya almış 85 kredit təşkilatı, o cümlədən, 47 bank və 192 bank filialı fəaliyyət göstərirdi. Banklar ilə yanaşı, ölkədə 38 qeyri-bank kredit təşkilatı da fəaliyyət göstərirdi.
Bank sektorunun təkmilləşməsinin ikinci dövrünü əhatə edən 1996-2002-ci illərdə bank sektorunda kapital bazasının və əməliyyatların real həcminin sabit artımı, problemli bankların bazar payının azalması, eləcə də qeyri-maliyyə sektoruna kredit qoyuluşunun artması ilə əlamətdar oldu. Bank islahatlarının növbəti mərhələsində, 2000-ci ildən başlayaraq həyata keçirilən özəl bankların intensiv sağlamlaşdırılması tədbirləri bank sisteminin davamlılığının möhkəmlənməsinə və maliyyə vasitəçilik funksiyasının yaxşılaşmasına əlverişli şərait yaratdı. Bankların minimal kapitalına tələbin ardıcıl artırılması bank sisteminin kapital bazasını möhkəmləndirmiş, özəl bankların konsolidasiyasının təşviqi isə bank sisteminin iriləşməsini təmin etdi.
Məhz 2002-ci ilin ortalarından sonrakı dövr bank sisteminin keyfiyyətcə yeni rəqabət mühitinə qədəm qoyduğu dövr hesab edilir. Bank sisteminin səmərəli fəaliyyəti üçün əsasların təşkilinə istiqamətlənən əksər islahatlar həyata keçirilməyə başladı. Eyni zamanda, bank sisteminin restrukturizasiyasının növbəti mühüm mərhələsinə qədəm qoyuldu, iri neft gəlirlərinin ölkəyə axınını və bu əsasda bankların maliyyə resurslarının strateji məqsədlərə effektiv ötürülməsinə hazır olmalarını nəzərə alaraq, 2002-2005-ci illər üçün yeni inkişaf strategiyası hazırlandı. Strategiya çərçivəsində əsas bank qanunlarının yeni redaksiyada qəbulu bank fəaliyyətinin hüquqi bazasının ən qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmasını təmin etməklə yanaşı, bank sisteminin sabitliyi və inkişafı üzrə müəyyən edilmiş mühüm hədəflərə nail olundu. Bankların kapital bazasının artımı və konsolidasiyası bank fəaliyyətinin genişlənməsinə şərait yaratmaqla bankların maliyyə davamlılığının və bank sisteminə olan inamın möhkəmlənməsində əhəmiyyətli rol oynadı. Milli Bank sisteminin təkmilləşdirilməsi nəticəsində kredit təşkilatları maliyyə vasitəçiliyi sferasında öz mövqelərini daha da möhkəmləndirdi. İlk növbədə Azərbaycan iqtisadiyyatının inkişafı və kreditləşməsində istifadə edilən kapital və resursların artırılmasında bankların tədricən fəaliyyətinin genişlənməsi təmin olundu və belə şəraitdə kredit təşkilatları maliyyə vasitəçiliyi sferasında öz mövqelərini daha da möhkəmləndirdi.
Bank qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görüldü, "Banklar haqqında" və "Azərbaycan Respublikasının Milli Bankı haqqında" Azərbaycan Respublikası qanunlarının yeni redaksiyada qəbulu bank fəaliyyətinin hüquqi bazasının ən qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılmasını təmin etdi. Milli Bank tərəfindən hazırlanmış "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanun layihəsi Milli Məclisdə qəbul olundu.
Milli Bank tərəfindən 1997-ci ildə qəbul edilmiş Milli Ödəniş sisteminin konsepsiyasına və strategiyasına uyğun olaraq "AZİPS" Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar sistemi yaradılmış və 16 fevral 2001-ci ildə istismara verildi. "AZİPS"in tətbiqi banklararası ödənişləri real vaxt rejimində aparmağa, hesablaşmalar zamanı vəsait itkisini aradan qaldırmağa, bankların balans hesabatlarının konsolidə edilməsini asanlaşdırmağa və banklar tərəfindən likvidliyin daha çevik şəkildə idarə olunmasına şərait yaratmışdır. Yeni sistem öz növbəsində, bazar iqtisadiyyatına əsaslanan pul siyasətinin daha səmərəli aparılması üçün əlverişli şərait və bankların bazara operativ surətdə geniş nəzarət etmələri üçün etibarlı məlumatlar əldə etmək imkanı verir.
Milli Ödəniş Sisteminin yaradılması strategiyasının birinci mərhələsi olan "AZIPS"in istismara verilməsi başa çatdırıldıqdan sonra Milli Bank qarşısında növbəti mərhələ, Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin (XÖHKS) yaradılması durdu. XÖHKS sistemi 2 dekabr 2002-ci ildə istismara verildi və Milli Bankda fəaliyyət göstərən ödəniş və informasiya sistemlərinə inteqrasiya olundu.
2004-cü ildə ölkədə fəaliyyət göstərən 43 bankın 19-nun məcmu kapitalı 3,5 milyon manatdan az və yalnız 4 bankın kapitalı 10 milyon manatı keçirdisə, 2008-ci ildə artıq fəaliyyət göstərən 46 bankdan 43-nün , 2010-ci ildə isə 45 bankdan 42-nin məcmu kapitalı 10 milyon manatdan çox, olmuşdu. Bu, təkcə bankların təmərküzləşməsinin yox, həm də, iqtisadiyyatın inkişafının, onun miqyasının artmasının, bank fəaliyyətinin genişlənməsinin nəticəsidir.
Bu gün Azərbaycanda fəaliyyət göstərən və bank fəaliyyəti üçün lisenziyası olan kredit təşkilatlarının ümumi sayı 146, bunlardan 1-i dövlət bankı, 44-ü kommersiya bankı, 101-i isə bank olmayan kredit təşkilatlarıdır. Kommersiya banklarından 20-də xarici kapitalın iştirakı mövcuddur ki, bunlardan da cəmi 7-də xarici kapital nizamnamə kapitalının 50 faizdən çoxunu təşkil edir. Əslində ölkənin bank sektorunda xarici kapitalın iştirakı və bunun əvvəlki illərə nisbətən artması da bank sektoruna bir inamın, bu sektorda münbit investisiya mühitinin yaradılmasının göstəricisidir.
Bank sisteminin aktivlərinin həcmi 2010-cu ildə 6520,9 milyon manat və ya 8151,1 milyon ABŞ dolları olmuşdur. Bu məbləğ həmin ildə respublikada hasil olan ÜDM-in 15,7faizi təşkil edir. Mərkəzi Bankın bank sektorunun inkişafına yönəlik siyasəti öz müsbət nəticəsini kommersiya banklarının məcmu aktivlərinin və onların kredit portfelinin sürətli artımında göstərir. 2000-2010-cu illər ərzində kommersiya banklarının xalis xarici və daxili aktivləri 10,7 dəfə, daxili kreditlər 20,4 dəfə, o cümlədən iqtisadiyyata kreditlər 22,1 dəfə artmışdır.
Bank sektorunun inkişafını xarakterizə etmək üçün əsasən ÜDM-lə bank aktivlərinin müqayisəsi kifayətdir. Məhz belə müqayisə bank sektorunun iqtisadi inkişaf prosesləri ilə nə dərəcədə uzlaşmasını ifadə edir. Təhlillər göstərir ki, son illər bu göstərici pozitiv olaraq artmaqdadır. 1995-ci ildə bank aktivlərinin ÜDM-ə nisbəti 12,2 faizdən 2000-ci ildə 16,6 faizə, 2005-ci ildə 14,7 faizə, 2010-cu ildə 25,3 faizə; iqtisadiyyata yönəldilmiş kreditlərin ÜDM-dəki xüsusi çəkisi isə 13,6 faizdən 2000-ci ildə 9,9 faizə, 2005-ci ildə 11,5 faizə, 2010-cu ildə isə 22 faizə qədər yüksəlmişdir.
Əvvəlki illərdə olduğu kimi kreditləşmə bank xidmətləri bazarında ixtisaslaşmanın əsas növü kimi çıxış edir. Mərkəzi Bank sisteminin möhkəmləndirilməsi, onun iqtisadiyyatda, xüsusilə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində rolunun artırılmasına yönəldilmiş bank islahatları davam etdirilir, respublikanın bank sisteminin inkişaf etdirilməsi üzrə nəzərdə tutulmuş strategiya ardıcıl olaraq həyata keçirilir. Respublika Prezidentinin "Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət himayəsi sayəsində əlavə tədbirlər haqqında" 10 sentyabr 2002-ci il tarixli fərmanına uyğun olaraq Milli Bank Mərkəzləşdirilmiş uçot dərəcəsini 10 faizdən 7 faizə endirmişdir ki, bu da MDB məkanında ən aşağı səviyyədir. Uçot dərəcəsinin endirilməsi pul-kredit bazarında faiz dərəcələrinin aşağı düşməsinə də öz təsirini göstərməkdədir.
2010-cu ildə ilk dəfə olaraq bankların kredit qoyuluşları bütövlükdə bank aktivlərini 1,4 dəfə üstələmişdir. Son illər iqtisadi inkişaf proseslərinin sürətlənməsi, iqtisadi subyektlərin kredit resurslarına tələbatının ilbəil kəskin şəkildə artması kommersiya banklarının inkişafı üçün geniş imkanlar açmışdır. 2010-cu ildə iqtisadiyyatın real sektoruna verilmiş kreditlərin həcmi 2000-ci illə müqayisədə 8696,9 milyon manat və ya 20 dəfəyə yaxın, o cümlədən ticarət və xidmət sahələrinə 2113,7 milyon manat və ya 28,8 dəfə, energetika və kimya sahələrinə - 968,0 milyon manat və ya 61,5 dəfə, kənd təsərrüfatı və emal sahələrinə - 404,4 milyon manat və ya 12 dəfəyə yaxın, inşaat və əmlaka - 647,7 milyon manat və ya 51,2 dəfə, sənaye və istehsal sahələrinə - 666,7 milyon manat və ya 43,5 dəfə, nəqliyyat və rabitəyə - 384,0 milyon manat və ya 6,5 dəfə, ev təsərrüfatlarına - 2659,1 milyon manat və ya 64,8 dəfə artmışdır. Bütövlükdə, 2010-cu ildə kreditlərin 29,5faizi ev təsərrüfatlarına verilmişdir.
2000-ci ildə verilən kreditlərin 72,8faizi qısamüddətli, 27,2 faizi uzunmüddətli idisə, 2010-cu ildə bu nisbət əksinə - 28:72 olmuşdu. 2000-ci ildə vaxtı keçmiş kreditlər verilmiş kreditlərin 27,7 faizi təşkil edirdisə, 2010-cu ildə belə kreditlər cəmi 5,4 faiz olmuşdu. 2000-ci ildə kreditlərin 63,6 faizi xarici valyuta şəklində verilmişdisə, 2010-cu ildə 64faizdən də artığı milli valyutada verilmişdi. Təhlil edilən dövrdə müştərilərə verilən qısamüddətli kreditlər 9,1 dəfə artdığı halda, uzunmüddətli kreditlər 452 dəfə çoxalmışdır. Uzunmüddətli kreditlərin ümumi kredit portfelində xüsusi çəkisinin son illərdəki belə kəskin artımı bankların daha çox real sektora investisiya xarakterli layihələri üstün maliyyələşdirməsi ilə əlaqədardır.
2010-cu ildə respublikanın kredit təşkilatlarında yerləşdirdikləri depozit və əmanətlər 5448,8 milyon manat olmuşdur ki, bu da 2001-ci illə müqayisədə 5035,8 milyon manat və ya 13,2 dəfə, 2005-ci illə müqayisədə isə 4080,1 milyon manat və ya 4 dəfə çoxdur. Qeyd edilən dövrdə ev təsərrüfatlarının (əhalinin) ümumi depozit və əmanətlərdə payı 28,3 faizdən 55,6 faizə yüksələrək 3029,8 milyon manat təşkil etmişdi. Xarici valyuta ilə əmanət və depozitlərin payı 2001-ci ildə 84,7 faiz təşkil edirdisə, 2010-cu ildə bu pay 51,3 faizə enmişdi.
Maliyyə-bank sistemində köklü fəaliyyət dəyişikliklərinə istiqamətlənmiş dərin islahat proqramının son məqsədi - bank sisteminin möhkəmləndirilməsi və böhranlı vəziyyətə dözümlülüyün artırılması, bank sisteminin inkişafının gücləndirilməsi, vəsaitlərin cəlb edilməsi, bank sisteminin maliyyə-vasitəçilik funksiyasının səmərəliliyinin artırılması, əmanətçilərin və bank kreditorlarının maraqlarının daha təminatlı qorunması, kredit təşkilatlarında "çirkli pulların" yuyulmasının qarşısının alınması onların iqtisadiyyata transformasiyası istiqamətində bankların fəaliyyətinin aktivləşdirilməsi və milli bank sisteminin beynəlxalq maliyyə məkanına inteqrasiyasının dərinləşməsi idi.
Aparılan məqsədyönlü islahatların nəticəsi olaraq, bankların aktivləri və kapitalları yüksək templə artdı, onların resurs bazası, xüsusilə də əhalinin vəsaitlərinin cəlb edilməsi hesabına genişləndi, həmçinin risqlərin idarə edilməsi və informasiyaların şəffaflıq səviyyəsi üzrə bank sektoru digər sahələrlə müqayisədə beynəlxalq normalara daha çox uyğunlaşdırıldı. Bu dövrdə kreditorlar və əmanətçilər tərəfindən bank sisteminə olan inamın artması bank sisteminin fəaliyyətinin ən mühüm nailiyyəti hesab oluna bilər.
Bazar islahatlarının ilkin mərhələsində valyuta siyasəti manatın digər xarici valyutalara nəzərən sabitliyinin qorunmasına yönəldildiyindən, Mərkəzi Bank neft gəlirlərinin dövriyyəsində olan pul kütləsinə təsirini tənzimləmək məqsədilə üzən-tənzimlənən valyuta siyasətinə üstünlük verirdi. Ölkəyə neft dollarının irimiqyaslı axını şəraitində Milli Bankın monetar tənzimləmə alətləri inflyasiya proseslərinin monetar amilləri ilə yanaşı, bütövlükdə pul təklifi kanallarına da optimal və çevik nəzarət etmək vəzifəsi daşıyır. Məhz bu amil nəzərə alınaraq 2006-cı ildən sonra monetar siyasət alətləri tədricən qısamüddətli bank likvidliyinin tənzimlənməsinə yönəldilməkdədir.
Azərbaycanın bank sisteminin maliyyə alətləri ilə iqtisadi rolunun artırılması, onun daha səmərəli fəaliyyətinin təmin edilməsi, həmçinin azad rəqabət prinsiplərinə əsaslanan milli iqtisadiyyat quruculuğunda daha öncül mövqeyə çıxarılması, əmanət və depozitlərin investisiyalara transformasiyası funksiyasının daha səmərəli icrası, hesablaşmalarda bank sisteminin üstün rolunun təmin edilməsi, bank sisteminə inamın daha da artırılması, respublikanın bank sistemində sağlam və azad rəqabət mühitinin təmin edilməsi və inhisarçılıq meyllərinin aradan qaldırılması, bank kreditlərinin keyfiyyət və çeşidinin genişləndirilməsi, qlobal iqtisadi inteqrasiyanın güclənməsi şəraitində böhranlara dözümlülüyünün artırılması və s. Azərbaycan Mərkəzi Bankının yaxın illər ərzində həyata keçirmək istədiyi ən vacib strateji xətdir. Bu vəzifələrin həyata keçirilməsi üçün bank və infrastruktur qanunverici normativ bazanın daha da təkmilləşdirilməsi, həmçinin bilavasitə bank fəaliyyəti ilə bağlı olan müflisləşmə, girov, antiinhisar, vergi və digər müvafiq qanunlarda düzəlişlərin edilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, özəl bankların kapitalizasiya və konsolidasiya tədbirlərinin davam etdirilməsi və minimal kapital tələblərinin 2005-ci ilə kimi 5,0 milyon ABŞ dolları səviyyəsinədək çatdırılması, dövlət banklarının özəlləşdirməyə hazırlanması və bu prosesin başa çatdırılması prioritet tədbirlər sırasındadır. Bu tədbirlər paralel olaraq ödəniş sistemlərinin inkişaf strategiyasının ikinci mərhələsinin başa çatdırılması, bank sisteminin Beynəlxalq Mühasibat Uçotu Standartlarına keçidinin həyata keçirilməsi, depozitlərin sığortalanma sisteminin qanunvericilik bazasının yaradılması və tətbiqini, həmçinin bankların informasiya texnologiyalarının inkişaf etdirilməsi, banklarda müasir korporativ idarəetmə və risqlərin qiymətləndirilməsi sistemlərinin, mərkəzləşdirilmiş kredit reyestrinin yaradılması kimi mühüm tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Manat və valyuta hesabları üzrə məcburi ehtiyat normaları bərabər olmaqla 10faiz təşkil etmişdir. Son illərdə həm manat hesabları, həm də valyuta hesabları üzrə məcburi ehtiyat normaları bütövlükdə bank sisteminin likvidliyinə adekvat səviyyədə saxlanılır. Dünya təcrübəsinə əsaslanaraq məcburi ehtiyat normaları ilə müxbir hesabları birləşdirilmiş və bu tədbir bankların likvidliyini daha da yaxşılaşdırmaqla onların klirinq əməliyyatlarının həcminə müsbət təsir göstərmişdir.
Qiymətli kağızlar bazarının inkişafına şərait yaratmaq üçün Milli Bank tərəfindən kredit təşkilatlarına məcburi ehtiyat fondunda saxladıqları vəsaitlərin bir qismini (1999-cu ilin mayından noyabrına qədər 25 faizi, noyabrdan sonra 50 faizə qədərini) qiymətli kağızların alınması məqsədilə istifadə etməyə icazə vermişdir. Bu qiymətli kağızlar bazarının inkişafına təkan verməklə yanaşı iqtisadiyyata pul təklifinin artmasına şərait yaratmışdır.
Son illərdə iqtisadiyyatın manatla təminatının yaxşılaşması meyli davam etməkdədir. Milli Bank valyuta bazarına müdaxilə etməklə və manat kütləsini nəzarətdə saxlamaqla manatın məzənnəsinin sabitliyini təmin etmişdir.
Hazırda dövlət bankının restrukturizasiyası başa çatmışdır. Beynəlxalq Bank və Birləşmiş Universal Səhmdar Bank artıq özəlləşdirilməyə hazırdır.
Ölkədə bank işinin daim inkişaf etdirilməsi, iqtisadiyyata bank xidmətinin daha da yaxşılaşdırılması üçün bank infrastrukturunun inkişafı üzrə ardıcıl tədbirlər davam etdirilir. Elektron ödəniş sisteminin ikinci mərhələsi, xırda ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin (XOHKS) formalaşdırılması uğurla başa çatdırılmışdır. Eyni zamanda Real Vaxt Rejimində Banklararası Milli Hesablaşmalar sisteminə (AZİRS) qoşulan maliyyə-kredit institutlarının sayı əhəmiyyətli dərəcədə artmışdır.
Bank nəzarətində səmərəliliyin artırılması istiqamətində mühüm tədbirlərdən biri də bank qanunvericiliyinin bank nəzarəti baxımından təkmilləşdirilməsidir. Artıq bank nəzarətinin bütün əsas həlqələri təşkil olunmuşdur. Mərkəzi Bank nəzarət prosesində məsafəli monitorinqdən (xarici nəzarətdən) və inspeksiyadan (daxili nəzarətdən) istifadə edir. Bank xidmətləri bazarına effektli daxilolma sisteminin təşkili, bank fəaliyyəti üzərində keyfiyyətli nəzarətin formalaşdırılması, problemli bankların sistemdən kənarlaşdırılması prosedurlarının təkmilləşdirilməsi kimi məsələlərin yeni qanun layihəsində nəzərə alınması - əmanətçilərin, kreditorların və investorların bank sisteminə olan inamının artırılması, sağlam bank sisteminin formalaşdırılması və son nəticədə, bankların iqtisadiyyatla bağlı əməliyyatlarının aktivləşdirilməsi baxımından, mühüm əhəmiyyət kəsb edir. Bank nəzarətinin avtomatlaşdırılması çərçivəsində avtomatlaşdırılmış prudensial nəzarət-hesabat sisteminin tətbiqi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Bank nəzarətinin səmərəliliyinin artırılması və funksiyasının optimallaşdırılması məqsədilə bank nəzarətinin metodoloji bazasının təşkili və Bazel Komitəsinin prinsiplərinə uyğunlaşdırılması istiqamətində aktiv işlər aparılır. Mərkəzi Bankın bank nəzarəti sahəsində əsas prioritet istiqamətlərindən biri Avtomatlaşdırılmış Bank Statistika Hesabatlıq Sisteminin tətbiqidir.
1997-ci ildən başlayaraq bank sistemində mühasibat uçotunun Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun qurulması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Bank fəaliyyətində kredit riskini azaltmaqla bankların iqtisadiyyata kredit qoyuluşlarının aktivləşdirilməsində mühüm rol oynayan Mərkəzləşdirilmiş Kredit Reyestrinin yaradılması tamamlanmış və o istismara verilmişdir.
Pul-kredit siyasətinin əsas istiqamətləri - 1994-cü ilin sonu 1995-ci ilin əvvəllərindən yeni pul-kredit siyasəti aparılmağa başladı, inflyasiyanın azaldılması və manatın möhkəmləndirilməsi üçün dövriyyədə olan pul kütləsinin həcmi, pul-kredit emissiyasının tempi mövcud iqtisadi durumun real tələblərinə uyğunlaşdırıldı, eyni zamanda, pul-kredit sferasının tənzimləmə alətləri sərbəstləşdirildi. Həyata keçirilən çevik və sərt pul-kredit siyasəti sayəsində lazımsız, inflyasiya doğuran kredit qoyuluşları tənzimlənərək həm mərkəzi resursların satışı məhdudlaşdırıldı, həm də kredit faizi artırılmağa başladı.
Görülən radikal tədbirlər artıq 1995-ci ilin əvvəllərində öz nəticələrini verməyə başladı, ilk dəfə olaraq müsbət kredit faizi saldosuna, yəni onun inflyasiya tempindən yüksək olmasına nail olundu. Bu həm inflyasiyanı şərtləndirən ucuz və lazımsız kredit emissiyasının qarşısını aldı, həm də kredit təşkilatlarının kapitalını inflyasiya vergisindən xilas etdi. Hökumət sərt pul-kredit siyasəti və ciddi maliyyə nəzarəti aparmaqla qısa müddətdə iqtisadiyyatda böhranın qarşısının alınması yolunda əhəmiyyətli addımlar atdı və inflyasiya azalmağa başladı. 1996-cı ilin ortalarında nəzərdə tutulan özəlləşdirmə ərəfəsində özəlləşdiriləcək müəssisələrin dövlət tərəfindən maliyyələşdirilməsinə xeyli məhdudiyyətlər qoyuldu. Eyni zamanda, Azərbaycanda iqtisadi islahatların başlanğıcı sayılan həmin ilin əvvəllərində qiymətqoymada, xarici iqtisadi fəaliyyətdə və maliyyə sektorunda liberallaşdırmaya gedilməsi qiymətlərin sıçrayışla yüksəlməsinə səbəb oldu və dövriyyədə olan pul kütləsini tənzimləmək və bu yolla qiymət sıçrayışlarının qarşısını almaq üçün dövlət pul-kredit mexanizmlərindən daha aktiv istifadə edilməsinə üstünlük verməyə məcbur oldu. Lakin bu tədbirlər sayəsində əldə olunan maliyyə sabitliyi uzun müddətə dayanıqlı olmadığından, iqtisadiyyatın real sektorunun inkişafı ləngiməyə başladı, dövriyyədə olan pul kütləsi azaldığından daxili investisiyalara, xüsusən istehsal sahəsinə yönəldilən investisiyalara məhdudiyyətlər yaranmağa başladı. İlk vaxtlarda əsas makroiqtisadi göstəricilərdə irəliləyişlər nəzərə çarpsa da, islahatların sonrakı mərhələsində iqtisadiyyatın əsas inkişaf göstəricisi olan ÜDM-lə dövriyyədə olan pul kütləsinin artım tempi arasında kəskin fərqlər yarandı.
Respublika hökumətinin, o cümlədən Mərkəzi Bankın gördüyü kompleks tədbirlər, ilk növbədə - maliyyə intizamının gücləndirilməsi sayəsində artıq 1997-ci ildə inflyasiya 3,7 faizədək azaldı. 1998-1999-cu illərdə hətta deflyasiyaya nail olundu.
Pul-kredit siyasətinin prioritet istiqamətlərindən biri kimi valyuta bazarının formalaşması və inkişafı və bu əsasda manatın xarici dönərli valyutalara nisbətən məzənnəsinin möhkəmləndirilməsi ön plana çəkildi. Bu məqsədlə bir tərəfdən valyuta bazarı infrastrukturunun (valyuta birjasının, valyuta hərraclarının bazar qiymətləri ilə aparılması və s.) yaradılması, digər tərəfdən bazarın tələbinə uyğun valyuta ehtiyatlarının forması istiqamətində ciddi addımlar atıldı. İlkin tədbir kimi Bakı Banklararası Valyuta Birjasının işi bərpa olundu. 1995-ci ilin əvvəlindən başlayaraq ölkənin rəsmi valyuta ehtiyatlarının idarə olunması Milli Banka verildi. Bu da çevik valyuta siyasəti yeritməyə, zərurət yarandıqda valyuta bazarının şəraitini nəzərə alaraq ona tənzimləyici müdaxilə etməyə imkan verdi. Beynəlxalq maliyyə institutları artıq 1995-ci ilin əvvəlindən başlayaraq inflyasiya tempinin azalması üzrə müsbət nəticələri nəzərə alaraq Azərbaycana maliyyə yardımı etməyə başladı.
Hazırda aparılan pul-kredit siyasətinin məqsədi ölkədə bərqərar olmuş maliyyə sabitliyini möhkəmlətmək, milli valyutanın məzənnəsini çevik tənzimləməklə onun sabitliyini qorumaq, beynəlxalq normalara uyğun xarici valyuta ehtiyatları yaratmaq, bank islahatlarını daha da dərinləşdirməkdir. Pul-kredit və valyuta siyasətində götürülən bu kurs 1999-cu ildən başlayaraq öz səmərəsini verməkdədir. Belə ki, ötən illər ərzində inflyasiyanın məqbul səviyyəsinə nail olunmuş, maliyyə sabitliyinə xəta yetirmədən dövriyyədə olan pul kütləsinin artırılması və pul parametrlərinin lazımi səviyyədə saxlanması mümkün olmuşdur. İndi respublikanın malik olduğu xalis beynəlxalq valyuta ehtiyatlarının həcmi ölkənin beynəlxalq likvidliyini təmin etməyə imkan verir.
(ardı var)
{nl}
Tanrıverdi PAŞA, AMEA-nın İqtisadiyyat İnstitutunun "Maliyyə, pul-kredit siyasəti" şöbəsinin müdiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.