Azərbaycandakı dövlət-din münasibətlərinin qarşılıqlı hörmət səviyyəsində qurulmasında ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xidmətləri əvəzsizdir

Noyabrın 24-də Məhərrəmlik ayının başlanması və Aşura günü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Qazılar Şurasının yığıncağı olmuşdur.
QMİ-dən bildirmişlər ki, şura üzvləri, respublikamızda fəaliyyət göstərən islam təmayüllü dini icmaların rəhbərləri, din xadimləri və ziyalıların iştirakı ilə keçirilmiş tədbirdə əvvəlcə müqəddəs Qurani-Kərimdən surələr oxunmuş, şəhidlərin ruhuna dualar edilmişdir.
QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə Məhərrəm ayının möhtərəm və müqəddəs aylardan olduğunu bildirmiş, bu ayda baş vermiş tarixi müsibətin İslam aləmində yeri barədə iştirakçılara ətraflı məlumat vermişdir. A.Paşazadə ölkəmizdəki dövlət-din münasibətlərinin qarşılıqlı hörmət səviyyəsində qurulmasında və davam etdirilməsində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin xidmətlərini xüsusi vurğulamışdır. Şeyxülislam Məhərrəm ayının onuncu gününü - İmam Hüseyn və Əhli-Beyt tərəfdarlarının şəhadətə yetirildiyi günü həm də ədalət uğrunda, dinimizin saflığı naminə mübarizənin rəmzi kimi qiymətləndirmişdir. QMİ-nin sədri bildirmişdir ki, təziyə günlərində məscid və ictimaiyyət nümayəndələri şəhidlərimizin ruhuna uyğun şərait yaratmalıdırlar. Tibbi ehtiyaclar üçün ən münasib əzadarlıq nümunəsi göstərilərək, qanvermə aksiyaları təşkil edilməlidir. Müqəddəs məkanlarda, ictimai yerlərdə zəncir vurmaq, qayda-qanunları pozmaq, bədənə xəsarət yetirmək islamda bəyənilməyən hərəkətlərdir.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov isə ölkəmizdəki sabit dini durumu mövcud dövlət və din münasibətlərinin keyfiyyət göstəricisi, Prezident İlham Əliyevin uğurlu din siyasətinin nəticəsi kimi qiymətləndirmişdir. Məhərrəm ayının fəzilətləri ilə yanaşı, onun bəzi xarakterik tərəflərinə də aydınlıq gətirən komitə sədri şəhidlik fəlsəfəsini haqq-ədalət mübarizəsi, Vətən torpaqlarının düşməndən azad edilməsi uğrunda rəşadət göstərmək tərbiyəsi kimi səciyyələndirmişdir. H.Orucov Azərbaycan ictimai-mədəni fikrində Aşura mövzusunun qədim ənənəsinin məhz bu günümüzün reallıqları ilə daha da zənginləşdiyini bildirmişdir. O demişdir ki, bu gün Azərbaycan xalqının Kərbəlası Qarabağdır. Xocalı soyqırımını törədənlər Kərbəla müsibətinin günahkarlarından daha amansız və qəddar davranmışlar.
QMİ-nin Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev bildirmişdir ki, mühüm hadisələr və mərasimlərdən əvvəl müvafiq tədbirlərin keçirilməsi, onlara uyğun tövsiyələrin verilməsi QMİ-də ənənə halını almışdır. Akademik müqəddəs Məhərrəm ayı, Kərbəla faciəsi, onun tarixi-dini kökləri, dindarların buna münasibəti haqqında danışmışdır.
Sonda QMİ-nin Qazılar Şurasının fətvası qəbul edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında