"Biliklərə əsaslanan inkişaf və innovativ sahibkarlıq" mövzusunda beynəlxalq konfrans işə başlamışdır

Noyabrın 24-də Bakıda "BakuTel-2011" 17-ci Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi-konfransı çərçivəsində Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) birgə təşkilatçılığı ilə "Biliklərə əsaslanan inkişaf və innovativ sahibkarlıq" mövzusunda beynəlxalq konfrans işə başlamışdır.
Tədbir çərçivəsində, həmçinin BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə xüsusi proqramının (SPECA) "Biliklərə əsaslanan inkişaf" layihəsi üzrə işçi qrupun 4-cü iclası keçiriləcəkdir.
İki gün davam edəcək konfransın məqsədi innovativ sahibkarlıq sahəsində mövcud potensialın gücləndirilməsi və biznes liderləri arasında əməkdaşlığa və təcrübə mübadiləsinə şərait yaratmaqdır.
Konfransı giriş sözü ilə açan BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı baş katibi Yan Kubiş tədbirin əhəmiyyətini vurğulamış, müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) ölkələrin iqtisadi inkişafında həlledici rola malik olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, bazar iqtisadiyyatı yolu ilə gedən dövlətlərdə innovasiyanın və sahibkarlığın inkişafı, intellektual mülkiyyət hüququnun qorunması, rəqabətə davamlılığın artırılması, biliklərə əsaslanan iqtisadi tərəqqi həmin ölkələrdə insanların həyat səviyyəsinin yüksəlməsində böyük əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov isə artıq bütün dünyada yeni - biliklərə əsaslanan iqtisadiyyat növünə keçid tendensiyasının müşahidə olunduğunu diqqətə çatdırmışdır. O, belə bir nüfuzlu konfransın məhz Azərbaycanda keçirilməsini ölkəmizin bazar iqtisadiyyatı şəraitində sürətlə inkişaf etməsi, iqtisadiyyatın bütün sahələrində qazandığı mühüm nailiyyətlərlə əlaqələndirmişdir. Ə.Abbasovun sözlərinə görə, XXI əsrin başlıca inkişaf istiqamətləri elmin və təhsilin, biznes və iqtisadiyyatın inkişafı, habelə hökumətin fəaliyyəti ilə sıx bağlıdır. Bu prinsiplərin daha çox tətbiq edildiyi Qərbi Avropa və Şimali Amerika ölkələrində iqtisadi inkişaf böyük vüsət almışdır. Dünya təcrübəsi göstərir ki, təbii sərvətlərin bol olduğu bəzi ölkələrdə iqtisadi tənəzzül gedir və onlar inkişaf baxımından Qərb ölkələrindən geridə qalırlar. Bunun əsas səbəbi həmin sərvətlərdən gələn gəlirlərin düzgün idarə olunmamasıdır. Bununla bağlı Azərbaycan dövlətinin və hökumətinin apardığı iqtisadi siyasət bir çox dövlətlərə nümunə ola bilər. Respublikamız son illər sosial - iqtisadi sahədə böyük uğurlar qazanmış, bir sıra iqtisadi göstəricilərə görə dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanır.
Nazir qeyd etmişdir ki, son zamanlar Azərbaycan hökuməti neft və qazdan gələn gəlirlərin qeyri-neft sektoruna, xüsusilə də, biliyə və texnologiyaya əsaslanan iqtisadiyyata yönəltmək siyasəti yeridir. Azərbaycan bu sahədə beynəlxalq əməkdaşlıqda, eləcə də konfransda qəbul olunacaq səmərəli təklif və tövsiyələrin həyata keçirilməsində maraqlıdır.
Beynəlxalq Telekommunikasiya Təşkilatının baş katibi Hamadun Ture Azərbaycanda qısa zamanda əldə olunmuş nailiyyətlərdən bəhs etmiş, dövlətin neft kapitalının insan kapitalına çevirmək yönündə atdığı addımları yüksək dəyərləndirmişdir. H.Ture İKT innovasiyalarının tətbiqi ilə bağlı gənclərə geniş imkanlar açmağın zəruriliyini önə çəkmişdir.
Konfransda xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri, beynəlxalq ekspertlər biliklərə əsaslanan inkişaf və innovativ sahibkarlığa dair dünya təcrübəsindən danışmış, fikirlərini bölüşmüşlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında