Azərbaycan Texniki Universitetinin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

Noyabrın 23-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Texniki Universitetinin (AzTU) 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.  
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
AzərTAc xəbər verir ki, ayrı-ayrı müvafiq qurumların nümayəndələrinin, Milli Məclis deputatlarının, ali məktəb rektorlarının, təhsil işçilərinin iştirak etdikləri tədbirdə təhsil naziri Misir Mərdanov xalqımızın ümummilli lideri Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, ulu öndərin siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini vurğulamışdır.
Dövlətimizin başçısı İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən danışan nazir ölkəmizdə iqtisadiyyatın, elm və təhsilin və digər sahələrin inkişaf etdiyini diqqətə çatdırmışdır.
M. Mərdanov Prezident İlham Əliyevin adından əlamətdar gün münasibətilə Azərbaycan Texniki Universitetinin professor və müəllimlərini, bütün əməkdaşlarını, tələbələri təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır.
Nazir Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə respublikamızda təhsilin inkişafındakı xidmətlərinə görə Azərbaycan Texniki Universitetinin bir əməkdaşının "Şöhrət" ordeni, 18 nəfərin "Tərəqqi" medalı ilə təltif olunduğunu, 3 nəfərin "Əməkdar Elm Xadimi", 16 nəfərin "Əməkdar Müəllim", 8 nəfərin "Əməkdar Mühəndis", bir nəfərin "Əməkdar Mədəniyyət İşçisi" fəxri adlarına layiq görüldüyünü bildirmişdir.
Eyni zamanda, AzTU-nun bir qrup professor və müəllimi Təhsil Nazirliyinin "Qabaqcıl təhsil işçisi" döş nişanına və fəxri fərmanlara layiq görülmüşdür.
Mükafatlar sahiblərinə təqdim edilmişdir.
M. Mərdanov təhsilimizə göstərdiyi böyük diqqət və qayğıya görə təhsil işçiləri adından Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Milli Məclis sədrinin müavini Bahar Muradova parlamentin sədri Oqtay Əsədovun universitetin kollektivinə təbrik məktubunu oxumuşdur.
Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və digər ölkələrin müvafiq ali təhsil müəssisələrindən Azərbaycan Texniki Universitetinin 60 illik yubileyi münasibətilə göndərilmiş təbrik məktubları da oxunmuşdur.
Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov elm və təhsilimizə böyük töhfələr verən AzTU-nun fəaliyyətindən, inkişaf mərhələlərindən bəhs etmişdir. Bildirmişdir ki, hər bir elm, təhsil müəssisəsi kimi, AzTU-nun da əldə etdiyi bütün nailiyyətlər, ilk növbədə, tarixi təmələ əsaslanır. Bu ali məktəbin müstəqil təhsil müəssisəsi kimi yaradılması ideyası 1945-ci ildə irəli sürülmüşdür. Həmin il oktyabrın 20-də SSRİ Xalq Komissarları Soveti Azərbaycan Politexnik İnstitutunun (AzTU) açılması haqqında xüsusi qərar qəbul edərək onun icrasını Ali Təhsil Nazirliyinə tapşırmışdır. 1950-ci ilin noyabrında Bakıda 4 fakültədən ibarət Azərbaycan Politexnik İnstitutu yaradılmışdır.
1978-ci ildən institut xarici ölkələr üçün də kadr hazırlamağa başlamış, bu da onun beynəlxalq əlaqələrinin genişlənməsinə imkan vermişdir.
Ulu öndər Heydər Əliyevin Azərbaycan Texniki Universitetinə daim böyük diqqət və qayğı göstərdiyini xatırladan rektor ümummilli liderin respublikaya rəhbərlik etdiyi dövrlərdə universitetin mühüm inkişaf və tərəqqi mərhələləri keçdiyini söyləmişdir. Qeyd etmişdir ki, keçən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə təhsil almaq üçün göndərilən azərbaycanlı gənclər sonralar ölkəmizin ayrı-ayrı sahələrinin, o cümlədən təhsilin, AzTU-nun inkişafına töhfələrini vermişlər.
Professor H. Məmmədov Azərbaycanın dövlət müstəqilliyini bərpa etdikdən sonra müasir tələblərə uyğun olaraq təhsil sistemində baş verən mühüm yeniliklərin AzTU-nun fəaliyyətində də keyfiyyətcə yeni mərhələnin əsasını qoyduğunu nəzərə çarpdırmışdır. O, Prezident İlham Əliyevin elmə, təhsilə böyük diqqət göstərdiyini vurğulamışdır.
Qeyd olunmuşdur ki, hazırda AzTU-da 9 fakültə, 47 kafedra, 1 elmi mərkəz, 18 elmi-tədqiqat laboratoriyası, 550 min kitab fonduna malik əsaslı kitabxana fəaliyyət göstərir. Burada 26 istiqamət və 68 ixtisas üzrə bakalavr və magistr hazırlanır.
Universitetdə 633 professor-müəllim, o cümlədən 70- dən çox elmlər doktoru, professor, 330 nəfər elmlər namizədi, dosent çalışır. 7 mindən çox tələbə təhsil alır. 2010-cu ildə təhsil müəssisəsi MDB ölkələri Humanitar Yardım Fondunun qrantını qazanmışdır. Bu da AzTU-ya həmin məkandakı elektron kitabxanalara ödənişsiz giriş imkanı vermişdir.
Universitetə ilk dəfə olaraq müasir kommunikasiya texnologiyaları - CAD-CAM texnologiyaları ilə idarə olunan nadir maşınqayırma dəzgahları alınmış və "Tədris-texnoloji mərkəz" yaradılmışdır ki, bu da tələbələrin dünyanın ən inkişaf etmiş ölkələrinin tələblərinə uyğun hazırlanmasında mühüm rol oynayacaqdır. AzTU-da müasir tipli elektron ATS quraşdırılmış, "ETİ" şirkətinin köməyi ilə kommunikasiya sistemləri üzrə güclü laboratoriya bazası da yaradılmışdır. Hazırda universitetdə geniş elmi-tədqiqatlar aparılır. Müasir dövrün tələblərinə uyğun olaraq burada "Nanostrukturlu materialların sintezi və tətbiqi problemləri", "Neft və neft məhsullarının istilik-fiziki xassələri" elmi-tədqiqat laboratoriyaları fəaliyyətə başlamışdır. 2000-2010-cu illərdə AzTU-nun əməkdaşları tərəfindən 100-dək patent alınmış, ixtiralar edilmişdir. Son on ildə 24 nəfər elmlər doktoru, 80-dək elmlər namizədi hazırlanmışdır. Son illərdə universitet alimlərinin xarici ölkələrin elmi məcmuələrində 600-dək məqaləsi nəşr edilmişdir. AzTU-nun beynəlxalq əlaqələrindən danışan professor H.Məmmədov universitetin 10-dək gənc aliminin Almaniyanın müxtəlif ali məktəblərində və elm-istehsalat müəssisələrində uğurla çalışdığını diqqətə çatdırmışdır. Bildirmişdir ki, son on ildə 60-dan çox əməkdaş Alman Akademik Mübadilə Xidməti (DAAD) xətti ilə Almaniyada elmi təcrübədə olmuşdur.
Hazırda universitetin dünyanın ayrı-ayrı ölkələrinin (ABŞ, Almaniya, Rusiya, İtaliya, Türkiyə, Kanada və s.) müvafiq ali məktəbləri ilə səmərəli əlaqələri vardır.
Azərbaycanın Avropa təhsil məkanına qoşulduğunu xatırladan professor H.Məmmədov AzTU-da bu prosesin tələblərinə uyğun olaraq mühüm tədbirlərin reallaşdırıldığını da diqqətə çatdırmışdır.
Çıxış edən Yeni Azərbaycan Partiyası sədrinin müavini, icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, Azərbaycan Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti, akademik Arif Həşimov, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin elm və təhsil komitəsinin sədri, professor Şəmsəddin Hacıyev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədova, Azərbaycan Dövlət Neft Akademiyasının rektoru, akademik Siyavuş Qarayev, rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müavini Şaiq Əsgərov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev elm və təhsilimizə göstərilən dövlət qayğısından danışmışlar.
Azərbaycan Texniki Universitetinin elm və təhsilimizin inkişafındakı xidmətlərini vurğulayan natiqlər təhsil müəssisəsinin əməkdaşlarını, professor və müəllimlərini, tələbələri təbrik etmiş, xoş arzularını bildirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında