Müstəqillik illərində Azərbaycanda maliyyə sektorunun inkişafı

Maliyyə-büdcə sistemi. - Azərbaycanda bazar münasibətlərinin tələblərinə uyğun dayanıqlı, dinamik iqtisadiyyatın formalaşması və inkişafı, həmçinin ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına səmərəli inteqrasiyası bilavasitə düzgün maliyyə-büdcə, vergi və pul-kredit siyasəti həyata keçirilməsindən asılı olduğundan, siyasi və iqtisadi müstəqilliyin ilk illərində hökumətin qarşısında azad bazar münasibətlərinə əsaslanan iqtisadiyyatın formalaşdırılması ilə yanaşı dövlətin və cəmiyyət üzvlərinin zəruri ehtiyaclarının ödənilməsi üçün maliyyə mənbələrinin təmin edilməsi, maliyyə sabitliyinə, istehlak bazarında tələb və təklifin tarazlaşdırılmasına, o cümlədən inflyasiyanın qarşısının alınması və milli valyutanın möhkəmlənməsinə nail olmaq vəzifəsi dururdu. Eyni zamanda, respublikamızın suveren dövlət kimi mövcudluğu ölkənin müdafiəsi və təhlükəsizliyi ilə əlaqədar büdcədə yeni xərc maddələrini doğurmuşdu və bütün bu məsələlər qısa müddətdə həll edilməli idi. Bunları nəzərə alaraq, 1992-ci ilin əvvəlindən başlayaraq müstəqil iqtisadiyyatın qurulması, onun idarə olunması üçün hüquqi bazanın yaradılması, mövcud normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atıldı. Həmin ildə "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olundu. Həmin dövr üçün mütərəqqi normativ akt hesab olunan bu Qanun bütövlükdə büdcə prosesinin həyata keçirilməsi üzrə tələblərə cavab verirdi. 
1995-ci ildə "Azərbaycan Respublikasında Dövlət Xəzinədarlığının yaradılması haqqında" fərmanla ölkəmizdə xəzinədarlıq sisteminin əsası qoyuldu. Xəzinədarlığın yaradılmasında əsas məqsəd - dövlətə məxsus maliyyə ehtiyatlarının vahid mərkəzdən idarə edilməsini təmin etmək, bu vəsaitlərin daxil olması və xərclənməsi üçün daha çevik nəzarət mexanizmini yaratmaq, dövlət borclarının, zəmanətlərin və alınmış kreditlərin uçotunu yaxşılaşdırmaq və respublikada qiymətli kağızlar bazarının yaradılmasını sürətləndirməkdən ibarət idi.
1999-cu ildə büdcə sisteminin təkmilləşdirilməsi işlərinin davamı olaraq, beynəlxalq təcrübəyə və standartlara cavab verən, Azərbaycan Respublikasında büdcələrin tərtibi, təsdiqi, icrası və icrasına nəzarətin təşkilati, hüquqi və iqtisadi əsaslarını, habelə dövlət büdcəsi ilə büdcədənkənar dövlət fondlarının, yerli büdcələrin qarşılıqlı əlaqələrinin əsas prinsiplərini müəyyən edən "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının yeni Qanunu qəbul edildi.
Dövlətin büdcə siyasəti ilk növbədə büdcənin gəlir hissəsində öz əksini tapır. Dövlət büdcəsinin gəlirləri - qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət vergilərinin, qrantların və digər gəlirlərin məcmusundan ibarətdir. Büdcə gəlirləri - vergilərdən daxilolmalar, sosial ayırmalar, qrantlar və digər gəlirlərdən ibarətdir. 2007-ci ilədək büdcə gəlirlərinin 90%-dən artığı (son illərdə DNF-dən transferlər bu nisbəti azaltmışdır) vergi daxilolmalarının (gömrük vergiləri də nəzərə alınmaqla) hesabına formalaşırdı. Halbuki 1990-cı ilə qədər dövlət büdcəsində onların xüsusi çəkisi 35-40%-dən artıq olmurdu. Həmin dövrdə büdcə gəlirləri əsasən dövlət müəssisələrindən daxil olan müxtəlif tədiyələrin hesabına formalaşırdı.
Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, ilk növbədə neft sektoruna yatırılan iri investisiyalar nəticəsində neft-yanacaq kompleksində irimiqyaslı iqtisadi artımın təmin edilməsi artımı və digər bu kimi amillər ümumdaxili məhsulun və dövlət büdcəsinin gəlirlərinin artımına da öz təsirini göstərmişdir. Dövlət büdcəsinin gəlirləri 1995-ci ildə 316,9 milyon manat (358,7 milyon ABŞ dolları) təşkil etdiyi halda, 2000-ci ildə 714,6 milyon manat (798,6 milyon ABŞ dolları), 2005-ci ildə 2055,2 milyon manat (2172,7 mln ABŞ dolları), 2010-cu ildə 11402,5 milyon manat (14207,0 milyon ABŞ dolları) təşkil etmişdir. Azərbaycan Respublikasının dövlət büdcəsi 1995-2010-ci illər ərzində istər nominal, istərsə də real ifadədə təxminən 36 dəfəyə yaxın artmışdır. Büdcə daxilolmalarının böyük əksəriyyəti vergi daxilolmalarının payına düşdüyündən, bu real olaraq Azərbaycan iqtisadiyyatının inkişafını, onun imkanlarının daha da genişləndiyini göstərir.
1992-2010-cu illər ərzində Azərbaycanın dövlət büdcəsi gəlirlərinin strukturunun təhlili göstərir ki, gəlirlərin böyük əksəriyyətini (müxtəlif illərdə 69 faizdən 92 faizədək) vergi daxilolmaları təşkil edir. Əlavə dəyər vergisi, mənfəətdən vergi, gömrük vergisi və əhalidən gəlir vergisi 1995-ci ildə ümumi büdcə gəlirlərinin 46,8 %-i təşkil etdiyi halda, 2006-cı ildə bu vergi növlərinin payı 68,4%-ə yüksəlmiş, lakin son 4 ildə büdcəyə Neft Fondundan transferlərin artmasına görə onların mütləq məbləği azalmasa da, büdcədə payı 38,6%-ə enmişdir. Son 20 il ərzində əlavə dəyər vergisi və mənfəətdən vergilərin büdcə gəlirlərində payı bir qədər azalsa da, onların aparıcı rolu qalmaqdadır (müvafiq olaraq 18,3 və 12,5%). 1996-cı ildən başlayaraq mədən vergisinin payı da artmağa başlamışdır və bunu, 1994-cü ildən sonra bağlanmış yeni neft kontraktlarından daxil olan vergilərlə bağlamaq olar. Doğrudan da, mədən vergisinin dövlət büdcəsində payı 1995-ci ildə 0,002% təşkil etdiyi halda, 1997-ci ildə 12,9, 1998-ci ildə 7,5, 2001-ci ildə 6,1, 2005-ci ildə 2,6, 2010-cu ildə isə 1,1% olmuşdur.
1995-2010-cu illərdə dövlət büdcəsinin xərcləri 27,5 dəfə, o cümlədən 2000-2010-cu illər ərzində 15,4 dəfə artmışdır. 2006-cı ildə xərclər əvvəlki illə müqayisədə 1,9 dəfə, 2007-ci ildə 1,6 dəfə, 2008-ci ildə 1,8 dəfə, 2009-2010-cu ildə isə 8,8% artmışdır. Büdcə xərcləri ənənəvi olaraq sosial yönümünü saxlamışdır. Son illərdə büdcə vəsaitlərinin ən azı 21-27%-i, 2010-cu ildə isə 24,7%-i bilavasitə sosial-mədəni tədbirlərə, bütövlükdə büdcənin sosial müdafiə üzrə (əmək haqqı, pensiyalar, müavinətlər, ərzaq, dava-dərman və s.) xərclər də nəzərə alınsa, 55-65%-ə qədəri əhalinin maddi və sosial ehtiyaclarının ödənilməsinə yönəldilmişdir. Büdcədən iqtisadiyyatın maliyyələşdirilməsinə yönəldilən xərclər 1995-2010-cu illər ərzində 93 dəfəyə yaxın, 2005-2010-cu illər ərzində 11 dəfəyə yaxın, dövlət büdcəsi xərclərində payı isə 10,8%-dən müvafiq olaraq 20,8 və 41,6%-ə qədər artmışdır.
Dövlət büdcəsi kəsirinin məbləği növbəti büdcə ili üzrə dövlət büdcəsi haqqında qanunla müəyyən edilir. Azərbaycan Respublikası müstəqilliyin ilk illərində ağır iqtisadi böhran şəraitində yaşadığından, büdcə kəsiri 1993-cü ildə ÜDM-in 7,13, 1994-cü ildə isə 10,32%-i həddində olmuşdu. Lakin 1995-ci ildən Azərbaycan hökumətinin gördüyü tədbirlər sayəsində radikal iqtisadi islahatların həyata keçirilməsinə, dövlət mülkiyyətinin özəlləşdirilməsinə başlanmış, ölkədə sahibkarlığın inkişafına daha münbit şərait yaradılmış, artıq 1995-ci ildə büdcə kəsiri 0,6%-ə endirilmiş, 1996-1997 və 2000-2003, 2005, 2007-2009-cu illərdə isə əksinə deflyasiyaya, yəni büdcə gəlirlərinin xərcləri üstələməsinə nail olunmuşdu. Bunun sayəsində bütün maliyyə sistemində və pul dövriyyəsində tarazlıq təmin edilmiş, dövlətin daxili borclarının artmasının qarşısı alınmışdı.
Maliyyə sabitliyini şərtləndirən digər mühüm amil inflyasiyanın səviyyəsidir. Məlum olduğu kimi yuxarıda qeyd olunan səbəblər ucbatından respublikamızda inflyasiyanın illik səviyyəsi 1993-cü ildə 1129%-ə çatmışdı. 1995-ci ildə inflyasiya bir qədər səngiyərək 411,8%-ə ensə də, bu rəqəm hələ çox yüksək səviyyəni xarakterizə edirdi. Respublikamızda 1996-cı ilin əvvəllərindən tətbiq edilən sərt maliyyə-kredit siyasəti nəticəsində yalnız həmin ildə inflyasiyanın cilovlanması mümkün olmuş, inflyasiya 19,8%-ə, 1997-ci ildə 3,6%-ə endirilmiş, hətta 1998 və 1999-cu illərdə deflyasiyaya (müvafiq olaraq - 0,8 və 8,6 faiz) nail olunmuşdu. 2000-2003-cü illərdə təxminən 1,5-2,0%-ə yaxın, sonrakı 3 ildə bir rəqəmli həddi aşmayan, yalnız bütün dünya ölkələrini sarsıdan maliyyə böhranının nəticəsi olaraq 2007-2008-ci illərdə 16-20%, 2009-2010-cu ildə yenə birrəqəmli 1,5-5,7% inflyasiyaya yol verilmişdi. Bu nailiyyətlər iqtisadiyyatdakı dirçəliş və inkişaf meyllərinin təzahürü olmaqla, həm də tələb və təklifin daha düzgün tarazlaşdırılmasını ifadə edirdi.
Yerli (bələdiyyə) büdcələri. - Müasir şəraitdə bələdiyyə orqanları regionların kompleks inkişafında, onlara təhkim olunmuş ərazilərdə dövlətin iqtisadi inkişaf proqramında nəzərdə tutulmayan və ya aqrar, sənaye, rabitə, nəqliyyat və digər sahələrin inkişafı üzrə yerli əhəmiyyətli tədbirlərin həyata keçirilməsində, istehsal və qeyri-istehsal sferalarının proporsional inkişafının təmin olunmasında, bələdiyyə torpaqlarının və əmlakının istifadəsinin səmərəliliyinin yüksəldilməsində, yerli sosial müdafiə və sosial inkişaf proqramlarının həyata keçirilməsində, yerlərdə ekoloji tarazlığın təmin olunmasında mühüm rol oynayır.
1999-cu ildə qəbul olunmuş "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, bələdiyyələrin yerli büdcələrinin gəlirlərinə fiziki şəxslərdən torpaq vergisi; fiziki şəxslərdən əmlak vergisi; yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi; bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlarda mənfəət vergisi; küçə (divar) reklamlarının yerləşdirilməsi və yayımı üçün ödəniş; kurort rüsumu, mehmanxana rüsumu, avtomobillərin dayanacaqları üçün rüsum və qanunla müəyyən edilən digər yerli vergilər və ödənişlər; Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, bələdiyyə əmlakının özəlləşdirilməsindən və icarəyə verilməsindən gəlirlər, lotereyalardan daxil olan vəsait, habelə bələdiyyələrin fəaliyyətindən əldə edilən digər gəlirlər; fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların maliyyə yardımları və qrantları; dövlət əhəmiyyətli tədbirlərin və dövlət orqanlarının qərarları nəticəsində yaranan xərclərin ödənilməsi üçün maliyyə vəsaiti daxil edilmişdir.
Bələdiyyələrin xərclərinin öz gəlirləri ilə təmin olunmayan hissəsi (yerli büdcənin kəsiri) dövlət büdcəsindən alınan dotasiya hesabına ödənilir.
2010-cu ilin yanvarın 1-i tarixinə ölkədə 2755 bələdiyyə qurumu fəaliyyət göstərmişdir. 2009-cu il üçün bələdiyyələrin gəlirlərinin icrası (dotasiyasız) 26,7 milyon manat, xərclərinin icrası 27,6 milyon manat olmuşdur. 2001-ci illə müqayisədə 2009-cu ildə yerli büdcənin gəlirləri və xərcləri 2,2 dəfə artmışdır. 2009-cu il bələdiyyə büdcəsinin gəlirlərində vergilərdən daxilolmaların xüsusi çəkisi 37,1%, qeyri-vergi gəlirlərinin xüsusi çəkisi 60,9%, digər gəlirlərin xüsusi çəkisi isə 2,0% təşkil etmişdir. Vergi gəlirlərinin tərkibində fiziki şəxslərdən torpaq vergisi aparıcı yer tutur (25,7%). Qeyri-vergi gəlirlərinin əsas mənbəyi kimi bələdiyyə əmlakının və torpağın özəlləşdirilməsindən və icarəyə verilməsindən daxil olan vəsaitlər təşkil edir (39,6%). Bələdiyyə gəlirlərinin 16,6%-i Bakı şəhəri ərazisində yerləşən bələdiyyələrin payına düşür.
Vergi sistemi. - Azərbaycan müstəqillik qazandıqdan sonrakı ilk illərdə ölkənin iqtisadi və sosial inkişafının əsasını təşkil edən büdcənin gəlir hissəsinin formalaşdırılması, hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə əməl olunmasının təmin olunması üçün qısa müddət ərzində müstəqil vergi xidməti orqanının yaradılması zəruri idi. Azərbaycan Respublikasının müstəqil vergi sisteminin əsası qanunvericiliklə 1991-ci ilin sonlarında qoyulmuşdu. Müstəqil vergi xidməti orqanının yaradılması ilə yanaşı inzibati-amirlik sistemi üçün xarakterik olan vergilərin bazar iqtisadiyyatına xas vergilərlə əvəz olunması, mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfat formalarının fəaliyyəti üçün bərabər şərait yaradılması, vergilərin istehsal fəaliyyəti üçün (xüsusən, xalq istehlakı malları istehsal edən sahələr, elmi-texniki tərəqqi ilə bağlı kiçik və digər müəssisələr) stimullaşdırıcı rol oynaması və s. məsələlər təcili həll edilməli idi. Bunları təmin etmək üçün 1992-ci ilin ortalarından başlayaraq respublikanın müstəqil Vergi Müfəttişliyi orqanı yaradıldı, hüquqi cəhətdən təmin olunmuş vergi siyasəti aparılmağa başlandı. 1992-1993-cü illərdə ölkəmizdə müəssisələrin mənfəətindən vergilər, əlavə dəyər vergisi, aksizlər, əmlak vergisi, fiziki şəxslərdən gəlir vergisi kimi bazar iqtisadiyyatının tələblərinə cavab verən vergilər tətbiq olunmağa başladı, 1994-1996-cı illərdə daha bir sıra yeni vergi növləri haqqında qanunlar qəbul edildi, onların normativ-hüquqi bazası yaradıldı.
İqtisadiyyatda aparılan islahatlar ölkənin maliyyə vəziyyətinin yaxşılaşmasını, dövlət büdcəsinin gəlirlərinin ildən-ilə artmasını təmin etdi. Bazar iqtisadiyyatına keçidin ən vacib şərtlərindən olan vergi münasibətlərinin tənzimlənməsi, beynəlxalq standartlara uyğun vergi sisteminin formalaşması, çevik vergi siyasətinin aparılması ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi strategiyanın tərkib hissəsi idi. Qısa müddət ərzində aparılan məqsədyönlü islahatlar nəticəsində vergi sisteminin təkmilləşdirilməsi, onun vahid normativ-hüquqi bazasının yaradılması, vergi dərəcələrinin aşağı salınması və güzəştlərin azaldılması hesabına vergitutma bazasının genişləndirilməsi, iqtisadiyyata investisiya qoyuluşunun stimullaşdırılması, kiçik və orta sahibkarlıq üçün əlverişli vergi mühitinin yaradılması, habelə vergi xidməti orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində böyük işlər görüldü.
Bununla yanaşı, ölkədə iqtisadi islahatlar dərinləşdikcə vergiqoymanın qanunvericilik və metodoloji bazasının təkmilləşdirilməsi zərurəti də meydana çıxırdı. Vergi qanunvericiliyində mövcud olan bir sıra boşluqlar istər vergi ödəyicilərində, istərsə də vergi xidməti orqanlarında haqlı narazılıq doğururdu.
1996-cı ilin sonundan başlayaraq cəmiyyətdə və iqtisadiyyatda baş verən keyfiyyət dəyişikliklərindən asılı olaraq qanunların təkmilləşdirilməsi istiqamətində işlər aparıldı. Azərbaycan Respublikası Prezidentinin "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" 17 iyun 1996-cı il tarixli 463 saylı fərmanı dövlət nəzarət sisteminin təkmilləşdirilməsində, əsassız yoxlamaların aradan qaldırılmasında mühüm rol oynadı. "Dövlət nəzarət sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" 7 yanvar 1999-cu il tarixli Fərmanda isə dövlət orqanları tərəfindən yoxlama və nəzarət funksiyalarının həyata keçirilmə mexanizminin müasir tələblərə uyğun təkmilləşdirilməsi, Azərbaycan Respublikasının nazirlik, komitə və başqa mərkəzi icra hakimiyyəti orqanlarında mövcud olan nəzarət-təftiş qurumlarının ləğv olunması, mülkiyyət formasından asılı olmayaraq, bütün müəssisə və təşkilatlarda keçirilən yoxlamaların və təftişlərin uçotunun aparılması məqsədilə "Nəzarət kitabçası"nın tətbiqi nəzərdə tutulurdu. Lakin bütün bu normativ aktlar vergi sistemini tam şəkildə yox, onun müxtəlif sahələrini əhatə edirdi ki, nəticə etibarilə vergi sisteminin mərkəzləşdirilmiş formada idarə olunmasında bir sıra obyektiv çətinliklər ortaya çıxırdı. Həmin problemlərin aradan qaldırılması isə ilk növbədə bütün vergi sisteminin vahid qanunvericilik bazası əsasında tənzimlənməsi və idarə olunmasını zəruri edirdi.
Respublikanın vergi sistemində aparılan islahatlar "Azərbaycan Respublikası Vergilər Nazirliyinin yaradılması haqqında" 11 fevral 2000-ci il tarixli Prezident Fərmanı ilə Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyinin ləğv edilməsi, onun bazasında Vergilər Nazirliyinin yaradılması ilə daha da inkişaf etdirildi. Qeyd etmək lazımdır ki, 1998-1999-cu illərdə vergi daxilolmaları üzrə proqnozların icrasında müəyyən problemlər özünü göstərirdi və bu, həmin dövrdə vergi nəzarətinin səmərəsiz olması ilə bağlı idi. Bəzi rayonlarda vergi müfəttişlərinin saxlanılmasına çəkilən xərclər vergi daxilolmalarından bir neçə dəfə yüksək idi.
1999-cu ilin ikinci yarısından başlayaraq, vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində, məqsədyönlü tədbirlərin həyata keçirildi, qısa müddətdə Azərbaycanda beynəlxalq normalara uyğun vergi administrasiyası formalaşdırıldı. Bazar münasibətləri şəraitində iqtisadi tənzimləmə və nəzarət sisteminin səmərəliliyinin artırılması, bu sahənin normativ-hüquqi bazasının yaradılması önə çəkildi. 2000-ci ilin iyulunda "Vergi Məcəlləsi" qəbul edildi ki, bunu da Azərbaycanda vergi islahatlarının yeni mərhələsi saymaq olardı. 2001-ci ilin yanvarın 1-dən fəaliyyətdə olan "Vergi Məcəlləsi"nin qəbulu ilə vergi sisteminin təkmilləşdirilməsi, vergi münasibətlərini tənzimləyən hüquqi normaların sistemləşdirilməsi, vergiqoyma sahəsində hüquqi boşluqların və digər normativ aktlardakı ziddiyyətlərin aradan qaldırılması, tətbiq olunan vergi rejiminin qaydaya salınması və sabitləşdirilməsi, həmçinin vergi yükünün bərabərləşdirilməsi və onun səviyyəsinin aşağı salınması, bütövlükdə səmərəli vergi sisteminin formalaşması istiqamətində daha mütərəqqi hüquqi əsasların təmin edilməsi baxımından, əvvəlki vergi qanunvericiliyi ilə müqayisədə mühüm irəliləyişlərə nail olundu.
Vergi Məcəlləsində ölkədə tətbiq olunan vergilərin dəqiq siyahısı müəyyən edildi, vergi ödəyicilərinin və vergi orqanlarının hüquq və vəzifələri təsbit edildi, vergilərin ödənilməsi üzrə öhdəliklərin yaranmasının (dəyişdirilməsinin, dayandırılmasının) əsasları və icra olunması qaydaları müəyyənləşdirildi. Vergi Məcəlləsinin qəbulu ilə Azərbaycan Respublikasında tətbiq edilən vergilərin sayı 11-dən 9-a endirildi, müəssisələri maliyyə cəhətdən sağlamlaşdırmaq, kiçik və orta sahibkarlığın, bölgələrin, ayrı-ayrı fəaliyyət növlərinin inkişafını təşviq etmək məqsədilə mənfəətdən tutulan verginin dərəcəsi, 32%-dən 25%-ə, əlavə dəyər vergisi 20-dən 18%-ə, sosial sığorta üzrə ayırmalar 35-dən 27%-ə endirildi, habelə fiziki şəxslərin gəlirindən vergi tutulmayan məbləğin həddi 60 min manatdan 100 min manata qədər artırıldı.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 100-dən artıq maddəsi bu və ya digər formada vergi ödəyicilərinin hüquqlarının qorunmasına və onların qanuni maraqlarının təmin olunmasına yönəldilmişdir. Vergi Məcəlləsində, həmçinin, vergi inzibatçılığının - vergi nəzarətinin həyata keçirilməsinin forma və metodları də öz kompleks əksini tapmışdır.
Vergi Məcəlləsində ən mütərəqqi dəyişikliklərdən biri fikrimizcə, sadələşdirilmiş sistem üzrə vergilərin tətbiqidir. Bu sistemə görə, vergi ödəyicisi bütün vergilərin əvəzinə cəmi bir vergi ödəyir. Həmin verginin tətbiqi verginin stimullaşdırıcı funksiyasını bir qədər də gücləndirir, kiçik və orta sahibkarlığın inkişafına daha əlverişli şərait yaradır. Hazırda bu sistem demək olar ki, vergi ödəyicilərinin 35-40 faizini əhatə edir.
Vergi qanunvericiliyinin təkmilləşdirilməsinin digər mühüm istiqamətləri, o cümlədən vergi növləri üzrə inzibatçılığın daha da gücləndirilməsi, vergi nəzarətinin səmərəliliyinin artırılması, vergidən yayınma hallarına qarşı mübarizənin təşkili və vergi hüquqpozmalarına görə məsuliyyət tədbirlərinin sərtləşdirilməsi, vergi borclarının məcburi alınması daim diqqət mərkəzində durur. Bu da vergi qanunvericiliyinin təkmilləşdirilməsinin əsas prinsiplərindəndir. Ölkədə həyata keçirilən iqtisadi siyasət, o cümlədən vergi siyasəti qanunvericiliyin iqtisadi inkişaf səviyyəsinə və beynəlxalq normalara uyğunlaşdırılmasını tələb etdiyindən, əlverişli investisiya mühitinin yaradılması, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, bütün vergi ödəyiciləri üçün bərabər iqtisadi şəraitin yaradılması, ölkədə sahibkarlığın inkişafı və azad rəqabətin formalaşmasına şərait vergi rejiminin tətbiqi, hüquqi şəxslərlə fərdi sahibkarlar və rezident vergi ödəyiciləri ilə qeyri-rezident vergi ödəyiciləri arasında vergi yükünün bərabərləşdirilməsi, vergi dərəcələrinin aşağı salınması, vergi güzəştlərinin minimuma endirilməsi istiqamətində mühüm işlər görülmüşdür.
Son 15 il ərzində vergi sistemi vasitəsilə milli istehsalın stimullaşdırılması və regionların sosial-iqtisadi inkişafının dəstəklənməsi məqsədilə əhəmiyyətli işlər görülmüşdür. Aqrar sektorun inkişafının respublikanın ərzaq təhlükəsizliyinin təmin olunmasında həlledici rolunu nəzərə alaraq, kənd təsərrüfatı istehsalçılarının, torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilməsi müddətinin 2014-cü il yanvarın 1-nə kimi uzadılması, kiçik və orta sahibkarlığın inkişafı məqsədilə sadələşdirilmiş vergi növünün tətbiqi və onun regionlarda daha aşağı dərəcəsinin müəyyənləşdirilməsi və s. bu kimi tədbirlər regionların inkişafını tənzimləyən kompleks tədbirlərin tərkib hissəsi olmuşdur.
Vergilərin iqtisadi fəallığa uzunmüddətli stimullaşdırıcı təsirini təmin etmək, investisiyaları təşviq etmək, müəssisələrin istifadəsində qalan maliyyə vəsaitlərini artırmaq məqsədilə son illər ərzində mənfəət vergisinin dərəcəsi mərhələlərlə aşağı salınaraq, 2003-cü ildə 27%-dən 25%-ə, 2004-cü ildə 24%-ə, 2006-cı ildə isə 22%-ə endirilmişdir. Vergi dərəcələrinin aşağı salınması nəticəsində vergi daxilolmalarında yarana biləcək itkilərin vergitutma bazasının genişləndirilməsi hesabına kompensasiya edilməsi proqnozları özünü doğrultmaqdadır. Müəssisələrin fəaliyyətinin təşviqi məqsədilə 2010-cu il yanvarın 1-dən mənfəət vergisinin dərəcəsi 22%-dən 20%-ə endirilmişdir. Hazırkı mərhələdə bu amil, müəssisələrin investisiya fəaliyyətinin genişləndirilməsi, onların ödəmə qabiliyyətinin möhkəmləndirilməsi və kapitallaşma səviyyəsinin artırılması baxımından çox mühüm əhəmiyyət kəsb edir.
Ötən illər ərzində fiziki şəxslərin gəlir vergisinin hesablanması mexanizmi sadələşdirilərək, bu verginin hesablanması şkalası 6 pilləlidən 2 pilləliyə endirilmiş və iki vergi dərəcəsi (14% və 35%) saxlanılmışdır. Son illər vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bu sahədə çox mühüm tədbirlər həyata keçirilmişdir ki, bunlara fiziki şəxslərin 14% dərəcə ilə vergiyə cəlb olunan aylıq gəlirlərinin maksimum həddinin 2006-cı ildə 600 manatdan 1000 manata, 2008-ci ilin əvvəlindən isə 2000 manatadək artırılmasını aid etmək olar. Eyni zamanda, 2008-ci il yanvarın 1-dən 200 manatadək gəliri olan fiziki şəxslərin minimum əmək haqqının 1 mislində gəlirlərindən vergi tutulmur. Bununla yanaşı, 2010-cu il yanvarın 1-dən fiziki şəxslərin gəlir vergisinin maksimal dərəcəsi 35%-dən 30%-ə endirilmişdir ki, bu da əhalinin maddi rifahının yaxşılaşmasına müsbət təsir göstərməklə yanaşı, əmək haqlarının leqallaşmasına xidmət edir.
Sürətli iqtisadi inkişafı təmin edən yeni iqtisadi strategiya, eyni zamanda, ölkəmizin vergi xidmətinin daha da təkmilləşməsini və dünyanın qabaqcıl ölkələrində olan səviyyəyə çatmasını tələb edir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı (2005-2007-ci illər)"nın reallaşdırılması nəticəsində vergi orqanlarında idarəetmə sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, vergilərin könüllü ödənilməsi sisteminin, vergi ödəyicilərinin hüquqlarının qorunması, vergidən yayınma halları ilə mübarizənin gücləndirilməsi, vergilərin məcburi ödənilməsi sisteminin təkmilləşdirilməsi və vergi borclarının yaranmasının qarşısının alınması istiqamətində mühüm işlər görülmüşdür. Son illərdə həyata keçirilən kompleks tədbirlər nəticəsində Azərbaycan Respublikasında vergi inzibatçılığı müasirləşdirilmiş, Vergilər Nazirliyinin həm Mərkəzi Aparatında, həm də yerli vergi orqanlarında struktur islahatları aparılmış, daha səmərəli və funksional əsasda fəaliyyət göstərən yeni idarəetmə sistemi təşkil olunmuşdur. Bununla da güclü nəzarət həyata keçirən vergi inzibatçılığı formalaşdırılmış, vergi orqanları ilə vergi ödəyiciləri arasında texnoloji baxımdan mükəmməl elektron əlaqələr sistemi yaradılmış, müasir səviyyədə təhlil bazasına malik informasiya sistemləri qurulmuşdur.
Respublikamızın vergi sisteminin modernləşdirilməsi sahəsində son illərin nailiyyətlərindən biri Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) tətbiqidir. Bu sistemin işə salınması nəticəsində, Azərbaycan Respublikasında vergi inzibatçılığının bütün səviyyələrində məlumat mübadiləsi korporativ şəbəkə sistemi üzərindən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin "Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi" (AVİS) vasitəsilə həyata keçirilir. AVİS 2006-cı ildən etibarən istifadəyə verilmişdir və onun əsas məqsədi - büdcənin mədaxil hissəsinin tam və vaxtında formalaşdırılması, çevik və səmərəli vergi inzibatçılığının həyata keçirilməsi üçün səmərəli informasiya dəstəyinin təmin edilməsidir. Bu sistem vergi ödəyiciləri ilə bilavasitə işləyən yerli vergi orqanlarının funksional fəaliyyətinin avtomatlaşdırılması, digər dövlət qurumları ilə inteqrasiya, eyni zamanda müxtəlif iqtisadi təhlillərin və proqnozlaşdırmanın aparılması imkanlarına malikdir.
AVİS elektron hökumətin qurulması istiqamətində həyata keçirilən tədbirlərin yalnız biri olsa da, o, vergi sahəsində çox mühüm texnoloji dəyişikliklərə gətirib çıxarmışdır və hazırda Azərbaycanın vergi xidməti ən müasir informasiya texnologiyasına malik olan xidmətlərdən birinə çevrilmişdir. AVİS-in tətbiqi vergi inzibatçılığında əsaslı dəyişikliklərə səbəb olmuş, sənəd dövriyyəsinin elektron formatda həyata keçirilməsinə imkan yaratmışdır. Bununla da məlumatların işlənməsi sürəti dəfələrlə artmış, operativ və çevik vergi nəzarəti qurulmuş və digər qurumlarla inteqrasiya daha da genişlənmişdir. AVİS-in təkmilləşdirilməsi nəticəsində "real vaxt" rejimində elektron formatda bəyannamələrin qəbuluna şərait yaradılmışdır.
Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) Vergilər Nazirliyinin bütün strukturlarına vahid informasiya məkanında məlumatların saxlanılması və emalına imkan verir. Sistemin əsas üstünlüklərindən biri digər qurumların informasiya sistemləri ilə (İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sistemi, Baş Xəzinədarlıq, Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, banklar) qarşılıqlı məlumatlar mübadiləsinə malik olmasıdır.
Vergi nəzarətinə informasiya texnologiyalarının tətbiqi vergi ödəyicisi ilə birbaşa kontaktda olmadan, sənədlər əsasında aparılan kameral yoxlamalarda sənədlərin yoxlanmasını sürətləndirmiş və bununla da kameral yoxlamalar hesabına dövlət büdcəsinə köçürülən əlavə vəsaitlərin həcmi xeyli artmışdır.
Ölkəmizin vergi sistemində aparılan islahatların mühüm istiqamətlərindən biri də vergi ödəyiciləri ilə münasibətlərin keyfiyyət baxımından yeni formada təşkilindən ibarətdir. Vergi ödəyicilərinin maarifləndirilməsi, məlumatlandırılması və vergi xidmətinin göstərilməsi, sahibkarlarla münasibətlərin bütövlükdə yenidən qurulması ölkədə əlverişli vergi mühitinin formalaşması kimi strateji məqsədə doğru atılan addımlardandır. Vergilərin könüllü ödənilməsi sisteminin təkmilləşdirilməsi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə vergi ödəyiciləri üçün 15 kompyuter terminalı yaradılmışdır. Bu terminallar, əsasən, vergi orqanı olmayan şəhər və qəsəbələrdə qurulmuş, ən müasir avadanlıqlar, sürətli kommunikasiya sistemləri, o cümlədən internet xətləri ilə təchiz edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamına əsasən, 2008-ci il yanvarın 1-dən etibarən sahibkarlıq fəaliyyəti subyektlərinin "bir pəncərə" prinsipi üzrə qeydiyyatının aparılmasına başlanılmışdır. Elektron hökumətin daha bir elementi kimi "bir pəncərə" sistemi bütün məlumatların eyni mərkəzdə cəmləşdirilməsini, vergi qeydiyyatı da daxil olmaqla, inzibati qeydiyyatların hamısının sinxronlaşdırılmasını təmin edir. Bu prinsip üzrə qeydiyyatın aparılması sahibkarlıq sektoruna marağı gücləndirmiş və biznesin inkişafına təkan vermiş, əvvəlki dövrlərlə müqayisədə vergi ödəyicilərinin sayı artmağa başlamışdır.
Eyni zamanda, yeni qeydiyyatdan keçən bütün şəxslərə elektron mübadilə haqqında müqavilə üzrə xidmət göstərilməklə onlara bəyannamələrinin elektron formada göndərilməsi imkanı yaradılmışdır. E-bəyannamənin tətbiqinin üstünlüklərini nəzərə alaraq, 2009-cu ildə bu prosesə cəlb edilənlərin sayı sürətlə artmışdır. 2008-ci ildə ilk dəfə olaraq mənfəət və gəlir vergisi bəyannamələrinin elektron formada təqdim edilməsinə başlanılmışdır. 2009-cu ildə mənfəət və gəlir vergisi bəyannamələrinin elektron formada təqdim edilməsi səviyyəsi əvvəlki ilə nisbətən iki dəfəyə yaxın artmışdır. Kompyuter terminallarının istifadəyə verilməsi vergi bəyannamələrinin vaxtında və elektron formada təqdim edilməsi səviyyəsinin yüksəldilməsinə təkan vermişdir.
(ardı var)

{nl}


Tanrıverdi PAŞA, AMEA-nın İqtisadiyyat İnstitutunun "Maliyyə, pul-kredit siyasəti" şöbəsinin müdiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında