Ölüm sevinməsin qoy...

Hüseyn Həsənov 1927-ci ildə Göyçə mahalının Krasnoselsk rayonunun Ardanış kəndində anadan olub.1935-1939- cu illərdə həmin kənddə orta məktəbə gedib.1931-ci ildə atası Hacıqulu kişi varlı-mülkədar adı ilə həbs edilib. Ailənin bütün var-dövləti müsadirə olunub. Hacıqulu kişi 1933-cü ildə həbsdən buraxılsa da, çox yaşamayıb, haqsızlığa, ədalətsizliyə dözməyərək dünyasını dəyişib. Bundan altı il sonra ailə Gədəbəy rayonunun Arıqıran kəndinə köçüb.
...H.Həsənov 1940-1942-ci illərdə orta təhsilini Gədəbəy rayonunda davam etdirib. Məktəbi bitirdikdən sonra Bakıda, "Salyanski kazarma"da hərbi xidmətdə olub. Əsgərlik dövründə kiçik komandirlik kursunu bitirərək serjant rütbəsi alıb.
Hüseyn kişi söhbət zamanı hərbi xidmət dövründə rastlaşdığı bir hadisəni heç zaman unutmadığını deyir:
- 1948-ci ilin noyabr ayı idi. Azərbaycan KP MK-nın tapşırığı ilə batalyon komandiri Yusif Babayevin başçılığı ilə mən və daha 19 nəfər əsgər Üzeyir Hacıbəylinin dəfn mərasimində iştirak etməyə göndərildik. Biz - 20 nəfər əsgər cənazənin yanında fəxri qaravulda dayandıq. Dəfn mərasimində Azərbaycanda tanınmış insanların demək olar ki, hamısı-Səməd Vurğun, Fikrət Əmirov, Bülbül, Qara Qarayev, Müslüm Maqomayev, Rəsul Rza, habelə digər ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər. Onu da xatırladım ki, baş aviasiya marşalı, Sovet İttifaqı Qəhrəmanı, SSRİ Hərbi Hava Qüvvələrinin baş komandanı, SSRİ müdafiə nazirinin müavini Konstantin Verşinin də dəfn mərasiminə qatılmışdı.
Mərasimdə diqqəti çəkən bir məqamı da xatırlatmaq istərdim. Cənazəni çiyinlərində götürəcək adamların siyahısı əvvəlcədən tutulmuşdu. Siyahıda o vaxt milli təhlükəsizlik naziri vəzifəsində çalışan Stepan Yemelyanovun adı olmasa da o, cənazəni götürən adamların sırasına keçmək istədi. Lakin M.Bağırovun qəti etirazından sonra Yemeliyanov cənazədən uzaqlaşdı. Çox güman ki, bu, milli təhlükəsizlik nazirinin başqa dinə mənsubluğu ilə bağlı idi...
...Dəfn mərasimində insanların dahi Üzeyirin ölümündən təəssüfləndikləri və kədərləndikləri açıq-aydın görünürdü. Bu isə istedadı, zəngin yaradıcılığı ilə Vətəninə, millətinə layiqli xidmət göstərən bir şəxsiyyətə xalq sevgisinin, xalq məhəbbətinin ifadəsi idi.
Cənazənin qoyulduğu binanın ətrafı və bütün indiki "İstiqlaliyyət" küçəsi dahi Üzeyirlə vidalaşmağa gələn insanlarla dolu idi. Hamının gözündən qeyri-ixtiyari yaş axırdı.Dəfn mərasimi görünməmiş bir nümayişə çevrilmişdi. Fəxri Xiyabana kimi bütün küçələr, evlərin balkonları, damların üstü adamlarla dolu idi. Azərbaycan öz sevimli, əziz övladı Üzeyir Hacıbəyli ilə məhəbbətlə, sevgiyə vidalaşırdı...
Üzeyir Hacıbəylinin vəfatı Azərbaycan mədəniyyəti və incəsənəti üçün əvəzsiz bir itki idi. O, bütün mənalı həyatını bədii yaradıcılığa, musiqiyə həsr etmişdi. Bu böyük şəxsiyyətin xidmətləri danışmaqla qurtaran deyil...
Üzeyir Hacıbəyli Azərbaycan klassik musiqisinin banisi, Azərbaycan Konservatoriyasının qurucusudur. 1918-ci ildə müsəlman Şərqində yaradılan ilk demokratik respublikanın dövlət himninin müəllifi məhz Üzeyir Hacıbəyli olmuşdur. Sovet İttifaqı dağılandan, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Üzeyir Hacıbəylinin müəllifi olduğu himn müstəqil Azərbaycan Respublikasının himni elan edildi.
Azərbaycan professional musiqisinin banisi, bəstəkar, yazıçı-dramaturq, görkəmli jurnalist, alim, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyli qeyri-adi fitri istedada malik nadir şəxsiyyətlərdəndir. Bütün Yaxın Şərq aləmində ilk opera "Leyli və Məcnun", eləcə də Azərbaycan musiqi mədəniyyətinin gözəl incisi, şöhrət tacı sayılan "Koroğlu"nun müəllifi Ü.Hacıbəylinin yaratdığı əsərlər dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuşdur.
Üzeyir Hacıbəyli musiqi, bədii və elmi əsərləri ilə deyil, həm də şəxsiyyəti, mənəvi paklığı ilə dərin iz qoyub getmişdir. O, insani keyfiyyətləri ilə bütün xalqa nümunə olmuşdur. Üzeyir bəy hər kəsin sevincinə və kədərinə şərik çıxmağı bacarır, kimin nəyə ehtiyacı olduğunu həssaslıqla öyrənir, kömək əlini uzadır, adamlara ağıllı məsləhətlər verirdi.
Bütün bunlara görə də xalq şairimiz Səməd Vurğunun Üzeyir Hacıbəylinin əziz xatirəsinə həsr etdiyi aşağıdakı misralar dillərdən düşmür:
Ölüm sevinməsin qoy, ömrünü vermir bada
El qədrini canından daha əziz bilənlər.
Bir şirin xatirətək qalacaqdır dünyada
Sevərək yaşayanlar, sevilərək ölənlər...
Sonda onu da xatırladaq ki, 2001-ci ildə Hüseyn Hacıqulu oğlu Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti, bina 37, mənzil 75 ünvanında Aşıq Ələsgər muzeyi yaradıb. Muzey eksponatların zənginliyi ilə diqqəti cəlb edir. Azərbaycanın tanınmış ziyalılarının vaxtaşırı ziyarət etdiyi bu muzeyin fəaliyyəti barədə Türkiyənin "Samanyolu" televiziyası veriliş hazırlamış, həmin çəkiliş dünyanın yüzdən çox ölkəsinə yayımlanmışdır.

{nl}

Söhbəti yazdı: Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında