Şriftin ölçüsü:
23.11.2011 20:57 | Oxunma sayı: 443
Noyabrın 22-də Bakıda Avropa İttifaqı (Aİ) və Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) Dövlət Miqrasiya Xidməti (DMX) ilə birgə "Azərbaycan Respublikasında qanunsuz miqrasiya ilə mübarizə və qayıdışın idarə olunması sahəsinə dəstək" layihəsi çərçivəsində "Qanunsuz miqrantların saxlanılması mərkəzlərinin idarə edilməsi" mövzusunda treninq işə başlamışdır.
AzərTAc xəbər verir ki, Dövlət Miqrasiya Xidməti rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev tədbiri açaraq bildirmişdir ki, DMX Avropa İttifaqı və MSİBM ilə birgə MİEUX proqramı çərçivəsində bir sıra layihələr həyata keçirir. Həmin layihələrdən biri ötən il mövcud qanunvericiliyin uyğunlaşdırılmasına dair olmuş və yekunlaşdırılmışdır. Bu gün ikinci layihəyə - "Qanunsuz miqrasiyaya qarşı mübarizə və qayıdışın idarə olunmasına dəstək" layihəsinə başlayırıq. Keçirilən treninq həmin layihənin bir hissəsidir.
P.Musayev Azərbaycan ilə Aİ arasında çoxtərəfli istiqamətdə qurulmuş yüksək əməkdaşlığın prioritet istiqamətlərindən biri olan miqrasiya sahəsinin inkişaf etdirilməsinin ölkəmiz üçün vacib məsələlərdən biri olduğunu vurğulamışdır.
Xidmət rəisinin müavini Azərbaycan ilə Aİ arasında bağlanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin (TƏS) müxtəlif sahələrdə müsbət nəticələndiyini qeyd etmiş, o cümlədən miqrasiya sahəsində qanunvericiliyin uyğunlaşdırılması prosesinin uğurla həyata keçirildiyini nəzərə çarpdırmışdır: "Belə ki, 2007-ci il martın 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Dövlət Miqrasiya Xidməti yaradılmış, miqrasiya sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi və bu sahədə daha effektiv idarəetmə sisteminin təkmilləşdirilməsi təmin edilmişdir. Miqrasiya sahəsində qanunvericilik bazasının inkişaf etdirilməsi, idarəetmə işinin səmərəli təşkil olunması məsələsi ötən dövrdə Dövlət Miqrasiya Xidməti tərəfindən daim diqqət mərkəzində saxlanılmış və 2007-ci ildən etibarən Avropa Qonşuluq Siyasəti Fəaliyyət Planı çərçivəsində götürülmüş öhdəliklərin icrası istiqamətində hüquqi uyğunlaşdırma ilə yanaşı, bir sıra təşkilati tədbirlər həyata keçirilmişdir. Buna miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipinin tətbiqini, Vahid Miqrasiya Məlumat Sisteminin yaradılması və fəaliyyətinin təmin edilməsini, xidmətin regional idarələrinin, qanunsuz miqrantların saxlanılması mərkəzlərinin, Heydər Əliyev Beynəlxalq Aeroportunun sərhəd buraxılış məntəqəsində miqrasiya şöbəsinin fəaliyyətlərinin təmin edilməsini və digər işləri misal göstərmək olar".
Xidmət rəisinin müavini Aİ ilə əməkdaşlığın davamlı olması, qarşıya qoyulmuş tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi, insan hüquq və azadlıqlarının qorunması, şəffaflığın təmin olunması istiqamətində bundan sonra da qüvvə və bacarıqlarını səfərbər edəcəklərini bildirmişdir.
Aİ-nin ölkəmizdəki nümayəndəliyinin siyasi məsələlər üzrə müşaviri Andrey Valentinov demişdir ki, Azərbaycan ilə çox uğurlu əməkdaşlığa başlamışıq. Bu ölkədə mükəmməl miqrasiya idarəetmə sistemi yaradılmışdır. O, həmçinin Aİ ölkələrinin miqrasiya sahəsində təcrübəsindən, həyata keçirilən siyasətdən, görülən işlərdən danışmışdır.
MSİBM-in əlaqələndiricisi, layihə rəhbəri Oleq Kiritsa layihə barədə məlumat vermiş, yüksək səviyyəli beynəlxalq ekspertlərin (Niderland, Belçika) iştirakı ilə üç günlük treninqin miqrasiya orqanları əməkdaşlarının işinə böyük töhfə verəcəyinə əmin olduğunu bildirmişdir.
Təlimdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Dövlət Miqrasiya və Sərhəd xidmətlərinin əməkdaşları iştirak edirlər.
Noyabrın 24-dək davam edəcək təlimin sonunda iştirakçılara ixtisaslaşmış kurs üzrə sertifikatlar təqdim olunacaqdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.