Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra inkişaf etmiş dövlətlərlə əlaqələr qurmağı və əməkdaşlıq etməyi prioritet vəzifə kimi qarşıya qoymuşdu. Dövlətimizin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində həm nüfuzlu beynəlxalq qurumlar, həm də dünyada sayılıb-seçilən demokratik dövlətlərin Azərbaycanla əməkdaşlığa marağı getdikcə artdı. Ulu öndər Heydər Əliyev və möhtərəm Prezidentimiz İlham Əliyevin xarici ölkələrə səfərləri zamanı imzaladıqları sənədlər Azərbaycanın beynəlxalq aləmdə əlaqələrini daha da genişləndirdi.
Azərbaycanın Avropaya və dünya birliyinə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verirdi. Ölkəmizlə əməkdaşlıq etmək marağında olan dövlətlərin sayı getdikcə artırdı. Müstəqil dövlətimiz Mərkəzi və Şərqi Avropa dövlətləri ilə əlaqələrə xüsusi önəm verirdi. Bunun əsas səbəblərindən biri bu dövlətlərin oxşar daxili problemlərlə üzləşməsi idi. Sosializm quruluşunun hökm sürdüyü Mərkəzi və Şərqi Avropa dövlətlərinin çoxunda 1990-cı illərin əvvəllərində həyata keçirilən daxili siyasət və iqtisadi islahatlar özünün bir çox xüsusiyyətləri və prinsipləri ilə həmin vaxtlarda Azərbaycanda görülən işlərə çox bənzəyirdi. Əsas strateji xətti demokratik, hüquqi dövlət quruculuğu, sərbəst iqtisadi münasibətlərə keçid olan Mərkəzi və Şərqi Avropanın bir sıra dövlətlərində həyata keçirilən islahatların başlıca prinsipləri və taktiki gedişləri Azərbaycan üçün təcrübə rolunu oynayırdı. Bu ölkələrdə həyata keçirilən daxili siyasət və islahatlar prosesində nəzərə alınan və rəhbər tutulan əsas amil bu və ya digər şəkildə Azərbaycanda da öz əksini tapırdı. Azərbaycanda həyata keçirilən məntiqli daxili və xarici siyasət, uğurlu islahatlar, demokratik prinsiplərin inkişafına xüsusi önəm verilməsi digər dövlətlər kimi, Mərkəzi və Şərqi Avropa dövlətlərinin Azərbaycana olan marağının artmasına, həmçinin ölkələr arasında dost münasibətlərin yaranmasına rəvac verdi. Ölkəmizin sürətli inkişaf yoluna qədəm qoyması, iri infrastruktur layihələrin reallaşdırılmasında qətiyyətli addımları dünya birliyindəki mövqelərimizi daha da möhkəmləndirdi. Ölkəmizdə rəsmi səfərdə olan xarici dövlətlərin rəhbərləri və nümayəndələri də bu inkişafı yüksək dəyərləndirirlər. Məsələn, bu yaxınlarda Azərbaycanda rəsmi səfərdə olmuş Macarıstan Respublikasının Prezidenti Pal Şmitt demişdir ki, Azərbaycanın müstəqillik dövründə əldə etdiyi nailiyyətləri Avropadakı ölkələrin qazanması üçün bəlkə də 100 il lazım olardı.
Bu günlərdə Azərbaycanda rəsmi səfərdə olmuş Bolqarıstan Prezidenti Georgi Pırvanov da ölkəmizin inkişafından məmnunluq ifadə etmişdir. Ümumiyyətlə, Azərbaycanla Bolqarıstan arasında dostluq və qardaşlıq münasibətləri davamlı olmuş, iki ölkə arasında əməkdaşlıq yüksələn xətt üzrə inkişaf etmişdir. Hələ 1995-ci ilin iyun ayında Prezident Heydər Əliyevin Bolqarıstana rəsmi səfəri zamanı "Azərbaycan Respublikası ilə Bolqarıstan arasında dostluq və əməkdaşlıq haqqında" müqavilə imzalanmışdır. Bu müqavilədən sonra ölkələr arasında iqtisadi və mədəni sahələrdəki əlaqələrdə yeni mərhələnin əsası qoyuldu. Həyata keçirilən siyasətin ardıcıllığı, iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər Bolqarıstan-Azərbaycan əməkdaşlığını daha da möhkəmləndirdi.
Ulu öndərin siyasi kursunu böyük müvəffəqiyyətlə həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyev xarici siyasət xəttində Mərkəzi və Şərqi Avropa dövlətləri ilə əməkdaşlığı daim diqqət mərkəzində saxlamışdır. 2004-cü ildə Bolqarıstan Prezidenti Georgi Pırvanovun Azərbaycana və Azərbaycan Prezidenti İlham Əliyevin Rumıniyaya rəsmi səfərləri, keçirilən görüşlər, imzalanmış dövlətlərarası və hökumətlərarası sənədlər qarşılıqlı əməkdaşlığı sıx tellərlə bağlamışdır. Avropaya inteqrasiya xəttinin intensivləşməsi istiqamətində Prezident İlham Əliyevin 2005-ci il sentyabrın 23-24-də Bolqarıstana rəsmi səfəri böyük əhəmiyyət kəsb edirdi. Dövlət başçımızın bu səfər çərçivəsində Bolqarıstanda keçirdiyi yüksək səviyyəli görüşlərdə iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi məqsədilə iqtisadi, mədəni, humanitar imkanlardan hərtərəfli istifadə olunması məsələləri ətraflı müzakirə edilmişdir. Azərbaycan və Bolqarıstanın dövlət başçılarının imzaladıqları birgə bəyannamədə, həmçinin "Avropa və Avratlantik inteqrasiyası sahəsində əməkdaşlıq haqqında Memorandum"da hər iki dövlətin beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanılmasında və iki ölkə arasında hərtərəfli əlaqələrin intensivləşməsində maraqlı olduğu öz əksini tapmışdır. Bununla yanaşı, hər iki ölkənin beynəlxalq terrorizm və digər qlobal təhlükələrdə birgə mübarizə aparması məqsədəmüvafiq hesab edilmişdir.
Göründüyü kimi, Bolqarıstanla Azərbaycan arasında dostluq münasibətləri və qarşılıqlı əməkdaşlıq uzun müddətdir ki, davam edir. Son on ildə Bolqarıstan və Azərbaycan prezidentləri demək olar ki, hər il görüşüblər. Bu görüşlər Bolqarıstan-Azərbaycan əməkdaşlığını daha da möhkəmləndirib. Son illər ərzində ikitərəfli münasibətlər yeni mərhələyə yüksəlmişdir. Azərbaycan Prezidenti iki ölkə arasındakı əlaqələrin çox sürətlə və uğurla davam etdiyini diqqətə çatdıraraq demişdir: "Bizim təmaslarımız mütəmadi xarakter daşıyır və Bolqarıstan-Azərbaycan əməkdaşlığının inkişafı üçün bu əlaqələr çox vacibdir. Müzakirə etdiyimiz məsələlər sonradan qərarlara çevrilir və əməkdaşlığımızın inkişafı üçün müsbət rol oynayır. Son illər ərzində ikitərəfli münasibətlərimiz yeni pilləyə qalxmışdır, siyasi əlaqələr çox yüksək səviyyədədir. Biz bütün beynəlxalq təşkilatlarda da uğurla əməkdaşlıq edirik. Siyasi əlaqələrimizin inkişafı sahəsində və digər sahələrdə də inamlı inkişafa nail ola bilmişik".
Bolqarıstan Prezidenti Georgi Pırvanov da Azərbaycanla əməkdaşlıqdan böyük razılıq hissi ilə söhbət açdı. İki ölkə arasındakı siyasi dialoqun digər sahələrə də müsbət təsir etdiyini vurğuladı. Bolqarıstan Prezidenti dedi ki, hər iki ölkənin işgüzar dairələri nəinki ticarət dövriyyəsinin artmasına hazırdır, aparılan danışıqlar birgə müəssisələrin yaradılmasına da zəmin olacaq. Bu müəssisələr gələcəkdə üçüncü ölkələrin bazarlarına da çıxacaqlar. Enerji sahəsi iki ölkə arasında münasibətlərin çox mühüm sahəsi olaraq qalır. Məlumdur ki, artıq Azərbaycanın enerji resursları Avropaya ixrac edilir. Azərbaycan nefti Avropa ölkələrinə, o cümlədən Bolqarıstana daha böyük miqdarda ixrac edilir. Eyni zamanda, Azərbaycan qazını Avropa bazarına çatdırmaq üçün ölkəmiz qarşısında yeni imkanlar açılmışdır. Bolqarıstanla Azərbaycan arasında qaz sahəsində əlaqələrin daha intensiv olacağı və bu əlaqələrin getdikcə dərinləşəcəyi gözlənilir.
Təbii ki, Bolqarıstan Prezidenti bütün bunları yüksək dəyərləndirdi və enerji sahəsindəki münasibətlərin Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərə də təsir göstərdiyini vurğuladı. Prezident Georgi Pırvanov bu məsələyə münasibət bildirərkən dedi: "Son illər ərzində Azərbaycanın apardığı iş "Cənub" qaz dəhlizi üçün yeni imkanlar və perspektivlər açır. Bolqarıstan isə öz növbəsində özünəməxsus mövqe tutur və bu münasibətlər çərçivəsində müsbət amil rolunu oynayır. Əslində isə biz çalışırıq ki, hətta əlaqələrimizi Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərdən daha çox inkişaf etdirək".
Bolqarıstan Prezidenti iki ölkə arasındakı münasibətlərin uzun tarixə malik olduğunu diqqətə çatdırdı və dedi ki, ölkələrimiz arasında olan münasibətlərin inkişaf modeli bir çox digər ölkələrin münasibətlərinə də şamil edilə bilər. Qeyd etdi ki, ən vacibi isə odur ki, dost münasibətlərimiz, həmçinin işgüzar münasibətlərə də çevrilibdir: "Bu baxımdan əməkdaşlığımız məhz real məzmunla zəngindir və bu, bizim hər iki tərəfin arasında olan münasibətlərin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir".
Azərbaycan-Bolqarıstan münasibətlərinin gələcəyinə nikbinliklə yanaşdığını qeyd edən Georgi Pırvanov Prezident kimi bu münasibətlərin daha da inkişaf etdiriləcəyinə çalışacağını bildirdi. O dedi ki, Azərbaycan çox mühüm bir elementdir və bu, bizim formalaşdırdığımız demokratik dövlətlər və xalqlar arasında olan mühüm bir element və təhlükəsizliyin qlobal şəkildə təmin edilməsində mühüm amildir. Çünki bizim qarşımızda duran çağırışlar eynidir. Bu, həm Avropa İttifaqı, həm də ona qonşu, tərəfdaş olan ölkələr üçün vacibdir. Ona görə də biz çalışmalıyıq ki, daha müasir üsullarla birgə fəaliyyət göstərək.
Bolqarıstanın dövlət başçısının Azərbaycana səfəri zamanı ən çox yaddaqalan məqamlardan biri də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun "Heydər Əliyev" ordeni ilə təltif olunması idi. Eyni zamanda, Georgi Pırvanov da Bolqarıstan Respublikasının ali mükafatını - "Stara Planina" ordenini dövlətimizin başçısına təqdim etdi. Bolqarıstan Prezidenti bu ali mükafatı təqdim edərkən dedi: "Burada şəxsən Sizin qarşınızda bəyan etmək istəyirəm ki, Bolqarıstanda mövcud olan bütün təsisatlar, Bolqarıstan cəmiyyəti Sizi bolqar xalqının ən yaxın dostu hesab edir.
Bolqarıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Azərbaycan-Bolqarıstan sənədləri də imzalanmışdır. İki ölkə arasında imzalanmış sənədlər qarşılıqlı münasibətlərin sıx tellərlə bağlanmasına hüquqi baza yaradacaq. Bu sənədlər Azərbaycanla Bolqarıstan arasında hərtərəfli əməkdaşlığın inkişafında böyük rol oynayacaq, dostluq əlaqələrinin daha da möhkəmlənməsinə müsbət təsir göstərəcək.
{nl}
Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.