Şriftin ölçüsü:
22.11.2011 02:40 | Oxunma sayı: 597
Son illər ərzində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları Departamenti tərəfindən sərnişinlərə göstərilən xidmət mədəniyyətinin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilməkdədir.
Dünən ölkə daxilində və ölkədən kənara hərəkət edən sərnişin qatarlarına gediş biletlərinin internet şəbəkəsi vasitəsilə "online" rejimində bilet satışına başlanması münasibətilə yeni xidmətin təqdimatı keçirildi. Tədbiri "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov açaraq son illər dəmir yolunda aparılan yenidənqurma və islahatlardan danışdı. Qeyd olundu ki, ölkə başçısı İlham Əliyevin sərəncamı ilə qəbul olunmuş "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" uğurla icra olunur. Hazırda Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr dəmir yolu yenidən qurulur. Sərnişinlərə bilet satışını internet vasitəsiylə həyata keçirmək üçün işlər başa çatdırılmış, artıq onlar dəmir yolu vağzalına gəlmədən bilet ala biləcəklər. Bu işlərdə əsas məqsədimiz vətəndaşların sərnişin qatarlarına bilet almaq imkanlarını yaxşılaşdırmaq, onlara göstərilən mədəni xidmət səviyyəsini yüksəltmək və dəmir yolunda avtomatlaşdırılmış bilet satışı sisteminin tətbiqini daha da gücləndirilmək məqsədi daşıyır.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin məlumat-hesablama mərkəzinin rəis müavini Əfqan Məmmədov yeni sistem haqqında toplaşanlara məlumat verdi. Bildirildi ki, bu sistemlə sərnişinlər kassaya yaxınlaşmadan, www.railway.gov.az saytının "online bilet" bölməsinə daxil olmaqla, "online" rejimi ilə istənilən qatara gediş sənədi (bilet) almaq üçün sifariş edib, plastik kart vasitəsilə gediş dəyərini ödəyə biləcəklər. "Online" rejimi ilə gediş sənədi (bilet) üçün sifarişlər qatarın hərəkətə başlamasına 2 saat qalanadək aparılacaqdır. Qeyd olunanları nəzərə alaraq, anlaşılmazlıq olmasın deyə www.railway.gov.az internet saytında sifarişlərin sənədləşməsi və gediş sənədlərinin alınması qaydaları ilə tanış olmaq və vaxtında sifarişi biletlə əvəzləndirmək lazımdır. Qeyd edək ki, "online" rejimdə qatar, gediş tarixi, təyinat stansiyası barədə məlumatların daxil edilməsinə istifadəçi məsuliyyət daşıyır. Vətəndaş qatarın yola düşməsinə 1 saat qalanadək sifarişini və ya şəxsiyyətini təsdiq edən sənədi bilet kassasına təqdim etməklə gediş üçün bilet alacaqdır.
Qatarlara minik gediş sənədi (bilet) və gediş sənədində (biletdə) qeyd edilən məlumatları təsdiq edən sənəd, yəni şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılacaqdır. Sonda əyani şəkildə internet vasitəsiylə ilk biletin satışı nümayiş etdirildi.
Axırda rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov yeni xidmətin yaradılması münasibətilə dəmiryolçuları təbrik etdi. Qeyd olundu ki, gələn il ölkəmizdə keçiriləcək "Eurovision-2012" yarışmsı ilə bağlı elektron xidmətlərə keçid vacibdir və bu istiqamətdə işlər bütün ölkədə davam etdirilir.
Sərnişin Daşımaları Departamentinin rəisi Elyar Muradov isə bildirdi ki, sərnişinlər tərəfindən istifadə olunmayan bilet şəxsiyyətini təsdiq edən sənədlə birlikdə dəmir yolu kassasına vaxtında təqdim olunduqda geri qaytarılma əməliyyatı aparılır. Geri qaytarılma qaydalarının müddətindən asılı olaraq qaytarılacaq məbləğ gediş sənədinə (biletə) görə ödənilmiş bank kartına beynəlxalq ödəmə sistemi qaydalarına müvafiq olaraq sənədləşmənin aparıldığı andan 7 təqvim günündən 30 təqvim gününədək qaytarılır.
Geri qaytarma əməliyyatının yerinə yetirilməsi zamanı servis xidmətləri sərnişinə tam qaytarılır və ölkədaxili istiqamətdə 0.60 AZN, beynəlxalq istiqamətdə 2.00 AZN geri qaytarma əməliyyatının sənədləşməsinə görə əlavə pul tutulur. Bu zaman gediş sənədinin (biletin) alınmasına görə əvvəlcədən ödənilən komisyon yığım pulları sərnişinə qaytarılmır.
Ümid edirik ki, yeni sistemin tətbiqi sərnişinlərin bilet alması zamanı vaxtına qənaət etməsinə şərait yaradacaq, kassalarda növbə gözləməsinə son qoyacaq.
{nl}
Qabil YUSİFOĞLU, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.