Qiymətli tədqiqat əsəri

Ölkəmizdə və beynəlxalq aləmdə baş verən mühüm ictimai-siyasi dəyərə malik yeniliklərlə tanışlıq üçün ilkin və ən etibarlı mənbə, şübhəsiz ki, kütləvi informasiya vasitələridir. Bu da təsadüfi deyil. Unutmaq olmaz ki, zaman etibarilə onların ilkini, ən qədimi sayılan mətbuat orqanları, o cümlədən "Leypsiq saytunq", "Vedomosti", "Əkinçi" kimi qəzetlər ilk növbədə məhz vacib yenilikləri əldə etmək, onları müvafiq qurumlara, xalqa çatdırmaq, sistemli şəkildə yaymaq ehtiyacından yaranıb. Belə bir fikrin təsdiqini elə ilk milli mətbuatımız olan "Əkinçi" qəzetinin şöbələrinin adlarından da görmək olar. Onların əksəriyyətində xəbər sözünün olması da deyilənin inandırıcılığı, təsdiqi mənasında əhəmiyyətlidir.
Lakin o vaxtlardan, xüsusən, mühüm xəbərlərin ayrı-ayrı şəxslər, çarcılar tərəfindən əhaliyə çatdırılmasından bizi uzun əsrlər ayırır. İnformasiya əsri adlandırdığımız dövrümüzdə məna və mahiyyətindən, qəlbimizdə oyadacağı ovqatdan asılı olmayaraq dünyanın hər hansı ölkəsində baş verən yeniliklərdən əlüstü hali oluruq. Məsələn, 2001-ci il sentyabr ayının 11-də Amerika Birləşmiş Ştatlarında baş vermiş məlum və məşum terror hadisəsindən bütün xalqlar əlüstü xəbər tutmuşdu. Necə, hansı yollarla? Təbii ki, televiziya kanallarının, radionun öz verilişlərini dərhal dayandırıb, həmin informasiyanı təcili şəkildə bəyan etməsi vasitəsi ilə.
Gündən-günə qloballaşan zəmanəmizdə kütləvi informasiya vasitələri sistemində informasiya agentliklərinin yeri, rolu xüsusilə mühümdür və bu əlamət bilavasitə onun öz quruluşundan, qarşısında qoyulmuş məqsəd və vəzifələrdən irəli gəlir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AzərTAc-ın yaradılmasının 90 illik yubileyi ilə əlaqədar keçirilmiş tədbirdə söylədiyi kimi "Ölkələr və xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində informasiya agentliklərinin, kütləvi informasiya vasitələrinin fəaliyyətindən çox şey asılıdır. Həqiqi məlumatın vaxtında verilməsi operativ qərarların qəbulunda, proseslərin düzgün şərh edilməsində, ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrin qurulmasında mühüm rol oynayır".
Müxtəlif informasiya agentlikləri, o cümlədən AzərTAc belə bir mühüm funksiyanı həm də digər sahələri - televiziya və radionu, qəzet və jurnalları hər cür yeniliklərlə ardıcıl, sistemli və operativ şəkildə təmin etmək yolu ilə həyata keçirir. Bu sahədə təşkilatın tarixi təcrübəsi, zəngin ənənələri vardır. Bunu gündəlik müşahidələrdən, müvafiq mənbələrlə tanışlıqdan bəziləri xeyli dərəcədə yaxşı bilir. Onların sırasına artıq biri də əlavə olunub. Belə ki, təşkilatın baş direktoru Aslan Aslanovun "Müasir dünyanın informasiya şəbəkəsində AzərTAc-ın yeri; təşəkkül tarixi və inkişaf mərhələləri" adlı kitabını "Şərq-Qərb" nəşriyyatı 1000 sayda, gözəl bədii və texniki tərtibatda, zövqlü poliqrafik icrada bizə çatdırıb. Bu isə oxucuya, o cümlədən konkret sahəyə maraq göstərən hər kəsə daha etibarlı, yeni, mükəmməl məlumatlarla biliyini zənginləşdirmək imkanı verib.
Bəli, Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu Elmi Şurasının qərarı ilə nəşr olunmuş həmin kitab Azərbaycan, türk, rus, ingilis, fransız dillərində nəşr olunmuş ədəbiyyatın, internet saytlarının məlumatları ilə son dərəcə zəngindir. Lakin qabaqcadan xatırladaq ki, belə bir zənginlik onlardan istifadə sahəsində müəllifi əsla aludəçiliyə gətirib çıxarmayıb. Çünki o, etibarlı və zəruri məxəzlərdən, şübhə doğurmayacaq faktlardan yalnız öz məqamında - fikir və mülahizələrinin doğruluğunu sübuta yetirmək, əsaslandırmaq üçün istifadə edib. Deməli, belə bir təhlil prosesində ön planda bilavasitə o özü apardığı araşdırmalar, çıxardığı nəticələrdir. Həmin nəticələr isə son dərəcə məzmunlu və məntiqli olduğu üçün bizi tam qane edir, heç bir şəkk-şübhə yaratmır.
Mövzunun əsaslandırılmasına, araşdırma səbəblərinə həsr olunmuş "Giriş" hissəsindən sonra get-gedə daha sürətlə qloballaşan dünyada informasiya axınından, müasir informasiyanın işlənilmə və yayılma problemlərindən bəhs edən birinci fəsildə həyatımızda informasiyanın əhəmiyyəti və onun mübadiləsinin vacibliyindən, informasiyaya tələbatın ödənilməsində mətbuatın və xəbər agentliklərinin rolundan, informasiya mənbələrindən, onun əldə edilməsi və yayılması sahəsində qarşıya çıxan problemlərdən, çətinliklərin necə, hansı üsul və vasitələrlə aradan qaldırılması yollarından bəhs olunur.
Müəllif haqlı olaraq yazır ki, tarixi inkişafın yeni mərhələsində iqtisadiyyatın və sosial həyatın əsas resurslarından biri də informasiyadır. Məhz həmin səbəbdən o, xüsusilə bizim zəmanəmizdə "çox baha qiymətə satılan, mübadilə edilən və kifayət qədər etibarlı vasitələrlə qorunan məhsuldur. Digər resurslardan fərqli olaraq informasiya maddi sərvətlərin elə toplusudur ki, ...heç vaxt tükənmir, əksinə, getdikcə daha da artır, işləndikcə köhnəlmir, keyfiyyətcə yeniləşir, eyni zamanda, ondan təbii əmtəə növlərindən səmərəli faydalanmaqda, onların qorunmasında, yenilərinin yaranmasında istifadə edilir. Çünki informasiyanın ehtiva etdiyi elmi və təcrübi biliklər olmadan təbii sərvətlərin hazırlığı, emalı və bazara - istehlakçıya çatdırılmasının yeni üsullarını yaratmaq mümkün deyildir".
Sonra isə müəllif onun başqa bir səciyyəvi xüsusiyyətini - mühüm üstünlüyünü yada salaraq yazır ki, maddi sərvətlərlə bağlı sövdələşmələr rəqabət doğurduğu halda, informasiya mübadiləsi əməkdaşlığı daha da möhkəmləndirir və burada meydana çıxan rəqabət yalnız "intellektual mahiyyət daşıyır. Bu mənada informasiya elə sərvətdir ki, onu təəssüflənmədən başqaları ilə bölüşmək olar. İnformasiya istehsalı və istehlakının digər üstün xüsusiyyəti də vardır: maddi sərvətlərin istehsalı və istehlakı ətraf mühitə ciddi ziyan vurduğu halda informasiyadan istifadə texnogen təhlükə doğurmur, eyni zamanda, insanlarda ekoloji bilikləri artırır, təbiət haqqındakı təsəvvürlərdəki qeyri- müəyyənliyə aydınlıq gətirir".
Haqqında danışmaqdansa bilavasitə kitabdan, həm də bir qədər ətraflı şəkildə sitat gətirib, nümunələrə müraciət etməyimiz təsadüfi deyil. Əksinə, bu, bir növ, əyanilik naminədir, məlum olduğu kimi, hər bir əlyazmasının, çap, nəşr məhsulunun dəyəri ilk növbədə mövzunun qiymətləndirilməsindən başlayır və burada böyük bir həqiqət var. Çünki tərbiyəvi əhəmiyyətə, ictimai dəyərə malik mövzuların seçilməsi sənətkarlığın başlanğıcından xəbər verir. Ancaq bu, hələ hər şey demək deyil, işin yalnız əvvəlidir. Başqa sözlə demiş olsaq, müvəffəqiyyəti təmin edən həm də sonrakı mərhələlər - həmin o gözəl mövzunun kimin tərəfindən, hansı səviyyədə - ötəri şəkildə, yoxsa böyük məsuliyyət hissi ilə yazılmasıdır. Məhz belə bir məqamda çörəyin çörəkçiyə verilməsi barədə müdrik atalar sözü yada düşür.
Haqqında danışdığımız əsərdə bütün zəruri keyfiyyətlər nəzərə alınıb. Adından da göründüyü kimi, kitab dünya informasiya şəbəkəsində AzərTAc-ın yerinə, onun yaranması və təşəkkül tarixinə, inkişaf mərhələlərinin dövrlə, zamanla, ictimai-siyasi şəraitlə bağlı şəkildə araşdırılmasına həsr olunub. Bu mənada məsələyə birbaşa həmin mətləblərdən də başlamaq olardı. Həm də bu, nisbətən asan idi. Lakin müəllif əvvəlcə informasiyanın mahiyyəti, məxəzi və məsuliyyəti, onun əldə olunması, yayılması sahəsində əlaqədar qurumların vəzifələri barəsində birinci fəsildə mükəmməl məlumat verməyi, bu barədə hər birimizdə geniş təsəvvür yaratmağı vacib sayıb. Onun işə bələdliliyi, erudusiyası, mövzuya baxış nöqtəsinin dərinlik və əhatəliliyi elə buradan da aydın görünür.
Növbəti fəsillərdə AzərTAc-ın yarandığı tarixi şərait, keçdiyi inkişaf mərhələləri, bu günkü tərəqqi üçün təməl, ilkin baza rolunu oynamış meyarlar, informasiya toplamaq, onu operativ şəkildə yaymaq sahəsindəki tərəqqi, həmçinin AzərTAc-ın xarici əlaqələrinin formalaşması və inkişafı, onun dünya məkanındakı rolu məsələlərindən bəhs olunur, müasir mərhələdəki iş üsullarından söhbət açılır. Məhz belə bir inkişaf yolunun ardıcıl və inandırıcı şəkildə - təkzibolunmaz sübut və dəlillərlə işlənilməsi nəticəsində əldə olunmuş nailiyyətlər, o cümlədən AzərTAc-ın dünya miqyasında əlaqələrinin get-gedə daha sürətlə artması, onun bəzi beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, 25 ölkənin aparıcı agentlikləri ilə əməkdaşlıq əlaqələri qurması, 17 ölkədə nümayəndəliyinin fəaliyyət göstərməsi, həmçinin Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının, Avropa Xəbər Agentlikləri Alyansının və bir sıra digər əlaqədar nüfuzlu təşkilatların üzvü olması bizə gərgin və səmərəli əməyin məntiqi və qanunauyğun nəticəsi kimi təbii görünür.
Ayrı-ayrı fəsillər təhlilin xüsusiyyəti baxımından da fərqlidir. Məsələn, birinci fəsildə elmi-nəzəri müddəaların şərhi tez-tez mötəbər mənbələrə müraciəti zəruri edib. Növbəti fəsillərdə isə belə bir əlamət əldə olunmuş nailiyyətlərin inikasının sübutu baxımından öz yerini konkret nümunələrə, inandırıcı, təkzibolunmaz faktlara verməli olub. Oxucuda yəqinliyin, mütləq həqiqətin hasili mənasında onların hər ikisi eyni dərəcədə əhəmiyyətli və zəruridir.
Yaxud, başqa misallara müraciət edək. Növbəti fəsillərdə verilən cədvəllər inkişafın vüsəti, dinamikası haqqında təsəvvürümüzü əyaniləşdirir. Publisistika, onun janrları barəsindəki fikirlər oxucuda böyük maraq doğurur. Elə kitabın xüsusi müvəffəqiyyəti də ayrı-ayrı fəsillərin, bölmələrin mükəmməlliyindən, rabitəli şəkildə işlənilməsindən irəli gəlib. Belə bir mükəmməllik isə oxucuda qanuni iftixar hissi doğurur. O da ürəkdən inanır ki, əldə olunmuş nailiyyətlər" ölkəmizin rəsmi xəbər agentliyinə Azərbaycan həqiqətlərinin dünyada daha geniş yayılması, onun daha yaxşı tanıdılması, AzərTAc-ın özünün informasiya məkanında mövqeyinin möhkəmləndirilməsi baxımından" yeni və daha böyük imkanlar açır.
Ümumiyyətlə, mövzu baxımından əhəmiyyətli və əhatəli, təhlil cəhətdən dərin olan əsərdə bir çox məsələlər ovuc içi kimi aydın görünür. Məlum səbəb üzündən haqqında danışılmayan, ancaq nailiyyətlərin qazanılmasında mühüm rol oynayan bir amil də var. O da hansıdır? Müəllifin - AzərTAc-ın baş direktorunun özünün bu sahədəki rolu, fədakarlığı. Ədalət naminə bu barədə də müəyyən fikir söyləmək lazım gəlir.
Müəllifin həyatı və fəaliyyəti ilə tanış olanlar bilirlər ki, Aslan Aslanov 1975-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Əvvəlcə bir müddət Ağcabədi, Zərdab, İmişli rayon qəzetlərində, "Xalq qəzeti"ndə çalışıb. 1992-ci ildən isə taleyini bütünlüklə AzərTAc-la bağlayıb. 2002-ci ildən onun baş direktorudur. Təşəbbüskarlığı, əməyi, onun səmərəli nəticəsi layiqincə qiymətləndirilib. "Əməkdar mədəniyyət işçisi" adına, "Tərəqqi" medalına, "Vətənə xidmətə görə" ordeninə, "Şöhrət" ordeninə və bir sıra başqa mükafatlara layiq görülüb. Bütün bunların hamısı, demək olar ki, AzərTAc-dakı xidmətlərinin bəhrəsidir.
Nəhayət, başqa bir dəyər barədə.
Kitabda onun jurnalistlər, tarixçi və politoloqlar, ali məktəb tələbələri üçün nəzərdə tutulsa da, geniş oxucu auditoriyası üçün də faydalı və maraqlı olacağı göstərilib. Bu, doğrudur. Ancaq orasını da qeyd edək ki, həmin kitab tələbələrimizlə yanaşı, biz müəllimlərə də qiymətli və gərəkli bir töhfədir. Buradan da dialektikanın təzahürü, əlaməti meydana çıxır; keçən əsrin yetmişinci illərinin birinci yarısında biz Aslan Aslanovun özünə respublikamızda kütləvi informasiya vasitələrinin, o cümlədən Azərbaycan Dövlət Teleqraf Agentliyinin yaranması və fəaliyyətindən danışır, bu sahələri ona sevdirməyə çalışırdıq. İndi isə özü belə bir qiymətli töhfə ilə görüşümüzə gəlib, yəni "borcunu" artıqlaması ilə qaytarmış olub.
Lakin həmin kitabdan istifadənin miqyası hələ bir qədər də genişdir. Tarixdə ikinci dəfə müstəqilliyimizi əldə etdikdən sonra özəl kütləvi informasiya vasitələrinin, o cümlədən informasiya agentliklərinin yaranma prosesi başlayıb və onların sayı get-gedə artmaqdadır. Hər biri də, böyük rus yazıçısı F.M.Dostoyevskinin məşhur ifadəsi ilə demiş olsaq: AzərTAc-ın "şinelindən çıxıb". Odur ki, qazanılan zəngin təcrübə, mütərəqqi ənənələr, onları küll halında özündə ehtiva edən kitab əvəzsiz və çox qiymətli mənbə rolunu oynayır.
Bütün bunlar isə tədqiqat əsərinin dəyərini daha da artırmış olur.

{nl}

Mahmud MAHMUDOV, Bakı Dövlət Universiteti jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının dosenti

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında