Ölkəmizdə ziyalılara olan münasibətin, elm, təhsil, mədəniyyət xadimlərinə və yaradıcı insanlara göstərilən qayğının miqyası barədə təsəvvür yaratmaq üçün uzağa getməyə ehtiyac yoxdur. Ötən əsrin 70-80-ci illərini yada salmaq, həmin dövrdə Azərbaycan elminin və təhsilinin tərəqqisi üçün atılan addımları xatırlamaq kifayətdir. Bu gün üzdə olan ziyalılarımızın böyük əksəriyyəti məhz həmin illərdə yetişib, ərsəyə gəlmiş insanlardır. Müstəqil dövlətimizin bütün qurumlarında çalışanların əksəriyyəti həmin illərdə oxuyub ali təhsil almış milli kadrlardır. Eləcə də keçmiş SSRİ respublikalarındakı Azərbaycan diasporunun ziyalı zümrəsi məhz ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin ali təhsil almaq üçün müxtəlif respublikalara göndərdiyi insanlardan formalaşmışdır.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa edəndən, daha doğrusu Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra da milli ziyalı ordumuz daim xüsusi diqqət və qayğı ilə əhatə olunmuşdur. O qədər də uzaq tarix olmadığına görə hamıya yaxşı məlumdur ki, ulu öndər Ali Sovetin sədri seçiləndən dərhal sonra ölkənin gənclər təşkilatlarının təmsilçiləri ilə, prezident seçiləndən sonra isə birinci elm xadimləri ilə - ziyalılarla görüşmüşdür. Ulu öndərin bütün siyasi fəaliyyəti dövründə ən çox sadiq qaldığı ənənə də məhz dövri olaraq ziyalılarla görüşməsi, elm, təhsil xadimlərinin, yaradıcı insanların bütün problemləri ilə yaxından maraqlanması idi.
Xalqın və xüsusən, Azərbaycan ziyalılarının xoşbəxtliyidir ki, ümummilli liderimizin uzun illər davam etdirdiyi həmin tendensiyanı bu gün Prezident İlham Əliyev yaşadır və inkişaf etdirir. Bütün bunlar ən xırda detallarına qədər hər bir soydaşımıza məlum olduğuna görə konkret faktlar üzərində dayanmaq istəmirik. Ancaq onu xatırlatmaq istəyirik ki, Prezident İlham Əliyev Azərbaycan gəncliyinin savadlı, bilikli, intellektual səviyyədə yetişməsi üçün dövlətin ata biləcəyi bütün addımları maksimum şəkildə reallaşdırır. Yada salaq, 2004-cü ilin əvvəlindən bəri ölkənin təhsil sisteminin təkmilləşdirilməsi məqsədiylə 16 Dövlət Proqramı təsdiq olunub və onların bir çoxu uğurla başa çatdırılıb. Qalanları isə icra olunur. Hər il 500 tələbənin xaricdə dövlət vəsaiti hesabına təhsil almasını təmin edən xüsusi proqram da MDB məkanında ancaq Azərbaycanda icra olunur. Dövlət büdcəsindən vəsait ayrılması zamanı ordu quruculuğundan sonra ikinci yerdə təhsil sektorunun olması da qonşu ölkələr üçün əlçatmaz bir məqamdır. Bütün bunların isə bir adı var: Azərbaycanda milli ziyalılıq ənənələrimizi müasir standartlar səviyyəsində yaşada biləcək yeni ziyalı ordusunun formalaşdırılması. Yəni ziyalı sözü və ziyalının özü daim Azərbaycan dövlətinin və dövlət başçımızın diqqət mərkəzindədir.
Bir daha xatırladırıq, bütün bunları Azərbaycan cəmiyyətində hamı çox yaxşı bilir. Ancaq təəssüf ki, kiçik bir qrup bu gün Azərbaycanın böyük ziyalılar ordusuna vəkillik etmək, onun adından danışmaq, onu təmsil etmək iddiasına düşüb. Hətta öz iddialarına haqq qazandırmaq üçün bir "Forum" da yaradılmasını bəyan ediblər. Əvvəla, beş-on nəfərin təmsil olunduğu hansısa quruma forum adı verilməsinin özü absurddur. İkincisi, ziyalılar adından danışmaq hüququnu bunlara kim verib?! Bəlkə, ziyalılar qurultayı keçirilib və bizim bundan xəbərimiz yoxdur?! Yox, əgər belə deyilsə, onda nə haqla hamının adından danışırlar? Əlqərəz, gəlin bu toplantıda səsləndirilən məsələlərə diqqət yetirək. "Ziyalılar Forumunun dəyirmi masası" adı altında keçirilən tədbirdə gündəliyə bir məsəyə salınıbmış: "Milli birliyin şərtləri və yolları". Görəsən, həmin soydaşlarımız bu günkü Azərbaycan dövlətinin ölkədə milli birliyə nail olmaq üçün atdığı möhtəşəm addımları nə üçün görməməzliyə vururlar?
Azərbaycan dövlətinin dünyanın istənilən qütbündəki soydaşlarımıza sahib çıxması, dövri olaraq bu məqsədə xidmət edən qurultaylar keçirməsi, diaspor təmsilçilərini Bakıya toplaması, bütün siyasi qurumlarla daim əməkdaşlıq etmək istəyi, müxalif partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi üçün yollar aranması, müvafiq qanun layihəsi hazırlanması istənilən beynəlxalq və yerli tədbirdə cəmiyyətin bütün ictimai-siyasi qütblərinin yüksək səviyyədə təmsil olunması milli birliyə nail olmaq üçün atılan addımlar deyilmi? Bütün bunları etmiş və edən dövlətə 7 nəfərlik bir "forumun" "şərtlər" söyləməsi və "yollar" göstərməsi nə dərəcədə ağlabatandır?
Altı ay əvvəl qəbul etdikləri Vətəndaş Həmrəyliyi Xartiyası adlı sənəddə 7 məsələni qabardan həmin soydaşlarımıza bəzi xatırlatmalar etmək istərdik.
Qeyd olunan 7 məsələdən birincisi eks-prezidentlərin statusunun müəyyənləşdirilməsidir. Siz bu məsələni altı ay öncə öz xartiyanıza daxil etmişdiniz. Ancaq həmin məsələ Milli Məclisin 2011-ci ildə müzakirə olunacaq məsələlərinin sırasına hələ yanvar ayından salınmışdı. İkinci məsələ "geniş siyasi və iqtisadi amnistiya" məsələsidir. Bu məsələnin müasir Azərbaycan həqiqətlərinə hansı dərəcədə dəxli olduğunu qoy sizin yüzlərlə, minlərlə həmkarınız söyləsin. Ölkədəki bütün siyasi partiyalar istənilən seçkidə iştirak edir və az-çox uğur qazanırsa, ölkə iqtisadiyyatının 80 faizə qədəri özəl sektorun əlindədirsə, söhbət hansı siyasi-iqtisadi amnistiyadan gedir? Bəlkə, xırda dələduzluq, müxtəlif cinayətlər üstündə həbs olunmuş kimlərisə yenə də siyasi məhbus adlandırmaq istəyirsiniz? Avropa ekspertlərinin də qeyd etdiyi kimi, Azərbaycanda siyasi məhbus məsələsi yoxdur. Odur ki, siyasi amnistiya iddiası tamamilə əsassızdır.
"İslahatçı hökumət yaradılması" məsələsi deyilən uydurma bir məqam da forumun gündəliyində özünə yer tapır. Beynəlxalq maliyyə təşkilatları və dünya iqtisadiyyatının vəziyyətini dərindən bilən beynəlxalq qurumlar öz hesabatlarında Azərbaycanı "ən islahatçı ölkə", "ən yaxşı biznes mühiti olan ölkə" və sair nominasiyalar üzrə qalib elan edirlərsə, sizin forumda söhbət hansı islahatlardan gedir?
Yaxud, konstitusiya islahatları adlı absurd bir məqama toxunursunuz. Məgər Azərbaycan Konstitusiyası hansısa firqənin və ya qeyri-hökumət təşkilatının nizamnaməsidirmi ki, 7-8 adam oturub ona dəyişiklik etsin? 1995-ci ilin noyabrından sonra Əsas Qanunumuzda iki dəfə ümumxallq səsverməsi (referendum) vasitəsiylə dəyişiklik və əlavələr edilib ki, onların hər ikisini Avropa ekspertləri ölkədə hər kəsin, deməli, həm də müxalif siyasi partiyaların hüquqlarının daha geniş şəkildə qorunması üçün atılan addım kimi qiymətləndiriblər. İndi adı çəkilən forum proporsional-mojaritar seçki sisteminə qayıtmaq arzusunu ifadə edir. Bu arzu ondan irəli gəlir ki, müxalifət partiyalarında seçicilərin səs verdiyi namizəd deyil, partiya rəhbərliyinin arzu etdiyi şəxslər parlamentə düşsünlər. Ancaq avropalılar deyirlər ki, seçici kimə səs veribsə, o seçilsin - yəni seçkilər majoritar qaydada keçirilsin. Ölkənin beynəlxalq öhdəliklərinin yerinə yetirilməsinə gəlincə isə, son illər dünyada gedən ictimai-siyasi proseslər sübut edir ki, beynəlxalq öhdəliklərin yerinə yetirilməsi məsələsində ən intizamlı dövlətlərdən biri məhz Azərbaycandır. Yaxın qonşumuz olan ölkələrə diqqət yetirin. İqtisadi cəhətdən ən geridə qalan Ermənistan nəinki Avropa miqyaslı, heç dünya miqyaslı beynəlxalq təşkilatlar qarşısındakı öhdəliklərinin 5-6 faizini də yerinə yetirmir. Dünyaya demokratiya dərsi keçən bəzi ölkələr BMT və YUNESKO qarşısındakı öhdəliklərinin yerinə yetirilməsini on illərdən bəri təxirə salırlar. Odur ki, bu iddia da tamamilə əsassız və ədalətsizdir.
Hələ bütün bunlar az imiş kimi "forumun" toplantısından sonra da növbəti şoular gündəliyə gətirildi. Guya Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri vəzifəsində çalışan professor Rafiq Əliyev dəyirmi masada iştirakına görə vəzifəsindən azad edilib. Halbuki, bu söhbət hələ mart-aprel aylarından etibarən gündəlikdə idi ki, oktyabr-noyabr aylarında bir çox sahədə çalışan mütəxəssilər üçün yaş senzi tətbiq olunacaq. Rafiq Əliyev AZNA rəhbərliyinin qərarı ilə işdən azad olunmuşdur və burada Azərbaycan dövlətinin təzyiqindən danışmaq xəstə təxəyyülün məhsuludur.
Bir sözlə, Azərbaycanın gündən-günə inkişaf etməsi, beynəlxalq aləmdə nüfuz sahibinə çevrilməsi, həm Şərqin, həm də Qərbin dəyərlərinə istinad edərək qüdrətli bir dövlətə çevrilməsi bəzi gözəgörünməz qüvvələri ciddi şəkildə narahat edir. "Ziyalılar forumu" şousu da məhz həmin qüvvələr tərəfindən ortaya atılmışdır.
{nl}
İttifaq MİRZƏBƏYLİ, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.