Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş (16.11.2011)

Noyabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Qafqaz Universitetlər Birliyinin birinci Beynəlxalq gənclik simpoziumunda iştirak etmək üçün Naxçıvana gələn Türkiyə Cümhuriyyəti Ali Təhsil Şurasının sədri Yusif Ziya Özcanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Ali Məclisin sədri qonaqlara muxtar respublikanın ərazisi, əhalisi, idarəetmə quruluşu, iqtisadiyyatı barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, ölkəmizdə prioritet sahə olan təhsilin inkişafına Naxçıvan Muxtar Respublikasında da xüsusi diqqət və qayğı göstərilir. Hazırda muxtar respublikada Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi, 3 ali təhsil müəssisəsi, 3 kollec, 220 orta ümumtəhsil məktəbi fəaliyyət göstərir. Uğurla həyata keçirilən təhsil islahatlarının nəticəsidir ki, son 20 ildə Naxçıvanda 189 məktəb binası tikilmiş, təhsil ocaqlarının maddi-texniki bazası möhkəmləndirilmişdir.
Ali Məclisin sədri qardaş ölkələrimiz arasında təhsil və elm üzərində qurulan körpülərin daha möhkəm olduğunu bildirərək demişdir ki, yaxın bölgələrdə yerləşən universitetlərlə əlaqələrin inkişafı mühüm əhəmiyyət kəsb edir.
Qeyd olunmuşdur ki, Naxçıvan Dövlət Universiteti Şərq və Avropa universitetləri ilə əlaqələrə malikdir. Naxçıvan Dövlət Universitetinin Azərbaycanda ali təhsil sisteminin daha da inkişaf etdirilməsində, yüksək ixtisaslı kadrların yetişdirilməsində, elmi mühitin formalaşdırılmasında və bütövlükdə regionun tərəqqisində özünəməxsus yeri və rolu vardır. Universitetin məzunları bu gün Azərbaycanda iqtisadi, elmi və mədəni potensialın gücləndirilməsinə layiqli töhfələr verirlər. Muxtar respublikada təhsil sahəsində əldə edilən uğurların, dinamik sosial-iqtisadi və mədəni inkişafın əyani nümunəsi olan Naxçıvan Dövlət Universitetində bu gün 10-dan artıq xarici ölkədən, o cümlədən Türkiyə Respublikasından tələbələr təhsil alırlar.
2009-cu ildə Naxçıvanda Türkdilli dövlət başçılarının zirvə görüşünün keçirildiyini xatırladan Ali Məclisin sədri demişdir ki, həmin görüşdə Naxçıvan bəyannaməsi qəbul olunmuş, Türk dövlətləri universitetləri birliyinin yaradılması qərara alınmışdır. Qafqaz Universitetlər Birliyinin birinci Beynəlxalq gənclik simpoziumunun qədim Naxçıvanda keçirilməsi də muxtar respublikanın həyatında daha bir əlamətdar hadisədir.
Ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün bundan sonra da qarşılıqlı səylərin göstəriləcəyini bildirən Ali Məclisin sədri beynəlxalq tədbirin Naxçıvanda keçirilməsi təşəbbüsünə verdiyi dəstəyə görə Türkiyənin Ali Təhsil Şurasının sədri Yusif Ziya Özcana və Ali Təhsil Şurasının üzvlərinə təşəkkürünü bildirmişdir.
Qafqaz Universitetlər Birliyinin birinci Beynəlxalq gənclik simpoziumunun dünya mədəniyyətinin beşiyi olan Naxçıvanda keçirilməsinin əhəmiyyətini qeyd edən Yusif Ziya Özcan belə tədbirlərin regionda elmin, təhsilin inkişafına, mədəni əlaqələrin yüksəldilməsinə böyük töhfələr verdiyini bildirmişdir. Səmimi qəbula və göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən qonaq Qafqaz Universitetlər Birliyinin birinci Naxçıvan Beynəlxalq gənclik simpoziumunun Azərbaycan-Türkiyə-Gürcüstan tələbə gəncləri arasında yüksək elmi-mədəni münasibətlərin qurulması və inkişafı baxımından əhəmiyyətini qeyd etmişdir.
Türkiyənin Ərdəhan Universitetinin rektoru, professor Ramazan Qorxmaz, Ərzurum Atatürk Universitetinin rektoru, professor Hikmət Koçak Naxçıvanın türk dünyasında özünəməxsus yeri və rolundan danışmış, muxtar respublikada belə mühüm beynəlxalq tədbirlərin keçirilməsinin əlaqələrin inkişafına böyük töhfə olduğunu qeyd etmişlər.
Görüşdə qonaqlar qardaş Türkiyənin Van vilayətində baş vermiş zəlzələdən zərər çəkənlərə Naxçıvandan göstərilən həmrəyliyi qeyd edərək bunun Azərbaycan-Türkiyə dostluq və qardaşlığının daha bir nümunəsi olduğunu bildirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında