Şriftin ölçüsü:
16.11.2011 02:50 | Oxunma sayı: 443
Noyabrın 15-də Milli Məclisin payız sessiyasının növbəti iclası keçirilmişdir. İclasda əvvəlcə "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Konstitusiya Qanununun layihəsi (birinci səsvermə) ikinci oxunuşda müzakirə olunmuşdur.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirmişdir ki, ötən müzakirədən sonra layihədə keçmiş Prezidentin özünün pensiya təminatı, o vəfat etdikdən sonra isə ailə üzvlərinə həmin pensiyanın 50 faizinə bərabər tutulan aylıq müavinətin, həmçinin keçmiş Prezidentə vəzifə maaşının 20 faizi məbləğində təmsilçilik xərclərinin ödənilməsi müddəaları məqbul hesab edilərək olduğu kimi saxlanmışdır. Layihədə keçmiş Prezidentin toxunulmazlığı, təhlükəsizliyi, tibbi təminatı, dövlət hesabına nəqliyyat və sürücü ilə təmin olunması, keçmiş Prezidentə və həyat yoldaşına ömürlük diplomatik pasportun verilməsi, həmçinin rəsmi yazışma sənədlərinin surətlərindən ibarət şəxsi arxivin keçmiş Prezidentin sərəncamında saxlanması da nəzərdə tutulan təminatlar sırasındadır.
Müzakirələrdən sonra bu Konstitusiya Qanununun layihəsi səsə qoyularaq (birinci səsvermə) ikinci və üçüncü oxunuşlarda təsdiq edilmişdir. Bildirilmişdir ki, layihə üzrə növbəti səsvermə altı aydan sonra keçiriləcəkdir.
Sonra Əli Hüseynli "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Konstitusiya Qanununun layihəsini ikinci səsverməyə təqdim etmişdir. Qanun səs çoxluğu ilə qəbul olunmuşdur.
Parlamentin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov "Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında Saziş" barədə məlumat vermişdir. Bildirilmişdir ki, bu sənədin təsdiqi ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafına təkan verəcəkdir. Müzakirələrdən sonra sənəd təsdiq edilmişdir.
Sonra "Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında", "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli 421-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin xüsusi sənədləri haqqında Əsasnamə"də, "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanunlara redaktə xarakterli əlavələr və dəyişikliklər edilmişdir.
İclasda "Elektroenergetika haqqında" və "Qaz təchizatı haqqında" qanunlara da dəyişikliklər edilmişdir. Milli Məclis sədrinin müavini, parlamentin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov dəyişikliklərin mahiyyəti barədə deputatlara ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, elektrik və istilik enerjisi xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisinin verilməsinin dayandırılması qadağandır. Eləcə də qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır.
Qanun layihəsi səs çoxluğu ilə qəbul olunmuşdur.
Axşam iclasında "İcra məmurları haqqında" Qanuna təklif olunan dəyişikliklər təsdiq olunduqdan sonra, deputatlar Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikləri müzakirə etmişlər.
Cinayət Məcəlləsinə təklif olunun dəyişikliklərin müzakirəsi zamanı bildirilmişdir ki, bu dəyişikliklər əsasən dini ayinləri icra etməyə mane olmağa, dini etiqada məcbur etməyə, dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etməyə görə cərimələrin miqdarı artırılır.
Milli Məclis sədrinin müavini Bahar Muradova demişdir ki, məcəlləyə təklif olunan dəyişikliklər dini fəaliyyət sahəsindəki boşluqları aradan qaldırmağa və sahib olduğumuz dəyərləri qorumağa xidmət edir. Bu dəyişikliklər heç də hansısa dövlətə qarşı yönəlməmişdir. B.Muradova diqqətə çatdırdı ki, Azərbaycanın din sahəsində olan modeli ölkəmizin iqtisadi modeli qədər özünəməxsusdur və bunu qorumaq lazımdır.
Müzakirələrə yekun vuran Milli Məclisin sədri Oqtay Əsədov demişdir ki, Allaha inam da, mərhəmət də birinci növbədə insanın qəlbində olmalıdır. Dinimizi də, Allahımızı da sevməliyik, eyni zamanda dövlətimizi də qorumalıyıq.
İclasda "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 20 illiyi (1992-2012)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında", "Yol hərəkəti haqqında", "Notariat haqqında", "Dövlət rüsumu haqqında", "Rəsmi statistika haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "Əmək pensiyaları haqqında" qanunlara, Mülki Prosessual Məcəlləyə, Mülki Məcəlləyə, Cəzaların İcrası Məcəlləsinə, Mənzil və Ailə məcəllələrinə dəyişikliklər edilmişdir.
Bununla da iclas öz işini başa çatdırmışdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.