Bizə yazırlar. Bir daha toy və yas mərasimlərimiz haqqında

Hər xalqın öz adət-ənənəsi, milli-mənəvi və dini dəyərləri var. Azərbaycan tarixən milli-mənəvi vədini dəyərləri, özünəməxsus adət-ənənələri ilə fəxr edib. Xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim mənəviyyatımızı təşkil edən amillərdir. Əgər insan mənsub olduğu xalqın milli-mənəvi dəyərlərini anlaya bilmirsə, yaxud onları qəsdən təhrif edirsə, bu, cəmiyyəti ciddi narahat etməlidir. Biz bunu nə üçün xatırladıq? Ötən illərin təcrübəsi göstərir ki, milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin bəziləri eroziyaya uğrayıb və biz cəmiyyət olaraq qarşımızda duran bütün məsələləri sivil qaydada yoluna qoymalıyıq. 
İyirmi ildə Azərbaycanda çox şey dəyişib. Müstəqilliyin ilk illərində talanaraq var-yoxdan çıxan ölkəmiz 1993-cü ildən etibarən ümummilli liderimiz Heydər Əliyevin müdrik rəhbərliyi altında çox qısa bir müddətdə sürətli inkişaf yoluna çıxmışdır. Ulu öndərimizin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev isə Azərbaycanı dünya dövlətləri sırasında söz sahibinə çevirmşidir. Bir-birindən möhtəşəm, qlobal məsələlərə həsr olunan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilən Azərbaycanda hərtərəfli inkişaf hamını heyran edir, xarici sərmayədarların ölkəmizə marağı getdikcə artır. Son on ildə respublikamızın özündə güclü sahibkarlar ordusu yaranıb. Bu, bir daha sübut edir ki, Cənubi Qafqazda həyata keçirilən transmilli layihələrin təşəbbüskarı və əsas təminatçısı Azərbaycan dövlətidir.
Bəli, Azərbaycan dinamik inkişaf yolundadır, ildən-ilə zənginləşir. Adamlarımızın yaşayış səviyyəsi getdikcə yaxşılaşır, imkanlıların sayı durmadan artır. Həyat tərzimizin təhlili göstərir ki, ötən əsrin ortalarından başlayaraq bəzi hallarda milli adət-ənənələr bayağılaşdırılaraq eybəcər şəklə salınır. İlk növbədə bu toy və yas mərasimlərinin təşkilində özünü büruzə verir. Həmin mərasimlərdəki hərki-hərkilik, özbaşınalıq insanlarımızı ciddi narahat edir, milli adət-ənənələrimizə yad olan hallar ikrah hissi doğurur. Qəzetimizin bu istiqamətdə apardığı təbliğat işini alqışlayan ziyalılar və dindarlar öz fikirlərini oxucularla bölüşməyi məsləhət bilərək redaksiyamıza məktublar ünvanlayırlar. Həmin məktublardan ikisini dərc edirik.

{nl}


İsraf edənləri Allah sevməz
Hörmətli redaksiya! Qəzetinizin 21.09.2011-ci il tarixli nömrəsində dərc olunmuş "Sevinc və kədər -hara qədər?" sərlöhvhəli məqaləni böyük maraqla oxudum. Son vaxtlar toy və yas mərasimlərindəki bəzi neqativ hallar bir vətəndaş kimi məni də ciddi narahat edir. Min illər boyu cilalanaraq əsrlərin süzgəcindən süzülüb bu günümüzə gəlib çatan adət-ənənələrimiz xalq təfəkkürünün, düşüncəsinin yaşam tərzidir və bu ənənələri qoruyub saxlamaq, təhrif etmədən gələcək nəsillərə ötürmək hər birimizin vətəndaşlıq borcudur. Təəssüf ki, son vaxtlar bir sıra adət-ənənələrimiz təhrif olunur, "modernləşdirilir". Ən çox təhrifə isə yas və toy mərasimləri məruz qalmışdır. İsrafçılığın baş alıb getdiyi belə mərasimlərə nə qədər tez son qoyulsa bir o qədər yaxşıdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun "Xalq qəzeti"nin 21 sentyabr tarixli sayında dərc olunan məqaləsi bu baxımdan son dərəcə aktualdır.
Bəli, bu gün təmtəraqlı yas mərasimlərinin sayı-hesabı yoxdur. İmkanlı da, imkansız da bir-birinin bəhsinə zəngin ehsan süfrələri açır, müxtəlif cür yemək, şirniyyat, şirə və başqa nemətlər düzməklə sanki adamları heyrətləndirməyə səy göstərirlər. Ən acınacaqlısı odur ki, bütün bunlara şəriət donu geydirilir və "din xadimlərinin" əksəriyyəti də buna göz yumur. Bəzi üzdəniraq mollalar nəfslərini şəriət qanunlarına uyğunlaşdırmaq, tabe etmək əvəzinə, uydurma hədislər, rəvayətlər söyləməklə bu cür ehsan süfrələrinin artmasına rəvac verirlər.
Yas mərasimlərindəki israfçılığın qarşısını almaq üçün müəyyən bir qanunun hazırlanmasını təklif edənlər olsa da, məncə, bu, məsələnin müsbət həllinə gətirib çıxarmaz. Çünki belə qanunun qəbul edilməsi xoşagəlməz söz-söhbətə səbəb olar, ölkəmizin imicinə müəyyən dərəcədə mənfi təsir göstərər. Belə ki, Azərbaycanda demokratiyanın boğulması, insan haqlarının pozulması barədə ağız dolusu danışanların sayı artar, müxalif mətbuat səhifələri, radio və televiziya kanalları iftiralarla dolar.
Məncə, məsələnin müsbət həlli üçün təbliğat işini daha da gücləndirmək lazımdır. Ağsaqqallar, ziyalılar, din xadimləri bu işə ciddi yanaşmalı, əhalinin maarifləndirilməsi gücləndirilməli, eyni zamanda, bu vacib məsələnin doğru, real həll yolları göstərilməlidir.Heç birimiz unutmamalıyıq ki, müqəddəs Qurani-Kərimdə yazılıb: "...israf etməyin. (Allah) israf edənləri sevməz".
Məhəmməd MƏMMƏDZADƏ, Ağdaş rayon Gürcüva kənd orta məktəbinin müəllimi

{nl}


Dinimizin saflığını yad təsirlərdən qoruyaq !
Bildiyimiz kimi, İslam bir əxlaq və humanizm dini olaraq əsrləriüzüağadlayıb, günümüzə fəxrlə gəlib çatmışdır. Müqəddəs "Qurani-Kərim" hər bir müsəlmanın həyat və yaşam tərzini dəqiq müəyyənləşdirmiş, onun düzgün və pak ömür sürməsinin yollarını göstərmişdir. Burada müsəlmanın daim şükür etmək, israfçılığa və ifratçılığa yol verməməsi xüsusi vurğulanmışdır.
Ailə mərasimlərimiz həyatımızın əsas və ayrılmaz hissəsi olduğu üçün bu tövsiyələr daha çox onlara aid edilmişdir. Artıq min dörd yüz ilə yaxındır ki, müsəlmanlar hüzr və ziyafət məclislərini İslam qaydalarına və ondan qaynaqlanan milli adət-ənənələrə müvafiq olaraq keçirirlər. Həyatını dəyişən müsəlman üçün yaxınları çox üzülür, qəmlənir, ağlayır, dəfnlə bağlı vacib əməlləri yerinə yetirir, mərhumun yaxınlarına başsağlığı verilməsi üçün hüzr məclisi təşkil edir, mərhumun ruhuna savab qazandırmaqdan ötrü ehsan verir və bütün bu hallarda ifrata varmır, israfçılığa yol vermirdilər. Məzarlıqda mərhum üçün qoyulan qəbir daşı da özünün sadəliyi ilə seçilirdi. Yeni ailənin qurulması münasibətilə keçirilən mərasimlərlə bağlı xalqımızın özünəməxsus adət-ənənələri olmuşdur. Bu münasibətlə açılan ziyafət süfrəsi ləziz xörəklər, dadlı şirnilər, şirələr və meyvələrlə bəzənirdi. Lakin israfçılığa yol verilmirdi.
Amma, təəssüflər olsun ki, qloballaşmanın tüğyan etdiyi son on illikdə dini və milli ailə dəyərləri yad təsirlər altında dəyişməyə, öz həddini aşmağa və tamam başqalaşmağa məruz qalmışdır. Hər kəsin ölüm şərbətini dadmağa məhkum olduğu və hər gün yaxın-uzaq onlarla insanın öz həyatını itirməsi barədə xəbərlər eşidilməsinə, hüzr məclislərində iştiraka baxmayaraq insanlar öz əzizini itirdikdə bunu böyük müsibət həddinə qaldırır, saç yolur, üz cırır, borca girərək dəbdəbəli qəbir üstü düzəltdirir, məzarlıqda artıq yer zəbt edirlər. Ziyafət süfrəsində təmtəraqlı ehsan verir, sonra da illərlə bu israf və ifratçılığın əziyyətini çəkərək borcu qaytarmaq üçün min cür məşəqqətlərə məruz qalırlar. Eləcə də övladına toy edən valideynlər həddən artıq bahalı zinət əşyaları almağa, dəbdəbəli şadlıq saraylarını kirayələməyə və hədsiz dərəcədə zəngin süfrə açmağa üstünlük verirlər. Gəlinə verilən cehiz isə özünün qiymətlərinə və çeşidinə görə bütün hədləri keçərək ifrata varır. Bundan ötrü valideynlər hətta bank kreditlərindən də istifadə edir, uzun illər bunun əziyyətini çəkməyə məhkum olurlar. Halbuki, valideynlər tərəfindən gəlinə və bəyə verilməli olan ən zəngin töhfə onun savadı, ədəbi, namusu, əməksevərliyi və milli-mənəvi dəyərlərə sədaqəti olmalıdır.
Mərhumun ruhunu şad etmək üçün Quran oxunması, hər cür dəbdəbədən uzaq, sadə çay süfrəsinin açlıması daha məqsədə və şəriətə müvafiq olardı. Bunu bizə Qurani-Kərim və İslam dini deyir. Biz soydaşlarımızı və dindaşlarımızı İslama yad olan bu kimi əməllərdən uzaq olmağa, israfçılığa, ifratçılığa, həyatımızı artıq məşəqqətlərə məruz qoyan hər cür yad əməllərə yox deməyə və dinimizin saflığını qorumağa çağırırıq!
Lənkəran şəhəri Böyükbazar Cümə məscidi dini icmasının üzvləri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında