Son illər ölkədə geniş miqyaslı abadlıq, tikinti-quruculuq işləri aparılsa da, həllini gözləyən problemlər də az deyil. Hazırda hökuməti ən çox narahat edən və aradan qaldırılması üçün çıxış yolları axtarılan məsələlərdən biri qanunsuz tikintilərlə bağlıdır. Belə ki, uzun illər ayrı-ayrı yaşayış sahələrində yüksək gərginlikli elektrik xətlərinin altında, transformatorların bir neçə metrliyində, neft və qaz kəmərlərinin üzərində, dəmir yolu xətlərinin təhlükəsizlik zolaqlarında yaşayış evləri, istehsal obyektləri, hətta inzibati binalar salınmışdır ki, bunlar da həm yaşayış binaları, həm də digər təyinatlı obyektlər üçün təhlükə mənbəyidir. Eyni zamanda hansısa bir qəza baş verərkən bərpa-tikinti işlərinin görülməsini çətinləşdirir.
Təəssüflər olsun ki, qanunsuz tikintilər əksər hallarda bələdiyyələrin, icra orqanlarının gözü qarşısında, çox güman ki, razılıqları ilə həyata keçirilib. Bu yerdə bələdiyyələrin mövqeyi ciddi narahatlıq doğurur. Belə ki, özünüidarəetmə orqanı olan bu qurumlar indiyə kimi əhaliyə torpaq verilərkən, necə deyərlər, ağına-bozuna baxmayıblar, harada gəldi - istər transformatorların yaxınlığı olsun, istər yüksək gərginlikli xətlərin altı, istərsə də dəmiryolu xətlərinin mühafizə zolaqları - fərq bilməyiblər, təki torpaq satılsın, həmin sahələrdə evlər tikilsin, obyektlər salınsın. Amma düşünülməyib ki, qəza baş verə bilər, - bu, heç vaxt istisna deyil, - müvafiq strukturların əməkdaşları təmir-bərpa işləri görməkdə çətinlik çəkərlər.
Bütün bunlar barədə mayın 7-də ölkə Prezidenti İlham Əliyevin sədrliyii ilə keçirilən müşavirədə ətraflı danışılmışdır. Nəqliyyat naziri Ziya Məmmədov qeyri-qanuni tikililərin nəqliyyat sektoruna vurduğu zərərdən bəhs etmişdir. Nazir bildirmişdir ki, qeyri-qanuni tikililər nəticəsində ölkənin demək olar ki, bütün ərazilərində dəmir yolunun təhlükəsizlik zolaqları zəbt edilmiş, çoxlu sayda binalar, evlər, qeyri-yaşayış obyektləri salınaraq qatarların təhlükəsiz hərəkətinə böyük problem yaratmışdır. Bu səbəbdən hətta təhlükəsizlik işçiləri öz xidməti vəzifələrini yerinə yetirə, qatarlara baxış keçirə bilmirlər.
Z.Məmmədov daha sonra demişdir ki, bu işlərin, yəni qanunsuz tikililərin çəkilişi aparılmış, arayış hazırlanaraq hökumətə təqdim edilmişdir.
Nəqliyyat naziri belə qanunsuz tikililərə avtomobil yolları şəbəkəsində də rast gəlindiyini vurğulamış, təhlükəsizlik zolaqlarında qeyri-qanuni obyektlərin, yaşayış evlərinin nəqliyyatın hərəkətini çətinləşdirdiyini bildirmişdir.
Z.Məmmədov sonra demişdir: - Qanunsuz tikililər eyni zamanda yolların yaşayış massivlərindən keçən hissələrində yenidənqurma və təmir prosesində çox böyük problemlər yaradır. Bu istiqamətdə də biz bütün lazımi sənədləri toplamış, videoçəkilişlər aparmış və materialları hökumət komissiyasına təqdim etmişik.
Bəli, bütün bunlar həqiqətdir və nazirin dediyi kimi, qanunsuz tikililər təkcə nəqliyyatın hərəkətini çətinləşdirmir, eyni zamanda yolların yenidən qurulmasında maneəyə çevrilir. Məsələn, bir fakta diqqət yetirək. Bakı şəhərinin dairəvi yolu çəkilir. Artıq magistralın yeni avtovağzal kompleksinin yaxınlığında tikintisi sürətlə aparılır. Amma həmin ərazidə son illər qanunsuz yaşayış evləri tikildiyindən yolun çəkilişində problemlər üzə çıxıb. Yaxud, dəmiryol xəttinin "Montin" yaşayış sahəsindən keçən hissəsində təhlükəsizlik zolaqları zəbt edilmişdir. Burada təhlükəsizlik işçiləri öz xidməti vəzifələrini yerinə yetirə bilmirlər. Hələ bu, bir yana, orada insanların gediş-gəlişi də qatarların hərəkəti zamanı məhdudlaşır...
Yuxarıda sözügedən müşavirədə ölkə Prezidenti İlham Əliyev də qanunsuz tikililər probleminə toxunub. Dövlət başçısı deyib ki, bu, bizim böyük problemimizdir. Bu problem bu gün yaranmayıb. Qanunsuz binalar Bakıda əfsuslar olsun ki, artıq bir əsrdən çoxdur ki, tikilir. Biz bu qanunsuz tikililərlə əlbəttə ki, gərək mübarizə aparaq...
Azərbaycan Prezidenti çıxışında çox haqlı olaraq vurğulamışdır ki, qanunsuz tikililər, əslində yerli icra orqanlarının yarıtmaz fəaliyyəti nəticəsində baş verir: "Özbaşına kim gedib nəsə edə bilər. Edə bilər, amma kütləvi qaydada bunu etmək mümkün deyildir. Bu icra nümayəndələri, icra hakimiyyətləri o yerləri, qanunsuz yerləri ayırırlar. Qatar gedir, qatarla evin arasında heç bir metr məsafə yoxdur. Orada uşaqlar relslərin üzərində ora-bura qaçırlar. Bu, böyük təhlükədir. Relsin yanında ev tikmək olmaz. Ona icazə verən şəxsi maraqları güdübdür. Yəqin ki, gedib onlardan rüşvət də alıbdır. Bu dərəcədə vicdansızlıq ola bilməz".
Qanunsuz tikililərdən danışarkən, bir məqamı da xatırladaq. Bu problemin meydana çıxmasında bələdiyyələr, icra orqanları birbaşa günahkardır. Belə ki, indi Bakının elə rayonları var ki, onlarda əsas fəaliyyət sahəsi neftdir, başqa sözlə, neft sənayesidir. Deməli, ərazinin çox hissəsini də neft buruqları tutur. Təəccüblüdür, bələdiyyələr həmin ərazilərdə yaşayış evləri tikmək üçün vətəndaşlara torpaq sahələri ayırmışlar. Halbuki bu, qeyri-qanunidir, insan həyatı üçün son dərəcə təhlükəlidir. Bu barədə dövlət başçımız müşavirədə demişdir: - "Neft buruqlarının içində torpaq ayrılır ki, evlər tikilsin. Camaat gedib orada - neftin içində ev tikib. Orada necə yaşamaq olar?!. Bu, birbaşa xəstəlikdir. Orada həm radioaktiv maddələr, həm ağır metallar, həm reagentlər, həm yod, həm orada çıxan o tüstülər - bunlar birbaşa insanın sağlamlığına ziyandır. Bu icazəni verən bunu bilmirdimi? Bilirdi. Onu insanın sağlamlığı maraqlandırmır, ancaq öz cibi maraqlandırır..."
Qanunsuz tikililər yüksək gərginlikli xətlərin altında da istənilən qədərdir. Bu ilin qışında yaşanan hadisəni yəqin ki, hamımız yaxşı xatırlayırıq. Yüksək gərginlikli xətlərin ətrafında tikilən evlərin maneəyə çevrilməsi səbəbindən qəza zamanı texnika həmin əraziyə daxil ola bilməmiş və nəticədə qəzanın nəticələrini aradan qaldırmaq üçün uzun müddət vaxt lazım gəlmişdi. O zaman olduğu kimi, mayın 7-də keçirilən müşavirədə də ölkə Prezidenti bu məsələyə ciddi münasibət bildirərək demişdir: "...O insanların böyük əksəriyyətinin heç bir günahı yoxdur. Onlar gedib yerli icra orqanlarından icazəni də, sərəncamı da alıblar. Bütün başqa qurumlardan - icazə verən qurumlardan da hər şey alıbdır, ev tikibdir. Düzdür, bəlkə də səhv edib, düz etməyib, orada ev tikmək olmaz. Yenə də deyirəm, yüksək gərginlikli xəttin altında ev tikən özünə qəsb edir, öz balasına qəsd edir. Bunu etmək olmaz, o xəstəlikdir, orada salamat adam qala bilməz. Özünə yazığı gəlmirsə, uşağına yazığı gəlsin...".
Mühüm obyektlərin yaxınlığında tikinti işlərinin aparılması qanunvericiliklə tənzimlənir. Amma yuxarıda göstərildiyi kimi, əksər hallarda müvafiq bələdiyyələrin, icra orqanlarının gözü qarşısında qanunvericiliyin tələbləri pozulub. Mütəxəssislərin bildirdiyinə görə, yaşayış məskənini yüksək gərginlikli elektrik xətlərinin 250 metrliyində, qruntundan asılı olaraq su anbarları kəmərlərindən 5-10 metrdən 50 metrədək uzaqlıqda salmaq olar. Dəmiryolunun sanitariya-mühafizə zonasında isə torpaq sahələri onların mülkiyyətçiləri və ya istifadəçiləri tərəfindən yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı üçün fiziki və hüquqi şəxslərə qısa müddətli istifadəyə verilə bilər.
Bəli, yüksək gərginlikli elektrik xətlərinin, magistral qaz və su kəmərlərinin keçdiyi ərazilərdə, dəmiryol xətlərinin mühafizə zolaqlarında salınmış evlər, obyektlər real təhlükə mənbəyidir. Bu təhlükə hər an, hər gün gözlənilir və bunu dövlət başçısı da bildiyindən ciddi tədbirlərin görülməsi üçün hökumətin müvafiq strukturlarına tapşırıqlar vermişdir. Şübhəsiz ki, yaxın vaxtlarda nəticəsini görəcəyik...
{nl}
Vaqif BAYRAMOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.