Türkiyəli dövlət qulluqçuları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində olmuşlar

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının beş dövlət orqanını təmsil edən rəhbər işçilərdən ibarət nümayəndə heyəti ilə görüşmüşdür. 
Dövlət Komitəsindən AzərTAc-a bildirmişlər ki, H.Orucov qardaş ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlığın yüksək səviyyədə olmasından məmnunluğunu bildirmişdir. Azərbaycanın da qardaş Türkiyə kimi dünyəvi dövlət olduğunu diqqətə çatdıran komitə sədri vurğulamışdır ki, dünyanın inkişaf etmiş əksər ölkələrində dinin saflığının qorunması, siyasiləşməməsi üçün məhz bu ideal model seçilmişdir.
Azərbaycanın din siyasəti haqqında qonaqlara ətraflı məlumat verilərkən bildirilmişdir ki, Prezident İlham Əliyev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasəti uğurla davam etdirir. Son illərdə ölkəmizdə bilavasitə Prezident İlham Əliyevin göstərişi və nəzarəti ilə dövlətin vəsaiti hesabına dini abidələr tikilir, bərpa olunur. Bu sahədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də böyük işlər görülür.
Türk dünyasının ulu öndərləri Heydər Əliyevin "bir millət, iki dövlət" və Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" sözlərini xatırladan H.Orucov bəzi qüvvələrin əsassız məlumatlar yayaraq ölkəmizdə guya din sahəsində problemlərin olduğunu, Bakıdakı "Türk camesi"nin bağlandığı barədə şayiələr uydurmasına münasibət bildirmişdir. Bu iddiaların əsassız olduğunu diqqətə çatdıran komitə sədri məscidin təmir üçün bağlandığını bildirərək Azərbaycanın müstəqilliyinin bərpasından sonra qardaş Türkiyənin ölkəmizdə 23 məscid tikdiyini və onların fəaliyyət göstərdiyini vurğulamışdır. Çox istərdim ki, Azərbaycan gerçəkliklərini dərindən öyrənərək Türkiyəyə qayıtdıqdan sonra belə əsassız fikirlərə münasibət bildirəsiniz.
Nümayəndə heyətinin rəhbəri, Türkiyə Respublikası Dövlət Kadrlar İdarəsinin təhsil şöbəsinin müdiri Əkrəm Kuru ölkəmizin inkişafından, dünyanın siyasi səhnəsində qazandığı uğurlardan qürur duyduqlarını söyləmişdir. Azərbaycanın bütün problemlərini Türkiyənin problemi olduğunu deyən Əkrəm Kuru Bakıda gördükləri geniş quruculuq işlərindən və paytaxtımızın gözəlliyindən heyran qaldıqlarını bildirmişdir.
Bəzi dairələrin Azərbaycan əleyhinə çıxışlarından Türkiyənin də narahat olduğunu vurğulayan nümayəndə heyətinin rəhbəri belə kiçik qüvvələrin ölkələrimizin və xalqlarımızın qardaşlığına qətiyyən xələl gətirə bilməyəcəklərini söyləmişdir.
Görüşdə qarşılıqlı əməkdaşlıqla bağlı məsələlər barədə fikir mübadiləsi aparılmış, qonaqları maraqlandıran suallar cavablandırılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında