Şriftin ölçüsü:
05.11.2011 00:33 | Oxunma sayı: 504
ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Bernard Fasye (Fransa), Robert Bradtke (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Vyanada ATƏT-in Daimi Şurasında illik hesabatla çıxış etmişlər.
Hesabatda qeyd edilir ki, Dağlıq Qarabağ münaqişəsinin davamlı və sülh yolu ilə həlli üzrə səylər kontekstində həmsədrlər hesabat dövrünə aid ötən il ərzində səkkiz dəfə regionda olmuş, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla müxtəlif yerlərdə on dörd dəfə ayrı-ayrılıqda görüşlər keçirmiş, işğal olunmuş Azərbaycan ərazilərində faktaraşdırıcı missiyanın tərkibində səfər etmişlər. Həmsədrlər, həmçinin son 14 ay ərzində qoşunların təmas xəttini dörd dəfə piyada keçməklə, təmas xəttinin region xalqları arasında daimi baryer olmadığını və tərəflər istədiyi təqdirdə atəşkəs rejiminə riayət olunması üçün hərbi əlaqələndirmənin mümkünlüyünü nümayiş etdirmişlər.
Minsk qrupunda həmsədrlik edən hər üç ölkənin hökumətlərinin də ən yüksək səviyyədə səy göstərdiyini vurğulayan həmsədrlər bir daha təkrarlamışlar ki, münaqişənin həllinin hərbi yolu yoxdur və qəbuledilməz status-kvonu dəyişmək, sülhə nail olmaq istiqamətində çətin qərarlar qəbul edilməsində tərəflərin siyasi iradəsi onlar üçün həlledici rol oynayacaqdır.
Həmsədrlər, həmçinin danışıqlar mühitinin yaxşılaşdırılması, atəşkəs rejiminə riayət olunması və region xalqları arasında qarşılıqlı anlaşmanın təşviqi üçün əlavə səylərdən bəhs etmişlər. Onlar bu ayın sonunda qeyd edilən məsələlərlə bağlı təkliflər üzərində işləmək və danışıqların davam etdirilməsi ilə əlaqədar müzakirələr aparmaq üçün regiona təkrar səfər edəcəklər.
Hesabat məruzəsindən sonra ATƏT üzvü olan ölkələrin nümayəndələri çıxış etmişlər. Azərbaycanın ATƏT yanında daimi nümayəndəsi Qalib İsrafilov da Azərbaycan Respublikasının münaqişə ilə bağlı mövqeyini bir daha diqqətə çatdırmışdır. Bildirmişdir ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi yalnız Azərbaycanın deyil, eyni zamanda Avropanın təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət kəsb edir. Çünki iqtisadiyyatı sürətlə inkişaf edən, Avropanın etibarlı tərəfdaşına çevrilən və enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan Azərbaycan son dövrdə təhlükəsizlik istehlakçısından təhlükəsizlik istehsalçısına çevrilmişdir. Bu baxımdan Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi ATƏT-ə üzv ölkələr üçün də fövqəladə dərəcədə mühüm məsələ olmalıdır.
Danışıqların gedişinə toxunan daimi nümayəndə, həmçinin bildirmişdir ki, hazırkı status-kvonun saxlanılması Ermənistan tərəfinin marağındadır və bu dövlət heç bir şərtlə həmin status-kvonu dəyişmək niyyətində deyildir. İşğal olunmuş Azərbaycan torpaqlarında mədəni irsin məhv edilməsi, abidələrin dağıdılması, bu ərazilərin Ermənistan tərəfindən məskunlaşdırılması, təbii sərvətlərin amansızcasına talan edilməsi Ermənistanın bu niyyətini bəyan edən siqnallardır.
Azərbaycan səfiri qeyd etmişdir ki, etimad quruculuğu tədbirləri status-kvonun möhkəmlənməsinə xidmət etməməli, əksinə, işğal olunmuş ərazilərimizin, o cümlədən Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın hüquqi və siyasi sisteminə reinteqrasiya olunmasına töhfə verməlidir. Xüsusilə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında görüşün təşkil edilməsinə dair təklif irəli sürülmüş və ATƏT-ə üzv dövlətlər və həmsədrlər bu humanitar xarakterli etimad quruculuğu tədbirini dəstəkləməyə çağırılmışdır. Bundan əlavə, hərbi sahədə etimad quruculuğu tədbiri qismində işğal olunmuş ərazilərimizdən Ermənistan silahlı qüvvələrinin çıxarılmasının vacibliyi qeyd olunmuşdur.
Azərbaycan tərəfinin konstruktiv yanaşması ATƏT-ə üzv dövlətlər tərəfindən müsbət qarşılanmışdır.
{nl}
Elgün NİFTƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Vyana
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.