Türkdilli Ölkə və Toplumların İkinci Media Forumunda səsləndirilən fikirlər, müzakirə olunan məsələlər öz aktuallığına görə əhəmiyyət daşıyır. "Türkdilli ölkələrdə və toplumlarda sosial media: yeni baxış bucağı birləşdirici amil kimi" adı altında keçirilən müzakirələr faydalı təkliflər və fikir mübadiləsiylə yadda qaldı. Qazaxıstanın "Nur Media" Holdinqinin baş direktoru Kaysar Janaxanovun sədrliyi ilə keçən müzakirədə türkdilli ölkələrdə medianın sosial şəbəkə və elektron resurslardan istifadəsi barədə söhbət açıldı. Sosial şəbəkələrin vasitəsilə informasiyaların daha geniş oxucu kütləsinə çatdırılmasının əhəmiyyəti vurğulandı.
Məruzəçi "APA Group"un baş direktoru Vüsalə Mahirqızı sosial medianın vəziyyətinə toxundu və qeyd etdi ki, internet istifadəçilərinin sayı hazırda Azərbaycan əhalisinin 50 faizini təşkil edir: "Azərbaycanda bu sahədə rəqabət mühiti var. Yaxın aylarda internetin qiymətinin aşağı salınması da gözlənilir. Amma hazırkı statistikaya görə, Azərbaycan internetin qiymətinin aşağı salınması tempinə görə dünyada lider ölkələrdən biridir. Ölkədə internetdən istifadə azaddır. Sosial şəbəkələrdən istifadəyə də məhdudiyyət yoxdur. Vaxtilə www.odnoklassniki.ru lider olsa da, hazırda www.facebook.com liderlik edir. Azərbaycanın dövlət başçısının da www.facebook.com və www.twitter.com sosial şəbəkələrində mütəmadi yenilənən səhifələri var. Demək olar ki, bütün media orqanlarının sosial şəbəkələrdə səhifələri mövcuddur."
Müzakirələrdə ortaq informasiya saytının, televiziya kanalının yaradılması kimi təkliflər irəli sürüldü. "Nur Media" Holdinqinin baş direktoru Kaysar Janaxanov türkdilli ölkələrin vahid milli domeninin formalaşdırmasının vacibliyini söylədi.
Forum başlamazdan əvvəl salonda Tuva televiziyasının əməkdaşı Dina Sarıqlar ilə tanış oldum. Mənim Tuva mətbuatından bir neçə qəzet adı çəkdiyimi və onlardan xəbərdar olduğumu biləndə xeyli təəccübləndi, heyrət və sevincini gizlədə bilmədi. "Deməli, siz Tuva respublikası haqqında bilirsiz, xəbəriniz var?!" "Əlbəttə, hətta tuvalıların milli musiqi alətlərini, xüsusilə də boğazda oxunan orijinal ifalarını çox bəyənirəm" cavab verdim.
Çıxışlar Azərbaycan və Türkiyə türkcəsiylə yanaşı, rus dilində də oldu. Saxa Yakutiyadan gəlmiş jurnalist Çokuur Gavriliyevin çıxışını "Soğuk Saha Yakutyadan sıcak Azerbaycana selamlar" - deməsiylə başlaması iştirakçıları yaxşı mənada təəccübləndirdi, sevndirdi və alqışlara səbəb oldu. Fasilə zamanı öyrəndim ki, Çokuur Türkiyədə təhsil alıb, dili də o zaman öyrənib. "Beni anladığınız için, ayrıca sizin söylediklerinizi anladığım için çok mutluyum" - deyərək gülümsədi.
Bu, türk dünyası üçün ən gözəl ortaq türkcəyə nümunədir. Türkiyə türkcəsinin vahid ünsiyyət dili kimi qəbul edilməsi daha realdır. Bu zaman digər türksoylu xalqlar Azərbaycan türkcəsini də anlamış olacaqlar.
"Krım" xəbər agentliyinin rəsmisi İsmet Yüksel Krım tatarlarının tarixən ağır və məşəqqətli dövr yaşadığını dilə gətirdi. Onların Sovet dövründə zorla vətənlərindən Orta Asiyaya sürgün edildiyini vurğuladı. Krım tatarlarının mətbuatından da söhbət açdı:
"Mətbuata gəldikdə isə, hələ də Krım tatarlarına aid gündəlik qəzet yoxdur. 1991-ci ildən Krım dövlət televiziyasının nəzdində gün ərzində 30 dəqiqəlik tatar dilində yayıma efir vaxtı ayrılıb. 2007-ci ildə isə ilk özəl TV kanalı olan ATR TV yaradıldı. "Melan" adlı radio fəaliyyət göstərir. Bundan başqa, mənim çalışdığım Krım xəbər agentliyi üç dildə fəaliyyət göstərir. Bölgədə baş verən ictimai əhəmiyyətli olayları işıqlandırmağa çalışırıq, Krım tatarlarını informasiya ilə təmin edirik. Türk dünyasının müxtəlif bölgələrində baş verən olayları da işıqlandırmağa hazırıq. Yetər ki, xəbərlərinizi göndərik. Siz də Krım tatarları haqqında xəbərlərə öz medianızda yer verin ki, oxuyucuların onlardan xəbəri olsun. Bu yolla cəmiyyətlərimiz arasında informasiya şəbəkəsini gücləndirə bilərik. "Tərcüman" qəzeti vaxtilə böyük auditoriyaya yayılırdı. Misirdə, Hindistanda belə bu qəzeti oxuyurdular. Tanınmış ziyalı, jurnalist İsmayıl bəy Qaspralı bununla oxuyucuları informasiya ilə təmin etməyə çalışıb. Onun bir məşhur ifadəsi var: "Dildə, fikirdə, işdə birlik". Biz məhz bu deviz altında bundan sonra daha sıx çalışmalı, media sahəsində əməkdaşlığı, informasiya mübadiləsini gücləndirməliyik.
İştirakçılar arasında Bolqarıstandan gəlmiş jurnalist də vardı. "Kırcaalı haber" qəzetinin əməkdaşı Hacı İsmayıl Köseömerlə söhbətimdə Bolqarıstan türklərinin mediası haqqında danışdıq. Qonaq Azərbaycanda forumda iştirak etməkdən məmnun olduğunu söylədi: Digər türk dövlətləri, eləcə də Azərbaycanın bəxti gətirib ki, media inkişaf edir. Müxtəlif qəzetlər, elektron resursları ana dilində fəaliyyət göstərir. İnsanlar ölkə və dünyada baş verən hadisələrdən xəbərdar olurlar. Təəssüf ki, Bolqarıstan türklərinin bu cür zəngin mediası yoxdur. Bolqarıstan türklərinin "Hak və özgürlüklər" qəzeti fəaliyyət göstərirdi. Təəssüf ki, bağlandı. Yeganə olaraq "Kırcaalı haber" bölgə qəzeti çap edilir. Həftəlik nəşrdir. Bu Bolqarıstanda yaşayan türklərin tək qəzetidir.
Çox istərdik ki, Bolqarıstanda yaşayan türklərin ictimai həyatını işıqlandıra bilən nəşrlərin sayı artsın. Ümid edirəm ki, bu forumun müsbət nəticələri olacaq. Müxtəlif ölkələrdə işləsək də, daim aramızda bilgi paylaşımının olmasını arzu edirəm. Bu işdə öncüllük edənlər bizlərə dəyərli məsləhətləri ilə yol göstərsinlər. Bizim kimi başqa dövlətin tərkibində yaşayan azlıqlar üçün mətbuatın inkişaf və fəaliyyəti çətindir. Ancaq ümid edirəm ki, bütün bu çətinlikləri aşa biləcəyik.
Tədbirdə Azərbaycan Prezidenti cənab İlham Əliyev olmaqla Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın və digər ölkələrin dövlət başçılarının təbrik məktublarının iştirakçılara çatdırılması, səslənən fikirlər türkdilli medianın gələcəyinə olan ümidləri daha da artırır.
Forumun əhəmiyyətli cəhətlərindən biri də Türkdilli Ölkələrin və Toplumların Media Platformasının yaradılması oldu. Platformaya Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti ilə yanaşı, müxtəlif ölkələrdə yaşayan türkdilli toplumların media ilə əlaqəli qurumları, jurnalist təşkilatları, televiziya, radio, eləcə də çap media nümayəndələri daxil ola bilərlər.
Gələn il forumun Qırğızıstanda keçirilməsi planlaşdırılır. Belə tədbirlər medianın inkişafına və birgə əməkdaşlığa öz töhfələrini verəcək.
{nl}
Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.