Suraxanı rayonunda 2011-ci ilin 9 ayına yekun vurulmuşdur

Suraxanı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında cari ilin 9 ayı ərzində rayonda sosial-iqtisadi inkişaf istiqamətində görülmüş işlərə yekun vurulmuşdur.
Suraxanı rayonundakı Heydər Əliyev Mərkəzinin elektron lektoriya zalında keçirilən toplantıda rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bu ilin 9 ayı ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş uğurlar, eyni zamanda, rayonda həyata keçirilən tədbirləri təhlil edərək, həlli vacib problemlərin aradan qaldırılması barədə danışmışdır. Natiq xüsusi vurğulamışdır ki, 2011-ci il oktyabrın 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermə nəticəsində Azərbaycanın Şərqi Avropa bölgəsindən bu mötəbər təşkilatın Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin diplomatik qələbələrinin zirvə nöqtəsi oldu.
Rayonda həyata keçirilən abadlıq - quruculuq tədbirlərindən söhbət açan rayon icra hakimiyyətinin başçısı məlumat vermişdir ki, "Atəşgah" məbədinin yenidən qurulması, Heydər Əliyev prospektini "Atəşgah" məbədi ilə birləşdirən S.Bəhlulzadə və V.Balandin küçələrində yerləşən qeyri-yaşayış obyektlərinin fasadlarının təmir olunaraq rənglənməsi işləri həyata keçirilmişdir. Bundan başqa, Əmircan qəsəbəsinin M.Mustafayev küçəsində, Əmircan-Qaraçuxur yolunun və Yeni Günəşlidə mərkəzi yolun kənarlarında qeyri-yaşayış obyektlərinin dam örtüyü dəyişdirilmiş, fasadlar üzlənmiş, divarlar rənglənmiş, Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun və Heydər Əliyev prospektinin ətrafında dekorativ divarlar tikilmiş, yolun kənarları yaşıllaşdırılmışdır. Eyni zamanda, Bülbülə gölünün səviyyəsinin aşağı salınması üçün kanalizasiya şəbəkəsinin qurulması, "Dədə Qorqud" adlandırılan yeni yaşayış sahəsinin yanında 70 min kubmetr həcmli "Hövsan" su anbarının tikintisi işləri davam etdirilmişdir.
Bakı Şəhər İcra Hakimiyyətinin, "Azəryolservis" ASC-nin və ARDNŞ-in Sosial İnkişaf İdarəsinin köməyi ilə 2011-ci ilin 9 ayı ərzində rayonun məhəllə, küçə və yollarına ümumilikdə 293,5 min kvadratmetr asfalt örtüyü salınmış, ümumilikdə 3,1 min metr yeni su xətti, 10,2 min metr yeni kanalizasiya xətti, 60 min metr qaz xətti çəkilmişdir. Rayon ərazisində 110 kilovoltluq hava elektrik verilişi xətlərinin, 6-10 kilovoltluq şəbəkədə transformator məntəqələrinin və elektrik verilişi xətlərinin yenidən qurulması, 35 kilovoltluq elektrik verilişi xətlərinin tikintisi, 4 kilovoltluq kabel xətlərinin çəkilməsi ilə şəbəkənin yenidən qurulması işlərinə başlanılmışdır.
İclasda qeyd edilmişdir ki, rayonun 65, 114, 196, 232, 285 saylı orta məktəbləri əsaslı təmir olunmuş, Hövsan qəsəbəsindəki 196 saylı məktəb üçün 20, Qaraçuxur qəsəbəsindəki 141 saylı məktəb üçün 10, Bülbülə qəsəbəsində 232 saylı məktəb üçün 12 əlavə sinif otağının tikintisi başa çatdırılmışdır. Yeni Suraxanı qəsəbəsində 85 saylı məktəb üçün 480 şagird yerlik əlavə korpusun, Əmircan qəsəbəsində 114 saylı məktəb üçün 40 əlavə sinif otağının tikintisi isə davam etdirilir. Rayonun 19, 163, 268, 312 və 313 saylı körpələr evi-uşaq bağçalarının, 3 saylı Doğum evinin, 8 saylı Birləşmiş Uşaq Xəstəxanasının, 10 saylı Tibbi Sanitar Hissəsinin Poliklinika şöbəsinin əsaslı təmiri, Hövsan qəsəbəsində Uşaq Poliklinikasının, Hövsan südçülük sovxozu ərazisində həkim məntəqəsinin tikinti işləri də sürətlə aparılır.
Yuxarıda göstərilənlərlə yanaşı, həmçinin vurğulanmışdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2011-ci ildə 4 dəfə Suraxanı rayonunda olmuşdur. Dövlət başçısı sentyabrın 14-də rayona səfərində Bünyadəli Qulamoğlu adına 285 nömrəli məktəbdə olmuş, həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılmış şəraitlə tanış olmuşdur.
Ötən tədris ilində Suraxanı rayonunda fəaliyyət göstərən təhsil müəssisələri bir sıra nailiyyətlər qazanmışlar. 2010-2011-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" respublika müsabiqəsinin yekunlarına əsasən, rayon ərazisində yerləşən 104, 141, 279, 282, 318 saylı orta məktəblər qaliblər sırasında olmuşdur. Ölkə Prezidentinin sərəncamı ilə 104 saylı məktəbin müəllimi Sevda Sərkərovaya "Əməkdar müəllim" fəxri adı verilmiş, 87 saylı məktəbin müəllimi Natəvan Daştiyeva isə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Abituriyentlərdən 58 nəfəri 600-dən yuxarı bal toplamış, 4 məzun Prezident təqaüdçüsü adına layiq görülmüşdür.
Vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi işi rayonun dövlət orqanlarının diqqət mərkəzində olmuşdur. Ötən dövr ərzində rayon Məşğulluq Mərkəzində 731 nəfər müraciət etmiş vətəndaşdan 307 nəfəri işlə təmin edilmiş, 87 nəfərə işsizlik statusu verilmiş, 102 nəfərə işsizlik müavinəti təyin olunmuş, 46 nəfər peşə hazırlığı kurslarına göndərilmişdir. Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən cari ilin 9 ayı ərzində 26845 nəfər təqaüdçüyə 31,7 milyon manat vəsait ödənilmişdir. Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rayon şöbəsi tərəfindən ötən dövr ərzində 473 ailəyə yeni sosial müavinət, 1889 ailəyə ünvanlı sosial yardım, 1483 yeni doğulmuş uşağa isə birdəfəlik müavinət təyin edilmiş, bütövlükdə bu dövr ərzində 3,1 milyon manat məbləğində sosial müavinət və 4,6 milyon manat məbləğində sosial yardım ödənilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyəsinə uyğun olaraq rayon icra hakimiyyəti və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə rayon əhalisinin tibbi müayinəsi uğurla başa çatdırılmış, 192 min nəfər rayon sakini tibbi müayinədən keçmişdir.
Göstərilən dövr ərzində RİH başçısı tərəfindən 960 nəfər vətəndaş qəbul edilmiş, 2116 nəfər sakinin iştirak etdiyi 33 səyyar görüş keçirilmiş, qaldırılan məsələlərin həlli yolları birgə müzakirə edilərək aidiyyəti idarə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
İ.Abbasov çıxışının sonunda Suraxanı rayonuna daim diqqət və qayğı göstərdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dərin minnətdarlığını ifadə etmiş və xüsusi vurğulamışdır ki, həmişə olduğu kimi, rayonun sakinləri və əmək kollektivləri dövlət başçısının ətrafında sıx birləşərək, tapşırıq və tövsiyələrinin, müəyyən etdiyi inkişaf xəttinin layiqincə yerinə yetirilməsi üçün bundan sonra da əzmlə çalışacaqlar .
Tədbirdə dövlət qulluqçularının peşə bayramı ilə əlaqədar təltif olunmuş Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Əhməd Talıbova "Dövlət qulluğunda fərqlənməyə görə" medalı təqdim olunmuş, rayonun ictimai həyatında fəal iştirak edən bir neçə nəfərə rayon icra hakimiyyəti başçısının Fəxri fərmanı verilmişdir.
Toplantıda əldə olunmuş uğurlarla yanaşı, həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları da müzakirə olunmuşdur.
Yığıncağın işində Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Fərəc Quliyev iştirak və çıxış etmişlər.

{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında