Şriftin ölçüsü:
30.10.2011 00:57 | Oxunma sayı: 452
İşıq həyati tələbat, rahatlıq və məmnunluq deməkdir. Azərbaycanın sosial-iqtisadi inkişafı bir çox cəhətdən elektrik enerjisi ilə etibarlı təminatdan, energetika sisteminin dayanıqlığından asılıdır. Birinci regional inkişaf Dövlət Proqramının həyata keçirildiyi beş ildə ölkədə tikilmiş 9 elektrik stansiyasından 7-si bölgələrdə fəaliyyət göstərir. İkinci Dövlət proqramında da yanacaq-enerji kompleksinin qarşısına qoyulan əsas vəzifələrdən biri iqtisadiyyatın və əhalinin bu resurslara tələbatının daha dolğun ödənilməsidir. 2009-2013-cü illərdə bu sahədə yeni güclərin yaradılması, alternativ və bərpa olunan mənbələrdən istifadənin genişləndirilməsi nəticəsində ölkənin enerji təhlükəsizliyinin daha da yüksəldilməsi nəzərdə tutulmuşdur.
Bu gün Astara ətrafına işıq saçan bölgələrimizdəndir. Artıq neçə ildir ki, buradakı modul tipli elektrik stansiyası qonşu rayonların da işıqla təminatında önəmli rol oynayır. Cari ilin aprel ayında isə Azərbaycan Prezidenti İlham Əliyev cənub bölgəsinə səfəri zamanı Astaranın Züngüləş kəndi yaxınlığında, İstisu çayı üzərində "Astara-1" kiçik su elektrik stansiyasının təməlqoyma mərasimində şəxsən iştirak etmişdir. Layihə üzrə 1,7 meqavat gücündə olan stansiyada ildə 2,5 milyon kilovat-saat elektrik enerjisi istehsal ediləcək. Artıq rayonun elektrik təsərrüfatı yenidən qurulub, sayğaclaşdırma tamamlanıb və bir neçə ildir ki, əhaliyə 24 saat fasiləsiz işıq verilməsi təmin edilib.
Astara rayonunun rəhbərliyi enerji təminatının etibarlı olmasını daim nəzarətində saxlayır. Bu məqsədlə rayon icra hakimiyyətində xüsusi qərargah yaradılıb. Qərargah enerji israfçılığına və enerjidən qanunsuz istifadəyə qarşı mübarizəni gücləndirir, enerji və kommunal xidmət haqlarının vaxtında və tam yığılması məqsədilə əhali arasında izahat işlərini genişləndirir. Rayonun bütün kəndlərini əhatə edən 10 kilovoltluq hava xəttində və 0,4 kilovoltluq elektrik verilişi xətlərində cari qüsurların aradan qaldırılması üçün tədbirlər görülür. Hava xətlərinin dayaqlarının dəyişdirilməsi, istismar müddəti keçmiş minlərlə metr naqilin yenisi ilə əvəz edilməsi qərargahın ciddi nəzarəti altındadır. Qərargahın ərazi nümayəndəliklərində işçi qrupları da fəaliyyət göstərir.
"Şirvan Regional Elektrik Şəbəkəsi" MMC-nin Astara Elektrik Şəbəkəsinin rəisi Azad Hüseynovun dedikləri:
- Rayonumuza daxil olan elektrik enerjisinin hərəkəti boyunca 110 kilovoltluq 42 kilometr sərhəd zolağı, 10 kilovoltluq 350 kilometr və 0,4 kilovoltluq 1000 kilometr xəttə xidmət göstəririk. Müxtəlif güclü beş böyük yarımstansiyamız var. Kollektivimiz 108 nəfərdən ibarətdir. Əksəriyyəti ixtisaslı mütəxəssislər, təcrübəli energetiklərdir. Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğına qarşı mühafizə təlimatlarına ciddi riayət edilir. Enerji təsərrüfatımızın vəziyyəti on-on iki il əvvəlkindən yerdən göyə qədər fərqlənir. Əgər o zaman nəzarətçilər kənd-kənd, ev-ev gəzib istehlakçılara əllə yazılmış bildirişləri paylayırdısa, indi terminallar vasitəsilə, kompyuterdən sayğac göstəriciləri oxunur və çıxarışlar edilir. Hər yarımstansiyadan çıxan fider üzərindəki kəndlərdə sərfiyyat, itki aydın görünür. Bu mobil üsul həm səmərəli fəaliyyəti təmin edir, həm də ola biləcək narazılıqların qarşısını alır.
Onu da deyim ki, əvvəllər stansiyaların gücünün zəif olması və sayğaclaşdırma aparılmaması səbəbindən gün ərzində kəndlərə 5-6 saat, şəhərə isə 7-8 saat elektrik enerjisi verilirdi. Artıq neçə ildir ki, sayğaclaşma başa çatıb və şəbəkəmiz əhalini, eləcə də digər istehlakçı qruplarını bütün gün ərzində işıqla təmin edir. İlk növbədə 2007-2009-cu illərdə şəhər abonentlərinin 40 faizi üçün SİP kabelləşməsi aparılıb ki, bu da qəza hallarının tam minimuma enməsini təmin edib. Artıq enerji haqları da ilbəil artımla yığılır. Qış aylarında bu rəqəm 80-85 faiz, qalan aylarda isə 98-100 faiz olur. Bu, cənub bölgəsində öncül mövqeyə çıxmağımıza kömək edib.
Ötən yay regional MMC-dən alınan materiallar hesabına cari və əsaslı təmirləri reallaşdırmışıq. Bu iş qış mövsümü ərəfəsində də davam edir. Qəza xidməti, növbətçilik yüksək səviyyədə təşkil olunur. Abonentlərimizin ümumi sayı 21700-dür. Hamısına yüksək xidmət göstərməyə çalışırıq. Rayonumuzun ərazisində modul tipli elektrik stansiyasının fəaliyyət göstərməsi, habelə İstisuda "Astara-1" kiçik su elektrik stansiyasının tikilməsi energetiklərimizin daha güvənli olmasını təmin edən amillərdir.
Bu yaxınlarda peşə bayramımızın rayon rəhbərliyi tərəfindən yüksək səviyyədə qeyd olunması işimizə verilən qiymət kimi dəyərləndirilə bilər. Bayram tədbirində Astara Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov energetikləri ürəkdən təbrik etdi. Onlardan altı nəfərinə fəxri fərmanlar verildi. Nuryayanlarımız bundan sonra da vəzifə borclarını layiqincə yerinə yetirməyə, etimadı doğrultmağa çalışacaqlar.
Qarşıdan qarlı-şaxtalı qış mövsümü gəlir. İnanmaq istərdik ki, Astaranın energetikləri bu sınaqdan da üzüağ çıxacaqlar.
{nl}
Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.