Qonşu İrandan yenə Azərbaycan Respublikasının, Azərbaycan hakimiyyətinin ünvanına böhtan xarakterli açıqlamalar, hədələyici ruhlu bəyanatlar səslənməkdədir. İran silahlı qüvvələri Baş qərargah rəisinin ardınca yüksək rütbəli din xadimləri - ayətullahlar Məkarim Şirazi və Təhriri dövlətimizi hansısa "islami oyanışı" boğmaqda, möminləri sıxışdırmaqda ittiham edirlər.
Bu isə İranın müəyyən dairələrinin ardıcıl anti-Azərbaycan xətti götürdüklərindən xəbər verir. Onlar açıq-aşkar dövlətimizin daxili işlərinə qarışır, İranın xəbər agentliklərindən birinin yazdığı kimi, Azərbaycan iqtidarına "nəsihət vermək", ona yol göstərmək və qorxutmaq iddiasında bulunurlar. Görünür, bu cənablar əməlli-başlı özlərinin uydurduqları "Şimali İran" xülyasına qapılmış, Azərbaycan Respublikasının müstəqil dövlət olduğunu unutmuşlar, bir növ, Məkarim Şirazinin öz təbirincə desək, qəflət yuxusuna dalmışlar. Ayılın, cənablar, sizin hədə dilində danışmağa cəhd etdiyiniz dövlət heç də İranın bir əyaləti deyil, BMT Təhlükəsizlik Şurasının üzvüdür, dünyanın 155 dövlətinin dəstəyini qazanmış müstəqil ölkədir. Və bu kontekstdə Qumda keçirilmiş yığıncaqda guya 40-dan çox ölkəni təmsil edən tələbə və ruhanilərin iştirak etməsi barədə informasiya (əslində dezinformasiya) gülünc görünür. Elə isə nə üçün həmin xəbərdə onların heç olmasa bir qisminin adı açıqlanmır, yalnız Azərbaycandan çox-çox uzaq (və məlumatsız!) olan Salvador və Konqodan iki şəxsin adı göstərilir. Ölkəmiz barədə təsəvvürü olmayan şəxsləri birtərəfli informasiya ilə çaşdırıb öz məqsədləri üçün istifadə etmək bizə digər qonşumuzdan - bədnam erməni millətçilərindən yaxşı tanış olan üsuldur.
Ayətullah Təhririnin iştirakı ilə Qumda keçirilmiş konfransın adı da sadəcə gülüş doğurur: "Azərbaycan Respublikasında islami oyanışa dayaq və islamofobiya siyasətlərinin məhkum edilməsi". Buradakı anlayışlara diqqət yetirək. "İslami oyanış" anlayışına konfransın bəyanatında da rast gəlirik, özü də "islami bahar oyanışı" şəklində. Buradan İran ayətullahlarının "islami oyanışa" verdiyi məzmun aydın olur. Məqsəd politoloji ədəbiyyatda və kütləvi informasiya vasitələrində "ərəb baharı" adını almış demokratik hərəkatları "islami bahar" kimi təqdim etməkdən ibarətdir. Bu da təsadüfi deyildir. Hələ Tunisdə, xüsusən Misirdə xalq hərəkatları vüsət alan zaman İranın ali rəhbərliyi bunu "islami oyanış" kimi səciyyələndirməyə, hətta İran islam inqilabından ilhamlandığını bəyan etməyə başladı. Amma bu, nə Şimali Afrikadakı inqilabi hərəkatların şüarlarına, nə də onların real xarakterinə uyğun gəlmirdi. Əksinə, həmin dövrdə bir neçə ərəb ölkəsindən İran diplomatlarının casusluq ittihamı ilə xaric edilməsi, Körfəz ölkələrinin İranı onların daxili işlərinə müdaxilə etməkdə suçlayaraq BMT-yə şikayət etməsi göstərdi ki, İran baş verən proseslərdən faydalanmaq və onları öz istədiyi məcraya yönəltmək niyyətindədir. Lakin hadisələrin sonrakı inkişafı bunun elə niyyət olaraq qaldığını göstərdi və bu gün əksər ekspertlər Yaxın və Orta Şərqi bürümüş inqilabi dalğanın növbəti həlqəsinin məhz İran olacağını söyləyir və proqnozlaşdırırlar. İranın bəlli dairələri isə sanki öz ölkəsinin real durumunu görmədən bu dalğanı bütün dünyada demokratik dünyəvi dövlət imicinə malik Azərbaycan Respublikasına "ötürmək" istəyir. Və bu zaman hicab məsələsi ətrafında süni gərginlik yaradıb öz siyasi məqsədlərini güdən, ilahi dini siyasət alətinə çevirməyə çalışan bir qrupun hərəkətlərini "islami oyanış" kimi təqdim etməyə çalışır. Bu canfəşanlıqla onlar əslində həmin qrupun İranla əlaqələri barədə deyilənləri dolayısı etiraf etmiş olurlar.
Konfransın bəyanatında dövlət qeydiyyatı olmayan İslam Partiyasının bəzi üzvlərinin "Azərbaycan Respublikasının nüfuzlu din xadimlərindən" olduğu göstərilir. Halbuki Azərbaycan əhalisinin əksəriyyəti onların adını məhz həbs olunandan sonra hüquq-mühafizə orqanlarının açıqlamasından eşitmişdir. Bir şərqşünas olaraq, mən indiyədək bu şəxslərin islamın tarixi və fəlsəfəsi ilə bağlı hər hansı elmi, maarifləndirici yazısına rast gəlməmiş, çıxışını eşitməmişəm. Əksinə, fikrimcə, bu şəxslər "İslam Partiyası" anlayışı ilə dinimizə bir zərbə vurmuşlar. Axı İslam hər hansı bir qrupa və zümrəyə deyil, bütün bəşəriyyətə ünvanlanmış ilahi dindir və onu siyasi institut olan partiyaya bağlamaq prinsipcə, mahiyyətcə düzgün sayıla bilməz.
Bədnam toplantıda istifadə olunan ikinci anlayış - islamofobiya isə heç yerinə düşmür və belə görünür ki, Azərbaycan Respublikasında islamofobiya siyasətindən dəm vuranlar bu məfhumun mahiyyətindən xəbərsizdirlər. Belə ki, ksenofobiyanın bir növü sayılan islamofobiya qeyri-islam cəmiyyətlərində islama neqativ münasibət və müsəlmanlara qarşı ayrı-seçkilik anlamını verir. Azərbaycan isə müsəlman ölkəsidir və burada islamofobiyadan söhbət gedə bilməz. İlk dəfə 1991-ci ildə işlənən "islamofobiya" termini xüsusən 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra geniş istifadə olunmağa başladı. Nəhayət, 2004-cü ildə BMT Qərb cəmiyyətlərində islamofobiyanı pisləyən tədbir keçirdi. Lakin gəlin bir şeyi etiraf edək: Avropa və Amerikada islamofobiyanın meydana çıxması və güclənməsində İran kimi dövlətlərin, "əl-Qaidə", "Hizbüt-təhrir" kimi təşkilatların istifadə etdiyi radikal diskursun "payı" az olmamışdır. Başqa sözlə, özünü islamın müdafiəçisi kimi qələmə verən fundamentalist və radikal axımın fəaliyyəti mahiyyətcə sülh və anlaşma dini olan islama "ayı xidmətindən" başqa bir şey deyildir.
Ayətullah Təhririnin sözlərində yalnız bir həqiqət var: "Bu xalq (Azərbaycan xalqı - G.B.) kommunistlərin dövründə öz dinini qoruyub saxladı". Bəli, sovet ateizminin tüğyan etdiyi bir dövrdə xalqımız qəlbən bağlı olduğu dinini qorumuş, ən ağır şəraitdə belə ulu Tanrıya inamını itirməmişdir. Özü də İranın və ya hər hansı digər ölkənin köməyi olmadan! Müstəqilliyin ilk illərindən isə xalqımızın tarixi köklərinə, milli-mənəvi dəyərlərinə qayıdışı islam dinini də ehtiva etmişdir. Bu illərdə müqəddəs Kitabımız bir neçə variantda dilimizə tərcümə edilmiş, dinşünas, ilahiyyatçı kadrların hazırlanması sahəsində böyük işlər həyata keçirilmiş, Bakıda İslam Universiteti, BDU-da ilahiyyat fakültəsi fəaliyyətə başlamış, islamın tarixinə, ayinlərinə, fəlsəfi-əxlaqi sisteminə dair çoxsaylı kitablar, məqalələr, dissertasiya işləri yazılmışdır. Ölkədə yüzlərlə məscid tikilmiş, qədim məscidlər bərpa olunmuşdur. Dini bayramlar dövlət səviyyəsində qeyd olunmağa başlamışdır. Ulu öndərimiz Heydər Əliyev və möhtərəm Prezidentimiz İlham Əliyev dəfələrlə müxtəlif dini mərasimlərdə, məscidlərin açılışında iştirak etmişlər. Bu gün Azərbaycanda dindarların islami ayinlərin icra etməsində heç bir maneə yoxdur, buna hər cür şərait yaradılmışdır. Bununla belə dinin dövlətdən ayrı olması barədə ölkə Konstitusiyasında əksini tapmış prinsip dönmədən həyata keçirilir. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin yaradılması və fəaliyyəti zərərli təriqətlərin, missioner təşkilatların qarşısını almaqla cəmiyyətimizdə islamın layiqli yer tutmasına şərait yaratmışdır. Ölkəmiz müstəqilliyinin ilk illərindən İslam Əməkdaşlıq Təşkilatının (əvvəllər İslam Konfransı Təşkilatı) üzvüdür və Qərb dövlətləri ilə əlaqələrini genişləndirməklə yanaşı, islam ölkələri ilə münasibətlərə böyük önəm verir.
Yeri gəlmişkən, radikal islamçı qruplaşmalarla bağlı dövlətimizin gördüyü tədbirlərdən danışarkən, Ayətullah Təhriri deyir: "Bu hərəkətlər İslam Əməkdaşlıq Təşkilatının üzvü olan ölkəyə yaraşan iş deyil". Elə isə həmin təşkilatda Azərbaycan parlamentini təmsil edən bir millət vəkili kimi mən də soruşuram: müsəlman ölkəsi ərazisinin 20 faizini işğal etmiş Ermənistanla ilbəil genişlənən əməkdaşlıq İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətə - İrana yaraşan işdirmi?!
Qəribədir, İrandan başqa heç bir islam ölkəsindən Azərbaycandakı dini durumla bağlı tənqidlər səslənmir. Bu yerdə "öz gözündə tiri görmür..." məsəli yada düşür. Dünyəvi dövlətin əsaslarını sarsıtmağa çalışan bir dəstəyə qarşı atılan addımları insan haqlarının boğulması kimi səciyyələrindən İran ayətullahları öz ölkələrində bütöv millətlərin təməl haqlarının pozulmasına niyə göz yumurlar? Onlar ələvilərə, qunabadi dərvişlərinə qarşı amansız repressiyaları niyə sükutla qarşılayırlar? Hicabı az qala islamın əsl atributu və bir növ namus məsələsi kimi qələmə verənlər niyə İran qadınının acınacaqlı durumuna nəzər yetirmirlər? İranın qadınlar arasında intiharın sayına görə dünyada 3-cü yer tutması, ölkə qadınlarının 43 faizinin işsiz olması, azyaşlı qızların kütləvi şəkildə alver obyektinə çevrilməsi, əhalinin az qala yarısının narkotik aludəçiliyi və neçə-neçə digər tükürpədici reallıqlar dura-dura İran generallarını, ayətullahlarını Arazın bu tayına boylanmağa vadar edən nədir?! Nədirsə, əbəsdir! Azərbaycan dövləti ümummilli liderimizin müəyyənləşdirdiyi və Prezidentimizin uğurla həyata keçirdiyi dünyəvi dövlət quruculuğu prinsipini əzmlə reallaşdıracaq və buna mane olmaq, cəmiyyəti geriyə, orta əsrlərə, teokratiyaya sürükləmək istəyində olanlara qarşı qanunun tələbi ilə sərt addımlar atmaqdan heç vəchlə çəkinməyəcəkdir.
{nl}
Gövhər BAXŞƏLİYEVA, AMEA Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.