R.Abdullayev: Türkiyə ilə birlikdə bu ölkənin ərazisindən keçəcək tamamilə yeni bir qaz kəmərinin inşası layihəsinin araşdırılması haqqında razılıq əldə edilmişdir

Oktyabrın 25-də İzmirdə Azərbaycan qazının ixracına dair sənədlər, o cümlədən hökumətlərarası Saziş, 2017-ci ildən başlayaraq "Şahdəniz-2" layihəsi üzrə hasil olunacaq qazın Türkiyəyə satışına dair Saziş, "Şahdəniz-2" layihəsi üzrə hasil olunacaq qazın 2017-2042-ci illərdə Türkiyə vasitəsilə, "BOTAŞ" şirkətinin nəqliyyat şəbəkəsindən istifadə etməklə nəqlinə dair Saziş və s. imzalanmışdır. 
Bu sözləri Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ANS telekanalına müsahibəsində demişdir.
ARDNŞ-in prezidenti bildirmişdir ki, bunlar Azərbaycan qazının Türkiyə və Yunanıstan sərhədlərinə, eyni zamanda, Türkiyə və Bolqarıstan sərhədlərinə nəql olunması üçün zəruri olan sənədlərin tam paketini təşkil edir. Faktiki olaraq Xəzər dənizi regionunu Avropa ilə birləşdirəcək "Cənub qaz dəhlizi" layihəsinin gerçəkləşməsi üçün bütün şərait yaranmışdır.
Artıq bütün tranzit şərtlərinin aydın olduğunu qeyd edən R.Abdullayev demişdir ki, biz Azərbaycan qazının Avropaya nəql edilməsi istiqamətində bir neçə layihəni - İTGİ (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri), TAP (Transadriatik boru kəməri), "Nabukko" və "bp"-nin təklif etdiyi dördüncü qaz kəməri layihələrini dəyərləndirmək imkanı qazanmışıq. Düşünürəm ki, seçim prosesini tezliklə, 2011-ci ilin sonu-2012-ci ilin əvvəllərində başa çatdıracağıq.
"2025-ci ilədək Azərbaycanda təxminən 50 milyard kubmetr qaz hasil olunacaqdır", - deyən ARDNŞ-in prezidenti diqqətə çatdırmışdır ki, bu həcmin əhəmiyyətli hissəsinin dünya bazarlarına çıxarılması üçün Türkiyə ilə birlikdə bu ölkənin ərazisindən keçəcək tamamilə yeni bir qaz kəmərinin inşası layihəsinin araşdırılması haqqında razılıq əldə edilmişdir. Bu, yeni bir kəmər olacaqdır və regionda qaz hasilatı həcmləri artdıqca onun ötürücülük qabiliyyətini artırmaq mümkün olacaqdır. Bu layihə iki qardaş ölkə tərəfindən, - xarici şirkətlərin dəvət edilməsi də mümkündür, - həyata keçiriləcəkdir. Biz bu boru kəməri layihəsi ilə bağlı bütün məsələləri 2012-ci ildə həll etmək və vaxt itirmədən inşaat işlərinə başlamaq istəyirik ki, 2017-ci ilin sonlarında - "Şahdəniz" layihəsinin 2-ci mərhələsi üzrə istismar başlayanda kəmər artıq hazır olsun.
Əgər ulu öndər Heydər Əliyev "Azəri-Çıraq-Günəşli" yataqlarının birgə işlənməsi haqqında sazişi "XX əsrin sazişi" adlandırmışdısa, bu layihə XXI əsrin layihəsi olacaq və bu işin təşəbbüskarı - Azərbaycan Prezidenti İlham Əliyevin adı ilə bağlı olacaqdır, - deyə ARDNŞ-in prezidenti bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında