Türksoylu media təmsilçiləri Bakıda bir araya gələcək

Türkdilli ölkələrin və toplumların II media forumu Bakıda gerçəkləşəcək. Artıq bu beynəlxalq tədbirə hazırlıq işləri yekunlaşmaq üzrədir. Bu barədə Mətbuat Şurasının rəsmi saytında bildirilib. 
Tədbirə Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Rusiyanın türkdilli xaqlar yaşayan Tatarıstan, Başqırdıstan, Qaraçay-Çərkəz, Kabardin-Balkar, Tuva, Saxa respublikalarından, Ukraynanın Krım Vilayətindən, Moldovanın Qaqauz Muxtar Ərazisindən, eləcə də Avropanın türklərlə bağlı və onların kompakt yaşadıqları ölkələrindən media qurumları təmsilçilərinin qatılmaları nəzərdə tutulur. Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd etmişdir ki, artıq nümayəndələrin tam əksəriyyətinin forumda iştirakı təsdiqlənib və bununla əlaqədar zəruri prosedur işləri həyata keçirilib.
" Ümid edirik ki, türk dünyası üçün müstəsna əhəmiyyət daşıyacaq bu toplantının yüksək səviyyədə təşkilini reallaşdıra biləcəyik"- deyə o əlavə edib. MŞ sədri bildirib ki, türkdilli ölkələrin və toplumların II media forumu rəhbərlik etdiyi qurumun və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə reallaşdırılır. Toplantıda başlıca mövzu "Qloballaşan dünyada türkdilli media faktoru: fərqliliklər və ortaq maraqlar" olacaq. Altmışa yaxın xarici qonağın qatılacağı tədbirdə iştirakçıların ümumi sayı 200-dən çoxdur.
Diqqəti forumun iş planına yönəldən Ə.Amaşov həmçinin vurğulayıb ki, ilk dəfə olaraq türk dünyasından rekord sayda media nümayəndəsi bir yerə -Azərbaycanın paytaxtı Bakıya toplaşacaq və bu, işimizin xüsusi əlamətdar cəhətlərindəndir. Oktyabrın 28-də "Kempinski Hotel Badamdar" kompleksində keçiriləcək forumda ilk olaraq türk dünyasında medianın xarakterik xüsusiyyətləri, qlobal informasiya məkanına inteqrasiya proseslərində türkdilli media amili və digər aktual məsələlər müzakirə olunacaq. "Son zamanlar sosial jurnalistikanın bütün dünyada rolu artmaqdadır. Çalışacağıq ki, yeni jurnalistikanın türkdilli media birliklərinin konsolidasiyası prosesinə hansı töhfə verə biləcəyi ətrafında da müzakirələr aparılsın. Nəhayət, tədbirdə Türkiyədə yaradılmış türkdilli ölkələrin və toplumların media platformasının qarşıdakı fəaliyyət istiqamətləri ətrafında fikir mübadiləsi aparılacaq və qurumun planları açıqlanacaq", - deyə MŞ sədri Ə.Amaşov qeyd edib.
Forum çərçivəsində qonaqların Qubaya səfərlərinin təşkili planlaşdırılıb. Burada onlar ermənilərin azərbaycanlılara qarşı soyqrımını əks etdirən kütləvi məzarlığa baş çəkəcəklər.
Ayın 29-da xaricdən gələn iştirakçılar İctimai Televiziyanın qonağı olacaqlar. Qeyd edək ki, türkdilli ölkələrin və toplumların I media forumu keçən ilin dekabr ayında Türkiyədə keçirilib.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında