Şriftin ölçüsü:
27.10.2011 02:39 | Oxunma sayı: 436
Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən son günlərdə həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotiklərin qaçaqmalçılığı və qanunsuz dövriyyəsində təqsirli bilinən 13 nəfər ifşa olunmuş, ümumilikdə 15 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülmüşdür.
MTN-in ictimai əlaqələr mərkəzindən bildirmişlər ki, Azərbaycan Respublikasının vətəndaşları - Panaliyev Bəxtiyar Xanqulu oğlu, Məmmədov Mais Kitabəli oğlu və Əzizov Namiq Əmir oğlu saxlanılmış, onların üzərindən və yaşadıqları mənzillərdən ümumilikdə 8 kiloqrama yaxın narkotik vasitə olan həşiş və heroin aşkarlanaraq götürülmüşdür.
Müəyyən edilmişdir ki, Bəxtiyar Panaliyev, Mais Məmmədov və Namiq Əzizov, habelə hazırda şəxsiyyətləri istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşları qabaqcadan əlbir olaraq, satış məqsədi ilə külli miqdarda olan həmin narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirərək İrandan Azərbaycana gətirmişlər.
Digər əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Baxşəliyev Rafəddin Nadir oğlu Bakı şəhərində saxlanılmış, keçirilmiş baxış nəticəsində onun idarə etdiyi "Mercedes" markalı avtomobildən təxminən 1 kiloqram narkotik vasitə olan heroin aşkarlanaraq götürülmüşdür.
Məlum olmuşdur ki, hazırda şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının vətəndaşı əvvəlcədən əldə olunmuş razılığa əsasən, Rafəddin Baxşəliyevin sifariş etdiyi həmin narkotik vasitəni qaçaq yolla Azərbaycan Respublikasının ərazisinə keçirərək Cəlilabad rayonunun Kövüzbulaq kəndi yaxınlığında gizlətmiş və bu barədə sonuncunu məlumatlandırmışdır. Rafəddin Baxşəliyev Kövüzbulaq kəndinin ərazisinə gələrək burada İran vətəndaşının gizlətdiyi həmin heroini götürmüşdür. Qeyd olunan narkotik vasitənin İrandan Azərbaycana keçirilməsi üçün əvvəlcədən əldə olunmuş razılığa əsasən Rafəddin Baxşəliyev həmin iranlıya 6 min ABŞ dolları göndərmişdir.
Daha bir əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikasının vətəndaşları - Əməşov Eldar Ehtimad oğlu, Əməşov Elşən Ehtimad oğlu, Nəhmədov Əbülfəz Əli oğlu, Məmmədov Vüsal Həzrət oğlu və İran İslam Respublikasının vətəndaşı Qasimi İlxanlar Abdulla Böyük oğlu saxlanılmış, onlardan 4 kiloqrama yaxın heroin aşkarlanaraq götürülmüşdür.
Məlum olmuşdur ki, Eldar və Elşən Əməşovlar, Əbülfəz Nəhmədov, Vüsal Məmmədov, Qasimi İlxanlar Abdulla və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə həmin narkotik vasitəni gizli yolla İrandan Azərbaycana gətirmişlər.
Milli Təhlükəsizlik Nazirliyi və Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qaçaqmalçılığı və qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci, 234.4.1-ci, 234.4.2-ci, 234.4.3-cü maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilməklə axtarışa elan edilən Azərbaycan Respublikasının vətəndaşı Əliyev Abbas İsmayıl oğlu saxlanılmış və 2011-ci il oktyabr ayının 13-də Azərbaycana ekstradisiya edilmişdir.
Milli Təhlükəsizlik Nazirliyi, Rusiyanın Narkotiklərin Dövriyyəsinə Nəzarət Federal Xidməti, Türkiyə, Ukrayna və Belarus xüsusi xidmət orqanları tərəfindən birgə həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində isə Rusiya Federasiyasının Krasnoyarsk şəhərində Gürcüstan vətəndaşları D.E.Hüseynov, E.B.Cəlilov və Rusiya Federasiyasının vətəndaşı E.İ.Piriyev saxlanılmış, keçirilmiş baxış nəticəsində onlardan 3 kiloqram narkotik vasitə olan həşiş aşkarlanaraq götürülmüşdür. Həmin narkotik vasitə İran İslam Respublikasından yükdaşıma şirkəti vasitəsilə qaçaq yolla Türkiyəyə, oradan Ukraynaya və daha sonra Belarusun ərazisindən tranzit keçirilməklə Rusiyanın Krasnoyarsk şəhərinə göndərilmişdir.
Bütün faktlar üzrə cinayət işləri başlanılmış, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.