Şriftin ölçüsü:
26.10.2011 01:28 | Oxunma sayı: 465
Son zamanlar ölkə əhalisinin içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu məqsədlə su təsərrüfatında iri infrastruktur layihələr reallaşdırılır, yeni anbarlar inşa olunur, müasir tələblərə cavab verən su kəmərləri çəkilir.
Xatırladaq ki, ötən ilin sonlarında Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi paytaxtın su təchizatında müşahidə olunan çətinliklərin tam aradan qaldırılmasına imkan yaratdı. Hazırda isə Oğuz və Qəbələ rayonlarından gətirilən suyun istehlakçılara çatdırılması üçün paylayıcı şəbəkənin işi tamamilə yenidən qurulur. Bununla yanaşı, artıq ölkənin ayrı-ayrı şəhər və rayonlarının da içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkələrinin yaradılması məqsədilə iri infrastruktur layihələrinin icrasına başlanılmışdır.
Məlum olduğu kimi, Prezident İlham Əliyev ölkə əhalisinin içməli su ilə fasiləsiz təminatına nail olmaqla yanaşı, istehlakçılara verilən suyun keyfiyyətinin yaxşılaşdırılmasını da ən vacib məsələlərdən biri kimi qarşıya qoymuşdur. Təsadüfi deyil ki, ölkə Prezidenti bu barədə demişdir: "Su həyat deməkdir. Təmiz su isə sağlam həyat deməkdir. Biz istəyirik ki, Azərbaycan vətəndaşları sağlam olsunlar, gənc nəsil sağlam olsun". Hazırda "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət başçısının həmin tapşırıq və tövsiyəsindən irəli gələn vəzifələrin həlli məqsədilə konkret işlərə başlanılmışdır. Bakı şəhərində "Azərsu" ASC-nin mərkəzi laboratoriyasının təməlinin qoyulması da məhz bu məqsədə xidmət edir.
Mərkəzi laboratoriyanın təməlqoyma mərasiminin iştirakçıları öncə tikinti aparılacaq ərazi və ölkənin içməli su sektoru üçün son dərəcə mühüm əhəmiyyət kəsb edəcək obyektin maketi ilə tanış oldular."Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov mövcud laboratoriyanın işçiləri ilə söhbət etdi, onların iş şəraiti ilə maraqlandı. Daha sonra yeni tikiləcək mərkəzi laboratoriyanın təməli qoyuldu.
Q. Hüseynov bildirdi ki, mərkəzi laboratoriyanın inşasına başlanılması son zamanlar ölkəmizin içməli su təsərrüfatının və kanalizasiya sisteminin yenidən qurulması ilə bağlı həyata keçirilən mühüm işlərin məntiqi nəticəsidir. Qeyd olundu ki, yeni su mənbələrinin müəyyən edilməsi, istehlakçılara verilən içməli suyun keyfiyyət göstəricilərinə daim nəzarət olunması, onun tərkibinin müasir standartlar səviyyəsində öyrənilməsi məqsədilə tikilən laboratoriya binasının ümumi sahəsi 1800 kvadratmetr ərazini əhatə edəcək və burada ən son texnologiyaya uyğun avadanlıqlar quraşdırılacaq. "Azərsu" ASC-nin sədri Q. Hüseynov həmçinin bildirdi ki, laboratoriya istismara verildikdən sonra İSO-17025 akreditasiya sertifikatına təqdim ediləcək və bundan da məqsəd Azərbaycanda aparılacaq analizlərin nəticələrinin Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatı səviyyəsində tanınmasına nail olmaqdan ibarətdir.
Hazırda "Azərsu" ASC-nin mərkəzi laboratoriyası içməli suyun yalnız 30-a yaxın parametrini öyrənməyə imkan versə də, yeni obyektin istismara buraxılmasından sonra bu göstəricilərin sayını 75-ə çatdırmaq mümkün olacaq. Yeni laboratoriyada içməli suyun keyfiyyətinə nəzarəti tam təmin etmək üçün mikrobioloji, orqanoleptik, fiziki-kimyəvi, parazitoloji, toksikoloji, radioloji göstəricilər, həmçinin üzvi və qeyri-üzvi maddələr təyin ediləcək.
Yeni laboratoriyanın istifadəyə verilməsi ilə daha çox məntəqədən içməli suyun analizə götürülməsinə imkan yaranacaq. Bu barədə məlumat verən "Azərsu" ASC-nin sədri Q. Hüseynov bildirdi ki, hazırda istismarda olan bütün su mənbələrində, eləcə də çirkabtəmizləmə qurğularında laboratoriyalar mövcud olsa da, həmin obyektlərdə yalnız ilkin yoxlamalar aparılır. Gələcəkdə isə istər içməli suyun, istərsə də kanalizasiya sularının hərtərəfli, kompleks yoxlanılması məhz bu laboratoriyada həyata keçiriləcəkdir.
Yeri gəlmişkən, layihə çərçivəsində səyyar laboratoriya və nümunə daşıyan maşınların alınması da nəzərdə tutulur ki, bu da su təchizatı sistemində hər hansı fövqəladə hallar baş verəcəyi təqdirdə nümunələrin götürülməsinə və onların yerində analiz olunmasına imkan yaradacaq. Bundan əlavə, yaxın gələcəkdə bəzi analizlərin "onlayn" sistemi vasitəsilə aparılması da planlaşdırılır. Bununla isə su mənbələrindən xüsusi cihazlar vasitəsilə lazımi informasiyaların mərkəzi laboratoriyaya ötürülməsi təmin olunacaq. Onu da qeyd edək ki, səkkiz aydan sonra istismara verilməsi nəzərdə tutulan yeni laboratoriyada çalışacaq kadrlar lazımi təcrübə keçmək üçün Türkiyəyə göndəriləcəklər.
{nl}
Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.