Şriftin ölçüsü:
26.10.2011 01:33 | Oxunma sayı: 508
Oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bölgədəki hərbi hissənin Şərur rayonunun Havuş kəndindəki bölük mərkəzinə gəlmiş, xidmətin təşkili və şəxsi heyətin sosial-məişət şəraiti ilə maraqlanmışdır.
N saylı hərbi hissənin komandiri, general-leytenant Kərəm Mustafayev muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbova raport vermişdir.
Şəxsi heyəti salamlayan Ali Məclisin sədri demişdir ki, müharibə şəraitində yaşayan ölkəmizdə ordu quruculuğu ən vacib sahədir. Vaxtilə ölkəmizin zəifliyindən, Azərbaycana rəhbərlik edənlərin səriştəsizliyindən istifadə edən Ermənistan torpaqlarımızın 20 faizini işğal etmiş, 1 milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olmuşdur. Ermənistanla sərhəddə olduğuna görə bu bölgədəki hərbi hissələrdə xidmət edən əsgərlərimizin birliyi, nümunəvi xidməti vacib şərtdir. Güclü ordu, həm də güclü nizam-intizam, sarsılmaz birlik deməkdir. Bu gün Azərbaycan xalqı ilə milli ordu arasında olan birlik çox yüksək səviyyədədir. Dövlətimizin ordu quruculuğuna, silahlı qüvvələrin maddi-texniki bazasının daha da möhkəmləndirilməsinə göstərdiyi qayğı davamlı xarakter daşıyır. Bu diqqət və qayğının nəticəsidir ki, yüksək döyüş qabiliyyətinə malik olan ordumuz istənilən hərbi vəzifəni layiqincə yerinə yetirmək gücündədir. Şəxsi heyət arasında olan səmimi münasibət, ruh yüksəkliyi bu gün hər birimizi sevindirir.
Ali Məclisin sədri əmin olduğunu bildirmişdir ki, əsgərlərimiz bundan sonra da xidməti vəzifələrini uğurla yerinə yetirəcək, vətənin keşiyində ayıq-sayıq dayanacaqlar.
Əsgər Ramazan Ramazanov muxtar respublikada vətənin keşiyində dayanan milli ordu əsgərlərinin hərtərəfli diqqət və qayğı ilə əhatə olunduğunu bildirmiş, Ali Məclis sədrinin əsgər, zabit və gizirlərlə ənənəvi görüşlərinin şəxsi heyətdə böyük ruh yüksəkliyi yaratdığını qeyd etmişdir.
Ali Məclisin sədri şəxsi heyəti qiymətli hədiyyələrlə mükafatlandırmış, onlarla xatirə şəkli çəkdirmiş, bölük mərkəzində yaradılan şəraitlə tanış olmuşdur.
Əsgər yataqxanasında şəxsi heyət üçün lazımi şərait yaradılmış, əsgərlər isti geyim və yataq dəstləri ilə, kalorili qidalarla təmin edilmişlər. Əsgər yataqxanası müasir təbii qaz sobaları ilə lazımi səviyyədə qızdırılır. Gətirilmiş ərzaq, meyvə, şirniyyat və digər məhsullar bölük mərkəzinin ərzaq anbarına təhvil verilmişdir. Həmin gün Ali Məclisin sədri Havuş kəndindəki yüksəklikdə mövqe tutan tağım dayaq məntəqəsinə gəlmiş, burada xidmətin təşkili ilə maraqlanmışdır.
Düşmənlə yaxın təmas xəttində yerləşən dayaq məntəqəsi dağlıq şəraitdə uğurlu mövqe seçmiş, müasir artilleriya qurğuları və atıcı silahlarla təmin olunmuşdur. Şəxsi heyətin mənəvi-psixoloji durumu, peşəkarlığı istənilən hərbi vəzifəni uğurla icra etməyə imkan verir.
Ali Məclisin sədri müşahidə məntəqələrində mövqelərimizin vəziyyəti, mövcud topoqrafik və taktiki şəraitlə tanış olmuşdur. Dəniz səviyyəsindən 2037 metr hündürlükdə yerləşən müşahidə məntəqəsindən düşmənin yerləşdiyi mövqeləri, onun ərazidəki fəaliyyətini, taktiki imkanlarını asanlıqla müşahidə etmək mümkündür.
Müşahidə məntəqəsinə baxış zamanı təmas xəttindəki yüksəkliklər və qoşunlar arasında yerləşən ərazi, burada xidmət keçən bölmələrimizin döyüş qabiliyyəti, döyüş növbətçiliyinin aparılması qaydaları və şəxsi heyətlə keçirilən təlimlər barədə məlumat verilmişdir. Ön xətdə mühəndis-istehkam qurğuları, maneələr yaradılmış, onların müdafiə qüdrəti xeyli gücləndirilmiş, müdafiə rayonunun mühafizəsinin təşkili sahəsində mühüm tədbirlər görülmüşdür.
Ali Məclisin sədri döyüş və döyüşə hazırlığın yüksəldilməsi, əsgərlərimizin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə əlaqədar hərbi hissənin komandanlığına müvafiq tapşırıqlar vermişdir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.