Şriftin ölçüsü:
26.10.2011 02:32 | Oxunma sayı: 413
Oktyabrın 25-də Milli Məclisin növbəti iclası keçirilmişdir.
İclasda Türkiyənin Van vilayətində baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sonra Milli Məclisin sədri Oqtay Əsədov bildirmişdir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Sədr bunu Azərbaycan Prezidentinin xarici siyasətinin uğuru kimi qiymətləndirmişdir.
Oqtay Əsədov bu münasibətlə Azərbaycan xalqını və Prezidentini təbrik etmişdir.
Sonra iclasın gündəliyindəki qanun layihələrinin müzakirəsi başlanmışdır. Əvvəlcə "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Konstitusiya qanununun layihəsi müzakirə olunmuşdur.
Layihə barədə məlumat verən Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirmişdir ki, 2009-cu ilin martın 18-də ölkəmizdə keçirilən referendumda ümumxalq səsverməsi yolu ilə Azərbaycan Konstitusiyasına bir sıra dəyişikliklər qəbul edilmişdi. Hazırda müzakirəyə çıxarılmış sənəd də məhz Konstitusiyamızın 108-ci maddəsinin 2-ci hissəsinə edilmiş dəyişiklikdən irəli gəlir. Bu cür qanunlar bir sıra ölkələrdə mövcuddur. Bildirilmişdir ki, "Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" Konstitusiya qanunu hazırlanarkən işçi qrup tərəfindən beynəlxalq təcrübə öyrənilmiş və təhlil olunmuşdur.
Müzakirəyə çıxarılmış qanun layihəsində keçmiş prezidentlərin özü və ailəsi ilə bağlı bir sıra təminatlar nəzərdə tutulmuşdur. Keçmiş Prezidentin özünün pensiya təminatı, o vəfat etdikdən sonra isə ailə üzvlərinə həmin pensiyanın 50 faizinə bərabər tutulan aylıq müavinətin ödənilməsi əsas təminatlardandır. Layihədə keçmiş Prezidentin toxunulmazlığı, təhlükəsizliyi, tibbi təminatı, dövlət hesabına nəqliyyat və sürücü ilə təmin olunması, həmçinin keçmiş Prezidentə vəzifə maaşının 20 faizi məbləğində təmsilçilik xərclərinin ödənilməsi məsələləri də əksini tapmışdır. Keçmiş Prezidentə və həyat yoldaşına ömürlük diplomatik pasportun verilməsi, həmçinin rəsmi yazışma sənədlərinin surətlərindən ibarət şəxsi arxivin keçmiş Prezidentin sərəncamında saxlanması da layihədə nəzərdə tutulan təminatlar sırasındadır.
Geniş müzakirələrdən sonra bu Konstitusiya Qanununun layihəsi səsə qoyularaq 110 səs lehinə olmaqla (birinci səsvermə) qəbul olunmuşdur.
Axşam iclasında "Cinayət mühakimə icraatı iştirakçılarının müdafiəsi haqqında" Saziş təsdiq edilmişdir. Bildirilmişdir ki, bu sənəd Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsinə xidmət edir.
Bundan başqa, "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmək haqqında", "Əməliyyat axtarış fəaliyyəti haqqında", "Bələdiyyələrin statusu haqqında", "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında", "Bələdiyyə qulluğu haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında", "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında", "Bələdiyyələrin daimi və başqa komissiyaları haqqında", "Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında" qanunlara əlavə və dəyişikliklər edilmişdir. Bildirilmişdir ki, qanunlara edilən bu dəyişikliklər ölkəmizdə hüquq mühafizə orqanlarının və bələdiyyə institutunun fəaliyyətinin daha da təkmilləşdirilməsinə xidmət edir.
İclasda deputatlar Lənkəran rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsinə və Gədəbəy rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsinə də razılıq vermişlər.
Milli Məclisin deputatları "Psixiatriya yardımı haqqında" Qanuna dəyişikliklər edilməsi barədə məsələni də müzakirə etmişlər. Qeyd olunmuşdur ki, bu Qanun 2001-ci ildə qəbul edilmişdir və ötən 10 il ərzində cəmiyyətdə gedən dəyişikliklər bu sahədə yeni tələbləri ortaya çıxarmış və qanunvericiliyə dəyişikliklər edilməsinə zərurət yaratmışdır. Qanunun 22 maddəsinə təklif olunan 41 dəyişiklik ölkəmizdə psixiatriya yardımının keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayacaqdır.
Müzakirələr zamanı deputatların və mütəxəssislərin fikirləri dinlənildikdən sonra təklif olunan dəyişikliklər səsə qoyularaq qəbul edilmişdir.
Bununla da Milli Məclisin iclası başa çatmışdır.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.