"Süleyman" kəndli-fermer təsərrüfatının uğurları barədə Şəmkir rayonunda çətin elə bir adam olsun ki, eşidib sevinməsin. Əslində bu təsərrüfatın, onun rəhbəri Hümbət Bayramovun şöhrəti respublikamızın çox yerinə yayılıb. Bu barədə mən də eşitmişdim. Həm də xəbərim vardı ki, Hümbət müəllim el-oba arasında işgüzarlığı, hünəri, mərdanəliyi ilə dərin hörmət və nüfuz qazanan insanlardandır. Təbii olaraq mən də əslən Şəmkirdən olan bir jurnalist olaraq, onunla görüşüb yaxından tanış olmaq, başçılıq etdiyi təsərrüfatın fəaliyyəti barədə məqalə yazmaq arzusu yaranmışdı. Onu da demişdilər ki, Hümbət müəllim çalışdığı Azərbaycan Dövlət Aqrar Universitetində yeganə adamdır ki, aqrar sahədə belə çoxsahəli nümunəvi təsərrüfat yaratmışdır. Təsərrüfatda iri buynuzlu maldarlıq, camışçılıq, qoyunçuluq, keçiçilik, balıqçılıq, müxtəlif növ ev quşları cinsləri yetişdirilir.
Bu yaz günlərinin birində Hümbət Bayramovun başçılıq etdiyi təsərrüfata getməyi qərara aldım. Mənə dedilər ki, onu tapmaq üçün Gəncə-Şəmkir avtomobil yolunun kənarında salınmış yaşıllıq zolağına getsəniz yaxşı olar.
Necə deyirlər, elə də oldu. Həqiqətən, Hümbət müəllimi həmin ünvanda tapdım. Özü də iş başında idi, yorulmaq bilmədən hey işləyirdi. Yaşı 70-i keçsə də bu bəstəboy, qıvraq adam əlindəki üzüm qayçısı ilə söyüd ağaclarından kiçik budaqlar kəsib toplayırdı ki, üzüm tinglərini bağlasın. Söyüdün qurumuş budaqlarını isə balta və mişarla qoparıb yandırmaq üçün bir yerə yığırdı. Həmin yaşıllıqlar nəinki Hümbət müəllimin təşəbbüsü ilə, həm də demək olar ki, gərgin əməyi, alın təri nəticəsində yaranıb. O, işdən macal tapan kimi ora gedir. Əkdiyi ağaclar pöhrələndikcə, boy atıb günəşə sarı boylandıqca və ana təbiətin sinəsi bu ağaclardan doyunca nəfəs aldıqca Hümbət müəllim də bir yandan fərəhlənir, bir yandan da əlinin zəhməti ilə böyüyən ağaclardan zövq alır.
Diqqət yetirdim, onun çox mehriban, nurani çöhrəsi var. Alnındakı qırışlar isə mənə onun zəhmətdən yoğrulmuş keşməkeşli ömür yolunun canlı bələdçiləri kimi təsir bağışladı. Tanış olduq. Əlini işdən ayırıb "Xoş gəlmisiniz"- deyə salamlaşdı. Hal -əhval tutduqdan sonra onun başçılıq etdiyi təsərrüfat barədə yazmaq fikrimi biləndə etiraz etmədi. Razılaşdıq ki, təsərrüfatı birlikdə gəzib hər şeyi öz gözlərimlə görüb tanış olum.
Söhbətin elə ilk anlarından Hümbət müəllim Azərbaycanda son illər iş adamları, fermerlər üçün yaradılmış yaxşı imkanlardan ürəkdolusu söz açmağa başladı. Dedi ki, ölkəmiz bütün dünyanın gözü qarşısında sürətlə inkişaf edir. Sevindirici haldır ki, dövlətimizin iqtisadi imkanları artdıqca respublikamızın bölgələrində də uğurlu işlər görülür. Bir tərəfdən yeni istehsal müəssisələri işə düşür, xeyli iş yerləri açılır, o biri tərəfdən məktəblər, xəstəxanalar tikilir, bağlar, yaşıllıqlar salınır, yollar abadlaşır.
Bütün bu nailiyyətlər ulu öndər Heydər Əliyevin Azərbaycanın xoşbəxt gələcəyi naminə müəyyən etdiyi müdrik siyasətin uğurla həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Bu, Azərbaycanın tərəqqi və inkişaf yoludur. Həmin xətt Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir. Bu xalqın ürəyindən olan yoldur. Azərbaycanın bütün bölgələrində, o cümlədən Şəmkirdə yaşayıb yaradan sadə insanlar, iş adamları ölkəmizin son illərdəki uğurlu inkişafının bəhrəsini özünə, ailəsinə, bütün xalqımıza təsirini açıq-aşkar hiss edir.
Şəmkirli iş adamı, el ağsaqqalı Hümbət Bayramov da hesab edir ki, Azərbaycan dövlətinin bir an azalmayan diqqət və qayğısı olmasaydı, o, bir sahibkar olaraq heç zaman belə uğurlu fəaliyyət göstərə bilməzdi. O, böyük fəxrlə dedi ki, dövlətimizdən, şəxsən cənab Prezidentimiz İlham Əliyevdən yerdən-göyə qədər razıyam, bizim üçün hər cür şərait yaradılıb, indi ağılla, səriştə ilə başladığımız bu işləri davam və inkişaf etdirmək qalır.
Dövlət başçısı İlham Əliyevin Azərbaycan kəndi, onun qayğılarına bir an azalmayan diqqəti bütün ömrünü ölkəmizdə kənd təsərrüfatı elminin inkişafına həsr edən Hümbət müəllimi qəlbən razı salır. O deyir ki, möhtərəm Prezidentimiz çox düzgün olaraq Azərbaycanda qeyri-neft sektorunun, eləcə də aqrar sahənin sürətli inkişafını dövlətimizin daxili siyasətinin əsas prioritetlərindən edir.
Həmsöhbətim xüsusi qürur hissi ilə vurğuladı ki, elə rəhbərlik etdiyi "Süleyman" kəndli-fermer təsərrüfatının yaranması bilavasitə ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz bu dahi şəxsiyyətin vaxtilə ölkəmizin aqrar sahədə apardığı uğurlu islahatlardan ruhlanaraq, o, bu gün artıq böyük uğurlar qazanmış fermer təsərrüfatının yaranmasına qərar verib.
Bü təsərrüfatla ilk tanışlığım maldarlıq fermasından başlandı. Öyrəndim ki, hazırda təsərrüfatda 200 başa yaxın Qara-ala, Simmental, Qafqaz qonur malı, Azərbaycan camışı, Bolqar seleksiyalı Hindistanın Mürrəh camış cinsi, 300 başadək Qaradağ, Bozax, Şahsevən ləzgi, Qala və digər qoyun cinsləri, həmçinin südlük istiqamətli İsveçrənin Zaanen keçi cinsi yetişdirilir. Təsərrüfatdakı inək və camışların hər birindən ildə 1800-3000 litr süd istehsal olunur. Burada Avstriyadan gətirilmiş Zaanen cins keçilərinin sayı artıq 20 başa, onların yerli keçilərlə cütləşməsindən doğulan mələzlərin sayı isə 60 başa çatıb. Xüsusi qayğı ilə bəslənilən və artırılan bu keçilər gün ərzində 6 litrə qədər süd verirlər. Hümbət Bayramov dedi ki, keçi südü həm çox yağlı, həm dadlı olur, həm də sağlamlıq üçün əvəzsiz nemətdir . Müştərisi də daim başının üstündədir.
"Süleyman" kəndli-fermer təsərrüfatının heyvandarlıq kompleksinin yaxınlığında yaradılmış süni göllərdə balıqçılığın inkişaf etdirilməsinə də başlanılıb. Hazırda üç süni göldə əsasən sazan balıqları yetişdirilir. Gələcəkdə əlavə 3-4 süni gölün yaradılması da nəzərdə tutulub. Gölün ətrafında yaşıllıq zolaqları salınıb. Yaxınlıqdakı ərazidə Göyçaydan gətirilmiş 50 min ədəd nar tingləri əkilmişdir.
Kənd təsərrüfatı sahəsində çalışan sahibkarlar yaxşı bilirlər ki, ən gəlirli sahələrdən biri də quşçuluqdur. İndi bu təsərrüfatda 600-dən çox hind toyuğu, 20 min gümüşü və loman braun toyuqları bəslənilir. Həmsöhbətim yarızarafat, yarıciddi dedi ki, bunların hər biri bir toğludur. Həqiqətən burada elə hind toyuqları var ki, çəkisi 25 kiloqrama çatır.
Sonra Hümbət müəllimin təklifi ilə təsərrüfatın üzüm bağlarını gəzdik. Çox da böyük olmayan bir ərazini tutan bu bağlar öz səliqə-sahmanı ilə adamı heyran edirdi. Burada ən çeşidli üzüm tingləri əkilib. Xüsusi üzüm sortlarından calaq vasitəsilə əldə olunan tinglər elə birinci ilində məhsul verir. Gələcəkdə bu sahədən 10 tona yaxın məhsul yığılması gözlənilir. Hümbət Bayramov dedi ki, onlar üzüm bağlarında məhsul yetişənədək heç bir kimyəvi dərman preparatlarından istifadə etmirlər. Yəni müəssisə istehsal etdiyi məhsulların ekoloji təmizliyinə ciddi nəzarət edir.
Vaxtilə Şəmkir rayonunda üzümçülük sahəsində gözəl ənənələr olub. Hümbət müəllimin qəanəti belədir ki, indi rayonda üzümçülüyün yenidən inkişafı üçün geniş perspektivlər açılıb. Sadəcə, bu işdə gərək çox diqqətli olasan, ən yaxşı təcrübədən bəhrələnməyi bacarasan, bir də istehlakçıların sağlamlığı barədə düşünüb ekoloji cəhətdən təmiz məhsul yetişdirməyə çalışasan.
Yemçilik problemi də həmişə diqqət mərkəzində saxlanılır. Bu məqsədlə, təxminən, 70-80 hektar sahədə arpa, buğda, qarğıdalı və yonca becərilir. H.Bayramov qeyd etdi ki, dövlətimizin fermerlərə yanacaq və sürtkü yağları almaq üçün verdiyi subsidiya bu sahədə də onlara öz işlərini vaxtında və daha keyfiyyətlə başa çatdırmağa kömək göstərir. Yem əkini sahələrinə də göz gəzdirdim. Payızda səpilmiş taxıl artıq yazın isti nəfəsini duyaraq torpaqdan baş qaldırmağa başlamışdı. Hümbət müəllim inamla "Bu il də yaxşı yem toplaya biləcəyik" - dedi.
Hər insanın bir şeyə meyli, həvəsi daha çox olur. Ağac əkmək, yaşıllıqlar salmaq Hümbət müəllimin stixiyasıdır. O, Gəncə- Qazax avtomobil yolunun üstündəki beş hektar ərazidə də yaşıllıq zolağı saldırıb. Buradakı Eldar şamı, qoz, fındıq, palıd, göyrüş, ağ qovaq və başqa meyvə ağacları əraziyə xüsusi yaraşıq verir. Ölkə Prezidenti cənab İlham Əliyevin 2010-cu ili "Ekologiya ili" elan etməsi təsərrüfat rəhbərini daha da ruhlandırmış, təkcə bu ərazidə minlərlə yeni dekorativ və meyvə ağacları əkilmişdir. Bu yoldan ötən adamlar belə xeyirxah işləri görənlərə əhsən deyirlər. "Axı, yaşıllıqlar təmiz hava mənbəyi, sağlamlığın mühüm amilidir" - deyən Hümbət müəllim gələcəkdə də yeni yaşıllıq zolaqlarının salınacağını bildirdi. Təsərrüfatla tanışlığımızı davam etdirmək üçün avtomobilə minib rayonun İncilli və İrmaşlı deyilən ərazisindəki təsərrüfatın mal-qarasının örüş yerinə getdik. Hümbət Bayramov çox da asan olmayan dağ yollarında avtomobili sərbəst şəkildə idarə edirdi. O, bu yerlərin gözəlliyini hər dəfə seyr etdikcə ruhunun sevindiyini söylədi. Avtomobil, nəhayət əyri-üyrü yolları dolana-dolana yaylağa çatdı. Oradakı yeni tikilən müasir fermada çoban və sağıcıların rahat işləyərək yaşaması üçün hər cür şərait vardı. Hiss olunurdu ki, heyvandarlar da öz işlərindən razıdırlar. Yeri gəlmişkən, bu ərazidə də yaradılan süni göldə gələcəkdə balıqçılığın inkişaf etdirilməsi nəzərdə tutulub.
Sonra Şəmkirdən Gəncəyə gəldik. Burada "Süleyman" kəndli-fermer təsərrüfatına məxsus olan əvvəlcə təbii meyvə şirələri və mürəbbələri istehsal edən "SAN" zavodunda olduq. Bir şey diqqətimi cəlb etdi. Fikir verdim ki, zavodun həyətində kiçik də olsa boş yer tapmaq çətindir. Bir tərəfdə üzüm tingləri, calaq meyvə ağacları, dekorativ bəzək kolları yetişdirilir, digər tərəfdə yonca becərilirdi. Respublikamızın iqlim şəraitində çətin yetişən Barbaris ağacını da ilk dəfə burada gördüm.
Zavodla tanışlıqdan sonra yaxınlıqdakı "S-tet" mebel fabrikinə gəlirik. Avropadan gətirilmiş müasir avadanlıqlarla təchiz edilmiş mebil fabrikində yerli mütəxəssislərlə yanaşı qardaş Türkiyədən dəvət olunmuş 10 nəfər təcrübəli usta da çalışır. İstehsal olunan divan və kresloları, stol və stulları görəndə adamda elə təsəvvür yaranır ki, bu məhsullar dünyanın hansısa ən məşhur firmalarının birində istehsal olunub. Bir-birindən yaraşıqlı, olduqca gözəl dizayna malik olan bu mebellər müştərilərin xüsusi sifarişləri əsasında hazırlanır.
"Dünyanı cənginə alan indiki iqtisadi böhran işinizə necə təsir göstərir?" - deyə xəbər aldım. Fabrikdə bildirdilər ki, doqquz ay sifariş almasaq belə işimizi davam etdirə bilərik. Bu fabrikdə sifariş üçün bir neçə ay qabaqcadan növbəyə dayanmalısan. Yüksək zövq və səliqə ilə hazırlanan bu mebellərin müştəriləri gündən-günə artmaqdadır. Bu məqamda bir məsələni xüsusi qeyd etməyə ehtiyac var. "Süleyman" kəndli-fermer təsərrüfatının rəhbərliyinin, şəxsən Hümbət Bayramovun həyat devizi belədir ki, nə iş görülürsə, o iş ən yüksək keyfiyyətlər səviyyəsində həyata keçirilməlidir. "SAN" zavodunda eyni adlı marka ilə istehsal edilən ekoloji cəhətdən sağlam məhsullardan hazırlanan yüksək keyfiyyətli meyvə şirələri və mürəbbələr MDB ölkələrində özünə yaxşı bazar qazanıb. Təsadüfi deyil ki, İngiltərənin "Qlobal" şirkəti bu məhsulların keyfiyyətini yüksək qiymətləndirib.
İndi hər iki zavodda 80-ə yaxın işçi çalışır. Onların hamısı xüsusi iş geyimləri və ayaqqabılarla təmin olunub. İşçilərə gündə bir dəfə pulsuz isti yemək verilir. Yeməkxanada qibtə ediləcək dərəcədə ləziz yeməklər hazırlanır, gözəl şərait yaradılıb. Ən yaxşı cəhət odur ki, burada fəhlələr də, mühəndislər də, müdiriyyət də eyni qazanda bişən xörəkdən bir süfrə arxasında nahar edir. Kollektivdə çalışanlara göstərilən qayğı yuxarıda qeyd olunanlarla tamamlanmır. Müəssisə rəhbərliyi daim işçilərin qayğıları ilə maraqlanır, imkan daxilində hər cür köməklik göstərir. Ehtiyacı olanlara bazar qiymətlərindən xeyli ucuz qiymətə ət satılır. Ona görə də burada çalışanlar öz iş yerinə, kollektivə doğma yer kimi baxır, özlərini bir ailənin üzvü hesab edirlər.
Təsərrüfatın fəaliyyəti təkcə Şəmkir və Gəncə ilə məhdudlaşmır. Onun Göyçay rayonunda 15 hektar məhsuldar nar bağı da var. Hər il buradan tədarük olunan 60-70 tona yaxın nar məhsulu Gəncəyə gətirilərək emal edilir. Bundan başqa, Abşeronda ilin bütün fəsillərində təzə pomidor yetişdirmək üçün 5 hektar istixana qurulub. İl ərzində istixanada yetişdirilən 450-500 ton faraş tərəvəz yerli və Rusiya bazarlarında satilır.
"Süleyman" kəndli-fermer təsərrüfatının rəhbəri el arasında xeyriyyəçi kimi də ad qazanıb. El ağsaqqalı öz şəxsi vəsaiti hesabına doğma ata-baba yurdu olan Şəmkir rayonunun Seyfəli kəndində 5 kilometrlik kəndarası yolları təmir etdirib, məktəbdə müasir tipli üç sinif otağı tikdirib, kənd qəbiristanlığını abadlaşdırıb, yaşıl ağaclar əkdirib, oranın ətrafına hasar çəkdirib. Bundan başqa, müxtəlif internat məktəblərinə, pansionatlara, "SOS" Uşaq Kəndləri Azərbaycan Assosiasiyasının Gəncə şəhər şöbəsinə böyük məbləğdə maddi yardım göstərib. Başqa çoxlu xeyriyə işləri görüb, lakin bir-bir hamısını axıradək sadalamaq istəmədi. Dedi ki, o, bu işləri Allahın köməyi ilə görürsə, deməli, bu onun sadəcə insani borcudur.
"Süleyman" kəndli-fermer təsərrüfatında ürəkaçan çox şey vardı. Qəlbimi fərəhlə dolduran budur ki, gələcəkdə belə təsərrüfatların sayı daha da artacaq, xalqımız bundan da firavan yaşayacaq. Bir daha anladım ki, Hümbət Bayramov kimi işgüzar, səriştəli sahibkarlar nə qədər çox olsa, hər yerdə camatımızın əli çörəyə tez çatar, insanların rifahı gündən-günə yaxşılaşar.
Az qala unutmuşdum. Axı, Hümbət Bayramov bu günlərdə 80 illik yubileyi qeyd edilən Gəncədəki Azərbaycan Dövlət Aqrar Universitetinin professorudur. O, tələbələrinə böyük həvəslə həm elmi, həm də zəngin təcrübi biliklərini öyrədir. Ondan soruşanda ki, pedaqoji fəaliyyətlə bərabər belə bir geniş profilli təsərrüfatı idarə etməyə necə vaxt çatdıra bilirsiniz, sözü bu oldu ki, o, bu işlərin öhdəsindən ona görə gələ bilir ki, hər bir işi ürəkdən, sevərək görür. Heç vaxt yoruldum, bezdim, usandım demir. Axı, bacardığı, qəlbən bağlandığı işlərlə məşğul olur. Hümbət Bayramovun qarşıda görmək istədiyi işlər hələ çoxdur. O deyir ki, Azərbaycan dövləti iş adamlarına, sahibkarlara bu qədər qayğı göstərirsə, bizim də borcumuz bu etimadı tam doğrultmağa çalışmaqdır. Doğruldur da!
Yeri gəlmişkən, bu günlər Azərbaycan Dövlət Aqrar Universitetinin 80 illik yubileyi dövlət səviyyəsində qeyd olunur. Yazı çapa hazırlanarkən Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Dövlət Aqrar Universitetinin bir qrup əməkdaşı fəxri adlarla və "Tərəqqi" medalı ilə təltif edildi. "Tərəqqi" medalı ilə təltif olunanlar arasında universitetin professor Hümbət Bayramovun da adı var. Alimi yüksək fəxri ad münasibətilə təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq.{nl}
Qabil YUSİFOĞLU, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.