Azərbaycan qardaş Türkiyədə təbii fəlakətdən zərər çəkənlərə yardım göstərən ilk ölkə olmuşdur

Xəbər verildiyi kimi, oktyabrın 23-də Türkiyənin Van vilayətində 7,2 bal gücündə zəlzələ baş vermişdir. Hər zaman olduğu kimi, yenə də Türkiyəyə ilk qardaş dəstəyi Azərbaycandan gəlmişdir. Bölgədə axtarış-xilasetmə işlərinə başlanılan andan bu faciəyə kədərlənən, ilk yardımını təklif edən və zəlzələ bölgəsinə ilk xarici yardım çatdıran ölkə məhz Azərbaycan olmuşdur. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin 145 nəfər xilasedicisi xilasetmə avadanlığı və xüsusi təlim keçmiş itlərlə, həmçinin özlərinin fəaliyyətini təmin edəcək avadanlıq və ehtiyatlarla birlikdə İL-76 təyyarəsi ilə oktyabrın 23-də Bakı vaxtı ilə saat 22:45-də Türkiyə Respublikasının Van şəhərinə yola düşmüşdür. Təqribən, 3 saat sonra 2-ci təyyarə fəlakət bölgəsinə uçmuşdur. Bu təyyarə ilə fəlakət bölgəsinə 250 çadır, 3 min odeyal, 700 səhra yataq dəsti, 2 min yataq dəsti, 2 səhra mətbəxi və əlavə 20 nəfər xidmət heyəti yola salınmışdır. Azərbaycanın qardaş ölkəyə yardımları davam etdirilir. Qardaş ölkəyə yardım aparan növbəti - 3-cü təyyarə isə oktyabrın 24-də Vandakı hava limanında yerə enmişdir.
Azərbaycanın Türkiyəyə yardımı bu ölkədə olduqca yüksək dəyərləndirilmişdir.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Van şəhərindəki valiliyin binasında keçirdiyi mətbuat konfransında Azərbaycanın qardaş ölkəyə yardımını xüsusi qeyd etmişdir.
Türkiyə hökumətinin başçısı Azərbaycan dövlətinə təşəkkürünü bildirərək demişdir ki, ölkəmizdən bütün zəruri avadanlıqla təchiz olunmuş böyük bir xilasetmə qrupunu gətirən təyyarə Van hava limanına enmişdir. Azərbaycanlı xilasedicilər Erciş rayonuna göndərilmiş və orada dağıntılar altında qalmış insanların xilas edilməsi əməliyyatlarında iştirak edirlər.
Rəcəb Tayyib Ərdoğan demişdir ki, zəlzələ bölgəsinə ilk xarici yardımı Azərbaycan çatdırmışdır.
Azərbaycanın qardaşlıq yardımı barədə Türkiyə mətbuatında operativ məlumatlar yayılmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə zəlzələdən dərhal sonra Azərbaycan xilasedicilərini və zəruri yardımı gətirən ilk təyyarə Van hava limanında yerə enmişdir. Bunun ardınca daha iki təyyarə Azərbaycandan Türkiyəyə yardım gətirmişdir. Hazırda fəlakət bölgəsində Azərbaycanın 211 xilasedicisi çalışır. Azərbaycandan qardaş Türkiyəyə xeyli xilasedici avadanlıq, zəruri məişət əşyaları göndərilmişdir.
Türkiyə Baş nazirinin müavini Bəşir Atalay bildirmişdir ki, xarici ölkələrdən gələn yardım barədə təkliflərdən yalnız Azərbaycan və İranın təklifləri qəbul olunmuşdur. Hələlik, digər ölkələrin yardımlarına ehtiyac yoxdur.
Türkiyə mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Abdullah Gülə və Baş naziri Rəcəb Tayyib Ərdoğana Van vilayətində baş vermiş dəhşətli zəlzələ ilə bağlı başsağlığı məktubu ünvanlandığına dair AzərTAc-ın məlumatlarından geniş istifadə etmişdir.
Türkiyə mətbuatında zəlzələ ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Abdullah Gülə göndərdiyi başsağlığı məktubunun mətni verilmişdir. Məlumatlarda bildirilir ki, Prezident İlham Əliyev bu faciə ilə əlaqədar Prezident Abdullah Gülə, həlak olanların ailələrinə və yaxın adamlarına, qardaş türk xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı vermiş, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulamışdır.
Prezident İlham Əliyev Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubunda Türkiyənin Van vilayətində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatından dərin kədər hissi keçirdiyi, həlak olanların ailələrinə və yaxınlarına, qardaş türk xalqına dərin hüznlə başsağlığı verdiyi, yaralananlara və xəsarət alanlara şəfa dilədiyi vurğulanır.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasediciləri türkiyəli həmkarları ilə birlikdə apardıqları birgə axtarış-xilasetmə işləri nəticəsində 4 nəfərin dağıntılar altından sağ çıxarılmasına nail olmuşlar.
Azərbaycanın xilasediciləri dağıntılar altından yeddi cəsəd də çıxararaq aidiyyəti üzrə təhvil vermişlər.
Türkiyədə, fəlakət bölgəsində olan 19 Azərbaycan vətəndaşı - Van vilayətində təhsil sahəsində çalışan professor-müəllim heyəti və onların ailə üzvləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Bakıya gətirilmişdir.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyindən AzərTAc-a bildirmişlər ki, onlar nazirliyin bölgəyə yardım aparmış təyyarəsi ilə Vətənə qayıtmışlar.
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupunun Vanda dağıntılar altından bir qadını sağ çıxardığı və dörd nəfərin cəsədini aşkar etdiyi barədə AzərTAc-ın xəbərləri "Zaman", "Radikal" və digər qəzetlərdə dərc olunmuşdur. Agentliyin Azərbaycan Fövqəladə Hallar Nazirliyinə istinadla xilasetmə qrupumuzun fəaliyyəti ilə bağlı məlumatları Türkiyənin nüfuzlu televiziya kanallarının xəbər bülletenlərində də verilir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Türkiyədə təbii fəlakətdən əziyyət çəkənlərə yardım kampaniyası ilə bağlı agentliyin yaydığı xəbər də Türkiyə mətbuatında ən çox yer alan məlumatlardandır.
Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələdən ölənlərin sayı artır. Türkiyənin daxili işlər naziri İdris Naim Şahin zəlzələ nəticəsində ölənlərin sayının 272-yə çatdığını bildirmişdir. Yaralıların sayı isə 1300 olmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında