Yubiley ilində ədəbiyyat üzrə Nobel mükafatı İsveçdə qaldı

Bu il dünyanın ən nüfuzlu mükafatının təsis edilməsinin 110 ili tamam olur. Nobel mükafatları komitəsinin qərarı ilə, ənənəyə uyğun olaraq, oktyabrın ortalarında 2011-ci ilin Nobel mükafatı laureatlarının adları elan edildi. 
1896-cı ildə vəfat etmiş görkəmli İsveç alimi, ixtiraçısı, sənayeçisi Alfred Nobelin 1895-ci ildə tərtib olunmuş vəsiyyətnaməsinə əsasən, ölümündən sonra onun bütün varidatı maliyyə vəsaitinə çevrilərək İsveç dövlət bankında xüsusi fonda toplanmalı, əsas vəsaitə toxunmadan il ərzində yığılan bank faizləri XX əsrin ilk ilindən - 1901-ci ildən başlayaraq hər il beş sahə (fizika, kimya, tibb (yaxud fiziologiya), ədəbiyyat və sülhün qorunması) üzrə mükafat kimi verilməli idi. 1900-cu ildə formalaşdırılmış Nobel fondundakı vəsaitin ümumi həcmi indi təxminən 250 milyon dollara bərabərdir və mükafat olaraq verilən məbləğ son illər təqribən 1 milyon avroya yaxın olur.
Nobel mükafatlarının illik vəsaiti beş nominasiya arasında bərabər bölünür. Əgər hər hansı sahə üzrə iki, yaxud üç mükafatçı olursa, mükafat yenə də onlar arasında bərabər bölünür.
Nobel fondunun nizamnaməsinə görə, mükafatlarla təltif etmək səlahiyyəti dörd təşkilata verilmişdir. Fizika və kimya üzrə laureatları İsveç Kral Elmlər Akademiyası, tibb (yaxud fiziologiya) üzrə Stokholm Karolina Tibb-Cərrahiyyə İnstitutu, ədəbiyyat üzrə İsveç Ədəbiyyat Akademiyası, sülhün qorunması üzrə isə Norveç parlamentinin nəzdindəki xüsusi komitə müəyyənləşdirir. Laureatlar Nobel Komitəsi tərəfindən təltif edilirlər.
1968-ci ildə İsveç Dövlət Bankı öz vəsaiti hesabına iqtisadiyyat üzrə ayrıca mükafat təsis edib. Bu mükafat rəsmi olaraq "Alfred Nobelin xatirəsinə mükafat" adlanır. İqtisadiyyat üzrə mükafat Nobel fondunun vəsaiti hesabına verilməsə də, onun məbləği və statusu digər mükafatlardan fərqlənmir. Beləliklə, altıncı sahə üzrə Nobel mükafatı meydana gəlmişdir.
Nobel mükafatına təqdim edilən elmi və ədəbi əsərlər mütləq çap edilmiş olmalıdır. Vəfat etmiş müəlliflərin əsərləri müzakirəyə qəbul edilmir, təqdim olunmuş müəllif müzakirə müddətində vəfat edirsə, onun adı iddiaçılar siyahısından çıxarılır. Laureat təltif edildikdən sonra vəfat edirsə, mükafat onun varisinə təqdim edilir.
Nobel mükafatlarının yubiley ilində bu şərəfli titula kimlərin layiq görüldüyü ilə tanış olaq: Fizika üzrə mükafat ABŞ alimləri Sol Perlmutter, Adam Rayss, eləcə də avstraliyalı Brayan Şmidtə verilmişdir. Onlar Nobel mükafatına kainatın genişlənməsi haqqında elmə çoxdan məlum olan nəzəriyyənin mexanizmini kəşf etdiklərinə görə layiq görülmüşlər. Onlar müəyyən etmişlər ki, kainatda Nyutonun kəşf etdiyi cazibə qanunundan başqa, onun əksinə təsir göstərən "qara enerji" - itələmə qüvvəsi də mövcuddur və kainatın genişlənməsi həmin qüvvənin təsiri ilə baş verir.
Alimlər hesab edirlər ki, bu kəşfin tətbiqi kosmik gəmilər üçün cazibə qanununa tabe olmayan fantastik raket mühərriklərinin ixtira edilməsinə yol aça bilər.
Kimya sahəsində bu il Nobel mükafatı ilə İsrail alimi Daniyel Şextman kvazikristallar adlanan yeni maddənin kəşfinə görə təltif olunmuşdur. Bu maddə atomları nizamsız düzülən amorf cismlərlə atomları ciddi nizamla düzülən kristal cismlər arasında keçid mərhələsi təşkil edir. Bu kəşfin tətbiqi texnika sahəsində materialların möhkəmliyini on dəfələrlə artırmağa imkan verə bilər.
Fiziologiya üzrə mükafata da üç nəfər - ABŞ alimləri Ralf Staynman, Bryus Boytler və lüksemburqlu Jül Xoffman layiq görülmüşlər. Onlar mükafatı insan orqanizmində immunitet mexanizmini kəşf etdiklərinə görə almışlar. Məlum olmuşdur ki, orqanizmdə qazanılma immuniteti təmin edən və anadangəlmə immun reaksiyalarını işə salan xüsusi hüceyrələr mövcuddur. Mütəxəssislərin fikrincə, bu kəşf yalnız infeksion yox, həm də bir sıra digər xəstəliklərə (o cümlədən xərçəng şişlərinə) qarşı daha effektli mübarizə üsullarının tapılmasına kömək edəcəkdir.
Bu mükafatla bağlı daha bir maraqlı (eyni zamanda kədərli) fakt ondan ibarətdir ki, Nobel mükafatları komitəsi öz əsasnaməsinin mühüm bir bəndinin ziddinə addım atmışdır. Qeyd etdiyimiz kimi, Nobel mükafatı vəfat etmiş şəxslərə verilmir. Ancaq fiziologiya üzrə laureatların adları elan edildikdən sonra məlum olub ki, onlardan biri - Ralf Staynman üç gün əvvəl dünyasını dəyişmişdir. Nobel komitəsi bu faktdan xəbərsiz olduğunu rəsmən etiraf etmiş və istisna hal kimi alimin adını laureatlar sırasında saxlamaq qərarına gəlmişdir. Mükafat onun varislərinə təqdim ediləcəkdir.
Nobel sülh mükafatı da bu il üç nəfərə təqdim olunacaqdır. Nobel mükafatları tarixində ilk dəfə olaraq onların üçü də qadındır. Və bu mükafata onlar elə qadınların hüquqlarının və təhlükəsizliyinin qorunması uğrunda apardıqları mübarizəyə görə layiq görülmüşlər. Laureatlar Liberiya Respublikasının prezidenti xanım Ellen Conson-Serlif, Afrika qadın hərəkatının öncüllərindən biri olan liberiyalı Laymax Qbovi və yəmənli hüquq müdafiəçisi xanım Təvəkkül Karmandır.
Yubiley ilinin iqtisadiyyat üzrə laureatları isə amerika alimləri Tomas Sarcent və Kristofer Sims olmuşlar. Onlar mükafata siyasətin iqtisadiyyata təsir mexanizmini öyrənmək istiqamətində apardıqları tədqiqatlara görə layiq görülüblər.
A.Nobelin digər elm və ictimai fəaliyyət sahələri ilə bir sırada ədəbiyyat üzrə də mükafat təsis etməsi özlüyündə əlamətdar bir faktdır və onun mənəvi dəyərlərə necə yüksək qiymət verdiyini göstərir. Maraqlıdır ki, elmi və ixtiraçılıq fəaliyyəti ilə yanaşı A.Nobel bədii yaradıcılığa da meyl göstərmiş, ömrünün son illərində bir neçə poema və iki roman yazmış, lakin bu əsərləri sağlığında çap etdirməmişdir.
Əlbəttə ki, Nobel mükafatı yazıçının ədəbiyyat tarixindəki mövqeyinin, yaradıcılığının bədii keyfiyyətlərinin, ideya tutumunun mütləq meyarı deyil. Mükafatların verilməsində bəzən bir subyektivlik, siyasi və regional konyuktura da müşahidə olunmuşdur. Ötən müddətdə dünya ədəbiyyatının elə görkəmli, dövrün bədii təfəkkürünün formalaşmasında, həqiqətən, dəyərli rolu, ədəbiyyatın inkişaf meyllərinin müəyyənləşməsinə ciddi təsiri olan elə sənətkarlar olub ki, bu mükafata layiq görülməyiblər. Eyni zamanda, dövrün böyük ədəbiyyatının yaranmasında bir çox Nobel laureatlarının xidmətləri o qədər də əhəmiyyətli deyildir. Bəzilərinin adları bu gün hətta ədəbiyyat bilicilərinə də heç nə demir. Bununla belə, ümumilikdə götürsək, ədəbiyyat sahəsində Nobel mükafatı laureatları ötən 110 ilin ədəbi mənzərəsini müəyyənləşdirən şəxslərdir və onların sırasında adları ədəbiyyat tarixinə qızıl hərflərlə yazılmış dahi sənətkarlar da vardır. Ən azı ədəbiyyat üzrə dünyanın ən nüfuzlu mükafatını qazanmaqla laureatların hər biri ədəbiyyat salnaməsinin yaddaşında yaşamaq haqqını da qazanmışdır.
Vəsiyyətnaməsində mükafata layiq görüləcək şəxsləri xarakterizə edərkən A.Nobel ədəbiyyat üzrə mükafatların "insanlığın ali ideyalarını tərənnüm edən ən dəyərli ədəbi əsərlər yaratmış" müəlliflərə verilməsini tövsiyə etmişdi. Eyni zamanda şərt qoymuşdu ki, mükafatların təltifinə namizədin milliyyəti, dini etiqadı, siyasi əqidəsi təsir göstərməməli, ən layiqlilər seçilməlidir.
Qeyd etmək lazımdır ki, Nobel mükafatları komitəsi ən azı öz ölkələrinə münasibətdə bu obyektivliyi qorumağı bacarmışdır. Məsələn, ədəbiyyat üzrə Nobel mükafatına üçüncü olaraq, 1903-cü ildə layiq görülmüş Norveç şairi və ictimai xadimi B.Börnson bütün yaradıcılığını və fəaliyyətini İsveçə qarşı mübarizəyə həsr etmişdi. O, Norveçdə İsveç asılılığından xilas olmaq uğrunda gedən milli azadlıq hərəkatının əsas ideoloqu idi. 1903-cü ildə Norveç hələ İsveç asılılığından tam azad olmamışdı, mübarizə hələ davam edirdi. Lakin isveçlilər üçüncü Nobel mükafatını İsveçə qarşı barışmaz mübarizə aparan bir şəxsə verməyə özlərində cəsarət tapa bilmişdilər.
Ədəbiyyat üzrə Nobel mükafatı almış ilk İsveç yazıçısı isə bu sırada yalnız onuncu oldu. O, 1909-cu ilin Nobel mükafatını almış uşaq yazıçısı, şairə Selma Laqerlöf idi (Qeyd edək ki, o qadın yazıçılar arasında ilk Nobel laureatı idi). İsveç yazıçısı Nobel mükafatını bir də 22 ildən sonra ala bildi - 1931-ci ildə E.Karlfedt. Növbəti Nobel mükafatını isə İsveç 20 il gözləməli oldu. 1951-ci ildə P.Laqerkvist bu mükafata layiq görüldü. Daha 23 ildən sonra, 1974-cü ildə iki İsveç yazıçısı - X.Martinson və E.Yonson Nobel mükafatını öz aralarında böldülər.
Göründüyü kimi, ədəbiyyat üzrə Nobel mükafatçılarının sayına görə İsveç Fransa, Almaniya, ABŞ, Böyük Britaniya, İspaniya kimi ölkələrdən xeyli geri qalaraq Avropa dövlətləri sırasında orta yerlərdən birini tutur. Nəhayət, 37 illik fasilədən sonra İsveçin ədəbiyyat üzrə beşinci Nobel mükafatını bu il tanınmış şair Tomas Tranströmer qazana bildi. Nobel komitəsinin qərarında onun bu mükafata "dünyaya yeni, təravətli baxış bəxş edən zəngin, aydın obrazlar yaratdığına görə" layiq görüldüyü vurğulanır.
T.Tranströmer 1931-ci il aprelin 15-də Stokholmda dünyaya gəlmişdir. XX əsr İsveç poeziyasının ən görkəmli nümayəndələrindən biri sayılır. Onun poeziyası ideya məzmununa görə milli çərçivələri aşaraq ümumbəşəri xarakter daşıyır.
Ədəbi yaradıcılığa 13 yaşından başlayan T.Tranströmerin 17 şeirlik ilk kitabı 1954-cü ildə, 22 yaşında ikən nəşr edilib. Ümumilikdə 12 şeir kitabının müəllifi olan şairin "Böyük müəmma" adlı son poetik toplusu 2004-cü ildə işıq üzü görüb.
İxtisasca həkim-psixiatr olan T.Tranströmer öz peşəsi üzrə işləyərək, demək olar ki, bütün ömrünü İsveçin Vesteros şəhərində keçirmişdir. Həm də peşəkar pianoçu və musiqişünas olan şair 1990-cı ildə ağır insult xəstəliyi keçirmiş, nəticədə nitqini itirmiş, bədəninin sağ tərəfi tamamilə iflic olmuşdur. Bundan sonra həkimlik və musiqiçilik fəaliyyəti ilə vidalaşmağa məcbur olan T.Tranströmer Stokholma köçərək özünü bütövlüklə poetik yaradıcılığa həsr etmişdir. Sol əli ilə işləməyi öyrənən şair bu müddətdə poeziya yaradıcılığı ilə yanaşı, bir neçə xatirə kitabı da yazmışdır. Hələ gənclik çağlarından orijinal yaradıcılıqla bərabər, bədii tərcümələrlə də məşğul olan T.Tranströmer Avropanın bir çox əbədi mükafatlarını, o cümlədən ən nüfuzlulardan sayılan Petrarka mükafatını almağa müvəffəq olmuşdur. Təəssüf ki, son illərin əksər laureatları kimi T.Tranströmerin də heç bir əsəri Azərbaycan dilinə tərcümə edilməyib və ölkəmizdə çap olunmayıb.
Bu il o, Nobel mükafatını almağa da əsas namizədlərdən sayılırdı. Hərçənd ki, Nobel mükafatları komitəsinin nizamnaməsinə əsasən, namizədlərin adı, müzakirələrin və səsvermənin gedişi məxfi saxlanılır və rəsmən yalnız əlli ildən sonra açıqlana bilər. Lakin KİV-lərə sızan informasiyaya görə, builki müzakirələrdə namizədlər siyahısında 349 yazıçının adı olub. Favoritlər sırasında T.Tranströmerdən başqa, Suriya şairi Adonişin, yapon yazıçı Xaruki Murakaminin, rus şairi Yevgeni Yevtuşenkonun da adları çəkilir.
Nobel komitəsinin qərarı elan edildikdən sonra mətbuat konfransı keçirən T.Tranströmerin xanımı Monika səhhətindəki problemlərə baxmayaraq 80 yaşlı şairin yeni kitablar üzərində işlədiyini və "poeziyanın qələbəsinə görə çox sevindiyini" bildirmişdir.
Mükafatların təqdimat mərasimi, ənənəyə uyğun olaraq, dekabrın 10-da, Alfred Nobelin xatirə günündə keçiriləcəkdir.

{nl}

İlham ABBASOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
August, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31

Hava haqqında